Məhkəmə qərarları › İş №e-2(010)-2356/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2356/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2356/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samsung Led markalı televizor, Philips markalı fen-daraq, Braun markalı blenderə görə 1674 manatın, künc divan və masaya görə 2970 manatın, LG CD markalı televizor və 2 ədəd tavaya görə 849 manatın, ümumilikdə 5493 (beş min dörd yüz doxsan üç) manat məbləğində pulun və ödənilmiş 76 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh qonşu olublar. Polis materiallarında cavabdehin verdiyi izahatdan görünür ki, iddiaçı öz adına cavabdeh üçün Kontakt Home-dan kreditə mallar götürüb. O, Samsung LED televizor, Fen-daraq Philips H, Blender Braun, X8, X9, LG CD markalı televizor, 2 ədəd tava kreditə götürmüşdür. Onların razılığına görə kredit müqavilələri iddiaçının adına olacaq, lakin malları cavabdeh götürüb, ödənişlərini də o edəcək. Lakin cavabdeh kredit borcunu ödəməkdən yayınıb. Müqavilə müddəti 2020-ci ilin may ayında bitib. Cavabdeh ödəniş etmədiyi üçün həmin pul iddiaçıdan Kontakt Home-un xeyrinə tutulub. İddiaçı hazırda cavabdehdən özünün ödədiyi borc məbləğini və ona dəymiş maddi zərəri tələb edir. Cavabdeh izahatında ödəniş etdiyini bildirsə də heç bir ödəniş olunmayıb, çünki ödənişlər iddiaçı tərəfindən edilib. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı RPİ-nin 13-cü PB-nin baş təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması ona bildirilmişdir. Aparılmış araşdırma zamanı vət.X4 izahat verərək bildirmişdir ki, təxminən 8 ilə yaxındır ki, İddiaçı ilə tanış olmuş və dostluq münasibətləri yaranmışdır. 2018-ci ildə Bakıxanov qəsəbəsində yerləşən Kontakt Home-dan Sədaqətin adına bir neçə məişət əşyaları götürmüş, belə ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ABC Telecom MMCdən ümumi qiyməti 1674 manat olan Samsung Led markalı televizor, Philips markalı fendaraq, Braun markalı blender, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ümumi qiyməti 2970 manat olan künc divan və masa, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ümumi qiyməti 849 manat olan LG CD markalı televizor və 2 ədəd tava Sədaqətin adına sənədləşdirib almış və qeyd olunan əşyaları hazırda yaşadığı evə aparıb yerləşdirmişdir. İddiaçı ərizəsində göstərdikləri bəzi məişət avadanlıqlarını özü üçün götürmüş, o Sədaqətin adına götürdüyü məişət əşyalarının kreditinin bir qismini ödədiyini bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1217/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 319 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 329 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 837 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 847 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1960 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 1970 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 479 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 489 manat, xx.xx.2018-ci il tarixli müqaviöə üzrə 1326 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 1336 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 144 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 154 manat, cəmi 5125 (beş min bir yüz iyirmi beş) manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh X3 2018-ci ildə "xxxx" MMC-dən İddiaçı adına xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ümumi qiyməti 1674 manat olan Samsung Led markalı televizor, Philips markalı fen-daraq, Braun markalı blender, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ümumi qiyməti 2970 manat olan künc divan və masa, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ümumi qiyməti 849 manat olan LG CD markalı televizor və 2 ədəd tava sənədləşdirib götürməsi və qeyd olunan əşyaları hazırda yaşadığı evə aparıb yerləşdirməsi iş materialları ilə sübut olunur. Cavabdeh polis bölməsində qeyd olunan müqavilələr üzrə kreditinin bir qismini ödədiyini bildirmişdir. İddiaçı iddia ərizəsində cavabdehin qeyd olunan əşyalara görə borcunu bir müddət ödəməsini və sonradan cavabdehin borcunu ödəməməsini, nəticədə "xxxx" MMC-nin ödənişi ondan tələb etdiyini qeyd etmişdir. Onun isə həmin borcu ödəməyə imkanı olmadığından "xxxx" MMC ona qarşı pul tələbinə dair iddia qaldıraraq ondan 6450 manat tələb etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1217/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qətnaməsi ilə ondan 5125 manat pulun tutulması qət edilmişdir. Məhkəmə prosesində isə iddiaçının nümayəndəsi cavabdehin heç bir ödəniş etməməsini, ödənişlərin iddiaçı tərəfindən edildiyini bildirsə də, ödənişlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Hazırda iddiaçı cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1674 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2970 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 849 manat pul tələb edir. Halbuki iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1217/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 837 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 847 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1960 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 1970 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 479 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, ümumilikdə 489 manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia cavabdehdən məhkəmə qətnaməsinə əsasən hər üç müqavilə üzrə tutulması qət olunmuş ümumilikdə 3.306 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 30 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 3306 (üç min üç yüz altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat pul cavabdeh X1 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 30 (otuz) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar