Məhkəmə qərarları › İş №e-2(010)-2566/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2566/2022

07.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2566/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Abdulaev Poratın (Polina) və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, X1 iştirakları ilə İddiaçı Abdulaev Porat (Polina) və üçünçü şəxs X9 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Abdulaev Porata (Polina) qarşı miras əmlakdan payın artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abdulaev Porat (Polina) Cavabdeh qarşı ləyaqətsiz vərəsə sayılmaqla vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X24 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh ləyaqətsiz vərəsə sayılmaqla vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh Abdulaev Porata (Polina) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X13 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən onun miras payının 70% müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abdulaev Porat (Polina) iddia ərizəsinə uyğun izahat verərək və qarşılıqlı iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o, mərhum bacısı X28 ilə birlikdə Bakı şəhəri, 28 may küçəsi, ev 11, mənzil 30 üvanında yerləşən mənzildə yaşamışlar. Həmin mənzil ilk olaraq onun atası X25 verilmiş və onlar bütün ailə ilə birlikdə həmin mənzildə yaşamışlar. O, xaricə getdikdən sonra, həmin mənzil bacısı X14 adına rəsmiləşdirilmiş və sonuncuya DƏDRX tərəfindən mənzilə dair müvafq çıxarış verilmişdir. Bundan sonra, 2006-cı ildə iddiaçının bacısı Cavabdeh oğiu ilə nikaha daxil olmuşdur. O və qohumları cavabdehi tanımadıqlarından və nə dərəcədə səmimi olduğunu bilmədiklərindən, onu mənzillərinə qeydiyyata almamışlar. O, (iddiaçı) həmin dövrlər, cavabdehin onun bacısına münasibətdə səmimiyyətindən şübhə etmiş, cavabdehin əsl niyyətinin şəhərin mərkəzində olan və bacısının adına rəsmiləşdirdikləri mənzili ələ keçirmək niyyətinin olduğunu düşünmüşdür. Onun mərhum bacısı da, cavabdehə tam inanmadığına və etibar etmədiyinə görə yuxarıda qeyd edilən mənzili iddiaçıya və digər yaxın qohumlarına vəsiyyət etmişdir. Onun mərhum bacısının cavabdehlə münasibətləri son dövrdə pozulmuş, hətta bacısı cavabdehi mənzildən qovmuşdur. Lakin sonradan, sadəlövlük göstərərək cavabdehin dediklərinə aldanaraq onu yenidən mənzilə buraxmışdır. Sonradan cavabdeh xəstələnmiş və mərhum bacısının da COVİD-19 virusuna yoluxmasına səbəb olmuşdur. Cavabdeh, bacısının vəziyyətinin ağır olmasına baxmayaraq, ona lazımi yardım etməmiş və vaxtında xəstəxanaya yerləşdirilməsinə imkan verməmişdir. Sonradan onun mərhum bacısı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamış və o, xx.xx.2021-ci il tarixdə o vəfat etmişdir. Cavabdeh ümumiyyətlə onun bacısının səhhəti ilə maraqlanmamış, ona tamamilə biganə qalmışdır. Onun bacısı X28 vəfat etdikdən sonra, cavabdeh bir sıra hərəkətləri ilə miras qoyanın son iradəsinin həyata keçiriiməsinə aşkar şəkildə qəsdən maneə törətmiş, o, cümlədən miras qoyandan qalmış qiymətli zinət əşyalarını özünə götürmüş, vəsiyyətnamə üzrə vərəsə olan onu və digər vərəsələri mənzilə buraxmamışdır. Bununla əlaqədar o, polis orqanlarına müraciət etmiş, lakin cavabdeh mənzildə olan daşınar əşyaları ələ keçirmişdir. Cavabdeh hətta mərhumun qəbir daşının düzədilməsi üçün verilmiş 500 manat vəsaiti də özünə götürmüşdür. Bununla da, cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, miras əmlakı qanunsuz olaraq ələ keçirmişdir. Qeyd olunanlara əsasən Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməli və o ləyaqətsiz vərəsə kimi o, vərəsəlik hüququndan məhrum edilməlidir. Qarşılıqlı iddia isə ümumiyyətlə təmin oluna bilməz. Belə ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunduğundan həmin əmlakdan onun payı müəyyən edilə bilməz. İddiaçı Abdulaev Poratın (Polina) etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək və qarşılıqlı iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçı və mərhum bacısı X28 ataları X3mış Bakı şəhəri, 28 may küçəsi, ev 11, m. 30 üvanında yerləşən mənzildə bütün ailə ilə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Daha sonra iddiaçı xaricə getmiş və həmin mənzil iddiaçının bacısı X14 adına rəsmiləşdirilmişdir. Mərhum X28 2006-cı ildə Cavabdeh ilə nikaha daxil olmuşdur. Onlar arasında nikah münasibətləri normal olmamış, tez-tez ailə münaqişələri yaranmışdır. Sonradan cavabdeh xəstələnmiş və mərhum X14 da COVİD-19 virusuna yoluxmasına səbəb olmuşdur. Cavabdeh onun vəziyyətinin ağır olmasına baxmayaraq, ona lazımi yardım etməmiş və vaxtında xəstəxanaya yerləşdirilməsinə imkan verməmişdir. Nəticədə X28 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra cavabdeh ona məxsus olan şəxsi əşyaları, o cümlədən qızıl-zinət əşyalarını evdən götürmüşdür. Bundan başqa evdə olan başqa əmlakları, o cümlədən mərhuma və iddiaçıya məxsus olan şəkilləri, sənədləri, geyim əşyalarını da götürmüşdür. Bundan sonra cavabdeh iddiaçıları və onun qohumlarını mənzilə buraxmamış və yalnız iddianın müvəqqəti təminat tədbirinə dair ərizə verildikdən sonra onlar icra məmurunun iştirakı ilə mənzilə daxil olmuşlar və müəyyən olunmuşdur ki, mənzildə olan əşyalar yerində deyildir. Bununla bağlı icra şöbəsi tərəfindən müvafiq akt tərtib olunmuşdur. Bundan başqa iddiaçıların qohumu həmin mənzilə gələrək video çəkiliş aparmışdır ki, həmin video çəkilişi də sübut kimi iş materiallarına əlavə etmişdir. Cavabdeh hətta mərhumun qəbir daşının düzədilməsi üçün verilmiş 500 manat vəsaiti də özünə götürərək mənimsəmişdir. Göstərilən bu səbəblərə görə cavabdeh ləyaqətsiz vərəsə hesab olunmalı və vərəsəlik hüququndan məhrum edilməlidir.Qeyd olunanlara əsasən ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçünçü şəxs X24 eyni məzmunlu izahat verərək qarşılıqlı iddia tələbinin rədd olunmasını və ilkin iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək və qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, X28 cavabdehin həyat yoldaşı olmuşdur. Cavabdeh onunla 19 may 2006-cı ildə rəsmi nikah bağlamaqla ailə qurmuş və həyat yoldaşı S.R.Rəhimova 21 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra hazırda yaşadığı mənzil miras qalmışdır. Cavabdeh birinci dərəcəli vərəsədir, lakin sonradan iddiaçı tərəfindən vəsiyyətnamə verildiyi müəyyən edilmişdir. Şübhəli olan həmin vəsiyyətnaməni əsas gətirərək iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək onun ləyaqətsiz vərəsə hesab edilməsini xahiş edir. Cavabdeh 16 il ərzində X28 ilə birlikdə yaşamış və o 2006-cı ildən xəstə olduğu üçün işləməmişdir. Bununla əlaqədar olaraq X19 2-ci qrup əlillik təyin olunmuşdur. Belə ki, o epilepsiya və şəkər xəstəliyinə tutulmuşdur. Cavabdeh daimi olaraq işləmiş və evin bütün daimi ehtiyaclarını ödəmişdir. Onun bütün dərmanları və iynələri cavabdeh tərəfindən təmin olunmuşdur. Evə dair bütün kommunal xərclər Cavabdeh tərəfindən ödənilmişdir. Lakin evə dair sənədləşmə X14 adına olduğundan bütün ödəmələr onun adından olmuşdur. Buna görə də hesab edir ki, miras əmlakdan onun payı artırılmalı və onun payı 70% müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə şahid X2 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh 2012-ci ildən Yeqova Şahidləri cəmiyyəti vasitəsilə tanımış və 10 ildir ki, Elxanla dostluq etmişlər. 10 il ərzində onların evinə gedib-gəlmişdir. Elxan öz həyat yoldaşı Sima ilə birlikdə ər-arvad kimi birgə yaşayıblar, münasibətləri yaxşı olmuş və aralarında mübahisə olmamışdır. Mərhum Sima xəstə olarkən Elxan dəfələrlə Simaya dərman almışdır. Sima vəfat edərkən o Elxanla birlikdə Sabunçu morquna getmiş və Simanı birlikdə dəfn etmişlər. Simanın bacısı Polinanı isə o öldükdən sonra tanımışdır. Belə ki, Polina Simanı dəfn edərkən yardım etdiyinə görə ona təşəkkür etmişdir. İş üzrə şahid X5 ifadə verərək bildirmişdir ki, o, mərhum X20 2014-cü ildən tanımış və yaxın münasibətləri olmuşdur. Onunla birlikdə 2015-ci ildən həftənin cümə axşamı və bazar günləri yığıncaqlarda görüşmüşdür. Onun Sima ilə münasibəti yaxşı olmuş və onların yaşadığı mənzilə tez-tez gedib-gəlmişdir. Sima ölənə qədər hətta onunla birlikdə dənizə də getmişdir. Mərhum X14 həyat yoldaşı olan Cavabdeh uzaqdan tanımışdır. Mərhum Simanın əri ilə münasibətləri yaxşı olmamışdır. Bir müddət Simanın əri ilə mübahisələri olmuşdur və əri yaşadığı mənzildən çıxıb getmişdir. Sima həmişə zövqlə geyinmiş və onun üzərində özünə məxsus qızıl-zinət əşyaları olmuşdur. Simanın öz bacıları ilə münasibəti də yaxşı olmuş və onlar Simaya maddi cəhətdən köməklik etmişlər. O təqaüd alırdı, lakin onun həyat yoldaşı hətta kommunal xərcləri belə ödəmək istəmirdi. Onlar avqust ayında kondisioner almaq istəsələr də, aralarında mübahisə yaranmışdı. Hazırda həmin evə alınmış kondisioner yerində yoxdur. İş üzrə digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, üçüncü şəxsin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 208241 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri, 28 may küçəsi, ev 11, 30 saylı mənzil ilkin olaraq xx.xx.1992-ci il tarixdə X21 adına qeydiyyatdan keçmişdir. 29 saylı DNK-nin D3/427 reyestr nömrəli xx.xx.1997-ci il tarixli bağışlama müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Özəlləşdirmə və Sahibkarlığa kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, 28 aprel küçəsindəki 11 saylı evin 30 saylı mənzili X14 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə 110 saylı reyestr kitabında xx.xx.1993-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 220748 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X28 xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 236 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əfəndiyev”, arvada “Rəhimova” soyadı verilmişdir. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixində vəfat etmiş arvadı X13 miras qalmış əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barəsində ərizə ilə müraciət etmiş və vəsiyyətnamə üzrə digər vərəsələri olan X10, Raxamim Abram-ın Raqimova Anjela-ın, Abdullayeva Parat-ın, Raqimova Xava-ın etibarnamə əsasında təmsil edən X4 ərizəsinə əsasən müvafiq qaydada vərəsəlik işi açılmışdır. Eyni zamanda X28 xx.xx.2016-cı ildə notariat ofisində ölən günədək özünə məxsus bütün daşınar və daşınmaz əmlakına, o cümlədən ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin X16, Raxamim Abram-a Raqimova Anjela-ya, Abdullayeva Parat-a, Raqimova Xava-ya vəsiyyətnamə qoymuşdur və həmin vəsiyyətnamə qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X28 xx.xx.2016-cı ildə notariat ofisində ölən günədək özünə məxsus bütün əmlakına, o cümlədən ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzili X26, X11, X22, X6, X16 vəsiyyət etmişdir. İş materiallarına əlavə olunmuş Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilində yerləşən bir sıra əmlaklar siyahıya alınmışdır. İş materiallarına əlavə olunmuş X12 tərəfindən verilmiş şahid ifadəsi kimi verilmiş əlyazmadan görünür ki, Cavabdeh onun atasıdır və atası kovid xəstəliyinə yoluxaraq Sima xanımı qəsdən yoluxdurmuş, 3 həftə sonra Sima xanım vəfat etmişdir. O vəfat etdikdən sonra Sima xanımın qızıllarını götürmüşdür. Evdə olan iki ədəd kondisionerdən birini satmışdır. Sima xanımın qohumları qəbir daşının düzəldilməsi üçün Cavabdeh 500 manat pul vermişlər. O atası ilə birlikdə Sima xanım sağ olan zaman onlarda yaşamış və atasının onu təhqir etdiyini və lüzumsuz yemək alıb gətirdiyini görmüşdür. O məhkəmədə iştirak etmək üçün təhlükəsizliyiin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə nəzərə alır ki, müəyyən kateqoriya elə şəxslər vardır ki, həmin şəxsləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi vərəsəlik hüququndan (vərəsə olmaq hüququndan) məhrum edir. Bu şəxslər mülki qanunvericilikdə ləyaqətsiz vərəsə adlanır. Ləyaqətsiz vərəsə dedikdə, müəyyən hallara görə, vərəsəlikdən kənarlaşdırılan və buna görə də vərəsəlik hüququndan məhrum edilən şəxslər başa düşülür. Ləyaqətsiz vərəsə mirası əldə etmək və almaq hüququna malik olmayan şəxsdir. Ləyaqətsiz vərəsə cəmiyyətdəki birgə yaşayış qaydaları baxımından özünün nalayiq davranışına görə vərəsəlikdən kənarlaşdırılır. O, özünün etdiyi hüquqa və ya əxlaqa zidd hərəkətlərin nəticəsində vərəsə olmaq imkanından məhrum olur. Azərbaycan Respublikasının vərəsəlik hüququna görə, ləyaqətsiz vərəsə kateqoriyasına aiddir: müəyyən hallara görə vərəsə olmayan şəxslər (MM-nin 1137-ci maddəsi)-İ qrup ləyaqətsiz vərəsələr; valideynlik hüququndan məhrum edilmiş şəxslər (MM-nin 1138-ci maddəsi)-İİ qrup ləyaqətsiz vərəsələr; miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən boyun qaçıran şəxslər (MM-nin 1138-ci maddəsi)-İİİ qrup ləyaqətsiz vərəsələr. Fiziki şəxsin İ qrup ləyaqətsiz vərəsə kimi tanınması üçün həmin şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması. Söhbət fiziki şəxsin hüquqazidd hərəkətlər etməsindən gedir. Həmin hərəkətlər isə ifadə oluna bilər: saxta vəsiyyətnamə tərtib etməkdə; əsl və ya həqiqi vəsiyyətnamənin gizlədilməsində; şəxsin konkret vətəndaşın xeyrinə vəsiyyətnamə yazmağa məcbur etmədə; vəsiyət üzrə vərəsələrdən kimsəni mirasdan imtina olunmasına vadar etmədə; şəxsi leqat (vəsiyyət tapşırığı) nəzərdə tutana vəsiyyətnamə yazmağa məcbur etmədə; leqatarini leqatdan imtina etməyə məcbur etmədə; leqat barədə məlumatı gizlətməkdə; vəsiyyətnaməni saxtalaşdırmaqda; başqa vərəsələrin olması barədə məlumatın gizlədilməsində və s: ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Amma göstərilən hərəkətlərdən birinin edilməsi şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün yetərli deyildir və kifayət etmir. Bunun üçün həm də iki əlavə şərtin olması lazımdır. Birinci şərt ondan ibarətdir ki, şəxsin vərəsəlik hüququndan məhrum edilməsinə səbəb olan hallar (hərəkətlər) məhkəmə tərəfindən təsdiq olunmalıdır. Həmin halın (miras qoyanın əleyhinə yönələn hüquqazidd hərəkətin) müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mübahisəsiz olaraq şəxsi vərəsəlikdən kənarlaşdırmaq üçün əsas rolunu oynayır. Vərəsəlik şəhadətnaməsi verən zaman notarius müstəqil surətdə həmin akta əsasən şəxsi ləyaqətsiz vərəsə hesab edir. (əgər vərəsəlik barədə mübahisə olmazsa). Belə hallarda məhkəmənin şəxsi vərəsəlikdən kənarlaşdırmaq barədə əlavə qərar çıxarması tələb edilmir. Başqa sözlə desək, lazım deyildir ki, məhkəmə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi barədə hər hansı xüsusi akt qəbul etsin. Vərəsənin miras qoyanın ölümünə səbəb olan cinayət törətməkdə təqsirli bilinməsi barədə məhkəmə hökmünün olması kifayətdir ki, notarius müvafiq şəxsi ləyaqətsiz vərəsə kimi tanısın. Cinayət işi üzrə məhkəmə hökmü vərəsəni (şəxsi) vərəsəlikdən kənarlaşdırmaq üçün prosessual sənəd rolunu oynayır. Əgər məhkəmə məsələni cinayəthüquqi qaydada yox, mülki-hüquqi qaydada həll etmişsə, onda vərəsəni vərəsəlik hüququndan məhrum etmək üçün prosessual sənəd kimi məhkəmə qərarı çıxış edir. İkinci şərt isə ondan ibarətdir ki, şəxsin vərəsəlikdən kənarlaşdırılmasına səbəb olan hərəkətlər qəsdən edilməlidir və xüsusi olaraq ya miras qoyanın əleyhinə (məsələn, miras qoyanı öldürmək), ya vərəsələrdən hər hansı birinin əleyhinə (məsələn, vərəsəni hədələməklə mirasdan əl çəkməyə məcbur etmək. Hədə təsiri mirasın hədə göstərən şəxsə keçməsini təmin edir, ya da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə (məsələn, əsl və həqiqi vəsiyyətnamənin saxta vəsiyyətnamə ilə əvəz olunmasına cəhd göstərmək) yönəlməlidir. Miras qoyanın ölümünə səbəb olan qəsdən cinayət etməkdə təqsirli bilinən şəxs mirası ələ keçirmək (almaq) məqsədilə və ya başqa niyyətlə (qısqanclıq, xuliqanlıq, tamah və s.) hərəkət etməsindən asılı olmayaraq həmişə və bütün hallarda vərəsəlikdən kənarlaşdırılmalıdır. Yalnız vacibdir ki, bu hərəkətlər birbaşa və ya dolayı olaraq şəxsin vərəsəliyə çağırılmasına və ya onun miras payının artmasına imkan yaratsın və kömək etsin). Azərbaycan Respublikasının vərəsəlik hüququnun müəyyən etdiyi göstərişə görə, şəxsin miras qoyanı yalnız öldürməsi yox, həm də onun barəsində hər hansı cinayət hərəkətinə (xuliqanlıq, zorlama, bədənə xəsarət yetirmə, oğurluq və s.) yol verməsi həmin şəxsin vərəsəlikdən kənarlaşdırılması üçün əsas ola bilər. Bu cinayət hərəkətlərinin hansı motivlə edilməsinin də hüquqi əhəmiyyət yoxdur. Yalnız vacibdir ki, cinayət hərəkətləri qəsdən edilsin. Şəxs vərəsə barəsində də qəsdən cinayət hərəkətinə yol verdiyi halda da ləyaqətsiz vərəsə kimi tanına bilər. Təkcə hüquqazidd hərəkətlər və ya cinayət sayılan hərəkətlər yox, həm də əxlaqsız hərəkətlər şəxsin ləyaqətsiz vərəsə kimi tanınmasına səbəb ola bilər. Belə hərəkətlərin ayrıca əsas kimi nəzərdə tutulması MM-də yeni hal olsa da, qeyd olunmalıdır ki, bu cür hərəkətlər cinayət qanunvericiliyinə görə müstəqil cinayət tərkibini əmələ gətirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 1 may 2019-cu il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin boşanmış ərarvadın vərəsəlik zamanı vəziyyətini müəyyən edən 1163-cü maddəsinin məzmununa uyğun olaraq, nikahı pozulmuş arvad (ər) miras qoyan ərin (arvadın) qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum olur. Belə ki, həmin maddəyə görə, nikahı ləğv etmiş ərarvad bir-birindən sonra vərəsə ola bilməzlər. Göründüyü kimi, əgər ər (arvad) miras qoyanın öldüyü anda nikahı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv etmiş olarsa, bu zaman o, qanun üzrə vərəsə olmaq hüququnu itirir. Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Bu cür hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə uyğun olaraq, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi isə işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılması üsullarından biridir. Beləliklə, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir. Göründüyü kimi, nikaha xitam verilməsi üçün iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması barədə məhkəmədə iddianın qaldırılması ər-arvadın birbirini vərəsəlik hüququndan məhrum etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçı iddiadan imtina edə bilər, tərəflər barışa bilər və s. hallar baş verə bilər. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə miras qoyanın bu və ya digər vərəsəni vərəsəlik hüququndan məhrum etməsi üçün xüsusi imkanlar nəzərdə tutulmuşdur. Bunlara vəsiyyətnamə qoymaq, məcburi paydan məhrum etmək üçün məhkəmədə iddia qaldırmaq və s. aiddir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Bəzi hallarda isə ərarvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayışından tamamilə fərqləndirir (X7rşı iş üzrə 2008-ci il 29 aprel tarixli Qərar). Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının və üçüncü şəxsin üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X28 ilə Cavabdeh 2006-cı ildə ailə qurmuşlar. Lakin Cavabdeh ilə X28 arasında bağlanmış nikah və tərəflər arasında ailənikah münasibətləri pozulmamış, birgə təsərrüfat aparmışlar və heç vaxt ər-arvad münasibətləri kəsilməmiş, nikah formal xarakter daşımamışdır. İddiaçı tərəf və üçüncü şəxs X28 ilə Cavabdeh arasında bağlanmış nikahın formal xarakter daşıdığını bildirsə də, bununla bağlı olaraq məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə X28 cavabdehlə birgə nikahda olduqları dövrdə xx.xx.2016-cı ildə notariat ofisində ölən günədək özünə məxsus bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzili bacıları və qardaşı X26, X11, X22, X6, X16 vəsiyyət etmişdir. İddiaçı Abdulaev Porat (Polina) və üçüncü şəxs X24 Cavabdeh tərəfindən onların bacısı X8yğı göstərilməməsini, hörmət edilməməsini, onunla ailə münasibətlərinin yaxşı olmamasını, onlara məxsus olan əşyaların bir neçəsinin cavabdeh tərəfindən evdən götürüldüyünü, ona məxsus olan şəxsi əşyaların, o cümlədən qızıl-zinət əşyalarının evdə tapılmadığını əsas gətirsə də, bu hal miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi kimi qiymətləndirilə bilməz və onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında ailə nikah münasibətləri pozulmadığından və cavabdehin qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair qanuni əsaslar mövcud olmadığından, o cümlədən cavabdehin hüquqazidd və əxlaqsız hərəkətlər etməsi, həmçinin miras qoyanın əleyhinə onun barəsində hər hansı cinayət hərəkətinə yol verilməsi müəyyən olunmadığından iddiaçı Abdulaev Porat (Polina) və üçünçü şəxs X9 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçının və üçüncü şəxsin tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Abdulaev Porat (Polina) və üçüncü şəxs X9 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya və üçüncü şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar