Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2429/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə onun (iddiaçı) arasında olan müqaviləyə əsasən cavabdehlər qardaşı X2 unvirersitetlərindən birinə bakalavr, magistr və doktorantura təhsili üçün göndərəcəklərini öz öhdələrinə götürsələr də, cavabdehlər öhdəliyini yerinə yetirməmişdir, daha sonra isə aralarında olan müqaviləyə əsasən şifahi razılaşmaya görə Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini “Foundation” proqramı üzrə xaricdə təhsil almağa göndərəcəyini vədd etmiş və bu barədə tədbir görərək onu “Foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirmişdir. Nəticədə onlar cavabdeh şirkətə və onun rəhbəri kimi özünü təqdim edən Cavabdeh2 inanmış və Polşada yerləşən universitetə tələb olunan ödənişləri etmiş və qardaşının uçuş üçün xərclərini də ödəyərək Polşaya göndərmişlər. Lakin onlara sonradan məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq qardaşı X5 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da ingilis dili kursuna göndərib. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, “Foundation” proqramı üzrə təhsil almaq gələcəkdə bakalavr dərəcəsi üzrə təhsilə başlamaq deməkdir. Yəni, Qərbi Avropa ölkələrində bakalavr təhsili almaq üçün 12 illik təhsil zəruridir və bir illik “Foundation” proqramı 11 illik təhsili bitirmiş şagird üçün mütləqdir. Lakin sadə “ingilis dili” kursunun bakalavr dərəcəsi üzrə təhsilə başlamaq üçün heçbir əhəmiyyəti yoxdur və vaxt itkisindən başqa bir şey deyildir. Həmin kursa Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini göndərdiyi üçün həm 2950 euro (həmin günün məzənnəsinə əsasən 6000 manat) illik təhsil haqqı, 2000 manata qədər bir neçə dəfə gedib gəlmək üçün çəkilmiş bilet xərcləri, sığorta xərcləri, təxminən orada qaldığı müddətdə 3200 manat kirayə pulu, digər yaşamaq üçün xərclər və 800 manat bağladığı müqaviləyə etdiyi ödənişlər və s. digər xırda xərclər nəticəsində ümumilikdə, ona 12000 manat maddi ziyan dəymişdir. Həmçinin qardaşı X1 sadəcə ingilis dili kursunda oxuduğunu eşitdikdə, bir il müddətində qardaşının Polşada olduğu müddətdə insan üçün ən dəyərli qeyri maddi nemət olan vaxtının boşa getdiyini qəbul etmək o və ailəsi üçün çox çətin olmuş, bundan sonra çox böyük psixoloji sarsıntı keçirmiş, həkimlərə müraciət etmiş və mənəvi ziyan çəkmişdir. Şirkətin ona vurduğu maddi ziyana görə 12000 manat və mənəvi ziyana görə 3000 manat pul şirkət tərəfindən ona ödənməlidir. Cavabdehlə aralarında olan müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə dəymiş maddi və mənəvi ziyanın ödənməsini tələb etsə də, cavabdehlər onun müraciətinə heçbir cavab verməmişdir. Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ona dəymiş maddi ziyana görə 12000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 135 manat dövlət rüsümu olmaqla, cəmi 15135 manat pul alınaraq ona ödənilməlidir.
İddiaçının tələbi.
2. İddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ona dəymiş maddi ziyana görə 12000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 135 manat dövlət rüsümu olmaqla, cəmi 15135 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, iddiaçının qardaşının müqavilə bağlanan vaxt 18 yaşı tamam olmadığı üçün müqaviləni bacısı bağlamışdır. Müqavilə bağlandıqdan sonra iddiaçıya bildirilmişdir ki, tələbə “foundation” proqramı üzrə universitetə qəbul alıb. Amma sonra qardaşı vizadan kəsilmişdir. Müqavilədə vizadan kəsildikdə ödənilən 800 manat pul vəsaitindən 500 manat məbləğində pul vəsaitinin geri qaytarılacağı qeyd edilməsinə baxmayaraq iddiaçının ödədiyi 500 manat pul geri qaytarılmamışdır. Halbuki, bu zaman müqaviləyə xitam verilməli idi, amma müqaviləyə xitam verilməmişdir. Əgər müqaviləyə xitam verilsəydi iddiaçı “foundation” proqramı üzrə qəbul alınmadığını başa düşərdi. Sonradan tələbə Polşaya – universitetə “foundation” proqramı adı ilə göndərilmiş, iddiaçı 2022-ci ilin aprel-may aylarında bunun “foundation” porqamı deyil, adi dil kursu olduğunu başa düşmüşdür. Avropa universitetləri 12 illik təhsil tələb edir, lakin iddiaçının qardaşı Təmkinin təhsil aldığı dil kursu heç bu imkanı da təmin etmir, belə ki, həmin o bir illik dil kursunun heç bir nəticəsi olmamış, tələbəyə heç bir kredit verilməmişdir. İş materiallarına əlavə edilmiş səs yazılarında cavabdeh deyir ki, “danışıqlar gedir, kredit almağa çalışacam ki, birbaşa bakalavrda təhsil alsın”, bununla da, o, özünü günahkar hiss edərək, əslində günahkar olduğunu qeyd edir. Ümumiyyətlə, əgər Təmkin dil kursunda təhsil almaq istəsəydi online qaydada təhsil ala bilərdi və nəticədə bu qədər xərc çəkilməzdi. Çəkilən xərclər bunlardır: 2950 avro, yəni həmin dövrün məzənnəsi ilə 6000 manat Polşada dil kursuna ödənilən pul, 102 avro sığorta ödənişi, ilk uçuş bileti 400 manat, qayıdış üçün 500 manat, növbəti uçuş bileti 582 manat, qayıdış bileti 670 manat, Təmkinin yaşadığı yer üçün 260 manat, digər universitetə ödənilən 2625 avro. Həmçinin iddiaçıya mənəvi ziyan dəymişdir, belə ki, qardaşının həm 1 ili hədər olmuşdur, həm də heç məhkəməyə müraciət olunana qədər Təmkinin ata-anası bilmirdi ki, Təmkin dil kursunda oxuyub. Həmçinin tərəflər arasında bağlanan müqavilə yalançı əqddir, belə ki, müqavilədə göstərilən məqsədlərə xidmət etmir, yəni iddiaçı cavabdeh tərəfindən aldadılmışdır, buna görə də, Cavabdeh2 barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilməlidir. Hal-hazırda iddiaçının qardaşı Təmkin başqa təhsil şirkəti vasitəsilə xaricdə təhsil alır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək izahatında qeyd etdi ki, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri yerinə yetirilib, belə ki, universitetdən qəbul alınıb, amma tələbənin ingilis dili səviyyəsi aşağı olduğuna görə vizadan kəsilib. Cavabdeh2 universitetə müraciət edib, bu halda universitet cavabdehdən tələbənin dil kursu yoxsa foundation proqramı üzrə təhsil alıb-almayacağını soruşmur. Cavabdehin iddiaçını aldatmasına dair heç bir sübut yoxdur, belə ki, universitetdən sənəd gəlib, həmin sənədə baxıb asanlıqla başa düşmək olur ki, bu dil kursudur, həm də tələbə 1 ildir həmin universitetdə nə üzrə təhsil aldığını necə bilməyə bilər. Səs yazılarından isə aydın olur ki, tələbə 1 il müddət sonra yenidən cavabdehə müraciət edərək İtaliyada təhsil almaq istədiyini bildirmişdir, cavabdeh də ona kömək etmək istəmişdir, hansı ki tələbənin həmin mübahisəli bir il sonra cavabdehə müraciəti şifahi olmuş, heç bir müqavilə bağlanmamışdır. Mənəvi ziyana münasibətdə isə iddiaçı iddia ərizəsində özünün mənəvi ziyan çəkdiyini bildirsə də, mənəvi ziyan Təmkinə dəyə bilərdi, ona yox. Dələduzluğa gəldikdə isə Cavabdeh2 bir çox tələbəni xaricdə təhsilə almasına vasitəçi olmuş şəxsdir, qeyd edildiyi kimi cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirmiş, heç kimi aldatmamışdır, buna görə də, burda dələduzluqdan söhbət gedə bilməz. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi.
İş materialları.
5. “İcraçı” - Cavabdeh1 MMC və “Sifarişçi” - İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” barədə müqavilədən görünür ki, icraçı sifarişçinin xaricdə ali təhsil müəssisəsinə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsini, sifarişçi isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği İcraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 800 manatdır.
6. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə Lodz Universiteti tərəfindən Təmkin Mirzəzadənin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Beynəlxalq və siyasi elmlər ixtisası üzrə bakalavr pilləsində təhsili alacağı barədə arayış verilmişdir.
7. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə X3 Respublikasına getməsi üçün viza verilməsindən imtina edilmişdir.
8. İşdən görünür ki, “İcraçı” "xxxx" MMC və “Sifarişçi” İddiaçı arasında xx.xx.2022-ci il tarixdə “Xaricdə təhsil və dil kursları üzrə xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmışdır.
9. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 750 manat məbləğində ödəniş etmişdir.
10. İşdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Təmkin Mirzəzadənin illik təhsil haqqı üçün 2625 avro Vistula Universitetinin hesabına köçürmüşdür.
11. İşdə olan Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin şərti təklif məktubundan görünür ki, Təmkin Mirzəzadə üçün ingilis dili üzrə hazırlıq kursu proqramı nəzərdə tutulmuşdur. Kurs üçün ödəniş 2800 avro, inzibati haqq 150 avro məbləğindədir.
12. Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, Təmkin Mirzəzadə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əyani təhsil forması üzrə ingilis dili hazırlıq kursuna qəbul olmuşdur. Kurs üçün ödəniş 2800 avro məbləğində ödənilmişdir.
13. Günay Sığorta Şirkəti ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli səfər sığortası şəhadətnaməsindən görünür ki, Təmkin Mirzəzadə 102,85 avro sığorta haqqı ödəniş etmişdir.
14. İşdən görünür ki, Təmkin Mirzəzadənin yataqxana xərcləri üçün 642,10 pln – 260 manat ödəniş edilmişdir.
15. İşdən görünür ki, Təmkin Mirzəzadənin uçuş bileti üçün 328,75 manat; xx.xx.2022-ci il tarixli uçuş bileti üçün isə 582 manat ödəniş edilmişdir. 16.Vistula Universiteti tərəfindən verilən xx.xx.2022-ci il tarixli qəbul məktubundan görünür ki, Təmkin Mirzəzadə 2022/23-cü il payız semestri üçün İqtisadiyyat üzrə bakalavr proqramına qəbul olunmuşdur.
17. Vistula Universiteti tərəfindən verilən xx.xx.2022-ci il tarixli əcnəbi tələbələrin əyani təhsil formasına qəbul edilməsi barədə arayışdan görünür ki, həmin arayış Təmkin Mirzəzadənin 17 oktyabr 2022-ci il tarixdən 30 sentyabr 2025-ci il tarixədək olan təhsil müddətində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsil pilləsinin əyani təhsil formasında ödənişli əsaslarla tədris ilinin birinci semestrinə qəbul edildiyini təsdiqləyir. 18.xx.xx.2022-ci il tarixli şərti qəbul məktubundan görünür ki, X4 Universitetinə iqtisadiyyat üzrə bakalavr əyani proqramına qəbul almış və illik təhsil haqqı 2500 avro, qeydiyyat haqqı 120 avro, tələbə kartı haqqı 5 avrodur.
19. İşdən görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı nevroloq tərəfindən dərmanlar üçün resept təyin edilmişdir.
20. İddiaçı tərəfindən Cavabdeh1 MMC-ə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ona dəymiş maddi ziyana görə 12000 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
21. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. İş materiallarına əlavə edilmiş İddiaçı (-) və Cavabdeh2 (+) arasında olan “whatsapp” tətbiqi vasitəsilə olan danışıqlarından görünür ki, “- bankın fərqi var, banka bunu göstərmək kifayətdir, kiminsə adına göndərmək - siz alın əlavə nə qədər olsa deyərsiniz göndərərəm.. +60 Azn əlavə olacaq, aldım hər ikisini, bir də Ukrayna sığorta alınmalıdır, o da 5-10 azn arası olur.. - ümumi 70 ödəyəcəm yəni; - baxın mən sizinlə bu söhbəti danışanda hər dəfəsində mənə deyirsiniz ki Lodzdan qəbul almışam və vizadan kəsilib, bəli aldız kəsildi, amma bu sizə haqq vermir ki siz gedib dil kursuna alasız qəbulu, kəsilmişdi başqa alternativlər var idi, məsələn sizinlə olan müqaviləmdə var idi ki kəsildiyi təqdirdə 500 geri ödəniləcək və vse, məsələn Türkiyəyə göndərərdiz, mən sizə zəng vurub foundation istəyəndə siz mənə desəydiniz ki, mən tələbəni dil kursuna göndərirəm mən bunu qəbul etməyəcəkdim. Ya sizinlə olan müqaviləni ləğv edərdim, ya da sizdən onu Türkiyəyə göndərməyinizi istəyərdim, amma mən sizdən bunu istəməmişdim, dil kursu proqramı ilə foundationa proqramı eyni deyil, 11 illik qəbul edən ölkə və ya uni üçün başqa ölkədə niyə 1 il gedib dil kursuna getsin ki, oturub öz evində gedərdi kursa, 1 il ərzində bu qədər xərci niyə boşuna çəkim ki, əvvəl qəbul etmirdiz ki bu dil kursu deyil foundationdu, indi özünüz də bilirsiniz ki çox mənasızdı orda oxuması, bu diqqətsizliyin nəticəsini biz ödədik, kaş ki bunu indi araşdıracağınıza göndərəndə araşdırardız, + diqqətsizlik məsələsi deyil, sadəcə Təmkindən Lodzdan vizadan fail olandan sonra vaxt çox gec idi və çox təcili foundation proqramı lazım idi, mən də sizin mənə dediyinizi birə bir universitetə çatdırıb qəbul istədim onlar da göndərdi, İtaliyada dediyiniz foundation, pre-bachelordu, hansı ki, ingiliscəsi yetərincə olan tələbələr götürür, tələbənin ingiliscəsi A1-A2-dirsə, necə fənn dərsləri oxuya bilər axı? mənə ingiliscəsi kifayət qədər yaxşıdır, hətta SAT hazırlaşırdı deyilmişdi, buna görə birbaşa qəbul aldıq ki, davam etsin; - Elmir bəy əslində siz də bilirsiniz ki arayışa ehtiyac yoxdu, bu foundation deyil, bildiyimiz dil kursudu sadəcə adi kursdan tək fərqi universitet daxilindədi, indi biz necə edək, axı sizə ilk müraciətimizdən bilirdiniz İtaliya istədiyimizi, 3 günə yekunlaşır qəbul, və çox təəssüf ki qardaşımın 1 ili hədər getdi sizin səhviniz nəticəsində”.
23. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh2 arasında 02 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan danışıqlarından görünür ki, Cavabdeh2 “conditional offer letter/proforma ınvoıce” başlıqlı sənədi İddiaçı “whatsapp” nömrəsinə göndərmişdir.
24. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, “THE Khudafereen” tərəfindən “foundation proqramı ilə təhsilə başlayan tələbəmiz Təmkin bəyi təbrik edirik” qeyd yazılı fotoşəkili sosial şəbəkədə paylaşılmışdır.
25. İş materiallarına əlavə edilmiş səs yazılarından görünür ki, Cavabdeh2 İddiaçı ünvanladığı səs yazılarında qeyd edir: “- tələsiklik oldu, bir gün ərzində qəbul alınmalı idi, həmin vaxt bir universitet açıq idi, universitetlə əlaqə saxladım, qiyməti sizə dedim, dil kursu deməmişəm, mən dil kursu üzrə fəaliyyət göstərmirəm, dərəcə, yəni bakalavr, magistratura üzrə fəaliyyət göstəririrəm, siz məndən tələb etdiyinizi mən də universitetdən tələb edə bilərəm”; “- mənə transkript, ingilis dili təhsili ilə bağlı arayış və universitetdə 1 il oxuması ilə bağlı sənəd lazımdır ki universitetə qəbul alım, mənə kredit lazımdır, universitet də bildirir ki sən rekvizitləri ver, universitet tərəfindən tələbənin neçə saat, necə dərs keçməsi ilə bağlı kredit verilsin”; “ – İtaliya qəbul üçün gərək daha tez başlayaydıq, amma əlimdən gələni edəcəm”
26. İşdən görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC-də məsləhətçi vəzifəsində işləyir. Tətbiq edilən hüquq.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
29. Məhkəmə tərəflərin nümayəndələrini (vəkillərini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir.
30. Belə ki, işdən aydın olur ki, tərəflər arasında tapşırıq müqaviləsi mövcud olmuşdur və həmin müqavilənin şərtlərinə əsasən icraçı sifarişçinin xaricdə ali təhsil müəssisəsin(lər)ə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsini, sifarişçi isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Təqdim olunmuş sənədlərdən görünür ki, müqavilə öhdəlikləri yerinə yetirilmiş, belə ki, xarici ali təhsil müəssisəsinə müraciət edilmiş, qəbul alınmış, lakin tələbəyə viza verilməsindən imtina edilmişdir. Yəni, müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmişdir.
31. İddiaçı cavabdehin “foundation” proqramı üzrə qardaşının xaricdə təhsil almağa göndərəcəyini vəd etdiyini və bu barədə tədbir görərək onu “foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirdiyini, nəticədə onlar cavabdeh şirkətə və onun rəhbəri kimi özünü təqdim edən Cavabdeh2 inandığını və Polşada yerləşən universitetə tələb olunan ödənişləri etdiyini və qardaşının uçuş üçün xərclərini də ödəyərək Polşaya göndərdiyini, lakin Cavabdeh2 onu aldadaraq qardaşı X5 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw”da ingilis dili kursuna göndərdiyinin onlara sonradan məlum olduğunu, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulduğunu bildirir.
32. Məhkəmə hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir.
33. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Əksinə işə əlavə edilmiş İddiaçı və Cavabdeh2 arasında 02 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan yazışmadan görünür ki, Cavabdeh2 “conditional offer letter/proforma ınvoıce” başlıqlı sənədi iddiaçıya göndərmişdir. Həmin məktubda proqramın adının “ingilis dili üzrə hazırlıq kursu” olduğu aydın göstərilmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.
36. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
37. Məhkəmə həmçinin iddiaçının “3000 manat məbləğində mənəvi zərərin ödənilməsi” barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.
38. Belə ki, iddia üzrə “maddi ziyanın tutulması” tələbi təmin edilmədiyindən, “mənəvi ziyanın tutulması” tələbinin təmin-olunub olunmamasının bilavasitə “maddi ziyanın tutulması” tələbinin təmin olunub-olunmamasından asılı olduğundan, iddia tələbi “mənəvi ziyanın tutulması hissəsində də təmin edilə bilməz.
39. Məhkəmə eyni zamanda, iddiaçının “Cavabdeh2 oğlunun əməlində AR CM-in 178.2-ci maddəsinin tərkibi olduğu barəsində xüsusi qərar çıxarılaraq prokurara göndərilməsi” barədə tələbinə dair qeyd edir ki, cavabdehin əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir.
40. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
41. Həmçinin, iddianın “işin məhkəməyə verilməsi üçün 135 manat dövlət rüsumunun cavabdehdən tutulması”a dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
42. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
45. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ddia tələbi təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı – Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada iddiaçıya dəymiş maddi ziyana görə 12000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, cəmi 15135 manat pulun tutularaq ona ödənilməsi və Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin tərkibi olduğu barəsində xüsusi qərar çıxarılaraq prokurora göndərilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.