Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-23/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən qeyri-qanuni aparılmış özbaşına tikintilərin onun öz hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın əsasının dəyişdirilməsi və dəqiqləşdirilməsi haqqında ərizə verərək, iddiasında göstərdiyi halların, yəni cavabdeh tərəfindən tikinti işləri aparılarkən qonşuluq hüquqları və AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulubpozulmamasını müəyyənləşdirmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilməsini, ekspertiza qarşısında cavabdeh tərəfindən AR Şəhərsalma və Tikinti Məcəlləsinin Xİİİ fəslinin tələblərinin pozulub-pozulmamasının müəyyənləşdirilməsi məqsədilə cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, onun həyətinə pəncərələr qoyulmasını, evlərin arasında ara məsafəsinin normaya uyğun olub-olmamasını, çəkdiyi kommunikasiya xətlərinin onun qonşuluq hüquqlarını pozaraq çəkməsini müəyyən edən suallar qoyulmasını, ekspertiza rəyinin nəticəsindən asılı olaraq cavabdehin AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozduğu halda həmin halların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə iddianın əsasının dəyişdirilməsi haqqında ərizə verərək, iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh xəlvəti tikinti işləri apararkən AR Şəhərsalma və tikinti Məcəlləsinin tələblərini pozmuşdursa, pozuntunun aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 14a ünvanda mülkiyyətlərində torpaq sahəsi vardır. Həmin torpaq sahələri qonşudurlar. Bağırova X5 rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 14 a ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evə mülkiyyət hüququna dair çıxarış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmişdir. ünvan 2 ünvanda yerləşən evin ümumi sahəsi 367,4 kv.m, ümumi sahəsi 0,05388 ha olan torpaq sahəsindən ibarətdir. ünvan 3 ünvanda Cavabdeh yaşayır. Onların torpaq sahələri qonşudur. On beş il əvvəl onlar evi tikərkən aralarında hasar var idi. Onlar mütəxəssislə məsləhətləşdilər ki, hasardan hər iki tərəfdə ən azı 1 metr məsafə qoymaq lazımdır. Hər iki qonşu buna razılaşdı. O, evi tikərkən hasarla ev arasında 70 sm qoruq zonası qoydu. Qonşunun həyətinə tərəf heç bir pəncərə qoymadı. Qonşunun evi hasardan 3-4 metr aralı idi. Bir neçə il keçdi. Qonşu onlardan razılıq almaq istədi ki, hasarla ev arasında qalan məsafəni evə birləşdirmək və pəncərə açmaq istəyirlər. Onlar buna razı olmadı və bildirdi ki, onlar cavabdehin həyətinə baxacaq pəncərə qoymamışdırlar, hasarın üzərində də ev tikməmişdirlər. Məsələ bununla bitdi. 2021-ci ildə pandemiya olan dövrdə onlar hamısı ailəlikcə Tovuz rayonunda təsərufatla məşğul olan zaman koronadan xəstələndilər və bir müddət Şəmkirdə xəstəxanada oldular. Qonşular eşidib ki, iddiaçı tərəf xəstədir, tez fəhlələri çağırıb, hasarı söküb. Hasarı sökməmişdən iddiaçı evlərinə sənəd alarkən bildirmişdirlər ki, qonşu 60 sm onların ərazisinə keçib. İddiaçı tərəfin olmamasından istifadə edərək hasarın üzərində ev tikib. Bütün kommunikasiya xətlərini (axan yağış sularının turbaları, novalça, qaz turbası, hamamın, mətbəxin pəncərələrini, kombinin bütün avadanlıqları, otağın və tualetin pəncərəsini onların həyətinə salıb, hasarın üzərindən ev tikib, arada qalan məsafəni evə birləşdirib. Onların aralarında mübahisə oldu, işə polis qarışdı, uzun mübahsədən sonra 250 manat xərc çəkərək onun tualetinin pəncərəsini bağlatdı, otağının pəncərəsinin qarşısını böyük dəmir listlə bağladı. Hazırda qonşunun kombisinin, mətbəxinin hava təmizləyicisi və 2 pəncərəsi açıq olaraq qalır. Təqribən 25 sm kommunikasiya xətlərindən, 60 sm isə torpaqdan onların ərazisinə keçib. Ümumi olaraq 20 metr uzunluq, en 85 sm onların ərazisini zəbt etmişdir. Heç bir razılıq olmadan bu əraziləri zəbt edib. Qonşu hasarı söküb ev tikən zaman onların evinə də ziyan vurub. Evin aşağı mərtəbəsində hava çəkən turbalar var idi. Həmin plasmas turbaların ağzını sındırmışdılar, oradan siçan, siçovul gəlib evin altına dolmuşdu. Çox çətinliklə onlar həmin siçan, siçovulu təmizləyə bildilər, əzilmiş turbaları təmir etdilər, bir maşın tikinti zibilini daşıyaraq həyəti təmizlədilər. Kommunikasiya xətləri, digər pəncərələr olduğu kimi qalır. Onları sökmək istəmir. Zəbt etdiyi ərazini isə boşaltmaq istəmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranıb. Cavabdehin etirazı. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, hazırki mübahisənin aydınlaşdırması üçün ekspertiza və məhkəmə tərəfindən yerində baxış keçirilməsini və bu barədə vəsatətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, cavabdeh tərəf mühafizə zolağı hesab olunan hasarı söküb, üzərində yaşayış mənzili tikmişdir. Məsafəni gözləmədən kommunal xəttləri, pəncərəni də iddiaçının yaşayış sahəsinə tərəf inşa etmişdir. Bu da Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını pozur. Hasarın üzərində tikinti aparmaq üçün qonşunun notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmalıdır. İddianı müdafiə edirlər və tam təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, evin çizgi xəttləri və ölçüləri texniki pasportda göstərilmişdir. Gah 40, gah 70 sm verdiyini deyir. 1962-ci il tarixli texniki pasport üzərindən çıxarış alınanda yeni texniki pasport verilmişdir. Başqa qonşu var idi. Onda 70 sm çəkib evi tikmişdi. Arada yaranan 40 sm odur. Qonşunun oğulları da dəmiri söküb satmışdır, ata oğlanları onlar tərəfə keçməsin deyə hasarı öz tərəflərinə qədər çəkmişdir. O, arxa tərəfdən 70 sm itirdi. Ataları öləndən sonra iki dəli qardaş qaldı. Xəttlər düzbucaqlı şəkildədir. Orda yaranan çıxıntı 40 sm, cavabdeh tərəf həmin 40 sm deyir. Amma onun cavabdeh tərəfin sərhədi ilə əlaqəsi yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, 37 ildir onlar orada yaşayır. Qonşu sərhəd zonası orada olmamışdı. Əl damının divarı var idi. O da öz divarını özünə tərəf çəkmişdir. 28 aprel 2023-cü il tarixində İddiaçı “qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş ərazinin boşaldılması” tələbi ilə iddia ərizəsi məhkəmənin icraatına daxil olmuşdur. Sonrakı məhkəmə proseslərinin davam olduğu zamanı iddiaçı, ərizə ilə iki dəfə məhkəməyə “iddianın əsasının dəyişdirilməsi və dəqiqləşdirilməsi” haqqında müraciət etmişdir. İddiaya qarşı xx.xx.2023-cü il tarixində iddiaçının iddia tələbinə öz etirazını rəsmi qaydada yazaraq məhkəməyə təqdim etmişdir. Yaşadığı mənzil atası tərəfindən 1988-ci il tarixində alınmışdır. Cavabdehin mərhum atası, X2 ilə 19 dekabr 2013-cü il tarixində bağışlanma Müqaviləsi imzalamışdırlar. Həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reystirindən xx.xx.2014-cü il tarixində çıxarış verilmişdir. Mülkiyyətində olan evə 1996-cı ildə, ikinci dəfə isə xx.xx.2014-ci illərdə texniki pasport onlara təqdim olunmuşdur. Mübahisə olunan sahə təqdim olunmuş texniki pasportlarda öz əksini tapmışdır. Mətbəx, hamam, ayaq yolu bir də əldamı hələ 1961-ci ildə inşa olunduğundan, artıq dam hissəsi yararsız hala düşmüş, yağış suları daxilə damaraq içəridə olan ev əşyalarını yararsız hala salmışdır. Ona görə də həmin mətbəx, hamam, ayaq yolu birdə əldamı divarının dəyişdirilməsi zərurəti yaranmışdır. Elə buna görə də iddiaçının həyat yoldaşı Telman adlı şəxsi dəvət edərək, onunla öz sözü gedən divarı söküb, öz tərəfinə 40-45-sm çəkərək inşa etdirəcəyini bildirdi. Narazılığı varsa aidiyyəti dövlət orqanlarının nümayəndələrini dəvət edəcəklərini dedi. Lakin o, isə bildirdi ki, buna ehtiyac yoxdur, bir kamaz kəsilmiş mişar daşı alacağına da söz verdi. Ona məxsus ağ rəngdə olan CİP maşınına əyləşib, Günəşli daş bazarından kəsilmiş mişar daşı aldılar. Gələcəkdə inşa olunan divarın pəncərələrinin ölçüsünü öz əlyazması ilə ustalara təqdim etmiş texniki tikinti ilə bağlı məsləhətlərini vermişdir. Proses zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuş və 07 noyabr 2023-cü il tarixində ekspert Ziya Tağıyevin iştirakı ilə ekspertiza keçirilmişdir. Ekspert rəyinin 3-cü və 4-cü suallar üzrə apardığı tədqiqatın nəticəsindən görünür ki, iddiaçıya məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli “texniki Pasport” sənədinin “Torpaq sahəsinin planı” hissəsində iddiaçıya məxsus yaşayış evi ilə həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin sərhəd xətti arasındakı məsafənin 40 sm təşkil etdiyi qeyd olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı yuxarıda qeyd olunan Texniki Pasportdakı sərhəd hasarının faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Rublik Hüquqi Şəxslərin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X3 rəyindən də görünür ki, cavabdehə məxsus ev və ya onun müəyyən hissəsi iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. Məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir. Təkrar ekspertiza ekspert Ziya Tağıyeva həvalə edilmişdir. Ekspertiza keçirilərkən onun iştirakı təmin olunmamışdır. Tədqiqatın prosesinin təsviri hissəsindən görünür ki, ekspert cavabdehə məxsus fərdi yaşayış evinin sərhəd xəttinin üzərində inşa edilməsini müəyyən etmişdir. Bildirir ki, o, mətbəx, hamam, ayaq yolu bir də əldamı divarının dəyişdirib inşa edən zaman, köhnə divarın bir hissəsi qalmaqla, yeni divarı 40-45 sm öz sahəsinə çəkərək inşa etmişdir. Bu da çəkdiyi fotoşəkildə öz əksini tapmışdır. Həmin fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Bu da ekspertizanın düzgün keçirilməməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 103.1-ci maddəsində göstərilir, ekspertin rəyi məhkəməyə məcburi deyildir. Bunlara əsasən, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün, onun təmin olunmayaraq rədd olunmasını məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, ev 14a ünvanında yerləşən ümumi sahəsi 367.4 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ev və torpaq sahəsinin ölçüsü 0.0538 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla İddiaçı hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla İddiaçı adına xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. Texniki Pasport əlavə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli Bağışlanma Müqaviləsinə əsasən, X2 (onun adından etibarnamə əsasında: X4) ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, ev 14a-da yerləşən yaşayış sahəsi 42.0 kv.m. olan 2 otaqlı mənzili qızı Cavabdeh bağışlamışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus mənzilə tam pay olmaqla Cavabdeh hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla Cavabdeh adına xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. Texniki Pasport əlavə olunur. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, fərdi yaşayış evinin fotoşəkilləri çəkilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4489 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş üzrə cavabdehə (Cavabdeh) məxsus yaşayış evinə baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş ölçülər ilə mülki iş materiallarında olan (səh.41-42) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014cü il tarixli “Texniki Pasport” sənədində qeyd olunan ölçülər arasında müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, yuxarıda qeyd olunan “Texniki Pasport” sənədində 1 nömrəsi ilə işarələnmiş otağın (giriş hissə) ölçüləri 2.55m x 1.55m qeyd olunsa da faktiki olaraq həmin otağın ölçülərinin 4.45m x 2.80m olduğu, 6 nömrəsi ilə işarələnmiş sanitar qovşağın ölçüləri 2.65m x 1.90m qeyd olunsa da faktiki olaraq 3.28m x 1.04 olduğu, həmin sanitar qovşağın girişə nisbətdə sol tərəfində ölçüləri 3.30m x 2.14m olan hamam tikilisinin əlavə edildiyi, 5 nömrəsi ilə işarələnmiş mətbəxin ölçüləri yuxarıda qeyd olunan Texniki Pasportda 4.70m x 2.65m qeyd olunsa da faktiki olaraq 4.94m x 3.36m olduğu, həmçinin mətbəxin girişinə nisbətdə sol hissəsində əlavə olaraq yəni, yuxarıda qeyd olunan Texniki Pasport sənədində mövcud olmayan, ölçüləri 5.90m x 3.36m olan yaşayış otağının mövcud olduğu müşahidə olunmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli “Texniki Pasport” sənədinin “situasiya planı” hissəsində yaşayış evinin yerləşdiyi həyətyanı sahənin sərhədd xətti və yaşayış evi ilə həmin evin yerləşdiyi həyətyanı sahənin sərhədd xətti arasındakı məsafələr həmçinin, həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən yuxarıda qeyd olunan əlavə tikililərin İddiaçı məxus torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan (səh. 15-21) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən iş üzrə İddiaçı məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Texniki Paport” sənədinin “Torpaq sahəsinin planı” hissəsində iddiaçıya məxsus yaşayış evi (“B” hərfi ilə işarələnmiş tikili) ilə həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin sərhəd xətti (cavabdehə məxsus tikili istiqamətində) arasındakı məsafənin 0.40 metr (40sm) təşkil etdiyi qeyd olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı yuxarıda qeyd olunan Texniki Pasportdakı sərhəd hasarının faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Baxış zamanı aparılan ölçü işləri nəticəsində cavabdehə məxsus yaşayış evi ilə iddiaçıya məxsus yaşayış evi (Texniki Pasport sənədində “B” hərfi ilə işarələnmiş yaşayış evi) arasındakı məsafənin faktiki olaraq 68-72 sm təşkil etdiyi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli “Texniki Pasport” sənədinin “situasiya planı” hissəsində yaşayış evinin yerləşdiyi həyətyanı sahənin sərhədd xətti və yaşayış evi ilə həmin evin yerləşdiyi həyətyanı sahənin sərhədd xətti arasındakı məsafələr həmçinin, həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən cavabdehə məxsus yaşayış evinin (onu müəyyən hissəsinin) iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan ünvanda baxış zamanı iş üzrə cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin yəni, sanitar qovşaq və mətbəx tikilisinin nəfəsliklərinin iddiaçıya məxus yaşayış evi istiqamətində açıldığı müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı iş üzrə cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuşdur. Lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xəttləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, sözügedən əraziyə baxış zamanı müəyyən edilir ki, qonşular arası yeni bir hasar ucalmışdır. Hasar köhnə daşlar üzərində tikilmişdir. Hasar cavabdehin evinin divarıdır. Qonşunun həyətinə hündürdə yerləşən cavabdehin evinə məxsus mətbəxin və tualetin 2 balaca pəncərəsi, 1 böyük dəmirlə bağlanmış pəncərə və hava təmizləyicisi açılır. Hasarın yuxarı hissəsindən navalça keçir. Cavabdehin evinə baxış zamanı müəyyən edilir ki, mətbəxin, hamam və tualetin divarı hasarla birləşir. Mətbəxin yuxarı hissəsində bir balaca pəncərə var. Ayağ yolun pəncərəsi yoxdur. Cavabdehin navalçasının onun həyətindən keçdiyini göstərir. Navalçanın çıxışını cavabdehlə danışıb, qarşı tərəfin öz ayağ yoluna çəkdiyini qeyd edir, lakin həmin navalçanın leysan yağış zamanı dözümlü olmayacağını və bu səbəbdən suyun onun həyətinə axa biləcəyini vurğulayır. Cavabdehin nümayəndəsi bildirir ki, həmin sahədə 2 daş hörülmüş hasar olub, o da həmin hasardan öz tərəfinə 2 daş tikmişdir, yəni qonşunun ərazisinə onun tikilisinin aidiyyatı yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 0.05388 ha torpaq sahəsi və üzərində yerləşən “A” literli ümumi sahəsi 73.9 kv.m və “B” literli ümumi sahəsi 293.5 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq göstərilən torpaq sahəsinin və Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan 1 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Cavabdeh məxsus ev (mənzil) və ya onun müəyyən hissəsi İddiaçı məxsus torpaq sahəsində yerləşmir. İş materiallarına əlavə olunmuş foto-şəkillərdən görünür ki, iki fərdi yaşayış evinin, onlarının həyətinin və hasarın şəkilləri çəkilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli, 10/8148 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıyaməxsus həyətyanı torpaq sahəsi ilə sərhədd xəttinin üzərində inşa edildiyini nəzərə alınaraq, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.... Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi. Maddə 72. Yanaşı divarlar 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 97. Tikintiyə dövlət nəzarəti 97.1. Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ... 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında ölçüsü 0.0538 ha olan torpaq sahəsi İddiaçı, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan mənzil Cavabdeh mülkiyyətindədir. İddiaçı ilə cavabdeh qonşudurlar. ünvan 4 ünvanında yerləşən mənzilin çıxarışına əsasən, ümumi sahənin 92.0 kv.m olaraq qeyd edilməsinə baxmayaraq, mənzilin və divarın ölçüsü əlavə tikililər hesabına artırılmışdır. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edərkən, qeyri-qanuni aparılmış özbaşına tikintilərin cavabdehin öz hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılmasını xahiş etmişdir. Zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xəttləri aşkar edilməmişdir. Həmçinin, mütəxəssis rəyinə əsasən, Cavabdeh məxsus evin (mənzilin) və ya onun müəyyən hissəsinin İddiaçı məxsus torpaq sahəsində yerləşmədiyi bildirilmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən sözügedən ünvanda yerləşən torpaq sahəsi və mənzili yerində müayinə edilmiş, hasarın cavabdehin evinin divarı olması, qonşunun həyətinə hündürdə yerləşən cavabdehin evinə məxsus mətbəxin və sanitar qovşağın 2 balaca və 1 böyük dəmirlə bağlanmış pəncərələrin və hava təmizləyicisinin açılması müəyyən edilmişdir. Eyni zamanda, hasarın yuxarı hissəsindən navalça keçməsi, evdə mətbəxin, hamam və sanitar qovşağının divarının hasarla birləşməsi, daxildən mətbəxin yuxarı hissəsində pəncərənin olması, sanitar qovşağının pəncərəsinin olmaması müəyyən edilmişdir. Daha sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, onun həyətinə pəncərələr qoyulmasını, evlərin arasında ara məsafəsinin normaya uyğun olub-olmamasını, çəkdiyi kommunikasiya xətlərinin onun qonşuluq hüquqlarını pozaraq çəkilməsini müəyyən edən suallar qoyulmasını, ekspertiza rəyinin nəticəsindən asılı olaraq cavabdehin AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozduğu halda həmin halların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası dəyişdirilərək, tələbini – AR Şəhərsalma və tikinti Məcəlləsinin tələbləri pozulması ilə əsaslandırmışdır. Bununla əlaqədar, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilən rəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıya-məxsus həyətyanı torpaq sahəsi ilə sərhədd xəttinin üzərində inşa edildiyi nəzərə alınaraq, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. Tələbin cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını hissəsində məhkəmə qeyd edir ki, bu divar cavabdehin torpağında yerləşmir və qeyd edildiyi kimi, tikili əvvəlcədən mövcud olmuş, sonradan əlavə tikililər hesabına artırılmışdır. Həmçinin, bu tələblə bağlı mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, iddiaçının sözügedən tikilinin sökülməsini tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. Bu cür tələbi irəli sürmək səlahiyyəti, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Nəzərə alınmalıdır ki, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, həmçinin evlərin arasında ara məsafəsinin normaya uyğun olub-olmamasının müəyyənləşdirilərək, bu halların aradan qaldırılmasını – qonşu torpaq sahəsinin mülkiyyətçisi o vaxt tələb edə bilər ki, qonşunun inşa etdiyi tikili onun hər hansı hüququnu və qanunla qorunan mənafeyini əhəmiyyətli dərəcədə pozmuş olsun, maneçilik yaratsın. Lakin bu halların mövcud olması ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir və, eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının həyətinə pəncərələr qoyulması və bununla da qonşuluq hüquqlarının pozulması ilə bağlı məhkəmə qeyd edir ki, pəncərələrin artıq bağlanılmış olduğu məhkəmə tərəfindən müəyyənləşdirildikdən və iddiaçı cavabdeh tərəfindən hüquqlarının hansı şəkildə pozulduğunu və ona hansı maneələr yaratdığını əsaslandırmadıqdan, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, həmin təsir əhəmiyyətli hesab edilə bilməz və bu səbəbdən iddia tələbi bu hissədə də əsassızdır. Tələbin çəkilən kommunikasiya xətlərinin iddiaçının qonşuluq hüquqlarını pozaraq çəkilməsi hissəsinə münasibətdə qeyd edilir ki, iddiaçı cavabdeh tərəfindən hüquqlarının hansı şəkildə pozulduğunu əsaslandırmamış və bununla bağlı sübutlar təqdim etməmişdir. Həmçinin, qeyd edildiyi kimi, ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xəttləri aşkar edilməmişdir. Buna görə də, mövcud kommunikasiya xətləri ilə bağlı – AR Mülki Məcəlləsinin 171.1.-ci maddəsinin tələbləri baxımından, həmin kommunikasiya xətləri vasitəsilə qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin iddiaçının sahəsinə təsiri məqbul hesab edilməlidir. Belə ki, belə təsir iddiaçıya maneçilik yaratmadıqdan və ya hüququnu əhəmiyyətli dərəcədə pozmadıqdan (bunula bağlı sübutlar təqdim edilmədikdən), iddia tələbi bu hissədə də əsassızdır. Göründüyü kimi, məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın yekunu olaraq, yuxarıda sadalanan suallara müsbət cavab verilməmiş və yalnız Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələbinin pozulmasına istinad edilmişdir. Bununla belə nəticəyə gəlinir ki, iddia tələbində sadalanan pozuntular və manealər mövcud deyildir və ya onlar əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, onun həyətinə pəncərələr qoyulmasını, evlərin arasında ara məsafəsinin normaya uyğun olub-olmamasını, çəkdiyi kommunikasiya xətlərinin onun qonşuluq hüquqlarını pozaraq çəkilməsini müəyyən edən suallar qoyulmasını, ekspertiza rəyinin nəticəsindən asılı olaraq cavabdehin AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozduğu halda həmin halların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində 10/4489 saylı ekspertiza üzrə 50 manat, 10/8148 saylı ekspertiza üzrə 100 manat, ümumilikdə 150 manat məbləğində pul İddiaçı aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı “cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, onun həyətinə pəncərələr qoyulmasını, evlərin arasında ara məsafəsinin normaya uyğun olubolmamasını, çəkdiyi kommunikasiya xətlərinin onun qonşuluq hüquqlarını pozaraq çəkilməsini müəyyən edən suallar qoyulmasını, ekspertiza rəyinin nəticəsindən asılı olaraq cavabdehin AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozduğu halda həmin halların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”-na dair iddia tələbi təmin edilməsin. Məhkəmə ekspertizalarının dəyəri qismində 10/4489 saylı ekspertiza üzrə 50 manat, 10/8148 saylı ekspertiza üzrə 100 manat, ümumilikdə 150 manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-23/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-23/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver