Məhkəmə qərarları › İş №e-2(010)-290/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-290/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-290/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3, İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "öhdəliyin icrası qaydasında pul" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi 15 oktyabr 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 27020 (iyirmi yeddi min iyirmi) manat və dövlət rüsumu qismində ödənilmiş 171 manat, ümumilikdə isə 27191 (iyirmi yeddi min yüz doxsan bir) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi. Qarşılıqlı iddia tələbi İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin ləğv edilməsi (müqaviləyə xitam verilməsi) və həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 22.400 manat pul vəsaitinin (muzdun) İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi. İlkin iddia tələbinin dəlliləri İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, X6 ərazisində Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi üzərində 66 kv.m sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavadeh Cavabdeh2 40 ay müddətinə 42500 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməli, həmin ödənişin 50-70% ödənildikdə iddiaçı tikilini başa çatdırıb cavabdehə təhvil verməli idi. İddiaçı həmin yaşayış evinin tikintisini başa çatdırıb qurtardığı ərəfədə Cavabdeh2 podrat müqaviləsi üzrə əlavə işlərin görülməsini, o cümlədən ikinci mərtəbənin yan divarlarının inşa edilməsini və dəmir-beton kəmər atılmasını sifariş etmiş, bununla əlaqədar aralarında tərtib edilmiş ödəniş cədvəlinə dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə edilən dəyişikliklərə görə aralarında yeni Ödəniş cədvəli tərtib edilmiş, həmin cədvələ əsasən tikinti işlərinin dəyəri 49420 manat, həmin tarixdən isə kreditin müddəti 21 ay müəyyən edilmişdir. Həmin tarixədək Cavabdeh2 tərəfindən ödənilən 22400 manat məlbəğində pul vəsaiti ödəniş cədvəlində ilkin ödəniş kimi göstərilmiş, cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1000 manatdan aşağı olmamaq şərti ilə 21 ay müddətinə qalan 27.020 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi bağlanan zaman Cavabdeh3, Cavabdeh2 iddiaçının qarşısında götürdüyü öhdəliklərə görə zamin durmuş, bununla əlaqədar iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Podrat müqaviləsi üzrə əlavə sifarişlər verdiyi zaman isə öz öhdəliyinin təminatı kimi əlavə olaraq Cavabdeh1 zamin kimi təqdim etmiş, bununla əlaqədar onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişilik ediləndən sonra o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, həmin müqavilə üzrə ödəməli olduğu pul vəsaitlərini ödəməmişdir. Bundan sonra isə iddiaçı ilə Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirmədiyini görüb tikintini dayandırmış, pulun ödənilməsi ilə əlaqədar onunla danışıqlar aparmağa çalışmışdır. Lakin cavabdeh hər dəfə müxtəlif vədlər vermiş, sonradan isə ofisə gələrək iddiaçını təhdid etməyə başlamış, pulu ödəyə bilmədiyini görüdükdə isə iddiaçıya verdiyi ödənişi geri tələb etmişdir. Cavabdeh3 və Cavabdeh1 sifarişçi Ş,Əliyevanın evin tikintisi üçün ödəməli olduğu məbləği ona ödənilməsinə zaminliyi öz öhdəsinə götürdüyündən Cavabdeh2 isə öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçı bu barədə cavabdehlərə bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişlər, yəni iddiaçı tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq xx.xx.2021-ci ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin ona 27020 manat məbləğində borcu qalmışdır. Cavabdehlər müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə iddiaçı dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi etməsinin müddəti bitməsə də, müqavilə üzrə əhəmiyyəlti gecikmələr olmuş, həm də cavabdeh artıq müqavilə üzrə ödəniş etməyəcəyi barədə niyyətini iddiaçıya bildirmişdir. İddiaçı podrat müqaviləsi əsasında işə işçilər cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işi tam görüb öhdəliyini yerinə yetirmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 27020 manat məbləğində pul vəsaiti alnaraq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia tələbinin dəlliləri Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində 66 kv.m ərazisində fərdi yaşayış evi tikmək üçün xx.xx.2019-ci il tarixdə “Podrat müqaviləsi” bağlanmışdır. Müqavilə əsasında həmin evin tikintisi və torpaq sahəsi ücün 42500 (qırx iki min beş yüz) manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlinmişdir. Bağlanan müqaviləyə əsasən İddiaçı torpağın Cavabdeh2 adına sənədləşdirilməsi ücün 6.000 (altı min) manat pul ödənildikdən sonra həll edəcəyini vəd vermişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh2 ilkin ödəniş kimi xx.xx.2019-ci il tarixdə İddiaçı 3000 (üc min) manat, xx.xx.2019-cu il tarixdə yenidən 3000 (üc min) manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Qalan 39500 (otuz doqquz min beş yüz) manat pulu isə ödəniş cədvəlində qeyd olunan ödənişlərlə 40 ay müddətinə qrafiklə ödənilməsi barədə razılaşma əldə etmiş, tikintinin başlanmasına razılaşmışlar. Beləliklə, razılşamaya uyğun olaraq İddiaçı 22400 manat məbləğində pul ödənilmişdir. Lakin, İddiaçı Cavabdeh2 aldadaraq torpaq sahəsini Cavabdeh2 adına keçirməmişdir. Bundan başqa, İddiaçı evin başlanmış tikintisini də yubatmağa başlamış, həmçinin, müəyyən olunmuşdur ki, tikinti keyfiyyətsiz aparılır. Ona görə də İddiaçı ilə cavabdehlər onun ofisində görüşmüşlər. Torpağın sənədlərinin və evin tikintisinin nə üçün yubanması ilə maraqlanmış, lakin, əvəzində İddiaçı Cavabdeh2 nalayiq sözlərlə təhqir etməyə və döyməyə başlamışdır. İddiaçı ona fiziki təzyiq, zorakılıq tətbiq edərək xəsarət yeririb ərazidən çıxartmış, əraziyə buraxmamışdır. Fiziki zorakılıqla bağlı Suraxanı RPİ-nin 30-cu PB-də araşdırma aparılmışdır. Həmin gündən sonra tərəflərin münasibəti pozulmuş, İddiaçı tikintini saxlamış, nə öhdəliyini yerinə yetirməmiş, nə də Cavabdeh2 ödədiyi 22400 manat pulu qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh2 guya 0,03 ha torpaq sahəsi ayrılması, həmin sahənin ona satılması barədə yalan vəd vermiş, orada guya onun üçün ev inşa edəcəyi barədə müqavilələrə imza etdirib 22.400 manat pulunu hissə-hissə alıb, keyfiyyətsiz tikili inşa edib, nəticədə onu həmin evdən və torpaq sahəsindən məhrum edərək pul vəsaitini ələ keçirmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən görülmüş xidmətdə olan qüsurlar aradan qaldırıla bilər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, izahatında ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X4 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, əlavə olaraq izahatında göstəmişdir ki, məhkəmə tərəfindən keçirilən Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/1576 saylı rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X6 ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 10935 manat məbləğində müəyyən edilmişdir. Həmçinin 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Ekspert rəyi ilə razıdırlar. İlkin iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və tikili üzrə aparılmış təmir-tikinti işləri tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilməmişdir. Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə Cavabdeh3 iddianı qəbul etməyərək, Cavabdeh2 nümayəndəsi (vəkili) ilə eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin idda üzrə Cavabdeh1 iddianı qəbul etməyərək Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 onun qızıdır. Qızı Şövkət evini Firutana tikdirməyə başlayandan o, şəxsən gedib tikintiyə baxmış və həmin tikintinin yararsız olduğunu qızına və Firutana demişdir. İş materialları Cavabdeh2 xx.xx.2019-cu il tarixli İddiaçı ünvanladığı ərizəsindən görünür ki, o, Abşeron rayonu, X6 ərazisində 3 sot torpaq sahəsində ümumi sahəsində 66 kv.m sahəsi olan layihəyə uyğun fərdi yaşayış evinin tikilməsinə köməklik edilməsini xahiş etmiş, ödənişi ödəniş cədvəlinə əsasən ödəməyə razıdır. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış podrat müqaviləsindən görünür ki, Əliyeva X5 rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini İddiaçı sifariş etmişdir. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, «Podratçı» İddiaçı ilə “Sifarişçi” Cavabdeh2 arasında 3 sot 66 kv.m. təmir tikinti üçün müqavilə bağlanmış, bağlanan müqavilə ilə əlaqədar Cavabdeh2 öz zamini kimi Cavabdeh1 təqdim etmişdir, “Zamin” “Podratçı” və “Sifarişçi”nin arasında müəyyən edilmiş tarixdə tikiliyə dair bağladığı müqavilənin öhdəliklərni yerinə yetirmədikdə, “Podratçı”ya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Sifarişçi” ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, “Podratçı” İddiaçı ilə “Sifarişçi” Cavabdeh2 arasında bağlanan müqavilə ilə əlaqədar Cavabdeh2 öz zamini kimi Cavabdeh3 təqdim etmişdir, “Zamin” “Podratçı” və “Sifarişçi”nin arasında müəyyən edilmiş tarixdə tikiliyə dair bağladığı müqavilənin öhdəliklərni yerinə yetirmədikdə, “Podratçı”ya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Sifarişçi” ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu ildə bağladığı müqaviləyə əsasən xx.xx.2019-cu il tarixində 3000 AZN verməli idi, üzürlü səbəblərə görə 2000 AZN, 500 AZN də aylıq ödədi. xx.xx.2019-cu il tarixdə qalan məbləği ödəyəcək. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 podrat müqaviləsində göstərilən ödəniş cədvəlində 40 ay müddətində ödəyəcəyi məbləği 2 ay müddətinə ayda 1000 AZN-dən az olmayaraq ödəyəcəyini öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli podrat müqaviləsində görülən işlərə əlavədən görünür ki, Cavabdeh2 və İddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanan Podrat müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində görülən işlərə əlavə olunan işlər aşağıdakılardır: Dam örtüyünün sökülməsi və ikinci mərtəbənin hörgüsü. Ümumi dəyəri 6920 (altı min doqquz yüz iyirmi) azn təşkil edir. xx.xx.2021-ci il tarixində ümumi məbləğdən 1200 (min iki yüz) azn ödədi. Yerdə qalan 5.720 (beş min yeddi yüz iyirmi) azn məbləği xx.xx.2021-ci il tarixinə qədər tam ödəyəcəyini öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı tərəfindən göndərilən bildirişdə 3-cü bəndi seçir. Fevral ayına qədər 13.000 AZN ödəyib 1 mərtəbə evi tam təmir edəcək. İİ mərtəbədə hörgü və kəmər. Qalan məbləğdə bölünəcək fevraldan sonra. “Sifarişçi” Cavabdeh2 və "Podratçı" İddiaçı arasında xx.xx.2021-ci ildə bağlanmış "Podrat müqaviləsi"ndən görünür ki, həmin müqaviləyə əsasən görülən işlər sıyahısından müəyyən olunur ki, müqavilə üzrə aşağıdakı işlər görülməlidir: Damın sökülməsi, birinci və ikinci mərtəbə arası beton kəmər (yalnız çöl divar), ikinci mərtəbənin inşası kənar divarlar çöldən üç metr. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu ildə ödəyəcəyi 3000 AZN tam ödənilməmişdir. Suraxanı rayon Pİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 xx.xx.2021-ci li tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 30-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16:00-da Hövsan qəsəbəsində yerləşən Firutan adlı şəxsə məxsus “Günəşli İnşaat" ofisində ev məsələsi ilə bağlı Firutan adlı şəxslə aralarında mübahisə baş vermiş və bu mübahisə zamanı Firutan onun qolundan tutaraq küçəyə çıxartmış və qoluna xəsarət yetirmişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/1576 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan müqavilədə görüləcək işlərlə bağlı hər hansı məlumat olmadığından görülən işlərin müqavilə ilə müəyyən olunmuş siyahıda göstərilən işlərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 10935,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X6 ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşin faktiki halları Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi imzalanmış və iddiaçı həmin müqavilə üzrə cavabdehə Abşeron rayonu, X6 ərazisində 0.03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv.m olan fərdi yaşayış evi inşa etməyi, görüləcək işlərin ümumi qiyməti olan 42500 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməyi, həmin ödənişin 50-70% ödənildikdə iddiaçı tikilini başa çatdırıb cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin yaşayış evinin tikintisini başa çatdırıb qurtardığı ərəfədə Cavabdeh2 podrat müqaviləsi üzrə əlavə işlərin görülməsini, o cümlədən ikinci mərtəbənin yan divarlarının inşa edilməsini və dəmir-beton kəmər atılmasını sifariş etmiş, bununla əlaqədar aralarında tərtib edilmiş ödəniş cədvəlinə dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə edilən dəyişikliklərə görə aralarında yeni ödəniş cədvəli tərtib edilmiş, həmin cədvələ əsasən tikinti işlərinin dəyəri 49420 manat, həmin tarixdən isə kreditin müddəti 21 ay müəyyən edilmişdir. Həmin tarixədək Cavabdeh2 tərəfindən ödənilən 22 400 manat məlbəğində pul vəsaiti ödəniş cədvəlində ilkin ödəniş kimi göstərilmiş, cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1000 manatdan aşağı olmamaq şərti ilə 21 ay müddətinə qalan 27.020 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ilkin iddia üzrə iddiaçı 15 oktyabr 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 27 020 (iyirmi yeddi min iyirmi) manat və dövlət rüsumu qismində ödənilmiş 171 manat, ümumilikdə isə 27.191 (iyirmi yeddi min yüz doxsan bir) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsini xahiş edir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin ləğv edilməsini (müqaviləyə xitam verilməsi) və həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 22400 manat pul vəsaitinin (muzdun) İddiaçı tutularaq Cavabdeh2 ödənilməsini istəyir və tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə şərtlərini lazımi qaydada yerinə yetirməmiş, apardığı tikinti işləri texniki normalarına uyğun olmamışdır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, hesab edir ki ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə müqavilə şərtlərinə əməl olunmaqla tikinti işlərinin aparılıb-aparılmaması, eyni zamanda görülmüş işlərin dəyərinin hesablanması məqsədilə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/1576 saylı rəyi ilə müəyyən edilmişdir ki, mülki iş materiallarına olan müqavilədə görüləcək işlərlə bağlı hər hansı məlumat olmadığından görülən işlərin müqavilə ilə müəyyən olunmuş siyahıda göstərilən işlərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X6 ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 10935,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X6 ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi ilkin iddia üzrə iddiaçının tələbi podrat müqaviləsi üzrə görülmüş işlərə görə ödənilməmiş qalan 27020 manat məbləğində, qarşılıqlı iddia tələbi üzrə iddiaçının tələbi isə tikinti işləri üçün ödənilmiş 22400 manat məbləğində puldur. Məhkəmə qeyd edir ki, tərəflər arasında tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsinin bağlanması və cavabdeh tərəfindən 22400 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz halıdır. İddiaçı podrat müqaviləsi üzrə 27020 manat məbləğində tikinti işləri apardığını iddia edir, lakin məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində aparılan tikinti işlərinin dəyərinin 10935.0 manat olduğu müəyyən edilmiş, eyni zamanda həmin torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikintitexniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat münasibətləri olmuş və ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehin sifarişi əsasında tikinti işlərinin aparılması barədə razılaşdırılmışdır. Əldə edilmiş razılıq əsasında ilkin iddia üzrə cavabdeh tərəfindən cəmi 22400 manat məbləğində ödəniş edilmiş, qarşılığında ilkin iddia üzrə iddiaçı tərəfindən tikinti işləri aparılmışdır. Lakin, aparılmış tikinti işlərinin cəmi məbləğinin 10935 manat təşkil etməsi, eyni zamanda tikinti işlərinin texniki normalarına uyğun aparılmadığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə əsasən müəyyən edir ki, tikilidə beton kəmərdən istifadə edilməmiş, aparılmış hörgü işlərinsdə əyriliklər var, ovulan mişar daşlarından istifadə olunmuşdur. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı podrat müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, 22400 manat məbləğində ödəniş edildiyi halda 10935 manat dəyərində tikinti işləri aparmışdır. Eyi zamanda apardığı tikinti işləri texniki norma və göstəricilərə uyğun aparılmadığından müqavilə üzrə qalıq borcun tutulması tələbinə dair ilkin iddia ərizəsi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda sadalanan maddi hüquq normalarından aydın şəkildə görünür ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Göründüyü kimi podratçı podratı qüsurlardan azad şəkildə icra etməli və sifarişçiyə təhvil verməlidir. Hazırda məhkəmə araşdırması zamanı, eyni zamanda ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, müqavilə üzrə podratın nəticəsi şərtləşdirilmiş qaydalara uyğun olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, qeyd edilən maddi hüquq normasında qeyd edilir ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Göründüyü kimi podrat müqaviləsi üzrə əlavə icranın tələb edilməsi sifarişçinin vəzifəsi deyil hüququdur. Qeyd edilən maddi hüququ norması dispozitiv norma olmaqla sifariçinin belə bir hüququnun olmasını nəzərdə tutur. Hazırda isə sifarişçi məmulatın lazımi keyfiyyətdə və qaydada hazırlanmaması, podratçının ona olan münasibəti nəticəsində podrata olan marağını itirmişdir və bu səbəbdən tərəflər arasında yaranmış podrat münasibətlərinə xitam verilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh Firutan Məmməmdov tərəfindən tikinti işlərinin tam və texniki normalara uyğun aparılması razılaşdırılmışdır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış tikinti işləri texniki normalara uyğun aparılmamışdır. Ona görə də, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən podrat müqaviləsi üzrə ödənilmiş 22400 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "öhdəliyin icrası qaydasında pul" tələbinə dair ilkin iddiası təmin olunmamalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə qarşılıqlı iddiası təmin olunmalı, İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi ləğv edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh2 ödənilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyi üçün ödənilmiş 171 manat dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzi qarılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "öhdəliyin icrası qaydasında pul" tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi ləğv edilsin. İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar