Məhkəmə qərarları › İş №e-2(010)-2876/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2876/2025

03.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2876/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı müqavilələrin, maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənzillərin boşaldılaraq təhvil verilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı müqavilələrin, maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənzillərin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev 5 ünvanında yerləşən yeni hündürmərtəbəli binada 137 m2 sahəsi olan 3 otaqlı, həmçinin eyni binada 87.1 m2 sahəsi olan 2 otaqlı mənzillərə dair iddiaçının adına müqavilələrin, borcun olmaması barədə maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin mənzillərin təmirli və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlər edilməklə və həmçinin aldadılmaqla Suraxanı rayonu, Ə. Mehbalıyev 5 küçəsində yerləşən binada 3 və 2 otaqlı mənzili sökülmüş və hazırda sökülmüş mənzillərinin əvəzində ev verilməsi üçün cavabdeh tərəfindən əsassız pul tələb edilir. Cavabdeh barəsində aidiyyəti qurumlara və özünə müraciət etməyinə baxmayaraq, o, yeni tikilən binada mənzilləri və müvafiq olaraq müqavilələri iddiaçıya təqdim etmir. Cavabdehin rəhbərliyi iddiaçıya məxsus eyni ünvanda yerləşən 10 saylı, 3 otaqlı, 107 kvadrat metr sahəsi olan mənzili sökmüş, əvəzində 3 otaqlı mənzil verilməsi üçün iddiaçıdan əlavə pul tələb edir. Halbuki, müqavilədə 107 kvadrata əlavə olaraq 20-30% artıq yer verməli olduğu halda iddiaçını tam 3 otaqlı mənzillə təmin etmir. Eynilə 2 otaqlı mənzilə dair də həmin qanunsuz hərəkətləri edir. Cavabdeh iddiaçıya Suraxanı rayonu, Ə. Mehbalıyev 5 ünvanında yerləşən 10 saylı mənzilə görə 137 kvadrat metr sahəsi olan və həmçinin eyni binada olan 9 saylı 2 otaqlı mənzilinə görə 87.1 kvadrat metr sahəsi olan 2 otaqlı mənzil verməlidir. Cavabdeh qanunsuz olaraq iddiaçıdan əsassız pul tələb edir və bunda da dövləti günahlandırır ki, dövlət 16 mərtəbə tikməyə qoymamışdır. Halbuki, bu binaları sökməklə və yeni binalar tikməklə cavabdeh kifayət qədər pul qazanmış olur. Cavabdeh rəhbərliyi və Suraxanı rayon İcra Hakimiyyətindən olan nümayəndələrlə mənzillər sökülməmişdən qabaq görüşlərdə həm cavabdehin rəhbərliyi, həmçinin Suraxanı rayon İcra Hakimiyyəti söz vermişdi ki, onları tam razı salıb yeni tikiləcək binada qanuni hazırkı sahədən 30% çox olmaqla 3 və 2 otaqlı təmirli mənzillər veriləcək. Lakin, verilən vədlər və müqavilə üzrə cavabdehin götürdüyü öhdəlik yerinə yetirilmir və əksinə onlardan əlavə olaraq yeni tikiləcək binada tam 3 və 2 otaqlı mənzillər üçün hər kvadrat metr üçün 2000 manata yaxın pul tələb edilir. Faktiki olaraq iddiaçı ilə cavabdeh arasında söküləcək mənzillərə dair yazılı razılaşma olmuş və həmçinin cavabdeh tam olaraq bütün tələblərin müsbət həllinə dair iddiaçıya vəd vermişdir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərdə mənzilin sahəsi az görsənsə də, mənzildə əlavə artırmalar olmuş və mənzilin sahələri sənəddə göstəriləndən çox olmuşdur. Bina köhnə 2 mərtəbəli bina olduğundan sərbəst artırmalar edilmişdir. Təkcə iddiaçıda deyil, digər sakinlərdə də bu hal vardır. Təbii ki, iddiaçı və cavabdehlə razılaşmaya əsasən, müvafiq olaraq mənzillərin faktiki vəziyyəti və ölçüsü hesablanmış və buna dair mənzil sökülməmişdən əvvəl müqavilə bağlanmışdır. İndi isə cavabdeh müxtəlif bəhanələrlə iddiaçıdan əlavə vəsait tələb edir ki, bu da əsassızdır. Yəni, müqaviləyə əsasən, cavabdeh iddiaçıya Suraxanı rayonu, Ə.Mehbalıyev 5 ünvanında yerləşən 10 saylı mənzilə görə 137 kvadrat metr sahəsi olan və həmçinin eyni binada olan 9 saylı 2 otaqlı mənzilinə görə 87.1 kvadrat metr sahəsi olan 2 otaqlı mənzil verməlidir. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfin nümayəndəsi onlarla ilkin müqavilə bağlanan zaman mənzillərə dair yalnız çıxarışların təqdim edildiyini, lakin texniki pasportların təqdim edilmədiyini iddia edir. Lakin, bu belə deyil. Belə ki, cavabdehlər aralarında müvafiq ilkin müqavilə bağlanan zaman o, mənzilə dair bütün sənədləri – çıxarışları və texniki sənədləri təqdim etmişdir. Digər tərəfdən, cavabdeh ona məxsus iki otaqlı mənzilin yaşayış üçün əlverişli olmadığını qeyd etsə də, həmin mənzildə təmir işləri görülməsi üçün hazırlıq işləri görülmüş və tikinti materialları alınmışdır. Müvafiq mənzilin hamam otağından başqa bütün otaqları yaşayışa tam hazır olmuş, yalnız hamam otağı sökülmüş vəziyyətdə olmuşdur. O, cavabdeh şirkətin həmin ərazidə apardığı digər tikililərlə bağlı başqa vətəndaşlara problemlər yaşadığını eşitmiş, lakin buna inanmamışdır. Belə ki, yerli icra hakimiyyəti orqanının nümayəndələri də onlarla söhbətlər aparmış və yeni mənzillə təmin olunacaqları bildirmişdir. Məhz onların sayəsində həmin binada yaşayan çox saylı qonşuları da cavabdeh şirkətlər müqavilə bağlamış və mənzillərini tərk etmişlər. Binanı ilk tərk edən sakinlər də onlar olmuşdur. Hazırda isə cavabdeh onlara mənzillərinin ümumi sahəsindən az sahədə mənzil vermək istəyir ki, bu yolverilməzdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə istinad edərək, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin vəkili tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən mənzilin məhz iddiaçıya təhvil verilməli olan mənzil olduğunu qeyd etsə də, bu tamamilə yanlışdır. Çünki, iddiaçının mülkiyyətində olan 9 saylı mənzilin ümumi sahəsi 52 kv.metr olsa da, həmin mənzilin eyvan hissəsi də texniki pasportda qeyd edilmiş və rəsmiləşdirilmişdir. Yəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin artırmalarının, yəni eyvan hissəsinin əks olunmaması, lakin mənzilə dair texniki pasportda həmin hissənin qeyd edilməsi eyvanın ümumiyyətlə olmaması nəticəsinə gəlməyə əsas vermir. İş materiallarına əlavə edilmiş çıxarış və texniki pasport 10 ildən artıq müddətdir ki, verilmiş və həmin dövrdə açıq eyvanlar ümumiyyətlə çıxarışda göstərilmədiyi üçün iddiaçının mənzilinə münasibətdə hesablanmamışdır. Həmin dövrdə açıq eyvanlardan fərqli olaraq qapalı eyvanların isə 1/3 hissəsi çıxarışda və texniki pasportda qeyd edilirdi. Həmçinin, tərəflər arasında müqavilə bağlanan zaman təhvil veriləcək binanın layihəsi tərtib edilmədiyindən, yeni inşa ediləcək binada mənzillərin ümumi sahəsinin neçə kv.metr olacağını güman etmək mümkünsüzdür. Müqavilədə məhz “göstərilən mənzilin sahəsi” ifadəsi qeyd edilmişdir ki, bu da mənzilin təhvil verilməli olan mənzil olduğu mənasına gəlməyə əsas vermir. Qeyd edilənlərə əsasən söyləmək olar ki, müqavilədə nəzərdə tutulan mənzillərin ümumi sahəsi məhz iddiaçıya məxsus mənzillərin sökülməmişdən əvvəl mövcud olmuş sahəsini əks etdirir və yeni təhvil veriləcək mənzillərin ümumi sahəsinə aid deyil. Tərəflər arasında yaranmış mübahisə də məhz müqavilədə qeyd edilən sahənin əvvəlki, yoxsa yeni mənzilin sahəsini özündə əks etdirməsi ilə bağlıdır. Hazırda məhkəməyə təqdim edilən çoxmərtəbəli yaşayış binasının layihəsindən də görünür ki, həmin binada müqavilədə iddiaçıya verilməsi nəzərdə tutulan mənzillərin ümumi sahəsinə uyğun heç bir mənzil təsvir edilməmişdir. Buna görə də, cavabdehin iddiaya etirazı əsassız olmaqla nəzərə alınmamalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus mənzillərin əvəzinə təhvil verilməli olan mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən məlumatlar əsasında müəyyən edilmiş və müqavilədə göstərilmişdir. İddiaçı tərəf bunun əksini iddia edirsə, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı ilə aralarında müqavilə bağlanan zaman ona rəsmi sənəd kimi çıxarış təqdim edilmiş, təhvil veriləcək mənzilin sahəsi məhz həmin sənədə əsasən hazırlanmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf onlara təhvil verilməli olan mənzillərin müqavilədə nəzərdə tutulmuş mənzillər olmadığını, 2 otaqlı, ümumi sahəsi çıxarışda 52 kv.metr qeyd olunan mənzilin həqiqi sahəsinin əslində texniki pasportda qeyd edildiyi kimi 67 kv.metr, 3 otaqlı, ümumi sahəsi çıxarışda 62 kv.metr qeyd olunan mənzilin həqiqi sahəsinin əslində texniki pasportda qeyd edildiyi kimi 107 kv.metr olmasını iddia etsələr də, bunlara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Hamıya məlumdur ki, mənzilə dair əvvəlcə texniki pasport tərtib edilir, daha sonra həmin pasport əsasında mənzilə çıxarış verilir. Texniki pasportda qeyd edilən sahə ilə çıxarışda qeyd edilən sahənin üst-üstə düşməməsi ilə mümkün deyil. İddiaçıya da cavabdeh tərəfindən çıxarışda qeyd edilən sahələrdən 20-30% artımla hesablanan daha böyük sahəli mənzillər verilməsi təklif edilmiş və bu təklif tərəflər arasında bağlanan müqavilədə rəsmiləşdirilmişdir. Əgər, iddiaçı tərəf iddia edirsə ki, həmin mənzillərin sahəsi həqiqətən çıxarışda qeyd ediləndən daha artıqdır, o zaman dövlət orqanından bu barədə rəsmi sənədlər məhkəməyə təqdim edilməlidir. Lakin, iddiaçı tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, müqavilədə 3 otaqlı mənzilin əvəzi kimi verilməsi nəzərdə tutulan və ümumi sahəsi 107 kv.metr göstərilən mənzilin əslində iddiaçının mövcud mənzili kimi qəbul edilməsi həm də ona görə mümkün deyil ki, 1935-ci il tarixində tikilmiş binada ümumi sahəsi 100 kv.metrdən çox olan mənzilin inşası həmin dövrün tələbləri baxımından imkansızdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş cavabdehin (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda tərəflər arasında yaranmış mübahisəyə oxşar məsələlərlə bağlı yuxarı instansiya məhkəmələri tərəfindən müvafiq qərarlar qəbul edilmiş və müəyyən məhkəmə təcrübəsi formalaşmışdır. Şübhəsizdir ki, tərəflər arasında müvafiq müqavilə bağlanmış və öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırkı iş üzrə cavabdeh iddiaçı ilə aralarında yaranan öhdəlik hüquq münasibətlərinə uyğun olaraq mənzilləri iddiaçıya təhvil verməyi öz üzərinə götürmüşdür. Lakin, mübahisə məhz təhvil verilməli mənzillərin ümumi sahəsi ilə əlaqədardır. İddiaçı iddia edir ki, ona cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş sahədən artıq həcmdə mənzillər təhvil verilməlidir. Halbuki, buna dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı həmçinin onu da iddia edir ki, cavabdeh tərəfindən öhdəliyin icrası gecikdirilmiş və vaxtında yerinə yetirilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin yanvar ayının 1-dən başlayaraq aylıq kirayə haqqı ödənilmiş və həmin tarixdən 2 illik müddət hələ də başa çatmamışdır. Yeni inşa edilən çoxmərtəbəli binanın layihəsi iddiaçıya təqdim edilmiş və mənzillərin təqdim edilməsi təklif olunmuşdur. Bir daha qeyd edilməlidir ki, cavabdeh öhdəliyin icrasından yayınmır. Həmin binada müvafiq olaraq 105 kv.metr və 116 kv.metr ümumi sahəsi olan mənzillər vardır ki, iddiaçıya təhvil verilməli olan 107 kv.metr ümumi sahədən ibarət mənzilin əvəzinə 105 kv.metr ümumi sahəsi olan mənzil verilməsi, geriyə qalan 2 kv.metr sahənin isə kompensasiya edilməsi mübahisənin ədalətli həll yoludur. Lakin, iddiaçı tərəf bununla razılaşmır və formal mülahizələrdən çıxış etməklə müqavilədə razılaşdırılmış mənzillərdən savayı ümumi sahəsi daha böyük mənzillərin əldə edilməsinə çalışır. İlkin razılaşma müqaviləsində qeyd edilən sahə iddiaçının mənzilinin çıxarışında qeyd edilən və mənzilin digər artırmaları nəzərə alınan sahəsinin 20% artımını ehtiva edir. Mənzilə dair texniki pasportda qeyd edilən sahə mənzilin hüquqmüəyyənedici sənədi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun olmalıdır. Fərdi yaşayış evlərində bu rəqəmlər uyğun gəlməyə bilsə də, mənzillərdə belə halların baş verməsi mümkün deyil. İddiaçı ilə müqavilə bağlanan zaman da məhz mənzilin çıxarışda qeyd edilən sahəsi nəzərə alınmış və müqavilədə təhvil veriləcək yeni mənzilin ümumi sahəsi əks edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Cavabdeh (MTK) və İddiaçı (Sakin) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin razılaşma müqaviləsinin surətindən müəyyən olunur ki, “MTK” tərəfindən ünvan 3 ünvanında tikiləcək binadan “Sakin”ə, onun mənzilinin (Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 5, mənzil 10) faktiki kvadratından 20-30% əlavə verilməsi, “Sakin”in köhnə mənzilinin əvəzinə yeni təmirli mənzillə təmin edilməsi, yeni bina inşa olunana qədər kirayə haqlarının “Sakin”ə ödənilməsi öhdəliyini “MTK” öz üzərinə götürmüşdür. Qarşılıqlı hesablaşma sahəsi üzrə göstərilən mənzil 3 otaqdan ibarət, ümumi sahəsi 107 m2-dir. Cavabdeh (MTK) və İddiaçı (Sakin) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ilkin razılaşma müqaviləsinin surətindən müəyyən olunur ki, “MTK” tərəfindən ünvan 3 ünvanında tikiləcək binadan “Sakin”ə, onun mənzilinin (Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 5, mənzil 9) faktiki kvadratından 20-30% əlavə verilməsi, “Sakin”in köhnə mənzilinin əvəzinə yeni təmirli mənzillə təmin edilməsi, yeni bina inşa olunana qədər kirayə haqlarının “Sakin”ə ödənilməsi öhdəliyini “MTK” öz üzərinə götürmüşdür. Qarşılıqlı hesablaşma sahəsi üzrə göstərilən mənzil 2 otaqdan ibarət, ümumi sahəsi 67 m2-dir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Əhməd Mehbalıyev prospektində istifadədə olan 0.0488 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində 62 m2 ümumi, 47 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 26296 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********94-05101-093010 reyestr nömrəli, ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 38 m2, yardımçı sahəsi 14.1 m2 olan 2 otaqlı, 9 nömrəli mənzil iddiaçının mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2015 nömrəli reyestr kitabının 186209 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən – 1) müqavilələrin, maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 2) mənzillərin təmirli və boşaldılaraq təhvil verilməsindən ibarətdir. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış bu və ya digər müqavilənin, eləcə də həmin müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışının deyil, gələcəkdə bağlanması nəzərdə tutulan müqavilənin və ona müvafiq olaraq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinin mənasına görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tərəflər arasında bağlanmış müvafiq müqavilədə bu barədə könüllü öhdəlik götürülməmişsə və ya bu kimi hərəkətlər qanundan irəli gəlmirsə cavabdehin bu və ya digər müqavilə bağlamağa məcbur edilməklə müqavilənin və ona müvafiq olaraq maliyyə arayışının verilməsinin qanuni əsası mövcud deyil. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev prospektində istifadədə olan 0.0488 ha torpaq sahəsində yerləşən, 5 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 m2 olan, 3 otaqlı, 10 nömrəli və ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 52.1 m2 olan, 2 otaqlı, 9 nömrəli mənzilləri sökməyi, iddiaçını həmin mənzillərin yerində inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında müvafiq olaraq ümumi sahəsi 107 m2 və 67 m2 olan mənzillərlə təmin etməyi, binanın inşası dövründə müvəqqəti yaşayışlarını təmin etmək üçün iddiaçı və ailə üzvlərinə aylıq 400 manat kompensasiya məbləği ödəməyi, iddiaçı isə xüsusi mülkiyyətində olan mənzillərin əvəzinə yeni inşa ediləcək çoxmənzilli yaşayış binasında onlara verilməsi nəzərdə tutulan mənzilləri qəbul etməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər alğı-satqı və podrat müqaviləsi üzrə əsas öhdəlikləri əhatə edən qarışıq müqavilə bağlamışlar. Tərəflər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri müəyyən hissədə icra etmiş, belə ki, iddiaçı mülkiyyətində olan mənzilləri sökülmək üçün MTK-ya təhvil vermiş, mənzillər sökülərək yerində yeni bina tikilməkdədir. Bu müddətdə cavabdeh tərəfindən iddiaçıya vaxtaşırı kirayə pulunun ödənilməsi faktı mübahisələndirilməmişdir. İddiaçı tərəfin mövqeyinə əsasən, cavabdeh hüquqi şəxs aralarında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olaraq, ümumi sahəsi 87.1 m2 olan, 2 otaqlı və 137 m2 olan, 3 otaqlı mənzilləri iddiaçının mülkiyyətinə verməli olsa da, bunu etməmiş, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 02 ədəd ilkin razılaşma müqavilələrinin “Qarşılıqlı hesablaşma sahəsi” adlanan 2-ci bölməsində qeyd edilən mənzillər xüsusi mülkiyyətdə olan mənzillərin faktiki sahələrini əks etdirsə də, cavabdeh tərəfindən təhvil verilməli olan mənzillər kimi şərh edilmiş və bununla da, iddiaçının mülkiyyət maraqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq, aralarında bağlanmış 02 ədəd ilkin razılaşma müqavilələrində göstərilən mənzillərin əslində müqavilə münasibətlərindən irəli gələn və iddiaçıya təhvil verilməli mənzillər olduğunu qeyd etmiş və təhvil verilməli mənzillərin ümumi sahəsinin hesablanması zamanı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məlumatlarının əsas götürüldüyünü bildirmişdir. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti məhz xx.xx.2022-ci il tarixli ilkin razılaşma müqavilələrində qeyd edilən mənzillərin mövcud, yoxsa sonrakı mənzillər olması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev prospektində istifadədə olan 0.0488 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində 62 m2 ümumi, 47 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzil və həmin ünvanda yerləşən yaşayış sahəsi 38 m2, yardımçı sahəsi 14.1 m2 olan 2 otaqlı, 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarının tədqiqi nəticəsində iddiaçının xüsusi mülkiyyətində olan mənzillərin ümumi sahəsinin müvafiq olaraq 3 otaqlı 62 m2 və 2 otaqlı 52.1 m2 olması aşkar edilir. Adi hesablama qaydasında 62 m2 ümumi sahəsi olan mənzilin 20% artıma uyğun gələn sahəsinin – 74.4 m2, 30% artıma uyğun gələn sahəsinin – 80.6 m2, 52.1 m2 ümumi sahəsi olan mənzilin 20% artıma uyğun gələn sahəsinin – 62.52 m2, 30% artıma uyğun gələn sahəsinin – 67.73 m2 olması müəyyən edilir. Tərəflər arasında bağlanmış müvafiq ilkin razılaşma müqavilələrində müqavilənin digər tərəfinə, yəni hazırkı iş üzrə iddiaçıya mövcud mənzillərin faktiki kvadratından 20- 30% artımla yeni mənzillərin veriləcəyi razılaşdırılmışdır. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında 2 otaqlı mənzilə görə veriləcək yeni mənzilin ümumi sahəsinin 30% artımla, 3 otaqlı mənzilə görə isə əlavə artırılmalar olduğuna görə 20% artımla hesablandığını məhkəmənin diqqətinə çatdırmışdır. Bununla belə, iddiaçı tərəf qeyd edilən ilkin razılaşma müqavilələrində nəzərdə tutulan mənzillərin ümumi sahəsinin gələcəkdə verilməli olan mənzillərin deyil, məhz mövcud mənzillərin sahələrini əks etdirmələrini iddia etsələr də, qeyd edilənlərin təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İş materiallarında olan mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında qeydə alınan sahələr müvafiq olaraq 62 m2 və 52.1 m2 təşkil edir. Məhkəmə ilk növbədə iki otaqlı mənzilə münasibətdə qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan iki otaqlı mənzilin çıxarışa əsasən ümumi sahəsi 52.1 m2 olsa da, tərəflər arasında bağlanmış ilkin razılaşma müqaviləsinin şərtlərinə və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən, həmin mənzilin əvəzində verilməli olan yeni mənzilin sahəsi 30% artımla 67.73 m2 təşkil etməli idi. Lakin, ilkin razılaşma müqaviləsində təhvil verilməli olan yeni mənzilin ümumi sahəsi 67 m2 qeyd edilmişdir. Belə olan halda, iddiaçı ilkin razılaşma müqaviləsində qeyd edilən sahəyə (67 m2) malik mənzili qəbul etməklə, yerdə qalan 0.73 m2 sahənin real bazar qiymətini kompensasiya məbləği kimi cavabdehdən tələb edə bilər. Lakin, bu istiqamətdə tərəflər arasında razılıq əldə edilməmiş, iddiaçı mənzilin ümumi sahəsinin əslində 67 m2-dən ibarət olması ilə bağlı mövqeyini dəyişməmiş və ona 87.1 m2 ümumi sahəsi olan iki otaqlı mənzil verilməli olduğunu təkid etmişdir. Üç otaqlı mənzilə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan üç otaqlı mənzilin çıxarışa əsasən ümumi sahəsi 62 m2 olsa da, tərəflər arasında bağlanmış ilkin razılaşma müqaviləsinin şərtlərinə və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən, həmin mənzilin əvəzində verilməli olan yeni mənzilin sahəsi əlavə artırılmalar aparılması nəzərə alınmaqla 20% artımla 107 m2 müəyyən edilmişdir. Beləliklə iddiaçının daşınmaz əmlakların əvəzləşdirilməsi müqavilələrində qeyd edilən qarşılıqlı razılaşma sahəsi üzrə qeyd olunan mənzillərin sahəsinin onun sökülən mənzillərinin sahəsi olması barədə dəlillər öz təsdiqini tapmamış, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin digər hissəsi olan mənzillərin təmirli və boşaldılaraq təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehə qarşı yönəlmiş hər iki tələbin vahid iddianın tərkib elementləri olması nəzərə alınmaqla, ayrı-ayrılıqda təmin edilməsi yol verilmədir. Belə olan halda, müqavilələrin və maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmədiyindən iddia tələbinin qalan hissədə - mənzillərin təmirli və boşaldılaraq təhvil verilməsi hissəsində təmin edilməsi imkanı istisna olunur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiaçının cavabdehə qarşı müqavilələrin, maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənzillərin boşaldılaraq təhvil verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev 5 ünvanında yerləşən yeni hündürmərtəbəli binada 137 m2 sahəsi olan 3 otaqlı, həmçinin eyni binada 87.1 m2 sahəsi olan 2 otaqlı mənzillərə dair iddiaçının adına müqavilələrin, borcun olmaması barədə maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin mənzillərin təmirli və boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar