Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2572/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi, evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi, evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qızları 29.04.2008-ci il təvəllüdlü X1 və 12.04.2020-ci il təvəllüdlü X2 ilə birlikdə mərhum həyat yoldaşı ilə inşa etdirdikləri fərdi yaşayış evinə köçürülməsi, evdən istifadə hüququnun tanınması və yeganə gəlir mənbələri olan inəklərinin dəyəri – 3000 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, tələb iki hissədən ibarətdir: 1) iddiaçının qızları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə hüquqlarının tanınması; 2) cavabdehin ondan aldığı əmlakının (inəyin) dəyərinin ödənilməsi. Hansı ki, bu tələblərin bir-biri ilə heç bir bağlılığının olmadığı həm tələblərin məzmunundan, həm də iddia ərizəsinin əsaslandırma hissəsindən görünür. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Yəni, iddiaçı yalnız o halda bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirərək məhkəməyə müraciət edə bilər ki, bu tələblər bir-biri ilə bağlı olsun. Bu tələblərin eyni cavabdehə qarşı yönəlməsi tələblərin bir-biri ilə bağlı olduğu mənasına gəlmir. Digər tərəfdən, bir-biri ilə bağlılığı olmayan bu iddia tələblərindən biri əmlakın dəyərinin ödənilməsi tələbi olduğundan bu tələbə ümumi aidiyyət qaydasında (cavabdehin rəsmi qeydiyyata alındığı yer üzrə), digər tələb isə evə köçürülmə tələbi olduğundan müstəsna aidiyyət qaydasında (evin yerləşdiyi yer üzrə) baxılır. Hansı ki, iş üzrə cavabdehin rəsmi qeydiyyat yeri Astara rayonunda, iddiaçının köçürülmək istədiyi evin ünvanı isə Suraxanı rayonunda yerləşir. Bu baxımdan bu iki tələbə birlikdə baxılması aidiyyət baxımından da qeyri-mümkündür. Bundan əlavə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə də düzgün riayət edilməmişdir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; Bu Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat məbləğində dövlət rüsumu ödənilir. Buna baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı yalnız 30 manat məbləğində dövlət rüsumu ödəməklə kifayətlənmişdir. Göründüyü kimi, iddia ərizəsi yuxarıda qeyd edilmiş pozuntularla tərtib edilərək məhkəməyə verilmişdir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39. Müstəsna aidiyyət. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi, evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2572/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2572/2022
05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver