Məhkəmə qərarları › İş №e-2(010)-2282/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2282/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2282/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 547 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5 %-lə hesablanmış 20.51 manat əldən çıxmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2282/2023 nömrəli qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məhərrəmova (əvvəlki Abbasova) Tamilla Alpaşa qızı İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının nömrəsi ********************) xx.xx.2022-ci il tarixdə digər kart hesabına köçürmə əməliyyatı icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 547 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhv baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum edilməli, onlardan əsassız olaraq məhrum olmuş iddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu bildirmiş, məhkəmədən bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddianın tam təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Bank tərəfindən verilmiş plastik kart onun özündə yox, həyat yoldaşında olmuşdur. Bank tərəfindən karta köçürülən pulu da yoldaşı istifadə etmişdir. Lakin onlar borcdan ödəniş etmişdir. Belə ki, borcundan 80 manat ödəniş etmiş, lakin bankdan ona bu pulun borca çıxıldığı deyilmişdir. Əslində o, “Umico”dan telefon da götürmüşdür və ödədiyi pulun hansı borcdan çıxıldığını dəqiq bilmir. Hər bir halda onun pulu Banka qaytarmağa maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. İddiaçı ASC (Bank) və X4 (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BRML4569909A207 nömrəli “Birkart Miles” müqaviləsindən görünür ki, müqaviləyə əsasən Bank Müştəriyə “Birkart Miles” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır.

7. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 “Bir card Miles” kart növü üzrə 547 manat məbləğində qalıq borcu qalmışdır.

8. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən X3 ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

9. İddiaçı ASC və Məhərrəmova (həmin vaxt Abbasova) Tamilla Alpaşa qızı arasında xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı ASC Tamilla Abbasovaya “Birkart Miles” ödəniş kartı verməyi, hesab açmağı və kredit xətti ayırmağı, Tamilla Abbasova isə kartdan və kredit xəttindən istifadəyə görə yaranmış borcu ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2022-ci il tarixdə həmin kartdan Cavabdeh aid olmayan, Banka məxsus 547 manat məbləğində vəsait məxaric edilmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Bank və cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə kart verilərək kredit xətti ayrılmışdır. Lakin texniki səhv nəticəsində kartdan kart sahibinə aid olmayan 547 manat məbləğində vəsait məxaric edilmişdir. Hazırda iddiaçı Bank Cavabdehin özünə aid olmayan həmin 547 manat məbləğində pulu istifadə edərək Bank hesabına əsassız varlandığını iddia edir və cavabdehi əsassız varlandıran həmin vəsaiti cavabdehdən tələb edir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə məxsus kart hesabından xx.xx.2022-ci il tarixdə 550 manat məbləğində vəsait məxaric edilmişdir. Bu pulun 3 manatı kartın balansında olan pul olmuş, 547 manatı isə balansdankənar, kart sahibinə aid olmayan pul olmuş, texniki səhv nəticəsində həmin hesaba köçürülmüşdür. Lakin həmin vəsait kartdan məxaric edilmişdir.

16. Məhkəmə iclasında kart sahibi Cavabdeh kartın özündə yox, ərində olduğunu və karta köçürülən artıq pulu da ərinin istifadə etdiyini bildirmişdir. Cavabdehə görə həmin pul Bankın səhvinə görə hesaba köçürüldüyündən həmin pulu qaytarmağa borclu deyil.

17. Məhkəmə isə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh iddiaçı Bankla kredit xətti müqaviləsi bağlamış və həmin kartı da bu müqaviləyə əsasən əldə etmişdir. Dolayısı ilə həmin kartın limitinin nə qədər olduğunu cavabdeh bilirdi (bilməli idi). Bu baxımdan o, həmin vəsaiti kartdan məxaric edərkən bunun limitdən kənar, artıq köçürülmüş vəsait olduğunu da bilirdi (bilməli idi). Buna baxmayaraq cavabdeh özünə məxsus olmadığını bildiyi vəsaiti kartdan məxaric edərək istifadə etmişdir. Məhkəmə hesab edir ki, karta köçürülmüş vəsaitdən istifadə edənin cavabdehin özü yox, əri olması (Hərçənd bununla bağlı heç bir sübut təqdim edilməmişdir) vəziyyəti dəyişmir. Belə ki, iddiaçı Bankla müqavilə bağlayıb kartı alan cavabdeh olduğuna görə həmin kartdan istifadə ilə bağlı Bank qarşısında öhdəlik daşıyan da cavabdehdir.

18. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC hesabına əsassız varlanmışdır. Belə ki, o, heç bir qanuni əsas və ya müqavilə əsası olmadan Banka məxsus 547 manat məbləğində vəsaitdən istifadə edərək Bank hesabına əsassız varlanmışdır. Odur ki, iddiaçı Bank Cavabdehi əsassız varlandıran həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

19. İddia tələbinin növbəti hissəsi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 20.51 manat məbləğində əldən çıxmış fayda ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, yuxarıda (§ 11) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

20. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı hesabına əsassız varlandığından o, özünü əsassız varlandıran vəsaiti iddiaçıya qaytarmaq öhdəliyi daşımışdır. Buna baxmayaraq həmin öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda iddiaçı öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün (hansı ki, iddia ərizəsinin verildiyi vaxta bu 9 ay olmuşdur) illik 5%-lə cavabdehdən 20.51 manat (547x5/100=27.35; 12 ay = 27.35, 1 ay = ~2.2 (27.35/12), 9 ay = ~20.51 (9x2.2)) məbləğində pul tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia bu hissədə də təmin edilməlidir.

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

22. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 547 manat və 20.51 manat məbləğində əldən çıxmış fayda və 30 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 547 (beş yüz qırx yeddi) manat, 20.51 manat (iyirmi manat əlli bir qəpik) əldən çıxmış fayda və 30 (otuz) manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar