Məhkəmə qərarları › İş №e-2(010)-3012/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3012/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3012/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı Ərizəçi İddiaçı (Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) əmrin çatmaması və əl imzasının şəxsə məxsus olmaması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq, müəyyənetdi. Ərizəçinin xahişi Ərizəçi İddiaçı (Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) əmrin çatmaması və əl imzasının şəxsə məxsus olmaması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əmrinin borclu İddiaçı çatmaması və Laçın Rayon Məhkəməsində baxılmış 2(047)-755/2018 nömrəli işin materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədəki borclu İddiaçı qarşısındakı imzanın İddiaçı məxsus olmaması faktının müəyyən edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxslərdən tutularaq ərizəçinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, tanışı Maraqlı şəxs2 ondan özü üçün bankdan götürəcəyi kreditə görə tərəfindən zamin durmasını xahiş etmişdir. Tanışlığın xatirinə razı olmuş və xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs2 Maraqlı şəxs1 ASC-dən 15 ay müddətinə, 650 ABŞ dolları məbləğində kredit götürmüş və o da götürülmüş kreditə görə zamin durmuşdur. 2024-cü ilin dekabr ayında bilmişdir ki, Maraqlı şəxs2 götürdüyü krediti ödəməyib və onun hazırda banka əsas, faiz və cərimə borcu vardır. Hazırda əldə etdiyi şifahi məlumata əsasən, Maraqlı şəxs2 borcuna görə zamin kimi həmin borc pul ondan da tələb edilir və bu barədə məhkəmə 2018-ci ilin 12 sentyabrında qərar (əmr) verib. Amma, məhkəmə əmri hələ də ona təqdim edilməyib. Lakin, buna baxmayaraq, dərhal etiraz yazaraq məhkəməyə təqdim etmiş, Laçın Rayon Məhkəməsi isə xx.xx.2024-cü il tarixli qərardadı ilə əmrdən etiraz vermə müddətini ötürdüyü üçün etirazı geri qaytarmışdır. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Dərhal Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əmrindən müddət ötürülməmiş hesab edilməsi, əks təqdirdə qeyd edilən səbəblərə görə əmrdən etirazın verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəblərdən buraxılmış hesab olunması və buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, Laçın Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəni rədd etmişdir. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr öz qərardadlarını onunla əsaslandırmışlar ki, guya onun tərəfindən xx.xx.2018-ci il tarixdə ərizə ilə Laçın Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli əmrinin xx.xx.2018-ci il tarixdə onun ünvanına çatdığını bildirmişdir. Halbuki, dəfələrlə də məhkəməyə bildirmişdir ki, həmin ərizədən xəbəri olmayıb və ərizəni də o, imzalamamışdır. Lakin, xəttşünaslıq ekspertizasının da təyin edilməsini tələb etməsinə baxmayaraq, məhkəmə ekspertiza təyin edilməməklə imzanın ona məxsus olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əmrinin borclu İddiaçı çatmaması və Laçın Rayon Məhkəməsində baxılmış 2(047)-755/2018 nömrəli işin materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədəki borclu İddiaçı qarşısındakı - imzanın İddiaçı məxsus olmaması faktı müəyyən edilməlidir. Belə olan halda imzanın ona məxsus olmaması faktı öz təsdiqini taparsa, tərəfindən yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət ediləcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli qərarı 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(047)-755/2018 nömrəli məhkəmə əmrinin sonuncu tərəfindən əldə edilməsini təsdiq edən və həmin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ərizədəki əl imzasının ona məxsus olmaması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İlk növbədə məhkəmə nəzərə çatdırır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Bu mövqeni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi də bir daha təsdiq edir (307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir). Lakin, hazırkı iş üzrə əl imzasının şəxsə məxsus olmamasının müəyyən edilməsindən ibarət nəticənin hüquqi əhəmiyyəti, yəni ərizənin (hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi ilə bağlı) hansı hüquqi əsasa (maddi hüquq normalarına) söykənməsi ərizəçi tərəfindən göstərilməmiş və əsaslandırılmamışdır. Həmçinin bu faktın müəyyən edilməsinin hüquqi əhəmiyyətinin nədən ibarət olması da aydın deyil. Nəzərə alınmalıdır ki, qanunvericiliklə yalnız müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və yaxud xitamına səbəb olan faktların məhkəmə qaydasında müəyyən edilməsi imkanının imperativ formada təsbit edilməsi hüquqi əhəmiyyəti olmayan faktların məhkəmə qaydasında müəyyənləşdirilməsi imkanını istisna edərək, müvafiq hüquqi əhəmiyyəti olmayan faktların bu qaydada təsdiqinin yolverilməzliyinə işarə edir. Eyni zamanda məhkəmə nəzərə çatdırır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, qanunvericiliklə yalnız hüquqi əhəmiyyəti olan, yəni müvafiq maddi hüquq normaları ilə hüquqi əhəmiyyəti müəyyən edilən faktların məhkəmə qaydasında müəyyənləşdirilməsi imkanı təsbit edilmiş və hansı hallarda həmin faktların müəyyən edilməli olmasının mümkünlüyü ilə bağlı qaydalar tənzimlənmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizənin icraata qəbulundan imtina ilə bağlı ərizəçi İddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153.2.1 və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi İddiaçı (Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) əl imzasının şəxsə məxsus olmaması faktının müəyyən edilməsinə dair ərizəsi icraata qəbul edilməkdən imtina edilsin, ərizə ərizəçiyə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən ərizəçi İddiaçı qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin faktın müəyyən edilməsi ilə bağlı yenidən məhkəməyə müraciət etməyə mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar