Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2888/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8369.77 manat əsas, gecikdirilmiş dövr üçün 69.74 manat faiz, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 manat və 108 manat məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8847.51 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində iddiaçı ilə cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 8242 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən, dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmış, lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, xx.xx.2025ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixinə cavabdehin iddiaçıya olan borcu 8369.77 manat təşkil edir. Eləcə də xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, həmin tarixə cavabdehin iddiaçıya olan borcu 8369.77 manat təşkil edir. Həmçinin, AR Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır, belə ki, kreditor olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin faktiki ünvanına kağız daşıyıcıda ilk yazılı pretenziya göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddianın xx.xx.2025-ci il tarixində göndərildiyini nəzərə alsaq iddianın gecikdirilməsi üzrə məbləğ 2 ay əsasında ((8369,77*5%)/12)*2=69,74 manat hesablanmalıdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. xx.xx.2025ci il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 8369.77 manat, 2. Gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 69.74 manat, 3. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 300 manat, 4. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq- 108 manat, cəmi 8847.51 manat. İddiaçının nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin (İddiaçı QSC-nin direktoru X2 və Cavabdeh) imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1. İddiaçı hazırkı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 251.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək.
2. Cavabdeh 8847.51 (səkkiz min səkkiz yüz qırx yeddi manat əlli bir qəpik) manat borcu etiraf edərək həmin borcu hissə-hissə ödəmək vəzifəsini öhdəsinə götürür. İddiaçı QSC iddianın predmeti olan 8847.51 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.
3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə, ödəniş müddətində ödənişin ümumilikdə 2 dəfə olmaqla, 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləği Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəf olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılır. Lakin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişində tutulmalı olan ümumi borc məbləğinin tərkibinə daxil edilmiş və müvafiq rüsumun borcun tərkib hissəsi kimi iddiaçıya ödənilməsi qaydası təsbit edilmişdir. Odur ki, məhkəmə hazırkı qərardadla dövlət büdcəsindən dövlət rüsumunun qaytarılması məsələsini həll etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: “1. İddiaçı hazırkı saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 251.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək.
2. Cavabdeh 8847.51 (səkkiz min səkkiz yüz qırx yeddi manat əlli bir qəpik) manat borcu etiraf edərək həmin borcu hissə-hissə ödəmək vəzifəsini öhdəsinə götürür. İddiaçı QSC iddianın predmeti olan 8847.51 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.
3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə, ödəniş müddətində ödənişin ümumilikdə 2 dəfə olmaqla, 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləği Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək”. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva