Məhkəmə qərarları › İş №e-2(010)-2805/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2805/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2805/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022xx.xx.2023-cü il tarixlərə 2125,48 manat borcu vardır.

2. xx.xx.2023-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

3. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 41,88 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

4. Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart vasitəsilə əməliyatlar apardığı və nəticədə banka ziyan vurduğu işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 2125,48 manat pul vəsaitinin və ona illik 5%-lə hesablanmış 61,99 manat əldən çıxamış faydanın, həmçinin, 41,88 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia tələbinə qarşı, qarşı tərəfin də mövqeyinin nəzərə alınmasını, bu məbləğin bank tərəfindən gəldiyini bilmədiyini, texniki səhv kimi dəyərləndirdikləri bir rüsumun onların tərəfdən ödənilməməsi barədə qətnamə çıxardılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, yoldaşı 2022-ci ildə hər hansısa marketdə 1 AZN satılan Kapital banka məxsus olan EDV kartı alıb. Həyat yoldaşı kuryer işləyir və o kartlardan sadəcə edv-lərdən istifadə edib, bir də balansına özü pul vurub istifadə edib. Yoldaşının heç bir təhsili, oxuması yazması yoxdur. Bu kartı alanda heç bir müqavilə imzalanmayıb. Yoldaşının istifadəsində olan karta iddiaçının iddia etdiyinə görə 2125,48 AZN məbləğ karta göndərilib, lakin karta göndərilən zaman heç bir bildiriş göndərilməyib. Xanmurad karta göndərilən pulun edv-lərdən gəldiyini düşünüb, çünki bank tərəfindən xəbərdarlıq olunmayıb.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2805/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır.

İddia tələbinin dəlilləri

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 20.7-22.9.2022 tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 2187,48 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Tərəflərin izahatları

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

10. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə bütün məhkəmə iclasına iştirakları olmadan baxılması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı

Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart üzrə əməliyatlar aparmış və nəticədə banka 2125,48 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, texniki səhv nəticəsində onun kartına köçürülən pul məbləğinin bank tərəfindən gəldiyini bilmədiyini, sadəcə olaraq həmin pulun ƏDV-lərdən yığıldığını güman etmiş, bu səbəbdən iddia tələbilə razılaşmadığını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş çıxarışa əsasən cavabdehin 416973******1647 nömrəli kart hesabına pul məbləğlərinin köçürülməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında əsassız varlanma nəticəsində əmələ gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etmişdir. Yəni, cavavdehin bu cür varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 2125,48 manat pulun tutulması barədə tələb əsaslıdır.

16. Məhkəmə iddianın illik 5%-lə hesablanmış 61,99 manat əldən çıxmış faydanın tutulması tələbinə dair hissəsinə qiymət verərkən hesab edir ki, həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaslanaraq gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə yaranır. Hazırki iş üzrə tərəflər arasındakı öhdəlik münasibətləri isə müqavilə əsasında deyil, əsassız varlanma nəticəsində yaranmışdır. Halbuki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaslanaraq illik beş faiz ödənilməsini tələb etmək hüququnun yaranması üçün tərəflər arasında müqavilə münasibətləri mövcud olmalıdır. Çünki mülki qanunvericiliyə əsasən borclunun icranı gecikdirməsi dedikdə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi başa düşülür. Hazırki iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmadığı üçün borclunun icranı gecikdirməsi halları yaranmır və bu səbəbdən iddiaçının qeyd olunan normalara istinad edərək əldən çıxmış fayda tələb etmək hüququ yoxdur.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,70 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1,18 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2125,48 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2125,48 (iki min bir yüz iyirmi beş manat qırx səkkiz qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,70 (qırx manat yetmiş qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 1,18 (bir manat on səkkiz qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar