Məhkəmə qərarları › İş №e-2(010)-2505/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2505/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2505/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “X1 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79,07 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında 20.09.2014 cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 07.09.2020-tarixli 2(010)-3324/2020-saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh 07.05.2021-ci il tarixindəki 200 manat, 05.06.2021-ci il tarixindəki 200 manat və 08.07.2021-ci il tarixindəki 131.38 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 79.07 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 79.07 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 20.09.2014-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquq ixidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3324/2020 nömrəli iş üzrə qəbul etdiyi 07.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilərək, Cavabdeh 20.09.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik qarışıq müqaviləsi üzrə 231.14 manat məbləğində əsas borc, 23.38 manat məbləğində faiz borcu, 243.56 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1.30 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 501.38 manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "YapıKredi Bank Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. "xxxx" QSC (Bank) ilə "xxxx" MMC (Büro) arasında bağlanmış 18.01.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə əsasən Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Müqavilənin 5.1.2-ci bəndinə əsasən Büro qarşı tərəfdən (kredit/borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcək). Maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 18.01.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən 07.05.2021-ci il tarixindəki 200 manat, 05.06.2021-ci il tarixindəki 200 manat və 08.07.2021-ci il tarixindəki 131.38 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 79.07 manat məbləğində xidmət haqqı ödənilmişdir. 25.10.2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 79,07 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 25.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir. Belə ki, qanunvericilik hüquqi yardıma görə çəkilən xərclərin həm işə mahiyyəti üzrə baxılan məhkmə çəkişməsi zamanı, həm də sonradan müstəqil tələb şəklində irəli sürülməsinə imkan verir. Bu baxımdan, iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etməyə haqlıdır. Lakin, tərəflər arasında imzalanmış 18.01.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələr ilə bağlı borcun alınması proseslərində iddiaçıya hüquqi yardım göstərilməsi müqabilində haqq ödənilməsini nəzərdə tutur. Bu müqavilə mahiyyətinə görə ümumi xarakterlidir və hər hansı bir konkret işlə, o cümlədən hazırkı tərəflər arasında mövcud olmuş borc mübahisəsinə dair işdə hüquqi yardım göstərilməsi ilə bağlı deyil. Eyni zamanda, müqavilə şərtlərinə görə "xxxx" MMC-yə həm məhkəmədə hüquqi yardım göstərməsinə görə, həm də məcburi icra tədbirləri görülməsində iştirakına görə haqq ödənilməsi nəzərdə tutulur. Hazırkı işdə məcburi icra tədbirləri həyata keçirilməyib, cavabdeh məhkəmə qətnaməsi qəbul edildikdən sonra borcunu ödəyib. Belə olan halda, iddiaçı həmin müqavilə çərçivəsində məhz qeyd edilən borc mübahisəsi ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərib-göstərmədiyi, xidmətin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməli idi. Bununla yanaşı, iddiaçının təqdim etdiyi ödəniş qəbzindən onun hansı iş üzrə köçürüldüyünü, həmin məbləğin içində məhz qeyd edilən borc mübahisəsi ilə bağlı hüquq xidmətinə görə hesablanmış vəsaitin olub-olmadığını müəyyən etmək mümkün deyil. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunundan da göründüyü kimi məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3324/2020 nömrəli iş üzrə qəbul etdiyi 07.09.2020-ci il tarixli qətnaməsinin icrasını təmin etmək qanunvericiliyə əsasən icra məmurunun səlahiyyətində idi və "xxxx" QSC ilə "xxxx" MMC arasında hüquqi xidmət haqqında müqavilənin bağlanması və borcun ödənilməsinin "xxxx" MMC tərəfindən həyata keçirilməsi, göstərilən xidmətə görə xidmət haqqı ödənilməsi və həmin xidmət haqqının məhz sonradan cavabdehdən tələb olunması yolverilməzdir. Çünki, iddiaçı öz könüllü iradəsi ilə qeyd olunan müqaviləni bağlamışdır və onlar arasında müqavilə bağlanmayacağı təqdirdə də iş üzrə məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin icrası icra məmuru tərəfindən təmin olunacaqdı. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyi üçün iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia rədd edilsin. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi rədd edildiyi üçün iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar