Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-29/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 45000 manat məbləğində pulun, Cavabdeh1 MTK-dan ödədiyi mənzilin dəyəri olan 30590 manat məbləğində pulun, habelə ödənilmiş 317 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında” ərizə ünvanlayaraq, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 45000 manat məbləğində pulun, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 277 saylı mənzilin əvəzinə başqa mənzilin verilməsi, vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pulun "xxxx" Mənzil Tikinti Kooperativindən, habelə ödənilmiş 317 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 17385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil Tikinti Kooperativinə ödədiyi 1620 manat məbləğində pulun Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 277 saylı mənzilin əvəzinə başqa mənzilin verilməsi, vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pulun "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq onun xeyrimə ödənilməsi, ödənilmiş 317 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx"Mənzil Tikinti Kooperativinın inşa etdiyi yaşayış binasında 1 otaqlı 68.6 kv.m. 277 saylı mənzili 30590 manata almışdır. Bununla əlaqədar "xxxx"Mənzil Tikinti Kooperativi ilə 07 oktyabr 2019-cu il tarixli, 32 saylı müqavilə bağlamış və ona maliyyə arayışı verilmişdir. Mənzili alarkən həmin mənzilə dair hər hansı bir mübahisə olmamışdır. O, mənzili aldıqdan sonra təmir işlərinə başlamış və mənzili tam şəkildə təmir etdirmişdir. Mənzilin təmir işlərinə 45000 manat pul xərcləmişdir. Hal-hazırda mənzil tam təmirlidir. Sonradan ona məlum olmuşdur ki, mənzil mübahisəli mənzildir. Həmin mənzillə əlaqədar məhkəmə mübahisəsi vardır. Suraxanı rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası qismən təmin edilərək, "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X3 ilə bağlanmış 53 nömrəli; X8 ilə xx.xx.2014-cü ildə bağlanmış 20 nömrəli; X4 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; İddiaçı ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulması, iddiaçıya həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Cavabdeh2 iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia təmin edilən hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2625/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5794/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 45000 manat məbləğində pulu Cavabdeh2 tələb edir. Bununla əlaqədar Cavabdeh2 məktubla müraciət etmişdir. Lakin cavabdeh razılaşmamışdır. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Eyni zamanda o, "xxxx" Mənzil Tikinti Kooperativinə ödədiyi mənzilin dəyəri olan 30590 manat məbləğində pulu "xxxx" Mənzil Tikinti Kooperativindən tələb edir. Cavabdehin ərizəsi. Cavabdeh2 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayənəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixində məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ona qarşı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin e-2(010)-29/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair mülki iş üzrə iddianın Cavabdeh1 MTK-ya qarşı qaldırılmış “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Evin təmirinə xərclənən məbləği və Badu Kübə MTK-dan yeni mənzillə təmin olunmağı tələb edir. Qeyd edir ki, orada evlər var, amma başqa şəxslərin adınadır. MTK Elçin müəllimə 60000 manat pul verməyi öz üzərinə götürüb. O, sonuncu alıcıdır. Elçin müəllim isə birincidir. Elçin müəllim evin onda qalmasına razıdır. Ev təmirsiz alınmışdır. Təmirini iddiaçı etmişdir. Qeyd edir ki, ev 2 il təmirsiz qalıb, 1 il ərzində iddiaçı təmir etmişdir. Cavabdeh təmir bitəndən sonra məhkəməyə müraciət edib, ona ev təklif olundu, razı olmadı. İddiaçının evdən çıxarılma qərarı belə yoxdur. Elçin müəllim Badu Kübəni məhkəməyə vermişdir, iddiaçı həmin iş üzrə cavabdeh olmamışdır. İddianın tam təmin olunmasını xahiş edir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasında 1 otaqlı 68.6 kv.m. 277 saylı mənzilin təmirinə xərclənilən 45000 manat məbləğində pulun ödənilməsi və qarşılıqlı razılıq əldə edilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh1 MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 32 nömrəli xx.xx.2019-cu il tarixli Müqavilədən görünür ki, İcraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında, X2 adına olan 1 otaqlı, 68.6 kv.m. 277 saylı mənzil İddiaçı adına keçirilir. (E.H.İsmayılovun ərizəsinə əsasən). Mənzilin ümumi dəyəri 30590 manatdır. "xxxx" Mənzil - Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 26 saylı xx.xx.2019-cu il tarixli mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışdan görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4 giriş, 8 mərtəbə, 277 saylı, 1 otaqlı (68,6 kv.m) X2 adına olan mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı adına keçirilmişdir. S. M. Rzayevanın kooperativə borcu yoxdur. Suraxanı rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK-yə və İddiaçı qarşı iddiası qismən təmin edilərək, "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X3 ilə bağlanmış 53 nömrəli; X8 ilə xx.xx.2014-cü ildə bağlanmış 20 nömrəli; X4 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; İddiaçı ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "Badu-Kubə” Mənzil - Tikinti Kooperativinin üzərinə qoyulması, Cavabdeh2 həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5794/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Azərsu ASC” Suraxanı rayon Sukanal İdarəsi hesab fakturalarından görünür ki, İddiaçı tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında suyun istifadəsi ilə bağlı müxtəlif ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, İddiaçı tərəfindən 277 saylı mənzildə işıq pulu ilə bağlı müxtəlif ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan 2020-2021-ci illəri əhatə edən qaimə fakturalarından görünür ki, tikinti materiallarının alınması ilə bağlı müxtəlif ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən (ekspert X5) verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16-2-10/7232 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, smeta üzrə - 1.Divarların sement məhlulu ilə suvanması, Sement, Qum; 2.Divarların şpaklyovkalanması, cilalanması və divar kağızının yapışdırılması, Şpaklyovka (astar, üz), cilalayıcı kağız, divar kağızı, divar kağızı yapışqanı; 3.Mətbəxin, hamam və ayaqyolunun divarlarının kafellə üzlənməsi, Kafel, Kafel üçün yapışqan (mata); 4.Hamam-ayaqyolunun döşəmənin metlaxla üzlənməsi, Metlax, Kafel üçün yapışqan (mata); 5.Taxta döşəmənin vurulması (döşəmə altı hazırlanması ilə bilikdə), Döşəmə üçün taxta (orta keyfiyyətli), döşəmə altı taxta, mismar; 6.Plintusun vurulması (materialla birlikdə); 7.Tavanın alçipan materialı ilə üzlənməsi (naxışlı), Alçipan (profellə birlikdə), Şrup; 8.Tavanın şpaklyovkalanması, cilalanması və boya ilə rənglənməsi, Şpaklyovka (astar, üz), Boya, Cilalayıcı kağız; 9.«Paduqa» tipli lepkanın vurulması (materialla birlikdə); 10.Tavanda «lambri» təbəqələrdən asma tavanın quraşdırılması, «Lambri» təbəqə,Alümin profil, Şurup; 11. Plastik pəncərə quraşdırılması ilə birlikdə ağ) (1,50x1,70) ölçüdə; 12.Taxta qapı (quraşdırılması ilə birlikdə); 13.Su və kanalizasiya xətlərinin çəkilməsi (materialla birlikdə); 14.Əlavə və nəqliyyat xərcləri (inşaat zibilinin daşınması, yüklənməsi, atılması, tikinti materiallarının qaldırılması və s.) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 13 saylı evin 277 saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 11195 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası "xxxx" Mənzil - Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 12 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanan mənzil alqı satqısı barədə müqavilənin 5.2. bəndinə əsasən su, işıq və qaz xəttlərinin mənzilə çəkilişi, sayğacların alınması və quraşdırılması mənzil sahibinin vəsaiti hesabınadır və aşağıdaki kimidir: Qaz sayğacının alınması, Dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, sayğaca əlavə alınan dedoktor, qaz əymələri, xırda qaz boruları, quraşdırılması və sayğacın qaz idarəsinə təhvil verilməsi – 420 manat; Müvəqqəti işıq sayğacının alınması, plomblanması, 8-ci mərtəbəyə qədər işıq kabelinin avtomatın alınması və quraşdırılması – 600 manat; Su sayğacının alınması, Dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, quraşdırılması, su xəttinin mənzilə çəkilməsi və sayğacın su idarəsinə təhvil verilməsi – 600 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən (ekspertlər X5, X6) verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2933-9/3027 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 13 saylı evin 277 saylı mənzilin elektrik xətlərinin çəkilməsinə, istilik sisteminin quraşdırılmasına, qaz xəttinin çəkilməsinə, hamamda asma tavanın şəbəkə işıqları ilə birlikdə quraşdırılmasına, hamam aksesuarlarına, giriş qapısının alınmasına və quraşdırılmasına, qapı ətrafının mozaykasına, qaz, su və işıq sayğaclarının quraşdırılmasının hazırki bazar qiymətlərinə uyğun olaraq 6190 manat məbləğində müəyyən olunur. İş materiallarında olan video disklərdən görünür ki, naməlum mənzilin video çəkilişləri aparılmış, mənzilin alqı-satqısı ilə bağlı danışıqlar aparılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. (...157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər....) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh1 MTK-ya qarşı qaldırılmış “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” hissəsində ayrıca icraata ayrılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzili İddiaçı sahibliyində olmuş, o, həmin mənzilin tikinti-təmir işlərini həyata keçirmiş, qaz, su və işıq sayğacları quraşdırmışdır. İş materiallarından göründüyü kimi, Suraxanı rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X3 ilə bağlanmış 53 nömrəli; X8 ilə xx.xx.2014-cü ildə bağlanmış 20 nömrəli; X4 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; İddiaçı ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr etibarsız hesab olunmuş və həmin mənzil üzərində ilkin alıcı olan Cavabdeh2 sahiblik və istifadə hüquqları müəyyən edilmiş, daha sonra bu qətnaməmə qanuni qüvvəsini almışdır. Bununla da, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzili üzərində ilk alıcı hesab edilən Cavabdeh2 əmlak hüquqları öz təsdiqini tapmışdır. Lakin, həmin mənzil İddiaçı sahibliyində olmuş, qeyd edildiyi kimi mənzilin tikinti-təmir işlərini və qaz, su, işıq sayğaclarının quraşdırılmasını da o həyata keçirmişdir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmənin qətnaməsi ilə sözügedən mənzil cavabdehə verilmiş, lakin həmin vaxt üçün iddiaçı orada artıq mənzilin təmiri ilə bağlı və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə ödənişi həyata keçirmiş və ayrıla bilinməyən yaxşılaşmaları etmişdir. Cavabdeh2 hərəkətləri əsassız varlanma kimi qiymətləndirildiyindən və İddiaçı tərəfindən həyata keçirilmiş Cavabdeh2 verilmiş mənzilin təmiri və oraya işıq, qaz və su sayğacların quraşdırılması ayrıla bilməyən yaxşılaşdırılmalar hesab edildiyindən İddiaçı əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bununla da, iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində yaranmış borcunu tələb etməkdə haqlı olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin yaxşılaşdırması ilə bağlı mənzilin təmiri üçün çəkilən məsrəflərin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş, ekspertlər tərəfindən verilən rəylərə əsasən, smeta üzrə - 1.Divarların sement məhlulu ilə suvanması, Sement, Qum; 2.Divarların şpaklyovkalanması, cilalanması və divar kağızının yapışdırılması, Şpaklyovka (astar, üz), cilalayıcı kağız, divar kağızı, divar kağızı yapışqanı; 3.Mətbəxin, hamam və ayaqyolunun divarlarının kafellə üzlənməsi, Kafel, Kafel üçün yapışqan (mata); 4.Hamamayaqyolunun döşəmənin metlaxla üzlənməsi, Metlax, Kafel üçün yapışqan (mata); 5.Taxta döşəmənin vurulması (döşəmə altı hazırlanması ilə bilikdə), Döşəmə üçün taxta (orta keyfiyyətli), döşəmə altı taxta, mismar; 6.Plintusun vurulması (materialla birlikdə); 7.Tavanın alçipan materialı ilə üzlənməsi (naxışlı), Alçipan (profellə birlikdə), Şrup; 8.Tavanın şpaklyovkalanması, cilalanması və boya ilə rənglənməsi, Şpaklyovka (astar, üz), Boya, Cilalayıcı kağız; 9.«Paduqa» tipli lepkanın vurulması (materialla birlikdə); 10.Tavanda «lambri» təbəqələrdən asma tavanın quraşdırılması, «Lambri» təbəqə,Alümin profil, Şurup; 11. Plastik pəncərə quraşdırılması ilə birlikdə ağ) (1,50x1,70) ölçüdə; 12.Taxta qapı (quraşdırılması ilə birlikdə); 13.Su və kanalizasiya xətlərinin çəkilməsinin (materialla birlikdə) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 11195 manat məbləğində olduğu; həmin mənzildə elektrik xətlərinin çəkilməsinin, istilik sisteminin quraşdırılmasının, qaz xəttinin çəkilməsinin, hamamda asma tavanın şəbəkə işıqları ilə birlikdə quraşdırılmasının, hamam aksesuarlarının, giriş qapısının alınması və quraşdırılmasının, qapı ətrafının mozaykasının, qaz, su və işıq sayğaclarının quraşdırılmasının hazırki bazar qiymətlərinə uyğun olaraq 6190 manat məbləğində olduğu müəyyən edilmişdir. Bu rəylərə əsasən, İddiaçı mənzilin təmiri ilə bağlı çəkdiyi xərclər ümumilikdə 17385 manat təşkil edir. Mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə iddiaçı tərəfindən çəkilən xərclərlə bağlı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" Mənzil - Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 12 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, qaz sayğacının alınması, dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, sayğaca əlavə alınan dedoktor, qaz əymələri, xırda qaz boruları, quraşdırılması və sayğacın qaz idarəsinə təhvil verilməsi ilə bağlı 420 manat; müvəqqəti işıq sayğacının alınması, plomblanması, 8-ci mərtəbəyə qədər işıq kabelinin avtomatın alınması və quraşdırılması ilə bağlı 600 manat; su sayğacının alınması, dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, quraşdırılması, su xəttinin mənzilə çəkilməsi və sayğacın su idarəsinə təhvil verilməsi ilə bağlı 600 manat olmaqla, cəmi 1620 manat məbləğində xərc İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclənilən 17385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilən 1620 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 147.02 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində 3-16-16-2-10/7232 saylı ekspertiza üzrə 100 manat, 10/2933-9/3027 saylı ekspertiza üzrə 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh2 aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclənilən 17385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilən 1620 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumu kimi ödənilən 147.02 manat pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Tikinti-texniki ekspertizasının dəyəri qismində 3-16-16-2-10/7232 saylı ekspertiza üzrə 100 manat, 10/2933-9/3027 saylı ekspertiza üzrə 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-29/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-29/2025
13.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver