Məhkəmə qərarları › İş №e-2(010)-259/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-259/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-259/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X11 və X21 qarşı yaşayış sahəsindən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, X11 və X21 qarşı yaşayış sahəsindən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X7 və X18 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 8 Mart küçəsi, 15 nömrəli evin yaşayış sahəsindən çıxarılmaqla mənzilin boşaldılması və onun ailə üzvülərilə bərabər həmin yaşayış yerinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, 8 Mart küçəsi, 15 nömrəli ev xx.xx.1962-ci il tarixindən X1nın mülkiyyətində olmuşdur. X1 xx.xx.1988-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra həmin mənzil üzərində hissələrlə vərəsələr arasında paylar müəyyən olunmuş və rəsmləşdirilmişdir. Evin ümumi sahəsi 82.82, torpaq sahəsinin ölçüsü 0,0125 hektardır. Hazırda həmin mənzil RX seriyalı № ******* saylı xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən, 1/6 hissə X3, 1/6 hissə X6, 1/6 hissə Ceyran Haqverdi qızına, 1/6 hissə X9, 2/6 hissədən 1/3 hissə X14, 2/6 hissədən 1/3 hissə açıq saxlanılaraq X4, 2/6 hissədən 1/3 hissəsinə İddiaçı verilmişdir. Hər birinin payı müəyyən olunandan sonra onun mülkiyyətində olan otağı təmir etdirmiş, qarşısında əlavə olaraq iki otaq tikdirmişdir. 2016-cı ilin may ayınadək həmin evdə qızı ilə bərabər yaşamışdır. Hal-hazırda onun mülkiyyətində olan yaşayış otağında qohumları yaşayır və evdə olan əşyalarından da istifadə edir. Onlara ilk olaraq qısa müddət ərzində yaşamalarına icazə versə də, indi qəti şəkildə evdən çıxmırlar. Dəfələrlə mənzildən çıxmalarını bildirsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Tərəfindən “əmlakın naturada bölünməsi” tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş və Suraxanı rayon Məhkəməsinin 2(010)-139/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-212/2019 saylı, 03 mart 2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin edilməmişdir. İddia tələbinin məhkəmə icraatı zamanı verilmiş ekspert rəyinə əsaslanmaqla təmin edilməmişdir. Qeyd edir ki, çıxarışda adları qeyd edilən mülkiyyətçilərdən yalnız o da daxil olmaqla mübahisəli mənzil 3 vərəsənin sahibliyində və istifadəsindədir. Yəni digər mülkiyyətçilər mənzildə yaşamırlar. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda həmin fərdi yaşayış evində yaşayan şəxslər – cavabdehlər Cavabdeh həmin evə münasibətdə 1/3 hissədə mülkiyyət hüququ olan X12 qayınanası, X10 onun yoldaşı və Bəbirov Xələf isə onun oğludur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan RX Seriyalı və ******* nömrəli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə X2 1/6 hissədə, X5 1/6 hissədə, Ceyran Haqverdi qızının 1/6 hissədə, qalan 2/6 hissədən hissə isə X12 1/3 hissədə, İddiaçı 1/3 hissədə və X19 1/3 hissədə mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-139/2019 saylı, xx.xx.2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X22 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-212/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-139/2019 saylı, xx.xx.2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, qeyd olunan fərdi yaşayış evinə münasibətdə yuxarıda qeyd olunan şəxslərin mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatı zamanı müəyyən edilmişdir ki, hazırda həmin fərdi yaşayış evində yaşayan şəxslər – cavabdehlər Cavabdeh həmin evə münasibətdə 1/3 hissədə mülkiyyət hüququ olan X12 qohumlarıdırlar. Hazırda həmin evə münasibətdə hissəvi pay hüququ olan iddiaçı həmin hüququna əsaslanaraq cavabdehlərin həmin evdən çıxarılmasını, özünün isə ailə üzvü ilə birlikdə ora köçürülməsini tələb edir. Eyni zamada, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçının həmin evə köçürülməsini istədiyi ailə üzvü – qızıdır və o yetkinlik yaşına çatmışdır. Hazırkı iddia tələbinin əsaslı olması üçün ilk növbədə iddiaçının tələbə münasibətdə subyektiv hüququ olmalıdır. İddiaçı tələb irəli sürərkən mübahisə obyekti olan evə mülkiyyət hüququna əsaslanır. İddiaçının mülkiyyət hüququ tam yox, hissəvidir. Yəni, 2/6 hissənin 1/3 hissəsi həcmində. Payçıların sayı ümumilikdə yeddi nəfərdir. İşin halları ilə (iddiaçı tərəfin izahatından) müəyyən edilir ki, cavabdehlər iddiaçı ilə eyni həcmdə paya sahib olan Əliağa Cəlilovun qohumlarıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən maddi hüquq norması baxımından iddiaçının cavabdehləri mübahisə obyekti olan evdən çıxarmağa subyektiv hüququ yoxdur. Çünki, əvvəla iddiaçı özü həmin evə tam mülkiyyət hüququna malik deyil, digər tərəfdən də, cavabdehlər digər payçının qohumlarıdırlar və belə hesab edilir ki, onlar həmin payçının iradəsinə uyğun olaraq həmin evdə yaşayırlar. Ev naturada bölünmədiyinə görə cavabdehlərin məhz iddiaçıya məxsus sahəni zəbt edib-etməmələri məsələsi də, müzakirə mövzusu ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, tələb evdən çıxarılma hissəsində əsassızdır. İddia tələbinin iddiaçının mübahisə obyekti olan evə köçürülməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, artıq qeyd edildiyi kimi, iddiaçı mübahisə obyekti olan evə hissəvi mülkiyyət hüququna sahibdir və bu hüquq dövlət qeydiyyatına alınmışdır. Deməli, iddiaçının Mülki Məcəllənin 152-ci maddəsinin tələbi baxımından həmin evə köçüb oradan istifadə etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə köçmək və orada yaşamaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə köçürülməsi hissəsində əsassızdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatı zamanı müəyyən edilmişdir ki, iddiaçının qızı yetkinlik yaşına çatmışdır və tam fəaliyyət qabiliyyətlidir. AR MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR MM-nin 28.1-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Yuxarıda qeyd olunan normalara əsasən, məhkəmə qeyd edir ki, iddiaçının qızı yetkinlik yaşına çatdiğından və tam fəaliyyət qabiliyyətli olduğu halda iddiaçının hazırki iddia tələbində onun adından məhkəməyə müraciət etməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Cəlı̇ lova Zümrüd Ələskər qızı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 15 nömrəli evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar