Məhkəmə qərarları › İş №e-2(010)-2402/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2402/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2402/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda mülkiyyətindədir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuş və alqı-satqı müqaviləsi bağlanarkən mənzilin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini təqdim etmişdir. Lakin hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, könüllü olaraq qeydiyyatdan çıxaraq başqa ünvana qeydiyyata duşə bilmir. Mənzilə dair alqı-satqı müqaviləsi bağlanan zaman və hal-hazırda Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmamış, lakin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi aldığından, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçı mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Asan 5 orqanı tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 3 mənzilində qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzili (tam hissə, 48.14 kv/m olan iki otaqlı) X1 almışdır. Bu müqavilənin 13-cü bəndinə əsasən X5 xx.xx.2022-ci il tarixinədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 52 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş etibarnamə əsasında X5 tərəfindən verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh X4 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və istifadə hüququna xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin faktiki olaraq Bakı şəhəri, ünvan 3 mənzilində yaşamaması və qeydiyyatın formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar