Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2439/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı “Kapital Bank" ASC-nin Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə olunmuş məbləğin tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı “Kapital Bank" ASC-ti Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə olunmuş məbləğin tutulması" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1333,07 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat və borca illik 5%-lə hesablanmış 66,65 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 17.2-19.2.2022 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 1333,07 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları xx.xx.2023-cü ildə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminə iş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizəsi daxil olmuşdur və həmin ərizədə o, iddia tələbinə iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2022-ci il tarixli hesab və ödəniş kartına dair müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu Müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə Kart vasitəsilə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Cavabdeh isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. «Kapital Bank” ASC xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə ödəniş kartı üzrə balansı 1.333.07 manat təşkil edir. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda3 0 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi iddiaçı Bank və cavabdeh arasında hesab və ödəniş kartına dair müqavilə bağlanmış və bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə kart verilərək kredit xətti ayrılmışdır. Lakin texniki səhv nəticəsində kartdan kart sahibinə aid olmayan 1333,07 manat məbləğində vəsait məxaric edilmişdir. Cavabdeh özünə məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 1333,07 manat ziyan vurmuşdur. Hazırda iddiaçı Bank Cavabdehin özünə aid olmayan həmin 1333,07 manat məbləğində pulu istifadə edərək Bank hesabına əsassız varlandığını iddia edir və cavabdehi əsassız varlandıran həmin vəsaiti cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə məxsus kart hesabından xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Lakin həmin vəsait kartdan məxaric edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh iddiaçı Bankla kredit xətti müqaviləsi bağlamış və həmin kartı da bu müqaviləyə əsasən əldə etmişdir. Dolayısı ilə həmin kartın limitinin nə qədər olduğunu cavabdeh bilirdi (bilməli idi). Bu baxımdan o, həmin vəsaiti kartdan məxaric edərkən bunun limitdən kənar, artıq köçürülmüş vəsait olduğunu da bilirdi (bilməli idi). Buna baxmayaraq cavabdeh özünə məxsus olmadığını bildiyi vəsaiti kartdan məxaric edərək istifadə etmişdir. Məhkəmə hesab edir ki, karta köçürülmüş vəsaitdən istifadə edənin cavabdehin özü yox, əri olması (Hərçənd bununla bağlı heç bir sübut təqdim edilməmişdir) vəziyyəti dəyişmir. Belə ki, iddiaçı Bankla müqavilə bağlayıb kartı alan cavabdeh olduğuna görə həmin kartdan istifadə ilə bağlı Bank qarşısında öhdəlik daşıyan da cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC hesabına əsassız varlanmışdır. Belə ki, o, heç bir qanuni əsas və ya müqavilə əsası olmadan Banka məxsus 1333,07 manat məbləğində vəsaitdən istifadə edərək Bank hesabına əsassız varlanmışdır. Odur ki, iddiaçı Bank Cavabdehi əsassız varlandıran həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin növbəti hissəsi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 66,65 manat məbləğində əldən çıxmış fayda ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, yuxarıda (§ 11) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı hesabına əsassız varlandığından o, özünü əsassız varlandıran vəsaiti iddiaçıya qaytarmaq öhdəliyi daşımışdır. Buna baxmayaraq həmin öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda iddiaçı öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik 5%-lə cavabdehdən 66,65 manat məbləğində pul tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli hesab və ödəniş kartına dair müqaviləsi üzrə əsassız varlanma nəticəsində əldə etdiyi 1333,07 manat və borca illik 5%-lə hesablanmış 66,65 manat əldən çıxmış fayda olmaqla, cəmi 1399,72 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 34 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli hesab və ödəniş kartına dair müqaviləsi üzrə əsassız varlanma nəticəsində əldə etdiyi 1333,07 (bir min üç yüz otuz üç manat yeddi qəpik) manat və borca illik 5%-lə hesablanmış 66,65 (altmış altı manat altmış beş qəpik) manat əldən çıxmış faydaya görə və ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat olmaqla, cəmi 1433,72 (bir min dörd yüz otuz üç manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Kapital Bank” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2439/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2439/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver