Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2360/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 99.61 manat əsas və 16.01 manat faiz borcu olmaqla, cəmi 115.62 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “NeoCard Razılaşması”na əsasən, “Bank” “Müştəri”yə AZ68BRES******************** saylı “AZN” valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan “X2 NeoCard X4” növlü ödəniş kartı təqdim etmiş, habelə elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar qeyd olunan razılaşma və bankın internet səhifəsində “pdf” və “asandoc” formatında yerləşdirilmiş və müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi “Kompleks Bank Xidməti” müqaviləsi ilə tənzimlənir. Cavabdeh 523522**8951 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitini daxil edərək istifadə etmişdir. xx.xx.2024-cü il tarixdən etibarən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh 99.61 manat məbləğində banka məxsus pul vəsaitini istifadə etmişir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 99.61 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 99.61 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində xx.xx.2025-ci il tarixə onun banka 99.61 manat məbləğində əsas, 16.01 manat məbləğində faiz borcu olmaqla, cəmi 115.62 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış razılaşmalara əsasən, yaranmış texniki overdraft nəticəsində bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizi ilə birlikdə geri tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış razılaşmalar və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC (Bank) və Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, bu razılaşmaya əsasən “Bank” “Müştəri”yə AZ68BRES******************** saylı, “AZN” valyutasında kart hesabı açır və ödəniş vasitəsi olan “MC World NeoCard Debet PayPass” növlü ödəniş kartı təqdim edir, habelə elektron bank xidmətlərində istifadə edilməsi imkanı verir, tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar bu razılaşma və “Bank”ın internet səhifəsində “PDF” və “ASANDOC” formatında yerləşdirilmiş və “Müştəri” tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi “Kompleks Bank Xidməti” müqaviləsi ilə tənzimlənir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli qoşulma razılaşmasından görünür ki, “Müştəri” müraciətinə əsasən, “Bank”ın təklif etdiyi xidmətlərdən istifadə edərkən “Bank” və “Müştəri” arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və “Bank”ın rəsmi internet səhifəsində və ya Mərkəzi Bankın müvafiq platformasında “PDF” və ya “ASANDOC” formatında yerləşdirilmiş və şərtləri “Müştəri” tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş “Kompleks Bank Xidməti” müqaviləsi və müvafiq razılaşmalar ilə tənzimləndiyindən bu razılaşmanı imzalayaraq qəbul edir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə overdraft nəticəsində 99.61 manat əsas və 16.01 manat faiz olmaqla, cəmi 115.62 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh texniki overdraft nəticəsində İddiaçı ASC-yə məxsus vəsaitdən əsassız isitfadə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixə yaranmış borc məbləği (99.61 manat əsas və 16.01 manat faiz olmaqla, cəmi 115.62 manat) barədə məlumat verilmiş, həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq bildirişin göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. İşin faktiki hallarından görünür ki: İddiaçı ASC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2022-ci il tarixli “razılaşma” adı ilə bank hesabı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank öhdəsinə götürmüşdür ki, Müştəriyə bank hesabı açsın və ödəniş kartı təqdim etsin. Müştəri isə təsdiqləmişdir ki, Bankın internet səhifəsində yerləşdirilmiş Kompleks Bank Xidməti Müqaviləsi şərtləri ilə tanışdır və həmin şərtlərlə razılaşır. Bu müqavilə əsasında Bank tərəfindən Müştəriyə bank hesabı açılmış və 523522XXXXXX8951 nömrəli ödəniş kartı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407. Müqavilənin bağlanması anı. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 408. Oferta. 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. Maddə 409. Aksept. 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 954. Bank hesabı müqaviləsi. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Maddə 956. Bank hesabı müqaviləsinin bağlanması. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Maddə 960. Hesabın kreditləşdirilməsi. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. İşin yuxarıda istinad edilmiş faktiki hallarından görünür ki, iddiaçı Bank və cavabdeh Müştəri arasında xx.xx.2022-ci il tarixli bank hesabı müqaviləsi bağlanmışdır. Məhkəmə bağlanmış müqaviləni ona görə məhz bank hesabı müqaviləsi hesab edir ki, müqaviləyə əsasən, Bank Müştəriyə bank hesabı açmağı və ödəniş kartı təqdim etməyi öhdəsinə götürmüşdür. Öz növbəsində Müştəri də təsdiqləmişdir ki, Bankın internet səhifəsində yerləşdirilmiş Kompleks Bank Xidməti Müqaviləsi şərtləri ilə tanışdır və həmin şərtlərlə razılaşır. Bundan əlavə, Bankla Müştəri arasında xx.xx.2022-ci il tarixdə həm də “qoşulma razılaşması” adlanan sənəd imzalanmışdır ki, bu sənədlə hər iki tərəf aralarında yaranmış bank xidmətlərinin göstərilməsinə dair münasibətlərə yuxarıda istinad edilmiş Kompleks Bank Xidməti Müqaviləsinin şərtlərinin tətbiq ediləcəyini və bu şərtlərin hər iki tərəf üçün hüquq və vəzifələr yaratdığını təsdiq etmişlər. Beləliklə, Müştəri Bankın ümumi ofertası ilə tanış olduğunu və şərtlərini qəbul etdiyini bəyan etməklə, Müqavilə şərtlərini aksept etmişdir. Bununla da Bankla arasında bağlanmış bank hesabı müqaviləsinin Kompleks Bank Xidməti Müqaviləsinin şərtlərinə uyğun olaraq, hüquq və vəzifələr yaratdığını qəbul etmişdir. X1 Xidməti Müqaviləsinin 2.49-cu bəndində texniki overdrafta belə anlayış verilmişdir ki, texniki overdraft ödəniş və/və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Müqavilənin 3.3.5-ci bəndində müştərinin vəzifələrindən biri kimi qeyd edilmişdir ki, yaranmış texniki overdrafta görə pul vəsaitlərini bankın tələbi olarsa, hesablanmış faizləri ilə birlikdə (illik 42 % olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. 5.15.5-ci bənddə isə qeyd edilmişdir ki, kart sahibi və ya kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin sərf olunduğu halda tətbiq olunur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı Bank iddia etmişdir ki, xx.xx.2024-cü il tarixdən etibarən yaranan texniki overdraft səbəbindən hesabda yetərli pul vəsaiti olmadığı halda cavabdeh tərəfindən 99.61 manat məbləğində pul vəsaitindən istifadə edilmişdir ki, bu vəsait Banka məxsus olduğuna görə cavabdehdən Bankın xeyrinə tutulmalıdır. Məhkəmə bu iddianı aşağıda göstərilən səbəblərdən əsaslı sayır: İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh açılmış bank hesabı üzrə xx.xx.2022 – xx.xx.2025-ci il tarixədək olan dövrdə aparılmış bütün əməliyyatlar qeydə alınmışdır. Bu məlumatlardan görünür ki, hesab sahibi (cavabdeh) tərəfindən karta mədaxil edilən vəsait “kredit” qrafasında, onun tərəfindən xərclənən vəsait “debet” qrafasında, hər hesab əməliyyatından sonra hesabda qalan vəsait isə “qalıq” qrafasında qeyd edilmişdir. Əgər aparılan əməliyyatın məbləği hesabda qalan vəsaitin həcmindən azdırsa, yəni əməliyyatdan sonra da hesabda qalıq vəsait qalırsa, qalıq qrafasında müvafiq qalıq məbləğinin yanında “K” hərfi yazılmışdır. Əksinə, aparılan əməliyyatın məbləği hesabda qalan vəsaitin həcmindən çoxdursa, yəni əməliyyatdan sonra hesabda vəsait qalmırsa, qalıq qrafasında qalıq (hesabda olan məbləğdən artıq xərclənmiş məbləğ) məbləğinin yanında “D” hərfi yazılmışdır. Müştəri (cavabdeh) tərəfindən Kredit (K) üzrə hər dəfə ödəniş edildikdə isə “D” hərfi ilə hesablanmış qalıq borclar ödənilmiş kreditdən çıxılmışdır. xx.xx.2024-cü il tarixdən etibarən aparılmış əməliyyatlardan isə görünür ki, hesabda 7.91 manat (K) qalıq vəsait olmuş, müştəri “X3” təyinatı ilə 85.25 manat məbləğində pul xərcləmişdir. Bundan sonra hesabında 77.34 manat (D) qalıq yaranmışdır. Lakin müştəri sonrakı tarixlərdə yalnız bir dəfə - xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş etmiş, növbəti günlərdə hesabdan vəsaitlər xərcləməyə davam etmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 99.61 manat (D) qalıq borcu yaranmışdır. Həmin tarixdən etibarən müştəri tərəfindən hesab üzrə hər hansı əməliyyat icra edilməmişdir. Göründüyü kimi, hesab üzrə yaranmış qalıq məbləğ müştəri tərəfindən karta mədaxil edilmiş vəsait olmadığından və sonradan da müştəri tərəfindən qarşılanmadığından Bankın vəsaiti hesab olunur və Bank həmin vəsaitin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tələb edilən faizə münasibətdə də məhkəmə iddia tələbi ilə razılaşır. Belə ki, həm tərəflər üçün hüquq və vəzifələr müəyyən edən Kompleks Bank Xidməti Müqaviləsinin şərtlərinə əsasən, həm də mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Bank tərəfindən texniki overdraft halında faiz hesablana bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 960.2-ci maddəsinə əsasən, tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Mülki Məcəllənin 740.1-ci maddəsinə görə isə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı Bank tərəfindən 99.61 manat məbləğində overdrafta görə 29 % dərəcəsi ilə 16.01 manat məbləğində faiz hesablanmışdır ki, bu məbləğ də overdraftın baş verdiyi dövrə (müqaviləyə uyğun olaraq, overdraftın yarandığı tarixin 6-cı günündən (xx.xx.2024) etibarən bu faizin hesablandığı günə xx.xx.2025) uyğun hesablanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Bank əsas texniki overdrafta görə yaranmış borcdan əlavə, bu borca hesablanmış 16.01 manat məbləğində faiz borcunu da cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə texniki overdrafta görə yaranmış 99.61 manat məbləğində borc və həmin borca hesablanmış 16.01 manat məbləğində faiz borcu olmaqla, cəmi 115.62 manat məbləğində pul tutularaq İddiaçı ASCyə ödənilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə texniki overdrafta görə yaranmış 99.61 manat məbləğində borc və həmin borca hesablanmış 16.01 manat məbləğində faiz borcu olmaqla, cəmi 115.62 manat (yüz on beş manat altmış iki qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2360/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2360/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver