Məhkəmə qərarları › İş №e-2(010)-2643/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2643/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2643/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçilərin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə müqavilənin ləğv edilməsi, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 25.5 m2 olan evin cavabdeh tərəfindən tamamilə sökülməsi nəticəsində ona vurulmuş 82000 manat pulun cavabdehdən tutulması, dəymiş ziyanın əvəzi kimi müqavilənin 3.4.1, 3.4.2 və 4.1.2-ci bəndlərinə əsasən Cəmiyyətin kirayə xərclərinin kompensasiya məbləği kimi aylıq 400 manat olmaqla xx.xx.2021-ci il tarixdən bu günə kimi ödəməməklə 12 ay müddətinə ödəməli olduğu 4800 manat zərərin və ödənilmiş 351 manat dövlət rüsumunun, ümumilikdə 86800 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinin əməllərində cinayət əlamətlərini olmasını nəzərə alaraq, bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN **********) ilə arasında xx.xx.2017-ci il tarixdə mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçilərin köçürülməsi və yeni mənzillə təmin edilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı əsasında ünvan 1 ünvanında yerləşən, istismar müddəti ötmüş yaşayış binasının söküntüsü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 25.5 m2 olan mənzili yaşayış kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binanın 8-ci mərtəbəsində 2 otaqlı, təmirsiz, sahəsi 79.3 m2 olan mənzili “Mülkiyyətçi”yə təhvil verir. Cavabdeh MMC tərəfindən bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtləri uzun müddətdir ki, əhəmiyyətli şəkildə pozulmuşdur. Belə ki, müqavilənin 4.1.2-ci bəndinə əsasən yeni mənzilin tikilərək təhvil verilməli olduğu tarix ilkin olaraq 18-24 ay müəyyən edilsə də müqavilənin bağlanılmasından 56 ay keçməsinə baxmayaraq, Cəmiyyət tərəfindən bu günə kimi tikinti işlərinə belə başlanılmamışdır. Bundan əlavə müqavilənin 3.4.1, 3.4.2 və 4.1.2-ci bəndlərinə əsasən Cəmiyyət kirayə xərclərinin kompensasiya məbləği kimi aylıq olaraq 400 manat pul vəsaitini nəğd və ya köçürmə əsasında yeni tikilən mənzil mülkiyyətçiyə təhvil verilənədək ödəməyi davam etdirəcəkdir. Cavabdeh MMC müqavilənin şərtlərini bu hissədə də əhəmiyyətli dərəcədə pozmaqla, bir il müddətdən artıqdır ki, yəni xx.xx.2021-ci il tarixdən kirayə xərclərinin kompensasiya məbləği kimi aylıq olaraq 400 manat pul vəsaitini verməkdən imtina etmişdir. Onun maddi vəziyyəti xeyli pisləşdiyindən həm kirayə haqqı ödəyib, həm də Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini icra etməməsi ucbatından əldə etmək şansının olmadığı, tikinti və təhvili qeyri-real olan mənzili gözləməsi artıq mümkün deyil. Mənzilin təhvil verilməsinə dair bütün ümidləri tükəndiyindən, eyni zamanda onun gələcəkdə tikilməsi planlaşdırılan mənzilə olan maraqları tamamilə itmiş olduğundan hesab edir ki, dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməklə aralarında bağlanmış müqavilə ləğv (xitam) edilməlidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-29/22 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-ci məhəllə, 77 saylı evin, 13 saylı mənzilin əmlak olaraq hazırkı bazar dəyəri hər m2-ə 2500 manat olmaqla 32.83 m2 üçün 82000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, müqavilənin 3.4.1, 3.4.2 və 4.1.2-ci bəndlərinə əsasən Cəmiyyət kirayə xərclərinin kompensasiya məbləği kimi aylıq olaraq 400 manat məbləğində pulu xx.xx.2021-ci tarixdən bu günə kimi ödəməməklə 12 ay müddətində ona 4800 manat məbləğində zərər vurmuşdur. Müqavilənin ləğvi və dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edilsə də cavabdeh tərəfindən bu istiqamətdə hər hansı addım atılmamışdır. Cavabdeh MMC-nin təsisçisi Rəşid Əsgərov, həmin MMC əsasında yaradılan MTK-nın rəhbəri Ruslan və onun qardaşı Rizvan adlı şəxslər mülkiyyət sahiblərini yeni ev tikəcəkləri və onları həmin evə köçürəcəkləri, eyni zamanda evin tikintisi müddətində onlara kirayə haqqı ödəyəcəklərini müqavilə üzrə vəd etmələrinə baxmayaraq, ona məlum olmuşdur ki, bu şəxslər ümumiyyətlə binanın tikilməsi məqsədilə yaratmış olduqları şirkətin fəaliyyətini dayandırmaqla bu işlərin icrası ilə əlaqədar heç bir fəaliyyət həyata keçirmir. Bundan əlavə, həmin şəxslərlə əlaqə saxlamaq artıq mümkün deyil. Belə bir qənaətə gəlmək mümkündür ki, bu şəxslərin niyyəti onları inandırmaqla aldatmaq, mülkiyyəti faktiki məhv etməklə onlara ziyan vurub yeganə yaşayış evlərindən onları məhrum buraxmaq olmuşdur Hazırda çarəsiz vəziyyətdə qohumlarının evlərində müvəqqəti məskunlaşmışlar. Hesab edir ki, bu şəxslərin əməllərində həm mülki, həm də cinayət əməllərinin olması müstəvisində hüquqi qiymət verilməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən onun mənzilinin yerləşdiyi bina sökülərək yeni bina tikilib təhvil verilməli, mənzil təhvil verilənədək cavabdeh tərəfindən ona ayda 400 manat kirayə haqqı ödənilməli idi. İlk vaxtlar altı aylıq pulu əvvəlcədən hesaba köçürərək versələr də sonradan aylıq ödənişləri əlbəəl vermişlər. Bu səbəbdən əlbəəl verilən ödənişlər hesabdan çıxarışda görünmür. Hesabdan çıxarışdan görünməyən, əlbəəl ona verilmiş ödənişləri cavabdehdən tələb etməməsi onun öz öhdəliyinə vicdanlı yanaşdığını göstərir. Lakin cavabdeh 2021-ci ilin mart ayından etibarən nə hesaba, nə də əlbəəl ona heç bir pul ödəməmişdir. Hazırda kirayədə qalır və aylıq 500 manat kirayə ödəyir. Cavabdeh tərəfindən aylıq ödəniş edildiyi vaxtlar həmin pulun üzərinə 100 manat qoyaraq kirayəni ödəmişdir. Lakin hazırda kirayəni təkbaşına ödəmək onun üçün çox çətindir. Üstəlik, bu qədər müddət ərzində cavabdeh tərəfindən nəinki mənzil tikilib təhvil verilmiş, ümumiyyətlə tikintiyə belə başlanılmamışdır. Artıq mənzilin tikilməsinə ümidi də qalmamışdır. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında müqavilə bağlanmasına və bu müqavilə üzrə üzərinə öhdəlik götürməsinə baxmayaraq, cavabdeh tərəfindən ərazidə heç bir tikinti işi aparılmamışdır. Artıq bir ildən çoxdur ki, mənzil mülkiyyətçilərinə ödənilən kirayə haqqı da ödənilmir. Bu səbəbdən bağlanmış müqavilənin ləğvi üçün əvvəlcə cavabdehə müraciət etmiş, müraciətlərinə heç bir cavab verilmədiyi üçün hazırkı iddianı qaldırmışlar. Cavabdeh tərəfindən iddiaçı da daxil olmaqla digər mənzil mülkiyyətçilərinin hüquqları pozularaq bina tam sökülmüş, lakin aradan keçən uzun müddət ərzində yeni binanın tikintisinə başlanmamışdır. Buna baxmayaraq, onlar cavabdehin nümayəndələri ilə əlaqə saxlaya bilmirlər. Çünki heç bir zəngə cavab verilmir. Həmçinin ofislərini də tapa bilməmişlər. Əgər onlarla əlaqə saxlamaq mümkün olsa idi, heç olmazsa vətəndaşla danışar, mübahisənin həlli üçün vəd verə bilərdilər. Lakin cavabdehin hansısa nümayəndəsini tapmaq mümkün deyil. Onlarda olan məlumata görə mənzil mülkiyyətçilərindən 5-6 nəfərin pulu qaytarılıb, lakin qalanları iddiaçı ilə eyni vəziyyətdədir. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilənin ləğvi və mənzilin sökülməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, bu barədə poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilədən görünür ki, bu müqaviləyə əsasən Cəmiyyət Bakı şəhər İcra Hakimiyyətininin başçısının xx.xx.2017-ci il tarixli, 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq ünvan 1 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. Mülkiyyətçi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 25.5 m2, İddiaçı məxsus olan 13 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə Cəmiyyətə təhvil verir. Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binanın 8-ci mərtəbəsində 2 otaqlı, təmirsiz, sahəsi 79.3 m2 olan mənzili Mülkiyyətçiyə təhvil verir.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02-29/22 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-ci məhəllə, ev 77 ünvanında yerləşən, ümumi faktiki sahəsi 32.83 m2 olan, orta təmirli, 1 otaqdan ibarət 13 saylı mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 82000 (səksən iki min) manat məbləğində müəyyən edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən hüquqi şəxsin (Cavabdeh MTK-nın) fəaliyyəti və vergi tutulan digər əməliyyatları hal-hazırda dayandırılmış vəziyyətdədir.

9. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı məlumat verilmiş, aralarında bağlanmış müqavilənin ləğv edilməsi, sökülən mənzilin dəyərinin və ödənilməmiş kirayə haqqının ödənilməsi barədə xəbərdar edilmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh MTK) arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yerində yeni yaşayış kompleksi tikilməsi üçün mənzili Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə bunun qarşılığında inşa ediləcək binadan mülkiyyətçiyə yeni mənzil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə mülkiyyətçi yeni mənzillə təmin edilənədək kirayə xərclərinin qarşılanması üçün Cavabdeh MMC tərəfindən ona aylıq 400 manat kirayə haqqı ödənilməsi, mənzilin 18-24 ay ərzində təhvil verilməsi nəzərdə tutulmuşdur.

11. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə uyğun olaraq mülkiyyətində olan mənzili cavabdehə təhvil verdiyini, bundan sonra mənzilin yerləşdiyi yaşayış binasının cavabdeh tərəfindən söküldüyünü, lakin aradan beş il keçməsinə baxmayaraq, heç bir tikinti işlərinə başlanılmadığını, bununla da müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək, məhkəmədən cavabdehlə aralarında bağlanmış müqavilənin ləğvini, mənzilinin sökülməsinə görə ona vurulmuş zərərin (mənzilin dəyərinin), eləcə də müqaviləyə əsasən cavabdehin ödəməli olduğu, lakin 2021-ci ilin mart ayından etibarən ödəmədiyi aylıq 400 manat kirayə haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddianı müdafiə etmiş, cavabdehə isə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759. Podrat müqaviləsinin ləğvi. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh MMC (hazırda Cavabdeh MTK) istismar müddəti bitmiş yaşayış binasının söküntüsü çərçivəsində həmin yaşayış binasında mənzil mülkiyyətçisi olan İddiaçı məxsus mənzili sökməyi, yeni yaşayış binası tikməyi, tikilmiş yeni yaşayış binasından mülkiyyətçiyə mənzil verməyi, iddiaçı yeni mənzilə köçürülənədək aylıq 400 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Öz növbəsində İddiaçı isə yeni yaşayış binasının tikintisi üçün öz mənzilini cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə yeni mənzilin 18-24 ay müddətində iddiaçıya təhvil verilməsi müəyyən edilmişdir.

16. Göründüyü kimi tərəflər arasında öhdəliklərin əmələ gəlməsi əsası onlar arasında bağlanmış podrat müqaviləsi olmuşdur. Belə ki, bu müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi (mənzili söküb, əvəzinə tikdiyi yeni mənzili iddiaçıya təhvil verməyi) icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi (söküləcək mənzili naturada iddiaçıya təhvil verməyi) öhdəsinə götürmüşdür.

17. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, sözügedən mənzili cavabdehə təhvil vermişdir. Bununla da sifarişçi – iddiaçı tərəfindən şərtləşdirilmiş muzd tam olaraq ödənilməklə cavabdeh - podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (Mülki Məcəllə, maddə 753.1).

18. Öz növbəsində cavabdeh də müqavilə öhdəliklərini qismən icra etmiş, mənzili iddiaçıdan təhvil almış, sökmüş, iddiaçıya müqavilədə nəzərdə tutulduğu kimi müvəqqəti başqa yaşayış yerində yaşaması üçün kirayə haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, bu ödənişlər xx.xx.2017 – xx.xx.2018-ci il tarixləri arasındakı dövrü əhatə etmiş, lakin aybaay yox, 5-6 aydan bir toplu şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da izahatında bu hala aydınlıq gətirmiş, ödənişlərin altı aydan bir toplu şəkildə ödənildiyini bildirmiş, hesabdan çıxarışdan görünməsə də 2021-ci ilin mart ayına qədər cavabdeh tərəfindən nəğd şəkildə birbaşa ona kirayə haqqı ödənildiyini qəbul etmiş, 2021-ci ilin mart ayından etibarən isə heç bir ödəniş edilmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, müqavilənin bağlanmasından keçən beş il ərzində cavabdeh tərəfindən ona nəinki yeni mənzil təhvil verilmiş, hətta tikintiyə belə başlanılmamışdır.

19. Məhkəmə hesab edir ki, Cavabdeh MTK müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, müqavilədə yeni mənzilin 18-24 ay ərzində tikilərək iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, buna baxmayaraq aradan keçən beş il ərzində mənzilin yerləşdiyi bina sökülsə də yeni binanın tikintisinə başlanılmamış, üstəlik, müqavilədə yeni mənzil təhvil verilənədək ödənilməsi nəzərdə tutulan kirayə haqqı ödənişi 2021-ci ilin mart ayından etibarən verilməmiş, bununla da mənzilindən faktiki olaraq məhrum olan iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur.

20. Belə olan halda İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin iş materiallarında müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət edildiyini göstərən xəbərdarlıq məktubu və göndəriş qəbzi mövcuddur. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulduğundan tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir.

21. Bundan başqa, öhdəliyini icra etməyən borclu (cavabdeh) kreditora (iddiaçıya) dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırkı iş üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçı həm mənzilindən, həm də mənzil təhvil verilənə qədər başqa yerdə yaşaması ilə əlaqədar müqavilə ilə ona verilməsi müəyyən edilmiş aylıq kirayə haqqı ödənişindən məhrum olmuşdur. Belə olan halda o, həm məhrum olduğu mənzili, həm də ödənilməmiş kirayə haqqını cavabdehdən tələb etməkdə haqlıdır.

22. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-ci məhəllə, ev 77 ünvanında yerləşən, ümumi faktiki sahəsi 32.83 m2 olan, orta təmirli, bir otaqdan ibarət 13 saylı mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 82000 manat təşkil edir.

23. Məhkəmə hesab edir ki, mütəxəssis rəyi tərəfindən verilmiş bu məbləğ iddiaçının mənzildən məhrum olması, lakin əvəzində heç bir yeni mənzil ala bilməməsi nəticəsində ona dəymiş zərəri ödəyə bilər.

24. Bundan başqa, iş materiallarında olan hesabdan çıxarışdan cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017 – xx.xx.2018-ci il tarixləri arasında ödənişlər edildiyi görünür. Bununla belə iddiaçı vicdanlı şəkildə etiraf etmişdir ki, xx.xx.2018-ci ildən sonra 2021-ci ilin mart ayına qədər cavabdeh tərəfindən ödəniş edilmiş, sadəcə olaraq bank hesabına yox, nəğd şəkildə birbaşa ona verildiyindən hesabdan çıxarış məlumatlarında əks olunmamışdır. Öz növbəsində cavabdeh isə məhkəməyə bunun əksini (iddiaçıya 2021-ci ilin mart ayından sonrası üçün kirayə haqqını ödənildiyini) təsdiq edən heç bir sübut təqdim etməmişdir.

25. Halbuki mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

26. Hazırkı iş üzrə cavabdeh isə bütün məhkəmə iclaslarından məlumatlı olmasına, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ünvanına çatdırılmış olmasına (bu barədə poçt xəbərnamələri iş materiallarında mövcuddur) baxmayaraq, nə iddiaya hər hansı etirazını, yaxud dəlillərini məhkəməyə təqdim etmiş, nə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmişdir.

27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçıya dəymiş zərər (həm mənzilin dəyəri, həm də ödənilməmiş kirayə haqqı) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Ödənilməmiş kirayə haqqının hansı müddət üçün cavabdehdən tutulması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixdən 12 ay üçün müqavilədə nəzərdə tutulduğu kimi hər ay üçün 400 manat məbləğində kirayə haqqı tutulmasını tələb etmişdir. Məhkəmə qanunda göstərilən müstəsna hallardan başqa iddia tələbindən kənara çıxmağa haqlı olmadığından məhkəmə hesab edir ki, cavabdehin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçıya dəymiş zərərin (ödənilməmiş kirayə haqqının) əvəzi olaraq 4800 (12x400) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Son olaraq, Cavabdeh MTK-nın səlahiyyətli şəxsləri barəsində xüsusi qərardad çıxarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu müəyyən edilsə də cavabdehin əməlində cinayət tərkibi əlamətlərinin mövcudluğu müəyyən edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri.

30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 351 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur.

31. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu bütövlükdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə ləğv edilməli, Cavabdehndən 86800 (səksən altı min səkkiz yüz) manat məbləğində pul və 351 (üç yüz əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə ləğv edilsin. Cavabdehndən 86800 (səksən altı min səkkiz yüz) manat məbləğində pul və 351 (üç yüz əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar