Məhkəmə qərarları › İş №e-2(010)-2658/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2658/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2658/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2025-ci il tarixli, AN-№1352927 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə ona məxsus olmasına baxmayaraq cavabdeh tərəfindən ona təhvil verilmir və əşyalarını çıxarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Cavabdeh (Satıcı) və İddiaçı (Alıcı) arasında xx.xx.2025-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilədən müəyyən olunur ki, “Satıcı” ünvan 3 ünvanında (Yeni qaydalarla: AZ 1131, ünvan 1) yerləşən ümumi sahəsi 37.16 m2 olan 9 nömrəli mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən – tam hissəni “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” “Satıcı”dan satdığı tam hissəni 60000 manata alır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********23-05101-093026 reyestr nömrəli, ünvan 3 ünvanında (Yeni qaydalarla: AZ 1131, ünvan 1) yerləşən, ümumi sahəsi 37.16 m2 olan 9 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin cavabdehin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətin müdafiəsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********23-05101-093026 reyestr nömrəli, ünvan 3 ünvanında (Yeni qaydalarla: AZ 1131, ünvan 1) yerləşən, ümumi sahəsi 37.16 m2 olan 9 nömrəli mənzil xx.xx.2025-ci il tarixli notarial qaydada bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya satılmışdır. Daha sonra, iddiaçı həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan da göründüyü kimi, mübahisə predmetini təşkil edən mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəlik hüquq münasibətlərinə əsasən, hazırkı iş üzrə cavabdeh (satıcı) mülkiyyətində olan mənzili iddiaçının (alıcının) mülkiyyətinə verməyi, iddiaçı (alıcı) isə aldığı mənzilin dəyərini cavabdehə (satıcıya) ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləği – 60.000 manatı cavabdehə ödəsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürülmüş və mənzilin iddiaçının mülkiyyətinə verilməsindən ibarət öhdəliyini lazımı qaydada icra etməmiş, mənzili iddiaçının sahiblik və istifadəsinə verməmişdir. Halbuki, xx.xx.2025-ci il tarixli müqavilənin 6-cı bəndinə qeyd edilmişdir ki, “müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir”. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iş üzrə Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq onun şəxsiyyəti müəyyən edilmiş və sonuncunun iddia tələbinə dair münasibəti öyrənilmişdir. İş üzrə cavabdeh mobil telefon əlaqəsi zamanı iddia tələbini qəbul etdiyini, həmin tələbin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı öz mülkiyyətində olan mənzildən cavabdehin öz üzərinə düşən öhdəliklərini icra etməməsi nəticəsində məhrum olmuş, iddiaçıya məxsus mənzil cavabdehin qanunsuz sahibliyinə keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Avropa Konvensiyasının 8-ci maddəsində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi ilə bağlı presedentlərində mülkiyyət hüququna və mənzil hüququna müdaxilənin şərtləri öz əksini tapmışdır. Belə ki, bu müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsədlər daşımalı, istifadə edilən vasitələr həmin məqsədlərə mütənasib olmalı və bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, Slivçenko Litvaya qarşı və s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərin mövcudluğu ilə bağlayır: 1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən mənzilə cavabdehin sahiblik və istifadə ilə bağlı iddiaçının həmin mənzilə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmiş, sözügedən mənzilə iddiaçının mülkiyyət hüququna müdaxilənin qanuni məqsəd daşıması, bunun təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamış, cavabdehin həmin mənzilə sahiblik və istifadə etməsi ilə bağlı iddiaçının mülkiyyət hüquqlarına müdaxilə ilə əlaqədar iddiaçıya hər hansı kompensasiya təklif edilməmiş və ya ödənilməmiş, mülkiyyətçinin hüququ ilə mənzilə mülkiyyət hüququna müdaxiləyə haqq qazandıracaq ictimai tələbat arasında ədalətli tarazlığın təmin edilməsi halı baş verməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh ünvan 3 ünvanında yerləşən (Yeni qaydalarla: AZ 1131, ünvan 1) 9 nömrəli mənzildən çıxarılmalı, mənzil cavabdeh tərəfindən boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən (Yeni qaydalarla: AZ 1131, ünvan 1) 9 nömrəli mənzildən çıxarılsın, mənzil Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar