Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2326/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı “Kapital Bank" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 8309,96 manat pul vəsaitinin və 103,10 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kartlar (AZN kartları) cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Mobil tətbiq vasitəsi ilə kart hesabına göndərilmiş məbləğləri texniki problem səbəbindən dəfələrlə qəbul edərək balansını süni şəkildə artırmışdır. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 8309.96 (səkkiz min üç yüz doqquz manat doxsan altı qəpik) manat ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış kart müqavilələrinin 4.2.2 və 7.2.4-cü maddələrinə Hesaba yanlış daxilolma olduqda, müştəri həmin məbləği banka geri qaytarmalıdır. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Tərəflərin izahatları "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2024-cü ildə iş üzrə İddiaçı ASC–nin nümayəndəsi Nümayəndə ərizəsi daxil olmuşdur və həmin ərizədə bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-cı il tarixli BRED3345007A117 saylı hesab və ödəniş kartına dair müqavilədən görünür ki, "Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış hesab və ödəniş kartına dair müqaviləyə əsasən Cavabdeh bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə Kart vasitəsilə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-cı il tarixli BBUM4313061A201 saylı X1 (Kredit) müqaviləsindən görünür ki, "Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış X1 (Kredit) müqaviləsinə əsasən bank Cavabdeh “Birkart Umico” ödəniş kartı verməyi, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh VSDC Electron növlü kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1.293.00 manat məxaric olunmuşdur. xx.xx.2022-ci il tarixinə olan ilkin qalıq 0.00; xx.xx.2024-cü il tarixinə son qalıq borcu 496.00 manatdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh Birbank Umico növlü kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 19.965.96 manat məxaric olunmuşdur. xx.xx.2022-ci il tarixinə olan qalıq borcu 40.00 manat; xx.xx.2024-cü il tarixinə olan son qalıq 7.813.96 manatdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh həmin tarixə banka olan ödənilməmiş borcunun məbləği (7913.96 manat) barədə məlumat verilmiş, həmin borcun 5 (beş günü ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-cı il tarixli BRED3345007A117 saylı hesab və ödəniş kartına dair müqaviləsi bağlanmış və ödəniş kartına dair müqaviləyə əsasən Cavabdeh bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə Kart vasitəsilə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-cı il tarixli BBUM4313061A201 saylı X1 (Kredit) müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh “Birkart Umico” ödəniş kartı verməyi, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdeh kart hesabından (borcluya məxsus kart hesabının № ********************) “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh banka cəmi 8309.96 (səkkiz min üç yüz doqquz manat doxsan altı qəpik) manat ziyan vurmuşdur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 8309.96 (səkkiz min üç yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 103,10 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8309.96 (səkkiz min üç yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində ziyan və ödənilmiş dövlət rüsumuna görə 103,10 (bir yüz üç manat on qəpik) manat olmaqla, cəmi 8413,06 (səkkiz min dörd yüz on üç manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Kapital Bank” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2326/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2326/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver