Məhkəmə qərarları › İş №e-2(010)-238/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-238/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-238/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "X5 Travel DMC" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə q̇arşı "real və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi

1. İddiaçı X2 cavabdeh X1 və qeyrilərinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının uğradığı 2190 ABŞ dolları məbləğində real zərərin, 20000 manat məbləğində mənəvi zərərin və bu iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 162 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) məcburi qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının uğradığı 2190 ABŞ dolları məbləğində real zərərin, hüquqi xidmətə görə ödənilmiş 510 manat, 19000 manat məbləğində mənəvi zərərin və bu iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 162 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) məcburi qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2019-ci ilin noyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmətindən istifadə edərək Türkiyə Respublikasında yerləşən mehmanxanada dostları ilə birlikdə qalmaq məqsədilə bilet və hotel sifarişi etmişdir. İlk öncə, fərqli səbəblər göstərməklə ilkin qeydiyyat (bron) ləğv edilmiş, davamında narazılıq etdikdə isə bir neçə dəfə pasportları alınıb yeni sifarişlər edəcəkləri bildirilmişdir. Bu quru vədlərlə cavabdeh şirkət onu iki il müddətinə süründürməçiliyə yol vermiş, narazılıqların davamında cavabdehdən pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdehin rəhbərliyi isə pulun hər hansı formada tanımadığı üçüncü turizm şirkətində qaldığını, məzənnə fərqi olduğunu və bu səbəbdən ödənişi verə bilməyəcəklərini demişdir. O, ilk gündən bu yana nə Türk şirkətini, nə də irəli sürdükləri üçüncü şirkəti tanımamışdır, bütün yazışmalar cavabdehin əməkdaşları ilə aparılmışdır. Bir sözlə qeyd olunanların uydurulan növbəti başqa bəhanələr olduğu müəyyən edilmişdir. Dəfələrlə (Nümayəndə2 və Nümayəndə1 adlı) bu şirkətin rəhbərliyi ilə bu problemdən çıxış yolları müzakirə edilsə də, dəfələrlə uğradıqları zərərlərin ödəniləcəyi vəd edilsə də, onların qanunsuz əməlləri davam etmişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər verdikləri sözdən yayınaraq öhdəliklərini icra etməmiş və pul vəsaitini ödəməkdən yayınmışlar. Davamında, ona vurulan ziyana görə cavabdehin hərəkətinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanalarına şikayət ərizəsi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Həmid Ağayevin verdiyi xx.xx.2020-ci il tarixli qərarla Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Hazırki vəziyyətdə dəymiş ziyanın aradan qaldırılması və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə, aralarındakı razılaşmanın şərtlərinin pozulması ilə müşayiət olunan öhdəliyin icrasının gecikdirilməsi nəticəsində ona ödənilməli olan pul vəsaiti cavabdeh tərəfindən qanunsuz şəklində saxlanılmaqdadır. Nəticədə, onun xoş arzularla ailə və yaxın çevrəsi ilə istirahət etmək yerinə aylarla davam edən əsəb, süründürməçilikdən qaynaqlanan stress yaşamasına səbəb olmuş cavabdehin hərəkətləri nəticəsində bu əsəbli vəziyyət hal-hazırda da davam edir, belə ki, cavabdehin qanunsuz hərəkətlərinin qurbanı olmaq, onun işini gücünü buraxıb hüquq mühafizə orqanlarına şikayət yazmaq, polisdə izahat yazmaq, vəkillə məsləhətləşməklə həyatını sürdürməkdədir. Cavabdehin qanunsuz hərəkətləri onun şəxsi nüfuzuna da ciddi zərər vurmuş, onun dostları arasında işyarıtmaz biri olduğu görüntüsü yaratmışdır ki, bu da onun mənəvi əzab çəkməsinə səbəb olmuşdur. İndiki məqamda həmin mehmanxanada istirahət etmək üçün qiymətlərin bahalaşması və ailə tərkibində olan uşaqların yaşının artmasına görə ən azı 30000 manata yaxın xərc tələb edilir. Nəticə etibarilə, həmin xərcin qarşılanması mümkün olmadığından onun qarşılaşdığı və 2 ildən artıq davam edən bu xoşa gəlməz vəziyyətə görə cavabdeh öz hüquq pozuntusu hərəkətinə məsuliyyət daşımalı və bu zərər də kompensasiya edilməlidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı tanışlarının xahişi ilə kiçik bir servis məbləği tətbiq edilməklə, öz istəyi ilə Türkiyənin Antalya bölgəsində yerləşən, daha əvvəldə qonaqladığı Wome Deluxe otelinə Halalbooking.com sistemi ilə mehmanxana, Buta Hava yollan vasitəsi ilə isə aviabilet bronlaşdırılmasında 2019-cu ilin noyabr ayında texniki kömək göstərilmişdir. Həmin mehmanxanaya qeyd etdiyi sistem vasitəsi ilə bron etmək mümkün idi. Adətən həmin məbləğlər, yəni 20-25 min manat üzərində olanlara 645 dollar servis haqqı ödəməklə həyata keçirilmir. Bu əməkdaşlara verilən bir rəqəm idi, həmin məbləği servis haqqı olaraq almışlar. Bron uğurla həyata keçirilmiş, hər iki xidmətin ödəməsi birbaşa tədarükçülərə İddiaçı özü tərəfindən həyata keçirilmişdir. Həm aviabilet, həm də Halalbooking.com saytının hesabına Emil adlı şəxs tərəfindən ödənilmişdir. İddiaçı Halalbooking.com-a ödədiyi məbləğ, iki ayrı ödəmə şəklində 9182 ABŞ dolları və 904 ABŞ dolları olmuşdur. İlkin səfər qeydiyyatı COVİD-19 Pandemiyası səbəbi ilə İddiaçı də bilgisi daxilində ilk öncə 29 aprel 2020-ci il tarixdə son qərar müddəti saxlanılmaqla xx.xx.2020xx.xx.2020 tarixinə dəyişdirilmişdir. Həmin vaxt İddiaçı razılığı ilə dəyişdirilib, çünki, iyul ayında da pandemiya davam edəcək və sərhədlərin açılması mümkün olmayacaqdı. Sonra isə onun öz göstərişi ilə, sərhədlərin açılmaq ehtimalı mümkün görsənmədiyindən 03 iyun 2020-ci il tarixdə tamamilə təxirə salınmışdır. Bütün səbəblər Halalbooking.com ilə yazışmalara istinadən İddiaçı bildirilib. Son qərar müddətinin saxlanılmasına “dedlayn” deyilir, yəni xx.xx.2020-ci il tarixədək bu müddəti dəyişdirə və ya təxirə salmaq olar, sonra isə Halalbooking.com tərəfindən müəyyən faizlər tətbiq edilməklə həyata keçirilir. Lakin qaytarılan ödəniş İddiaçı hesabına Haİalbooking.com tərəfindən 1310 ABŞ dolları kəsinti edilərək ilk məbləğ 9182 ABŞ dollan deyil, 7871 ABŞ dolları olaraq, digər məbləğ isə 128 ABŞ dolları kəsinti edilərək 776 ABŞ dollan olaraq, toplam 1439 ABŞ dolları kəsinti ilə geri qaytarılmışdır. Kəsintinin səbəbini soruşduqda isə Halalbooking həmin fərqin və kəsintinin Türkiyə Respublikası 2019-cu ilin noyabr, 2020-ci ilin iyun aylarında baş vermiş kəskin devalivasiya ilə bağlı olduğunu rəsmi şəkildə bildirmişdir. Bunlarla bağlı yazışmalar da mövcuddur, ümumiyyətlə, Halalbooking.com ilə bütün yazışmalar rəsmi aparılıb, bunlar da kontrakt və ya müqavilə xarakteri daşıyır. Cavab İddiaçı bildirildikdə isə, məbləğ itkiyə getməsin deyə 30 may - 6 iyun 2021-ci il tarixə yenidən rezervasiya edilməyini istədi. Artıq məbləğ geri qaytarıldıqdan sonra iddiaçı onlara məbləğdə kəsinti olduğunu bildirdi. İddiaçı da həmin məbləğin boşa getməməsi üçün rebron etməyi bildirdi. Lakin, uşaqlardan birinin yaşı keçən zaman müddətində artmış və Halalbooking.com tərəfindən böyük uşaq kimi hesablandığı üçün 500 ABŞ dolların artıq ödənilməli olduğu bildirildi. İddiaçı bunu qəbul etdi və ödəniş həftənin 1-ci günü mütləq ödənilməli idi. Orada “dedline” verilmişdi və ona dair yazışmalar da mövcuddur. Həftənin 1-ci günü qeyri-iş günü olduğu üçün ödəniş problem edilmədi. Sonra onlar iddiaçı ilə əlaqə saxladılar, lakin iddiaçı texniki səbəbə görə ödənişin həmin günədək edilməyəcəyini bildirdi. İddiaçı tərəfindən həftənin 3-cü günü bank hesabına məbləğin transfer edilməsinə dair qəbz verildi və məbləğ ödənildi, onlar da həmin məbləği Halalbooking.com-a yönləndirdilər. Halalbooking bu ödəmənin 2 gün gec yatırıldığını əsas gətirərək total 1055 ABŞ dolları yəni toplamda 1560 ABŞ dollan fərq olacağını bildirildi. Nəticədə İddiaçı haqlı olaraq qeydiyyatın ləğvini tələb etdi. Beləliklə, məbləğ 776 ABŞ dolları və 7829 ABŞ dolları olaraq tam şəkildə ödəməni özünün həyata keçirdiyi Həsənov Emil adına olan AZ 19TURA******************** İBAN nömrəli Turan Bank hesabına geri qaytarıldı. Yəni ikinci dəfə 1 qəpik belə əskiklik olmadan məbləğ geri qaytarıldı. İddiaçı 2190 ABŞ dollarını ona görə tələb edir ki, orada 645 dollar markab ilə birlikdə ödəniş edilib. Markab servis haqqıdır. İddiaçıya həmin məbləğ qarşılığında 2 il ərzində təmannasız xidmət göstərilib, ancaq o, bunu başqa aspektdən qiymətləndirdi. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

6. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Həmid Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı vətəndaş İddiaçı mahiyyəti üzrə təhqiqata izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının Alanya şəhərində özünün və tanışlarının ailə üzvləri, yəni ümumilikdə 25 nəfərlə (azyaşlılar daxil) birgə istirahət məqsədi ilə 2019-cu ilin noyabr ayının sonlarında “Flame Tour" adlı turizm agentliyinə müraciət etmiş, danışıqlar nəticəsində əldə olunmuş razılaşmaya əsasən Alanya şəhərində yerləşən “Wome Deluxe" adlı oteldə bir həftəlik tətil üçün tələb olunan 10770 (on min yeddi yüz yetmiş) ABŞ dolları məbləğində pulu qardaşı Altay Abdullayevə məxsus hesab kartı vasitəsi ilə sözügedən agentliyin hesabına köçürülmüşdür. Bundan əlavə, səyahət üçün nəzərdə tutulmuş tarixə təyyarə biletləri almaq üçün “Buta Travef” şirkətinə ümumilikdə 6850 (altı min səkkiz yüz əlli) manat məbləğində pul ödənişi edilmiş və hər iki şirkət tərəfindən sifarişlərin qəbulu ilə əlaqədar rəsmi sənədlər onlayn qaydada ona təqdim olunmuşdur. Lakin daha sonra COVİD-19 pandemiyası səbəbi ilə xarici ölkələrə bütün növ səyahətlərə məhdudiyyət qoyulduğu üçün xx.xx.2020-ci il tarixə nəzərdə tutulmuş səfər təxirə salınmış, belə olan halda “Flame Tour” şirkətindən ödənilmiş pulları geri tələb etmiş, bu zaman şirkət 2 ay ərzində ödənişin qaytarılacağını bildirsə də, həmin prosses 2020-ci ilin sonlarına qədər uzanmışdır. Nəticədə, “Wome Deluxe” adlı oteldə yerlərin tutulması üçün ödənilmiş 10770 ABŞ dolları məbləğində puldan ona 8580 (səkkiz min beş yüz səksən) ABŞ dolları məbləğində pul qaytarılmış, “Flame Tour" şirkətinin icraçı direktoru Nümayəndə1 qalan 2190 manat məbləğində pulun “Flame Tour" şirkəti tərəfindən verilmiş sifarişə əsasən "Wome Deluxe" adlı oteldə yerlərin təşkilini təmin etməli olan “Halal Booking” şirkəti tərəfindən səfərlərin təxirə salınması səbəbi ilə ödənişlərin geri qaytarılması zamanı məzənnə fərqi ilə əlaqədar “Flame Tour” şirkətinə əskik şəkildə qaytarıldığını, bu məsələyə dair danışıqların davam etdiyini, "xxxx" şirkətinə ödənilmiş 6850 manat məbləğində pulun isə ona "xxxx" şirkəti tərəfindən qaytarılmalı olduğunu, bu məsələyə "Flame Tour" şirkətinin aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra "xxxx" şirkətinə mahiyyəti üzrə müraciət olunduqda, həmin şirkət tərəfindən təyyarə biletlərinin sifarişi üçün ödənilmiş pulun nəğd şəkildə geri qaytarılmayacağı, lakin növbəti sifariş əsasında başqa tarixə həmin biletlərin təmin oluna biləcəyi bildirilmişdir, Bu minvalla növbəti danışıqlar nəticəsində “Flame Tour” şirkəti tərəfindən arzu etdikləri səyahətin təşkili barədə 2021-ci ilin oktyabr ayının əvvələri üçün ona yeni təklif irəli sürülmüş, geri aldığı pulları şirkətə ödəməklə yanaşı əlavə 1000 (min) ABŞ dolları məbləğində pul ödəməli olduğu bildirilmişdir. Belə olan halda şirkətin təklifini qəbul etmiş, lakin daha sonra şirkətin direktoru Nümayəndə1 müəyyən səbəblərdən səyahətin oktyabr ayının əvvəlinə deyil, həmin ayın sonlarında mümkün ola biləcəyini söyləmişdir. Buna görə də birmənalı olaraq Nümayəndə1 ona dəymiş maddi ziyanın tam ödənilməsini tələb etmiş, bu barədə danışıqlar nəticəsində konkret razılaşma əldə olunmadığı üçün faktla bağlı hüquq şəhərində yerləşən “Wome Deluxe” adlı oteldə yerlərin tutulması məqsədi ilə ödədiyi pulun geri qaytarılması zamanı məzənnə fərqi yarandığı əsas gətirilərək 10770 ABŞ dolları məbləğində puldan ona 8580 (səkkiz min beş yüz səksən) ABŞ dolları məbləğində pul qaytarıldığını, 2190 ABŞ dolları məbləğində pulun əskik olduğunu, "Flame Tour" şirkəti tərəfindən "xxxx" şirkətinə ödənilmiş 6850 manat məbləğində pulun ödənilməsini tələb etdikdə isə, "Flame Tour" şirkəti tərəfindən ona bu məsələnin “Flame Tour" şirkətinə aidiyyəti olmadığının bildirildiyini ifadə etmiş, nəticədə ona 2190 ABŞ dolları və 6850 manat məbləğində maddi ziyan dəydiyini ifadə etmişdir.

7. Araşdırma zamanı mahiyyəti üzrə izahatı alınmış, "X5 DMC" MMC-nin satış üzrə direktoru Nümayəndə1 anoloji izahat verərək İddiaçı izahatında göstərmiş olduğu xüsusatları təstiq etmiş, yaranmış mübahisəli məsələnin işlədiyi şirkətin fəaliyyətindən asılı olmadığını, həmçinin "xxxx" MMC ilə İddiaçı arasındakı münasibətlərin onlara aidiyyəti olmadığını, lakin baş verənlərlə bağlı köməklik məqsədi ilə F Abdullayev ilə növbəti danışıqlara və həmin şəxsə köməklik göstərməyə hazır olduqlarını bildirmişdir.

İşin faktiki halları

8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəçilik xidmətindən istifadə edərək, Türkiyə Respublikasında yerləşən mehmanxanada dostları ilə birlikdə qalmaq məqsədilə bilet və otel sifarişi etməsi, razılaşdırılmış haqq ödəməsi, ödənişin qismən geri qaytarılması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 787. Broker müqaviləsi anlayışı 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Maddə 788. Brokerin muzd almaq hüququnun əmələ gəlməsi. Xərclərin əvəzinin ödənilməsi 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.

10. “Turizm haqqında Qanun”

1.1.13. Turagent turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir. 8.1. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Məhkəmənin mövqeyi

12. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

13. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh iddiaçıya turagent qismində vasitəçilik xidməti göstərərək, onu başqa bir turoperator olan “Halal Booking” şirkəti ilə əlaqələndirib, sonuncunun xidmətlərinin ona satılmasında kömək edib. Cavabdeh, iddiaçının sərnişin daşıma və qalma xidmətlərinə görə bilavasitə “Buta Travef” şirkəti və “Wome Deluxe" oteli ilə müqavilə bağladığını və ödənişləri həmin şirkətlərə etdiyini etiraf edir. Tərəflər aralarında vasitəçilik xidmətinin göstərilməsi ilə bağlı şifahi razılaşmanın olduğunu, habelə, bu cür konsaltinq xidmətinin göstərilməsinə görə müəyyən məbləğdə muzd ödənilməsi barədə razılığın olduğunu etiraf etdikləri üçün, məhkəmə hesab edir ki, tərəflər bu hissədə sübutetmə yükündən azaddırlar. Bununla yanaşı, yazılı müqavilənin olmaması və cavabdehin turizm səfərinin baş tutmamasına görə hansı həcmdə məsuliyyət daşıması hissəsində razılaşmanın nədən ibarət olması ilə bağlı sübutetmə yükü iddiaçıya aiddir. Çünki, qanunvericilik turagent müqaviləsinin yazılı şəkildə bağlanmasını, mülki məsuliyyət və kompensasiya ödənilməsi əsaslarının müəyyən edilməsini tələb edir. Belə müqavilə olmadığı halda, qanunvericilik iddiaçını digər sübutlara istinad etmək imkanından da məhrum edir.

14. Eyni zamanda, məhkəmə hesab edir ki, səfər məhz pandemiya ilə bağlı forsmajor halı ilə bağlı təxirə salınıb, iddiaçı ilə hər dəfə növbəti səfərin tarixi razılaşdırılıb. Belə olan halda iddiaçının qalma xidmətinə görə ödədiyi vəsaitdən valyuta məzənnəsindəki fərqə görə müəyyən məbləğin tutulmasında cavabdehin heç bir təqsiri yoxdur. İddiaçı cavabdehin bu cür hallara görə dəymiş ziyanı ödəmək öhdəliyinin olması ilə bağlı heç bir sübut təqdim etməyib.

15. Bununla yanaşı, iddiaçı hesab edir ki, cavabdehin polis orqanında iddiaçıya dəymiş ziyanı qismən ödəməyə razılıq verməsi onun səfərin baş tutmamasına görə məsuliyyət daşımasını etiraf etməsi kimi qəbul edilməlidir. Lakin, həmin izahatdan və qərardan səfərin baş tutmamasının cavabdehin hansısa təqsirli hərəkəti ilə bağlı olması və ya ümumiyyətlə səfərin baş tutmaması halında cavabdehin iddiaçıya dəymiş ziyanı ödəmək kimi bir öhdəliyinin olması görünmür. Belə olan halda, həmin sənədlər iddianı təmin etmək üçün əsas ola bilməz.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş pul İddiaçı özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş pul İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar