Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2423/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20) qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 ünvan 2ndə 0.2 ha torpaq sahəsində yerləşən, 60 kv.m ümumi sahədən ibarət olan, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan evə köçürülmələri. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X16 doğulmuşdur. Tərəflər arasında münasibətlər pozulmuş və nikahın pozulması həddinə gəlib çatmışdır. İddiaçı cavabdehlə ailə qurandan sonra xx.xx.2015-ci il tarixində ünvan 1 ünvanına gəlin köçmüş və həmin tarixdən həmin evdə yaşamışdır. 2016-cı ildə isə hazırda yaşadıqları ünvan 2 ünvanında yerləşən torpaq sahəsi alınmışdır və daha sonra həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikilmişdir, təmir edilmişdir və tərəflər həmin fərdi yaşayış evində yaşamağa başlamışlar. İddiaçının bütün əşyaları hal-hazırda həmin evdədir. 2024-cü ilin fevral ayında tərəflər arasında yerində mübahisə yarandığından iddiaçı yetkinlik yaşına çatmayan övladları ilə birgə ata evinə getmişdir. İki gündən sonra özünün şəxsi və övladlarının əşyalarını götürmək üçün ünvan 2 ünvanında yerləşən evinə gəldikdə evin açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. İddiaçı nə qədər cəhd göstərsə də onu evinə buraxmamışlar və onun daha bu evdə yerinin olmadığı bildirilmişdir. Uşaqların və iddiaçının bütün paltarları həmin evdə qalıb. Dəfərlərlə cavabdehə müraciət olunsa da, cavabdeh iddiaçını və yetkinlik yaşına çatmayan övladlarını evə buraxmaqdan imtina etdi. Bundan sonra iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edərək, yaşayış yerinə baxış keçirilməsini istəmiş, lakin cavabdeh evə baxış keçirilməsinə mane olaraq qapını açmamışdır. Həmin ev hal-hazırda cavabdehin istifadəsindədir. Lakin iddiaçı və yetkinlik yaşına çatmayan övladları öz evlərindən didərgin düşmüşdür. Həmin ev də iddiaçı cavabdehlə birgə təsərrüfat apardığı üçün, həmin evi birgə aldıqları üçün iddiaçının və yetkinlik yaşına çatmayan övladlarının sözügedən fərdi yaşayış evində yaşamaq hüququ var. Buna görə də cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, iddiaçının və yetkinlik yaşına çatmayan övladlarının ünvan 2ndə 0.2 ha torpaq sahəsində yerləşən 60 kv.m ümumi sahədən ibarət olan, 1 qonaq otaqı, 2 yataq otaqı, mətbəx və sanitar qovşaqdan ibarət olan evə köçürülməsi təmin edilməlidir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli yaşayış sahəsi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığına görə hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli deyil, fərdi yaşayış evi xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmadığından hüquqi statusuna görə özbaşına tikinti hesab olunur, lakin həmin evi tərəflərin birgə vəsaiti hesabına alınıb, təmir edilib, iddiaçının cehiz əşyaları həmin evə daşınıb və digər zəruri ev əşyaları alınmışdır. Mübahisə predmeti olan qanunsuz tikili, həm də onun yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Tərəflər həmin yaşayış evini birgə nikah dövründə inşa edərək orada yaşamışlar. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxsin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olduğuna görə iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur və iddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Göründüyü kimi həmin evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmasa da iddiaçıya aid bütün əşyalar həmin evdədir və cavabdeh tərəfindən həmin evdə iddiaçının yaşamasına və əşyalarından istifadə etməyə qadağa qoyulub. İddiaçının və onun yetkinlik yaşına çatmayan övladlarının başqa yaşayış yeri yoxdur. Həmçinin yetkinlik yaşına çatmayan övladlar yaxınlıqda yerləşən Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə təhsil alırlar və Bakı şəhəri 16 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yetkinlik yaşına çatmayan övladları vaxtlı-vaxtında məktəbə gedə bilmirlər, sağlamlıqlarının qorunması üçün həkim müayinəsinə gedə bilmirlər. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, qaynanası özünə məxsus mənzili 30000 manata satmış, 3 övladı arasında vəsaiti bölmüş, onlara 10000 manat vermişdir. O, həmçinin bildirdi ki, qaynanası sözügedən evdə yaşamamış, mütəmadi gedib-gəlmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, cavabdeh hərbçidir və həmin sahədə xidmətlərinə görə mənzil növbəsində olduğu üçün mübahisəli evin kommunal xidmətləri ilə bağlı müqavilələr cavabdehin anası ilə bağlanmışdır. Mübahisəli mənzilin təxmini dəyəri 50000 manatdan yüksəkdir. İddiaçı ilə cavabdeh 2020-ci ildə evdə əlavə tikinti işləri aparmışlar. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh 2015-ci ildə ailə həyatı qurduqdan sonra anası X9 məxsus ünvan 1 ünvanına köçərək orada yaşamışdır. 2016-cı il tarixində anası sözügedən mənzili sataraq iddiaçının da qeyd etdiyi ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini xüsusi tikinti işi ilə məşğul olan şəxslərə inşa etdirmişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya evi onlar şəxsi vəsaiti hesabına inşa etdirmişlər. Onun tərəfindən qeyd edilən bu iddia tamamilə əsassız və absurddur. Cavabdeh hərbçi olduğundan ona dövlət tərəfindən növbəli şəkildə ev verilməli idi. Bu səbəbdən də iddiaçı ilə cavabdeh müvəqqəti olaraq həmin evə köçüb yaşamışdır. Anası hər zaman oğluna bildirmişdir ki, yaşadığı evi bacısı X7 mülkiyyətinə verəcəkdir. O tikmiş olduğu özbaşına tikiliyə aid başqa sənədlər əldə edə bilmədiyi üçün bu məqsədlə 2023-cü ilin oktyabr ayında X26ya etibarnamə verərək ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair bütün hüquqların verilməsinə dair etibarnamə vermiş və eyni zamanda fərdi yaşayış evinin bütün kommunal xidmətlərinin X26nın adına keçirilməsi barədə müvafiq idarələrə ərizə verməklə onun adına keçirmişdir. Bundan sonra anası onlara bildirmişdir ki, evi faktiki olaraq bacısına vermişdir. Bu səbəbdən də o nə zaman istərsə onlar bu evdən köçməlidir. İddiaçı 2024-cü ilin fevral ayından evdən könüllü olaraq çıxıb valideynlərinin yaşadığı evə getmişdir. Bu səbəbdən cavabdeh də evi X26ya təhvil verərək 2024-cü ilin yanvar ayından rəsmi qaydada kirayə tutmuş olduğu ünvan 4 ünvanında yaşayır. X26 anası tərəfindən ona verilmiş hazırda mübahisə olunan ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini xx.xx.2024-cü il tarixdə 45000 manata X1. Eyni zamanda sözügedən fərdi yaşayış evinin bütün kommunal xidmətlərinin Vüsal Məmmədovun adına keçirilməsi barədə müvafiq idarələrə ərizə verməklə onun adına keçirmişdir. Evin satışı üzrə alıcı ilə bacısı arasında olan müqavilə şərtinə əsasən bütün əşyalar 10 gün müddətində evdən çıxarılmaqla boşaldılaraq ona təhvil verilməli olduğu üçün o, həm özünə aid, həm də iddaçıya aid əşyaları sözügedən fərdi yaşayış evindən çıxarmaqla müvəqqəti olaraq başqa evə yerləşdirmişdir. Nə zaman iddiaçı istəyərsə həmin əşyaları ona qaytarmağa hazırdır. Hazırda ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin alıcısı X20 ailəsi ilə birlikdə mübahisə olunan mənzilə köçməklə orada yaşadığı üçün cavabdeh və anası faktiki olaraq kirayə tutmuş olduğu mənzildə yaşayır. Hesab edir ki, başqasının istifadəsində və sahibliyində olan özünün və ailə üzvlərinin də hazırda yaşamadığı evə iddiaçının köçürülməsi əsassız və absurddur. Qeyd edilən səbəbdən iddiaçının ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə iddiası əsassız olduğundan iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında göstərdi ki, o, evi maklerdən almışdır. Ev ucuz idi deyə evə baxmaq üçün maklerlə getmişdir. O, bilmirdi ki, ev problemli evdir. Bacısı üçün evi almış , həmin evdə bacısı qalır. O, Kənanla polis şöbəsində soruşanda dedi ki, anasının evidir, verib bacısına. Evi etibarnamə ilə almışlar. Bacısı 2 uşağı ilə yaşayır. 50 min manatdan aşağı ev yoxdur. O, isə bu evi 45 min manata verirdi, maraqlanmış ucuz idi deyə almışdır. Ona deməmişdilər mübahisə var. Onun söhbətdən xəbəri olmamışdır. Evin əşyaları var, soyuducu, divan, mətbəx mebeli də var. Onları da almışdır. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, hazırki iş üzrə tərəflər qardaşı və qardaşının yoldaşıdır. Anası torpaq alıb ev tikdi. Gəlin ona baxmadı deyə ona bağışlamışdır. Ata evi bina evi idi, satıb torpaq almışlar. 2017-ci il olardı evi tikdilər. 2017-2018-də köçdülər. Anası, qardaşı və ailəsi orada yaşadılar. Gəlin anasına baxmırdı, dalaşırdı deyə anası onunla yaşayırdı. 2023-cü ildə anası evi keçirdi onun adına. Anası çox vaxt onunla olurdu, 2023-cü ildə daimi onunla yaşadı. 2024-cü ildə gəlin evdən getdi. O, anasının ona bağışladığı evi satmışdır. Anasının səhhətində problem var idi. Maklerə evin qiymətini 47 min manata yazdırmış, lakin 45 min manata satmışdır. Könül gəlin gələndə ata evinə, bina evinə gəlmişdi, ev satılandan sonra köçdülər həyət evinə. Həyət evi yaşayışa tam yararlı idi, tam şəkildə anasının vəsaiti ilə tikilib. 35-40 min manat arası satmışdı bina evini. Evi satanda pay verməmişdi, yəni pul. Evin kommunal xərclərini anası ödəyirdi, sonradan özü ödəyirdi. Məişət tullantılarını adına keçirməyi vacib bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, maklerdir. Xanım ona yaxınlaşmış, evini yazdırdı, üstündən bir az keçdi və müştəri düşdü. Evi 45 min manata satdılar. Evi alan Vüsal adında bir şəxs idi, 47 min manata çıxarmışdı, 45 min manata satdı. O, həmin evə yaxın süper təmirli evi 48 min manata satmışdır. O, 100 manatı xanımdan, 100 manatı da müştəridən almışdır. Ev satışa qoyulanda evlə tanış idi, yaxşı ev olsaydı 50-55 min manata satmaq olardı. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, iş üzrə cavabdeh Kənanın qardaşı Xəyyamı tanıyır, qonşu olmuşlar. O, həm ev tikib satır, həm də düşəndə ev alıb satır. Evi sıfırdan tikmişdir, 35-37 min arası evin xərci çıxdı. Pulu ona Xəyyam da verirdi, anası da verirdi. Kənan arada gəlib evə baxıb gedirdi. O, ata evlərində qonşu idi. Pulu hissə-hissə verirdilər, axırda hesabat edirdi. Torpaq sahəsi onun idi, ərazidə 10-15 ev tikmişdir. Torpaq 2 sota yaxın olardı. Torpağın sotu 5000 manatadır. Evin tikintisinə 35-37 min manat xərc çıxmışdi. Məhkəmə iclasında dindirilən X22 ifadəsində göstərdi ki, 2 il bundan əvvəl Hövsan qəsəbəsində ev aldılar. Könüllə orada qonşu olmuşlar, iki qapı onlardan aralıdı. O, həmin evdə Könülün, Kənanın və uşaqlarının yaşadığını görmüşdür. Orada cəmi 2 dəfə Könülün qaynanasının gəldiyini görmüşdür. O, 2022-ci ildən Könülü tanıyır. Könülün yaşadığı ev orta vəziyyətdə təmirli idi. O, Könüllə rəfiqə idi. Könülgilin yaşadığı evdən mübahisə səsi eşitməmişdir. Könül qaynanasının ona imkan vermədiyini deyirdi. Könül evdən gedəndə evdən mübahisə səsi gəlmişdir. Mübahisə səsi gələndə o, başa düşmüşdür ki, Könülü və uşaqlarını evdən qovmuşlar. Həmin evdə Könül qovulandan sonra Kənan yaşayırdı. Axşamlar evdən nəsə daşıyırdılar. 1 ay ərzində görmüşdür ki, evə təzə adamlar köçüb, dedilər evi alanlardı. O, eşitmişdir ki, Könülü qaynı evdən çıxarıb. Məhkəmə iclasında dindirilən X8 ifadəsində göstərdi ki, o, Könül və Kənanla qonşudur. Özü 32 ildir orada yaşayır. Orada ev tikildi. Tikinti gedəndə Könülün yoldaşı gəlib-gedirdi. Həmin vaxt qonşulardan və öz uşaqlarından eşitmişdir ki, evi tikdirən hərbçidir. Axşamlar gəlinləri həyətə çıxardı, həmin vaxt Könüllə tanış olmuşdur. Bir dəfə çöldə görmüşdür ki, Könül ağlayır, demişdir ki, onu evə buraxmırlar. Onlar 7-8 il olardı ki, oraya köçmüşlər. Könülün qaynanasını tanımırdı. O, bilirdi ki, qaynatası rəhmətə gedib, sonra evi satıb bölüblər, bunlar da ev tikmişlər. Məhkəmə iclasında dindirilən X18 ifadəsində göstərdi ki, Kənanla bina evində yaşayanda onlar bir məhlədə yaşayırdılar. Kənangil bina evini satıb, həyət evini tikmişlər. O, həmin evdə usta kimi işləyirdi. O, həyətin tametini, evin üstünün tavanını və həyətdə əlüz yumaq üçün bulağı tikmişdir. Təxminən 2020-ci il olardı. Kənanla danışmışdı, Könül xanım evdə idi. Ödəməni Kənan edirdi, 15 gün işləmişdir. Ona əl xərci 900 manat verildi. Ümumi evi 45 min manata tikmək olardı. İşin faktiki halları İddiaçı və Cavabdeh 2015-ci ildə nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehin anasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10A, 39 saylı mənzildə yaşamışlar. Onların birgə nikahından 2016-cı ildə Tahir, 2018-ci ildə Aylin adlı övladları anadan olmuşdur. 2016-cı ildə cavabdehin anasına məxsus mənzil satılmışdır. Həmin il ünvan 2ndə 0.2 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsində 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan özbaşına tikili inşa edilmiş, 2017-2018-ci illərdə tikinti başa çatdıqdan sonra İddiaçı və Cavabdeh həmin evdə yaşamışlar. Cavabdehin anası Emelya Şahbazova həmin evdə daimi yaşamamış, mütəmadi oraya gedib-gəlmişdir. 2024-cü ilin fevral ayında tərəflər arasında mübahisə düşmüş, bundan sonra iddiaçı və övladları həmin evdən çıxıb getmişdir. İş materialları 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X19 arasında nikah xx.xx.2015-ci il tarixdə bağlanmışdır. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. 103 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 10 A saylı binanın 39-cu mənzilinə İddiaçı 2015-ci ildə ailə quraraq gəlin köçüb. 2016-cı il tarixə qədər, İddiaçı aşağıdakı ailə tərkibi ilə yaşamışlar. Hal hazırda mənzil satıldığından həmin ünvanda yaşamırlar. 1. X25 oglu (Qaynata) xx.xx.2015 rəhmətə gedib; 2. X13 (Qaynana) məcburi köçkün; 3. X35 oglu (Qaynı) məcburi köçkün; 4. X23 (Qaynının yoldaşı) məcburi köçkün; 5. Cavabdeh (həyat yoldaşı). 16 nömrəli Uşaq poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev küçəsi ərazisində yaşayan İddiaçı Sayad qızının övladları xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X16 16 nömrəli uşaq poliklinikasında qeydiyyatdadırlar. Uşaqlar hai-hazırda sağlamdırlar. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Mirzəağa Əliyev küçəsindəki (əvvəlki adı Məktəb küçəsi) sözügedən fərdi yaşayış evinə baxış keçirildi. Baxış zamanı həmin evin etibarnaməsi və kommunal xərclər olmaqla vətəndaş X11 məxsus olması müəyyən edildi. İddiaçı ailəsi ilə birlikdə səkkiz il müddətində sözügedən fərdi yaşayış evində yaşayır. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev küçəsindəki (əvvəlki adı Məktəb küçəsi) sözügedən fərdi yaşayış evində İddiaçı yaşadığı dövrdə şəxsi istifadə etdiyi əşyalarının çıxarılması və mebellərə baxış keçirilməsi tərəfimizdən təşkil edildi. Lakin İddiaçı həyat yoldaşı Cavabdeh israrla qapını açmayacağını bildirdi. M.Mehdiyev adına 280 №-li tam orta məktəbinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X15 M.Mehdiyev adına 280 №-li tam orta məktəbin 2m sinifində oxuyur. M.Mehdiyev adına 280 №-li tam orta məktəbinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X16 M.Mehdiyev adına 280 №-li tam orta məktəbin oz sinifində oxuyur. xx.xx.2024-cü il tarixli Fərdi yaşayış evinin alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” X17 ilə “Alıcı” X20 arasında bağlanmış müqaviləyə əsasən E.Səlimova mülkiyyət hüququ ilə istifadəsində və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X38 (Keçmiş Məktəbli) küçəsi ünvanında yerləşən ümumi sahəsi 80 kv.metrdən ibarət, 3 otaqdan iibarət, fərdi yaşayış evini V.Məmmədovun mülkiyyətinə verməyi, V.Məmmədov isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul nəbləğini ödəməyi öhdəsinə götürür. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X38 (Keçmiş Məktəbli) küçəsi ınvanmda yerləşən ümumi sahəsi 80 kv.metrdən ibarət, 3 otaqdan ibarət, fərdi yaşayış evini qiyməti srəflərin razılığı ilə 45.000 (qırx beş min) manat müəyyən edilir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X17 mülkiyyət hüququ ilə istifadəsində və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X38 (Keçmiş Məktəbli) küçəsi ünvanında yerləşən ümumi sahəsi 80 kv.m-dən ibarət, 3 otaqdan iibarət, fərdi yaşayış evini xx.xx.2024-cü il tarixdə 45000 (qırx beş min) manata X2 və həmin miqdarda pulu nəğd şəkildə ondan almışdır. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı təsvir etdiyi kimi “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, aliment, əmlak bölgüsü və evə köçürülmə” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 15:30-a təyin olunmuş mediasiya sessiyasını Cavabdeh ilə davam etdirə bilməmişlər. Suraxanı rayon Pİ-nin 30-cu PB-nin xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, həmin qərarla, qərarın təsviri hissəsində qeyd olunanlar nəzərə alınaraq İddiaçı Səyyad qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X4 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, adına olan **********000 saylı su sayğacının kodunun X7 adına keçirilməsinə heç bir etirazı yoxdur. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi ilə X17 arasında ünvan 6 ünvanla bağlı müqavilə bağlamışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlı xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi ilə X20 arasında ünvan 7 ünvanla bağlı müqavilə bağlamışdır. AK-02502/04-24 saylı xx.xx.2024-cü il tarixli Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, «Azəriqaz» İB ilə X20 arasında Hövsan qəsəbəsi, Məktəb küç. Ünvana dair müqavilə bağlamışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqlarıpensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s.kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kimtərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər- arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.1.Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı. Göründüyü kimi, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailənikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı. 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və yaolmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyənolunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətverir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəiştirak edən şəxslərə aid edilir. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara vətərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1 Maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyənedilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanununtətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, iddia tələbinin predmeti ünvan 2ndə 0.2 ha torpaq sahəsində yerləşən, 60 kv.m ümumi sahədən ibarət olan, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan özbaşına tikilidir. İddia tələbinə görə, yuxarıda qeyd edilmiş özbaşına tikili tərəflərin birgə nikah dövründə və birgə vəsaitləri hesabına ərsəyə gəlmişdir. Cavabdehin anasına məxsus mənzil 30000 manata satılmış, həmin vəsait 3 övlad arasında bərabər bölünmüşdür. Bu səbəbdən iddiaçı iki övladı ilə bərabər həmin özbaşına tikiliyə köçürülməlidir. Cavabdeh tərəf iddia tələbinə etirazın dəlillərində iddiaçı ilə yaşadıqları özbaşına tikilini anasının özünə məxsus mənzilin satışından əldə olunan vəsait hesabına inşa etdiyini, həmin tikilini bacısına bağışladığını və müvəqqəti olaraq ona və ailəsinə yaşamaq üçün verdiyini qeyd etmişdir. Məhkəmə ilk növədə qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh 2015-ci ildə nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehin anasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10A, 39 saylı mənzildə yaşamışlar. Onların birgə nikahından 2016-cı ildə Tahir, 2018-ci ildə Aylin adlı övladları anadan olmuşdur. 2016-cı ildə cavabdehin anasına məxsus mənzil satılmışdır. İşin digər mübahisəsiz halı da odur ki, həmin il ünvan 2ndə 0.2 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsində 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan özbaşına tikili inşa edilmiş, 2017-2018-ci illərdə tikinti başa çatdıqdan sonra İddiaçı və Cavabdeh həmin evdə daimi yaşamışlar. Cavabdehin anası Emelya Şahbazova həmin evdə daimi yaşamamış, mütəmadi oraya gedib-gəlmişdir. 2024-cü ilin fevral ayında tərəflər arasında mübahisə düşmüş, bundan sonra iddiaçı və övladları evdən çıxıb getmişlər. Məhkəmə iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərara əsasən müəyyən edir ki, xx.xx.2024-cü il tarixində tərəflər mübahisəli evdə yaşamışlar. Cavabdehin nümayədəsi izahatında iddiaçının evi könüllü tərk etdiyini bildirsə də, sözügedən qərara əsasən məhkəmə müəyyən edir ki, iddiaçı evi ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində tərk etmişdir. Məhkəmə iş materiallarına əsasən həmçinin onu da müəyyən edir ki, xx.xx.2024-cü ildə Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının şəxsi istifadə etdiyi əşyalarının götürülməsi və mebellərə baxış keçirilməsi təşkil edilmiş, Cavabdeh evə girməyə icazə verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf tikintidə ümumiyyətlə iştirak etmədiyini, tikintini anasının və qardaşının apardığını bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh bununla bağlı bir şahid ifadəsi ilə kifayətlənmiş, həmin şahid də ifadəsində qeyd etmişdir ki, “pulu ona Xəyyam (cavabdehin qardaşı) da verirdi, anası da verirdi. Kənan arada gəlib evə baxıb gedirdi.” İddiaçı tərəfdən izahat verən şahid Nəvva Zülfüqarova isə evin tikilməsi prosesində cavabdehi mütəmadi olaraq orada gördüyünü bildirmişdir. Bu baxımdan məhkəmə cavabdeh tərəfin tikintidə iştirak etmədiyini, tikintini anasının və qardaşının aparmasına dair dəlilini sübuta yetirilməmiş hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin anasının mülkiyyətində olan mənzilin satılması ilə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin alınması və həmin torpaq sahəsinin üzərində tikilinin inşa edilməyə başlanılmasının eyni ildə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstəricisi deyil. Yəni iddiaçının anasının həmin il özünə məxsus mənzili satması torpaq sahəsinin əldə edilməsinin və mübahisəli tikilinin tikilməsinin başqa vəsait hesabına baş tutması ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı kimi qəbul edilsə idi belə, yəni mübahisəli evin məhz cavabdehin anası Emelya Şahbazovanın özünə məxsus mənzili satması hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhz bu məsələ ilə bağlı qeyd edilmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Yəni hazırkı işin halları baxımından mübahisəli evin cavabdehin anası Emelya Şahbazovanın özünə məxsus mənzili satması hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, həmin vəsaitin ailəyə deyil, məhz cavabdehə bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak cavabdehin şəxsi əmlakı hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, bu halın sübuta yetirilməsi üçün əyani sübutlar (yazılı müqavilə və s.) olmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikili hazır olduğu vaxtdan iddiaçı və cavabdeh arasında mübahisə düşənə qədər (2024-cü ilin fevral ayına kimi) tərəflər övladları ilə birlikdə həmin evdə yaşadığı, cavabdehin anasının isə sözügedən evdə daimi əsaslarla yaşamadığı işin mübahisəsiz halı olduğu halda, həmin evi cavabdehin anasının tikdirməsi, həmin evi qızı üçün tikdirməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi halı sübut olunmur və bununla bağlı cavabdeh mötəbər sübutlar təqdim etməmişdir. 2023-cü ilin oktyabr ayında (yəni iddiaçının evdən getməsindən əvvəl) cavabdehin anası Emelya Şahbazovanın öz qızına evə dair etibarnamə verməsi və kommunal xidmətlərə görə müqavilələrin sonuncunun adına rəsmiləşdirilməsinə dair dəlilinə gəldikdə məhkəmə şahid qismində dindirilən Elnarə Səlimovanın ifadələrinə əsasən müəyyən edir ki, iddiaçı ilə cavabdehin yaxın qohumları arasında münasibət elə o vaxtdan gərgin və konfliktli olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh mübahisəli evi bacısına təhvil verməli olduğu üçün 2024-cü ilin yanvar ayından kirayə müqaviləsi bağladığını bildirsə də, izahatında həmçinin buna əks olaraq bildirmişdir ki, iddiaçı mübahisəli evi 2024-cü ilin fevral ayında tərk etmişdir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərara əsasən də müəyyən edir ki, tərəflər xx.xx.2024-cü ildə hələ də mübahisəli evdə yaşamış, həmin gün ailə-məişət mübahisəsi zəminində iddiaçı evi tərk etmişdir. Həmçinin məhkəmə iş materiallarında olan Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edir ki, cavabdeh qeyd edilən tarixdə mübahisəli evdə yaşamış və nümayəndəliyin əməkdaşlarına həmin evə daxil olmağa icazə verməmişdir. Məhkəmə cavabdehin hərbçi olması və həmin sahədə xidmətlərinə görə mənzil növbəsində olduğu üçün mübahisəli evin kommunal xidmətləri ilə bağlı müqavilələrin cavabdehin anasının adına olması ilə bağlı dəlillərini ağlabat hesab edir. Belə ki, cavabdeh tərəf də izahatında bunu etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi tələbinə dair iddiası əsaslıdır. Belə ki, İddiaçı eynilə Cavabdeh kimi həmin əmlakdan bütövlükdə istifadə etmək, əmlaka sahiblik etmək kimi hüquqları var. Bu səbəbdən iddia təmin edilməlidir. Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 50 manat, mediasiya prosesində iştirak üçün ödənilmiş 60 manat məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, iddia təmin edilməli, İddiaçı və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X16 ünvan 2ndə 0.2 ha torpaq sahəsində yerləşən, 60 kv.m ümumi sahədən ibarət olan, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan evə köçürülməlidir. Dövlət rüsumuna görə ödənilmiş 50 (əlli) manat, mediasiya prosesində iştirak üçün ödənilmiş 60 (altmış) manat məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X16 ünvan 2ndə 0.2 ha torpaq sahəsində yerləşən, 60 kv.m ümumi sahədən ibarət olan, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan evə köçürülsün. İddiaçı dövlət rüsumuna görə ödədiyi 50 (əlli) manat, mediasiya prosesində iştirak üçün ödədiyi 60 (altmış) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2423/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2423/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver