Məhkəmə qərarları › İş №e-2(010)-2808/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2808/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2808/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 13626.65 manat pul vəsaitinin və ona illik 5%-lə hesablanmış 397.44 manat əldən çıxmış faydanın, həmçinin 132.07 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının nömrəsi ********************) 27.07xx.xx.2022-ci il tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 13626.65 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhv baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum edilməli, onlardan əsassız olaraq məhrum olmuş iddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu bildirmiş, məhkəmədən bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddianın tam təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, ondan tələb edilən 13626.65 manat məbləğində pulla razıdır, lakin faizlə razılaşmır. Ona görə ki, iddiaçı Bankla aralarında heç bir müqavilə bağlanmamışdır. Bank tərəfindən onun hesabına 2022-ci ilin iyul-sentyabr aylarında hissə-hissə olmaqla, təxminən 15000 manata yaxın məbləğdə pul köçmüşdür. Pul hesabına 50, 70, 400, 2100 və s. məbləğlərdə köçdüyündən həmin pulları bonus bilib xərcləmişdir. O, yalnız əsas borc məbləğini ödəyə bilər.

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

6. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh “Bir card EDV” kart növü üzrə 13626.65 manat məbləğində qalıq borcu qalmışdır.

7. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

8. Cavabdeh İddiaçı ASC tərəfindən verilmiş “Birkart EDV” ödəniş kartının istifadəçisi olmuşdur.

9. xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında Cavabdeh kart hesabının balansında faktiki olaraq kifayət qədər vəsait olmaması və hesabın kreditləşməsinin baş verməsi nəticəsində həmin kartdan nağdsız ödəniş əməliyyatları həyata keçirmiş, nəticədə 13626.65 manat məbləğində borcu yaranmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

13. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçı Banka məxsus ödəniş kartı istifadəçisi olmuşdur. Lakin hesabda kifayət qədər vəsait olmadığı halda baş verən kreditləşmə nəticəsində xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında kart sahibi (cavabdeh) tərəfindən nağdsız ödəniş əməliyyatları icra edilmiş, nəticədə hesabda 13626.65 manat məbləğində qalıq borc yaranmışdır. Hazırda iddiaçı Bank cavabdehin özünə aid olmayan həmin pulu istifadə edərək Bank hesabına əsassız varlandığını iddia edir və cavabdehi əsassız varlandıran həmin vəsaiti cavabdehdən tələb edir.

14. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ödəniş kartı vasitəsilə özünə aid olmayan 13626.65 manat məbləğində vəsaitdən isifadə etmişdir. Nəzərə alınmalıdır ki, kartın sahibi cavabdeh olduğuna görə həmin kartın hesabında nə qədər vəsait olduğunu cavabdeh bilirdi (bilməli idi). Bu baxımdan o, həmin kartla müxtəlif nağdsız ödəniş əməliyyatları həyata keçirərkən bunun limitdən kənar, artıq köçürülmüş vəsait olduğunu da bilirdi (bilməli idi). Buna baxmayaraq cavabdeh özünə məxsus olmadığını bildiyi vəsaiti istifadə etmişdir.

15. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC hesabına əsassız varlanmışdır. Belə ki, o, heç bir qanuni əsas və ya müqavilə əsası olmadan Banka məxsus 13626.65 manat məbləğində vəsaitdən istifadə etmişdir. Odur ki, iddiaçı Bank cavabdehi əsassız varlandıran həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

16. İddia tələbinin növbəti hissəsi öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 397.44 manat məbləğində əldən çıxmış fayda ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, yuxarıda (§ 10) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

17. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı hesabına əsassız varlandığından o, özünü əsassız varlandıran vəsaiti iddiaçıya qaytarmaq öhdəliyi daşımışdır. Buna baxmayaraq həmin öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda iddiaçı öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün illik beş faizlə əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddiaçı Bank tərəfindən bu əsasla cavabdehdən tələb edilən pulun məbləği ilə qismən razılaşmır. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə kart hesabından özünə məxsus olmayan vəsaiti istifadə etmişdir. Həmin tarixdən bu iddia ərizəsinin verildiyi vaxtadək 7 ay vaxt keçmişdir. Belə olan halda cavabdehdən onu əsassız varlandıran 13626.65 manat məbləğində pulun məhz 7 ay ərzində qaytarılmasının gecikdirilməsinə görə illik beş faizlə pul tutulmalıdır. Bu pulun məbləği isə 397.39 manatdır (13626.65x5/100=681.33; 12 ay = ~681.33; 1 ay = ~56.77 (681.33/12); 7 ay = 397.39). Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 132.07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 132.07 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13626.65 manat və 397.39 manat məbləğində əldən çıxmış fayda və 132.07 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13626.65 manat (on üç min altı yüz iyirmi altı manat altmış beş qəpik), 397.39 manat (üç yüz doxsan yeddi manat otuz doqquz qəpik) əldən çıxmış fayda və 132.07 manat (yüz otuz iki manat yeddi qəpik) dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar