Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2835/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Hafı̇ s qızının cavabdeh Məmmədov Elməddı̇ n Əlövsət oğluna qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlu X2, xx.xx.2013-cü il tarixdə anadan olmuş oğlu X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş qızı X6 ilə birlikdə ünvan 1, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.2010-cu il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X2, xx.xx.2013-cü il tarixdə X3 və xx.xx.2017-ci il tarixdə X6 anadan olmuşdur. 2017-ci ilin oktayabr ayından cavabdehlə birlikdə mübahisəsi olunan, cavabdehin adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V. Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsində yaşamışlar və 2023-cü ilin dekabr ayının 8-də cavabdeh mənzilin kilidini dəyişməklə onu övladları ilə birlikdə yaşadıqları və istifadə etdikləri mübahisəli evdən çıxarmışdır. Cavabdeh onu və uşaqları yaşadıqları mübahisəsi olunan mənzildən çıxarandan sonra bu günə kimi o, valideynlərinin evində müvəqqəti yaşamağa məcbur olmuşdur. Artıq vəziyyət o həddə çatmışdır ki, o, valideynlərinin evində deyil, öz evində yaşamalıdır. Dəfələrlə mübahisəli evə getsə də, cavabdeh onu və uşaqlarını mübahisəli evə daxil olmağa imkan verməmişdir. Hətta elə bir hal olmuşdur ki, o və övladı mübahisəli evdən yay paltarlarını götürmək istəmiş, cavabdeh buna imkan verməmişdir. Qeyd etdiyi kimi artıq o və uşaqları valideynlərinin evində yaşamaq istəmirlər. Öz evləri olduğu halda başqa yerdə yaşamaq, həmin şəxslərə əziyyət vermək istəmirlər. Bundan başqa uşaqları mübahisəli evin yaxınlığında yerləşən 141 saylı tam orta məktəbdə oxuyurlar. Valideynlərinin evində yaşamaqla onlar məktəbə getməkdə çətinlik çəkirlər.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Xahişini onunla əsaslandırdı ki, iddiaçı uzun müddət ailə münasibətlərinə əsaslanmaqla mübahisəli mənzildə yaşamışdır.
5. Məhkəmə iclasında İddiaçı vəkili (nümayəndəsi) ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, hazırki iddia tələbi əsassızdır və bu səbəbdən təmin edilməməlidir.
İş materialları.
7. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X4 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Arvada Məmmədova soyadı verilmişdir.
8. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. AZ-T seriyalı, 272094 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
11. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil Bakı şəhəri 24 saylı DNK-nın 4Ə-13 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə X5 mülkiyyətinə keçmişdir. Daha sonra, Bakı şəhəri 24 saylı DNK-nın 4Ə-216 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil Cavabdeh mülkiyyətinə keçmişdir.
12. xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, ünvan 1, mənzil 13-də yerləşən ümumi sahəsi 44 kv.m olan iki otaqlı mənzil hədiyyə verən X7 tərəfindən hədiyyə alan Cavabdeh bağışlanmışdır.
13. ********** nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ümumi sahəsi 44 kv.m olan və ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil Cavabdeh mülkiyyətindədir.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1551/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İşin faktiki halları.
15. İşin faktiki halları ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, mülkiyyət hüququ onun cavabdehlə birgə nikahı dövründə yaranıb. Tərəflərin nikahları pozulmuş, cavabdeh mənzili tərk etmişdir. iddiaçı tərəf hazırki mübahisə obyekti olan mənzildən cavabdeh tərəfindən çıxarıldıqlarını bildirir və hazırda övladları ilə birlikdə həmin mübahisəli mənzilə köçürülməsini tələb edir. Tələbini onunla əsaslandırır ki, uzun müddət ailə münasibətlərinə əsaslanmaqla, həmin mənzildə yaşamış, onun daimi yaşamağa başqa yeri yoxdur. Cavabdeh tərəf isə hesab edir ki, hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Etirazını onunla əsaslandırır ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir, mübahisəli mənzil isə birgə vəsait hesabına alınmış hesab edilə bilmədiyinə görə cavabdehin həmin mənzilə hüquqları yoxdur. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225. Ər-arvadın ümumi mülkiyyəti 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli Qərarı Həmin qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli, 55- №li Qanunu:
M a d d ə 2 . Yaşayış yeri və olduğu yer anlayışları
On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
24. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı tələbə hüquqi qiymət verilməsi üçün iddiaçının mübahisəli mənzilə olan hüquqlarının həcminə aydınlıq gətirilməlidir. Mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının müəyyən edilməsi üçün məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli Qərarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh 2010-cu il tarixdə nikaha daxil olmuş və qeyd olunan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil xx.xx.2015-ci il tarixdə Cavabdeh mülkiyyətində keçmişdir. Başqa sözlə, tərəflərin ailə münasibətləri 2010-cu il tarixindən başlamış, cavabdehin mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixindən yaranmışdır.
25. Mənzilin hüquqi statusu baxımından, məhkəmə qeyd edir ki, qeyd olunan mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsinə baxmayaraq, lakin iş materiallarından göründüyü kimi, həmin mənzil xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında X7 tərəfindən Cavabdeh bağışlanmışdır. Yuxarıda qeyd olunan mülki qanunvericilik normalarından aydın olduğu kimi, tərəflərin nikah dövründə həddiyyə şəklində və yaxud vərəsəlik qaydasında əldə etdikəri əmlak onların birgə mülkiyyəti deyil, hər birinin ayrıca mülkiyyəti hesab edilir. Əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi üçün iki şərtin olması vacibdir. Birincisi əmlak birgə nikah dövründə alınmalıdır, ikincisi əmlak birgə vəsait hesabına alınmalıdır. Hazırkı halda əmlak birgə vəsait hesabına alınmamışdır. Deməli qeyd olunan mənzil tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. İddiaçının həmin mənzilə yalnız istifadə hüququ ola bilərdi. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları rəhbər tutulmaqla həll edilməlidir.
26. İddiaçının övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi ilə bağlı qeyd edilməlidir ki, hazırki iddia tələbinə AR Mənzil Məcəlləsinin müddəalarının tətbiq edildiyini nəzərə alsaq, iddiaçının qeyd olunan mənzilə istifadə hüququ mövcud deyildir. Belə ki, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsidə qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, tərəflərin xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Deməli hazırda tərəflər arasında ailə münasibətləri yoxdur. Belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur. Qeyd edilməlidir ki, idida tələbində iddiaçı ilə birlikdə tərəflərin nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan övladlarının da mənzilə köçürülməsi xahiş edilmişdir. Tələbin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də təmin edilə bilməz. Ona görə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış uşaqlar anaları-İddiaçı himayəsində saxlanılmışdırlar. Yuxarıda istinad edilən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanunun 2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların yaşayış yerləri onların himayələrində qaldıqları valideynlərinin yaşayış yerləri sayılır. Nə dədər ki, yetkinlik yaşına çatmayanlar iddiaçının himayəsinə verilmişlər və hazırkı tələb iddiaçıya münasibətdə tələb təmin edilməyib, belə olduğu halda tələb birgə nikahdan anadan olan uşaqlara münasibətdə də tətbiq edilə bilməz. Ona görə ki, onların yaşayış yerləri analarının yaşadığı yer hesab olunur. Lakin bununla belə, məhkəmə yetkinlik yaşına çatmayanların mübahisəli mənzilə hüquqlarının olub-olmaması məsələsinə qiymət vermir və hazırkı tələbin onlara münasibətdə də rədd edilməsi onların mübahisə obyekti olan mənzilə hüquqlarının olmaması anlamına gəlməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan halları nəzərə almaqla iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Hafı̇ s qızının cavabdeh Məmmədov Elməddı̇ n Əlövsət oğluna qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Hafı̇ s qızının cavabdeh Məmmədov Elməddı̇ n Əlövsət oğluna qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.