Məhkəmə qərarları › İş №e-2(010)-2417/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2417/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2417/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh arasında Şərur rayonu, Düdəngə icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixdə 42 saylı nikah şəhadətnməsi ilə rəsmiləşdirilmiş nikahın etibarsız sayılması. İddia tələbinin dəlilləri İddiaçı formal olaraq Cavabdeh ilə nikahda olmuşdur. İddiaçı ümumiyyətlə Cavabdeh ilə ailə və ya ər-arvad münasibətlərində olmamışdır. Amma buna baxmayaraq hazırda Cavabdeh ilə iddiaçının arasında 42 saylı, xx.xx.1995-ci il tarixli nikah şəhadətnaməsi mövcuddur. Həmin şəhadətnamədən görünür ki, bu nikah aktını Şərur rayonu, Düdəngə icra nümayəndəliyi vermiş və rəsmiləşdirmişdir. Həmçinin həmin şəhadətnamədən görünür ki, Cavabdeh soyadı Nağıyeva (Şəxsiyyət vəsiqəsində Musayeva kimi qeyd edilib), atasının adı isə Şakir (Şəxsiyyət vəsiqəsində Şikar kimi qeyd edilib) kimi qeyd edilib. Eyni zamanda nikah şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh faktiki olaraq X5 ilə rəsmi nikahdadır. Göründüyü kimi, bir şəxsin eyni anda iki şəxslə rəsmi nikahda olması faktı mövcuddur və bu faktın mövcudluğu Şərur rayonu, Düdəngə icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş 42 saylı nikah şəhadətnaməsinin etibarsızlığını sübut edir. Həmçinin həmin sənədlərdəki yanlışlıqlarda bu nikahın etibarsızlığına dəlalət edir. Bu baxımdan hesab edirik ki, Şərur rayonu, Düdəngə icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı və Cavabdeh arasında 42 saylı nikah şəhadətnaməsi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilməlidir. Yuxarıda yazılanları nəzərə alaraq Şərur rayonu, Düdəngə icra nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 42 saylı nikah şəhadətnaməsi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə iddia tələbini əsaslı və doğru hesab edir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək başqa məhkəmənin icraatında olan mülki işlə eyni vaxta düşdüyündən prosesdə iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şahidlərin ifadələri xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Cavabdeh bacısıdır. İddiaçı isə qonşusudur. 1990-cı illərdə Ermənistan Respublikasından qaçqın düşüblər. Atası ilə Şərur rayonu Düdəngə kəndinə köçmüşlər. Rövşənin atası ilə onun atası ailəvi dost idilər. Öz aralarında razılığa gəldilər ki, bacısı ilə Rövşəni evləndirsinlər. Bacısi ilə Rövşən özləri buna razı deyildilər. Bacısı ilə iddiaçı arasında nikah rəsmiləşdirildikdən 3 gün sonra bacısı başqasına qoşulub qaçmışdır. Həmin evlilikdən uşaqları, nəvələri var. Tərəflər bir gün də olsa bir yerdə yaşamamışdır. O vaxtlar kompyuter sistemi olmamışdır. Bu yaxınlarda Rövşən harasa müraciət edən zaman məlum olmuşdur ki, bacısı ilə rəsmi nikahdadır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Rövşən həm qapı qonşusu, həm də uşaqlıq dostudur. Cavabdeh da tanıyır. Onlar heç vaxt bir yerdə yaşamamış, nişanlı belə olmamışdır. Həmin vaxtlar çətin dövrlər olmuş, müharibə vəziyyətiymiş. Gülnarəgil aeroport yolunun o biri, onlar isə bu biri tərəfində yaşayırlar. Gülnarənin sonrakı evliliyindən xəbəri yoxdur. Rövşən də Rusiyaya, daha sonra da Ukranyaya getdi, ara bir telefonla əlaqə saxlayırlar. İş materialları Ədliyyə Nazirliyi nikah haqqında şəhadətnamə məlumatlarının çıxarışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1995-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-00386 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Birinci tərəf: Nağıyev X1 imzalandıqdan sonra ikinci tərəf Cavabdeh (X3) ilə Düdəngə icra nümayəndəliyində xx.xx.1995-ci il tarixdə № 42 qeydi ilə bağlanan nikahın formal xarakter daşıdığını (birgə təsərrüfat aparmadıqlarını) və İkinci tərəflə faktiki nikah münasibətlərində olmadığını təsdiq edərək, tərəflər arasında bağlanan nikahın etibarsız hesab edilməsinə razıdır. Birinci tərəf: İddiaçı Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın etibarsız hesab edilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Cavabdeh (X4) bu sazişi imzalandıqdan sonra Birinci tərəf İddiaçı ilə Düdəngə icra nümayəndəliyində xx.xx.1995-ci il tarixdə №42 qeydi ilə bağlanan nikahın formal xarakter daşıdığını (birgə təsərrüfat aparmadıqlarını) və Birinci tərəflə faktiki nikah münasibətlərində olmadığını təsdiq edərək tərəflər arasında bağlanan nikahın etibarsız hesab edilməsinə razıdır. İkinci tərəf: Cavabdeh (X4) Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın etibarsız hesab edilməsi ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ona məlumdur və buna etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa-nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 52.2. cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfi və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər xx.xx.1995-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olsalar da, iş materiallarına əsasən müəyyən edilmişdir ki, onlar ər-arvad münasibətlərində olmamışlar. Onların heç vaxt ailə qurmaq niyyətləri olmamışdır. Hətta cavabdeh hazırda başqa bir şəxslə nikahdadır. Cavabdeh tərəf mediasiya prosesində bu faktları təsdiq etmişdir. Nikahın formal olması barədə tərəflər arasında mübahisə yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1995-ci il tarixdə Şərur rayonu, Düdəngə icra nümayəndəliyində bağlanmış 42 saylı nikah etibarsız hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1995-ci il tarixdə Şərur rayonu, Düdəngə icra nümayəndəliyində bağlanmış 42 saylı nikah etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar