Məhkəmə qərarları › İş №e-2(010)-3037/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3037/2022

05.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3037/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X22 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum əri X27 ilə birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə özünün və qızları – xx.xx.2008-ci il təvəllüdlü X33 və xx.xx.2020-ci il təvəllüdlü X2 və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “xx.xx.1978-ci ildə Astara rayonu, Telman kəndində doğulmuş, Qazaxıstan Respublikası vətəndaşı X27 ilə faktiki nikaha daxil olmaqla dini kəbinlə ailə həyatı qurmuşuq. Birgə evliliyimizdən iki qız övladımız vardır. Rəsmi nikahımız olmadığı üçün övladlarımız üçün atalığın müəyyən olunması ilə bağlı şəhadətnamə alaraq hüquqlarımızı rəsmiləşdirmişik. Həyat yoldaşım X27 ilə biz birlikdə ailəmizin yaşaması üçün pulunu ödəməklə 600 m2 torpaq sahəsi almışıq və həmin torpaq sahəsi üzərində birlikdə ikimərtəbəli ev inşa etmişik. X38nun ərazisi kənd şəraitində olduğu üçün biz toyuq-cücə, qoyun-keçi və inək saxlayaraq ehtiyaclarımızı ödəməyə çalışırdıq. Ancaq həyat yoldaşım X17 vaxtsız olaraq 14 dekabr 2021-ci ildə vəfatından sonra qaynatam Cavabdeh, qaynanam X24, qayınlarım X28, X29 əlbir olmuş, öncədən plan qurmuş, mütəşəkkil dəstə şəklində mənim və azyaşlı övladlarımın ataları ilə birgə evliliyimiz dövründə aldığımız torpaq sahəsi üzərində inşa etdiyimiz yeganə yaşayış yerimizi zorla və hədə-qorxu ilə əlimizdən almağa çalışırlar. Ona görə də mən və mərhum həyat yoldaşım X12 pulunu ödəyərək aldığımız torpaq sahəsini aldıqdan sonra qaynatam bizim torpağımıza saxta sənədlər almaqla öz adına keçirmişdir. Qaynatam 09 dekabr 2000-ci il tarixdə yaşadığı kəndin məktəbində təsərrüfat müdiri işləmişdir. Biz həyat yoldaşım Anar Əliyev ilə torpaq sahəsini 2017-ci ildə pulunu ödəyərək almışıq və yüzlərlə şahidimiz var. Ona görə də pulunu ödəyərək aldığımız və ev inşa etdiyimiz 600 m2 torpaq sahəsi üzərində olan öz evimizə köçürülməyimiz, mənim və azyaşlı qızlarım xx.xx.2008-ci il təvəllüdlü X33, xx.xx.2020-ci il təvəllüdlü X23 istifadə hüquqlarımızın tanınmasına zərurət vardır. Belə ki, 2017-ci ildə həyat yoldaşımla birlikdə 600 m2 torpaq sahəsinin pulunu ödəyərək almışıq və ikimərtəbəli fərdi yaşayış evi inşa etmişik, kommunal xidmətlərlə təmin olunmuşuq”.

Qarşılıqlı iddia tələbi.

3. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ilk iddianın rədd edilməsini, İddiaçı himayəsində yaşayan xx.xx.2008-ci il təvəllüdlü X33 və xx.xx.2020-ci il təvəllüdlü X39 ilə birlikdə ona məxsus Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Abşeron südçülük sovxozu direktorunun xx.xx.2000-ci il tarixli, 16 saylı əmri ilə fərdi evin inşa edilməsi üçün ona ayrılmış X38nun yaşayış massivində yerləşən 0.06 sot torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

4. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki: “İlk iddiaçının iddia ərizəsində göstərdiyi halların heç biri həqiqətə uyğun deyil. X58 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ilk iddiaçı mənə məxsus X38nda yerləşən Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Abşeron südçülük sovxozu direktorunun xx.xx.2000-ci il tarixli, 16 saylı əmri ilə fərdi evin inşa edilməsi üçün mənə ayrılmış 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyim ikimərtəbəli evi içindəki avadanlıqları ilə birlikdə ələ keçirmək məqsədilə mənə qarşı belə bir iddia irəli sürmüşdür. Həqiqət isə ondan ibarətdir ki, oğlum X27 1997-ci ildən Qazaxıstan Respublikasında yaşamış, xx.xx.2000-ci ildən Qazaxıstan Respublikasının vətəndaşı X10 ilə rəsmi nikaha girməklə evlənmiş, onların həmin nikahdan üç övladları olmuş, 2014-cü ildə Qazaxıstan Respublikasının vətəndaşlığını almış və ailəsi ilə birlikdə 2017-ci ilədək Qazaxıstan Respublikasında yaşamışdır. 2017-ci ildə həyat yoldaşı ilə aralarında baş vermiş narazılıqlar üzündən Anar Əliyev Azərbaycana qayıtmış, mənə məxsus mübahisə predmeti olan evdə mənimlə birlikdə yaşamağa başlamış, 2018-ci ildə ilk iddia üzrə iddiaçı ilə faktiki nikah münasibətlərinə girməklə evlənmiş, mənim tərəfimdən onlara özlərinə münasib yaşayış yeri əldə edənədək evimdə müvəqqəti yaşamalarına icazə verilmiş və onların faktiki nikah münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X39 adında bir övladları anadan olmuşdur. İlk iddiaçı oğlumla evlənərkən onun Astara rayonu, Kolatan kəndində yaşayan xx.xx.1979-cu il təvəllüdlü X13 ilə faktiki nikah münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X34 adında bir övladları olmuş, Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(108)-1716/2017 saylı qətnaməsi ilə ilk iddiaçının X8 qarşı qaldırdığı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası təmin edilərək, X6 X14 atası olması faktı müəyyən edilmiş və sonuncudan hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ilk iddiaçıya ödənilməsi qət edilmişdir. Odur ki, iddia ərizəsində iddiaçının X51 xx.xx.2008-ci il təvəllüdlü X18 atası olması, nikahları olmadıqlarında atalığın müəyyən olunması haqqında şəhadətnamə aldığını göstərməsi tamamilə yalandır. X51 vəfatından 40 gün keçdikdən sonra ilk iddiaçı məni ailə üzvlərimlə birlikdə evdən qovmuş, nə məni, nə də ki, ailə üzvlərimi evimə buraxmamışdır. Hətta bu haqda polis orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Mübahisəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin mənə məxsus olması faktı qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında mənə fərdi evin inşa edilməsi üçün 0.04 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon südçülük sovxozunun direktorunun xx.xx.2000-ci il tarixli, 16 saylı əmri ilə həmin torpaq sahəsində inşa etdiyim ikimərtəbəli evdə xx.xx.2014-cü ildən **********50016 saylı işıq, 2015-ci ildən qaz sayğaclarının mənim adıma quraşdırılması və o vaxtdan da xx.xx.2022-ci ilədək işıq və qaz istifadəçisi kimi müvafiq ödənişlərin mənim tərəfimdən ödənilməsi müvafiq idarələrdən verilmiş çıxarışlarla, o cümlədən həmin evə 2016-cı ildə çəkilmiş (012)-515-54-38 nömrəli telefonun mənim adıma olması ilə sübuta yetirilir. Eyni zamanda, ilk iddiaçının məhkəməyə təqdim etdiyi X19 notariat qaydasında təsdiq edilmiş ərizəsindən də məlum olur ki, mənə təqdim etdiyi xx.xx.2014-cü il tarixli ərizəsindən də məlum olur ki, X35 qonşuluqda yerləşən, özünə məxsus 0.02 ha torpaq sahəsini də 2014-cü ildə satmışdır. Belə olduğu halda ilkin iddiaçı hansı hüquqi əsasla mübahisə edilən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş evin ona aid olduğunu iddia edə bilər? Məlum məsələdir ki, yaşayış sahəsinə köçürülməsi və istifadə hüququnun tanınması üçün ən azından ilkin iddiaçının həmin sahəyə hüquqmüəyyənedici sənədləri olmalıdır. Nə ilkin iddiaçı, nə də ki onun himayəsində yaşayan uşaqları mənim ailə üzvlərim deyillər. Bu əsasla da onlar mənə məxsus evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin mənim sahibliyimə qaytarılması haqqında qətnamə çıxarılmalıdır”.

Qarşılıqlı iddiaya etiraz.

5. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki: “Guya cavabdeh X38nda fəhlə işlədiyinə görə xx.xx.2000-ci il tarixdə 171 saylı sərəncama əsasən 0.04 ha torpaq sahəsinin ona verildiyini iddia etmişdir. Ancaq 2000-ci ildə X38 mövcud olmamışdır. Həmin torpaq sahəsi ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan X4 adına Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 706 nömrəli sərəncamı əsasında tikinti məqsədilə xx.xx.2008-ci il tarixli icarə müqaviləsi əsasında 2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 2014-cü ildə X1. xx.xx.2014-cü ildən başlayaraq mərhum X27 ikimərtəbəli fərdi yaşayış evi inşa etməyə başlamışdır. 2017-ci ildə mən molla kəbini əsasında X27 ilə ailə qurmuşam. Birgə evliliyimizdən X33 və X39 adlı iki övladımız var. Biz həmin övladlarımızla birlikdə xx.xx.2021-ci ilədək həmin ikimərtəbəli fərdi yaşayış evində yaşamışıq. Həmin tarixdə həyat yoldaşım X27 həmin evdə ürək tutmasından ağır xəstələndiyinə görə bu gün ev tələb edən, mənim cehiz əşyalarımı tələb edən qaynatam Cavabdeh 700 manat üçün öz doğma oğlunu ölümə məhkum etdi. Onun atası, bu günkü ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin pulu ödəməkdən imtina etdiyinə görə əməliyyat aparılmadı və Anar həmin gecə vəfat etdi. Yası bitirdikdən sonra mənim və qızlarımın yeganə gəlir mənbəyimiz olan bir baş inəyimizi qaynatam Cavabdeh başını kəsərək aparıb 3000 manata satmışdır. Həmçinin Anarın sağlığında aldığı 1500 ot presini də maşın tutaraq aparıb hər birini 5 manata satmışdır. X27 ilə birlikdə tikdiyimiz mübahisəli fərdi yaşayış evinə mənim və övladlarımın vərəsəlik hüququmuz var. xx.xx.2000-ci il tarixdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev X11 rayonunda Telman kənd məktəbində təsərrüfat işlərinə baxmışdır. Faktdan da göründüyü kimi Cavabdeh külli miqdarda əmlak əldə etmək və talamaq məqsədilə rəsmi sənədləri saxtalaşdırmış, məni və həyat yoldaşım X21 aldadaraq çirkin niyyətinə nail olmuş və bizim üzərində fərdi yaşayış evi tikdiyimiz torpaq sahəsini öz adına keçirmişdir”.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, ilk iddia üzrə Cavabdeh onun qayınatasıdır. Belə ki, o, 2007-ci ildən cavabdehin oğlu Anar Əliyevlə faktiki nikah münasibətlərində olmuşdur. Lakin əri Anar 2008-ci ildə onu atası evinə qoyaraq Qazaxıstana getmiş, 2008-2009-cu illərdə arada gələrək torpaq almış, 2012-ci ildə isə geri qayıdaraq torpaq sahəsi üzərində mübahisəli evi tikməyə başlamışdır. Ev tam tikilənə qədər evin zirzəmisində yaşamış, 2014-cü ildə isə evə tam yerləşmişlər. Həmin vaxtdan sonra 2018-ci ildə bir uşaqları ölmüş, 2020-ci ildə isə ikinci uşaqları doğulmuşdur. 2008-ci il təvəllüdlü qızı başqa şəxslə olan faktiki nikahından doğulsa da Anar Əliyev həmin uşağa da atalıq vermişdir. Lakin əri Anar 2021-ci ilin dekabr ayında rəhmətə getmiş, bundan sonra qayınatası Məhərəm Əliyev onu evdən çıxarmağa çalışmışdır. Halbuki, həm evin yerləşdiyi torpaq sahəsini, həm də evi mərhum əri Anarla faktiki nikahları dövründə alıb inşa etmişlər. Sadəcə əri Anar Qazaxıstan vətəndaşı olduğundan kommunal xidmətlər onun atasının adına olmuşdur. Qayınatası Cavabdeh oğlunun ölümündən sonra torpaq sahəsi ilə bağlı əlindəki saxta sənəddən və kommunal xidmətlərin onun adından olmasından istifadə edərək onu uşaqları ilə birlikdə evdən çıxarmağa çalışmışdır. Hazırda onlar evdə yaşasalar da cavabdeh onları evdən çıxarmaq istəyir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli evin yerlədiyi torpaq sahəsi ilk iddiaçının mərhum əri tərəfindən atasının adına alınmışdır. Lakin mübahisəli evin tikintisi ilk iddiaçı ilə mərhum ərinin faktiki nikah münasibətlərində olduğu dövrdə baş tutmuşdur. İlk iddiaçı hazırda uşaqları ilə birlikdə həmin evdə yaşasa da cavabdeh onları evdən çıxarmaq niyyətindədir. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, ilk iddiaçının hazırda uşaqları ilə birlikdə yaşadığı ev və evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Belə ki, o özü Bakıda yaşamasa da Bakıda da evi olmasını istəmiş, bu səbəbdən evin yerləşdiyi torpaq sahəsini hələ 2000-ci ildə sərəncam əsasında almış, evi də öz vəsaiti hesabına 2006-cı ildən tikməyə başlamışdır. Mərhum oğlu Anarın heç vaxt sabit gəlirli işi olmamış, gündəlik 5-10 manat qazancı olmuşdur. Oğlu Qazaxıstandan qayıtdıqdan sonra 2017-ci ildə ailəsi ilə birlikdə həmin evdə yaşamaq üçün ondan icazə almış, o da mübahisəli evdə müvəqqəti yaşamalarına icazə vermişdir. Onların faktiki nikahından bir uşağı doğulmuşdur. Digər uşaq isə ilk iddiaçının başqa şəxslə olan faktiki nikahındadır. Lakin oğlu həmin uşağa da atalıq vermişdir. Oğlunun vaxtsız ölümündən sonra onun nə ilk iddiaçını, nə də uşaqları evdən çıxarmaq niyyəti olmamışdır. Lakin oğlunun hələ “qırxı çıxmamış” o, mübahisəli evə getmiş, ilk iddiaçı qapını açmamış, “Anar öldü, siz də öldünüz” deyərək onu və ailə üzvlərini öz evlərinə qoymamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng etmiş, polis işçiləri ilə birlikdə evə girmişdir. Daha sonra ilk iddiaçı polis əməkdaşlarının yanında onu təhqir edərək biabır etmiş, o da məcbur qalıb çıxıb getmişdir. Həmçinin, ilk iddiaçı guya evindən oğurluq etməsi ilə bağlı onu polisə vermişdir. Bütün bunlardan sonra o, ilk iddiaçının uşaqları ilə birlikdə evindən çıxmasını tələb etməyə başlamışdır. Həmin evi nə iddiaçı, nə də mərhum oğlu tikmişdir. Ev tamamilə onun vəsaiti hesabına tikilmişdir. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, hazırda ilk iddiaçının uşaqları ilə birlikdə yaşadığı ev ilk iddia üzrə Cavabdeh tərəfindən inşa edilmişdir. Bununla bağlı məhkəməyə şahid ifadələri və digər sübutlar da təqdim edilmişdir. Belə ki, ev üzrə bütün kommunal ödənişlər Cavabdeh adınadır. Həmçinin evin yerləşdiyi torpağın fərdi yaşayış evi tikintisi üçün Cavabdeh verildiyini göstərən 2000-ci il tarixli sərəncam da iş materiallarında mövcuddur. Ev tikintisi üçün verilmiş torpaq əvvəlcə dörd sot olsa da cavabdeh sonradan başqa şəxsdən iki sot da torpaq almışdır. Cavabdeh mübahisəli evi tamamilə öz vəsaiti hesabına tikmiş, sadəcə olaraq mərhum oğlu və ailəsinə həmin evdə yaşamağa müvəqqəti icazə vermişdir. Belə ki, cavabdehin mərhum oğlu X25 Bakıya gələndə o, oğluna həmin evdə yaşaması üçün şərait yaratmışdır. Lakin cavabdehin oğlu Anar Əliyevin ölümündən sonra ilk İddiaçı Cavabdeh öz evinə girməsinə icazə verməmişdir. Bu səbəbdən qarşılıqlı iddiaçı onun uşaqları ilə birlikdə evdən çıxarılmasını tələb etməli olmuşdur. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

10. Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(018)-1716/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixində Dağıstan Respublikasının Xasaxyurt şəhərində doğduğu, doğulması Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 28 nömrə ilə qeyd edilmiş X14 atasının xx.xx.1979-cu ildə Astara rayonu Kolatan kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan X13 olması müəyyən edilmişdir, uşağın saxlanılması üçün X5 80 manat məbləğində aliment tutulması qət edilmişdir.

11. "xxxx" ASC tərəfindən verilmiş **********50016 kodlu abonentin saldosundan görünür ki, ünvan 4 ünvanı üzrə abunəçi Cavabdehdur.

12. Abşeron rayon Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli, 16 nömrəli əmrdən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 171 nömrəli sərəncamı, X38 Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli, 21 nömrəli protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh 0.04 ha torpaq sahəsi ayrılmışdır.

13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 33/4741 nömrəli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X12 2006-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumatlar təqdim edilmişdir.

Şahid ifadələri.

14. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X15 bildirmişdir ki, o, ilk İddiaçı ilə 7-8 ildir ki, hasar qonşusudur. Onların evi iki mərtəbədən ibarətdir. O özü ustadır və ev tikintisi ilə məşğul olur. İlk iddiaçının mərhum əri X27 həmin evi tikmək üçün usta kimi ona müraciət etmişdir. Evin bünövrəsindən sona qədər özü tikmişdir. Evi tikməyə təxminən 2008-2009-cu illərdə başlamış, həmin vaxt iki evin tikintisini apardığı üçün tikinti bir az gec yekunlaşmışdır. Anar Əliyev üçün tikdiyi ev 4 sot torpaq sahəsinin üzərində yerləşən iki mərtəbə tikili olmuş, birinci mərtəbə maşın saxlanılması üçün nəzərdə tutulmuş, ikinci mərtəbədə isə yaşayış üçün otaqlar, hamam və sanitar qovşaq olmuşdur. Hasarın uzunluğu 16 metr, evi 15 metrdir. Evin birinci mərtəbəsinin ölçüsü 10x11, ikinci mərtəbəsinin ölçüsü isə 11x15 olmuşdur. X57 2008-ci ildə torpağı almış, tikintinin pulunu da özü vermişdir. Evin tikintisi üçün suyu isə öz həyətindəki artezian quyusundan götürmüşdür. Cavabdeh isə mərhum Anarın atası kimi bir neçə dəfə görmüş, lakin evin tikintisi vaxtı heç vaxt görməmişdir.

15. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X30 bildirmişdir ki, o, ilk İddiaçı qonşusudur. O, öz evinə 2010-cu ildə köçmüş, ondan bir müddət sonra da Jalə xanım ailəsi ilə birlikdə öz evlərinə köçmüşdür. Cavabdeh isə oğlunun məclisində görmüşdür. Evi əri ilə birlikdə Jalə xanım tikmişdir. Hətta ev tam hazır olana qədər evin zirzəmisində yatmışlar. Həmin vaxt onların bir qızları olmuş, daha sonra bir uşaqları da doğulmuşdur. Həmin uşağa ev tam hazır olana qədər Jalənin anası baxmış, ev tikilib hazır olandan sonra Jalə o uşağı da yanına gətirmişdir. Həm Jalə, həm də əri Anar hər ikisi işləyərək evi birlikdə tikdirmişlər. Xatırladığı qədərilə İddiaçı təndirdə, sexdə müxtəlif işlərdə işləmiş, Anar Əliyev isə axşamlar bazardan mal alıb gətirib satmaqla, ya da taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, ev tikilən vaxt Cavabdeh görməmiş, onu yalnız bir dəfə məclisdə görmüşdür. Evi Jalə ilə mərhum əri Anar Bəhlul adlı qonşularına tikdirmişdir.

16. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X31 bildirmişdir ki, Cavabdehlə kənddə bazarın yanında rastlaşmış, Məhərrəm ona Bakıda ev tikmək istədiyini bildirmiş, ucuz başa çatması üçün ondan evi tikməsini xahiş etmişdir. Evi tikməyə 2006-cı ildə başlamış, 2012-ci ilə qədər tikinti davam etmişdir. O, həmin evin hörgü işini, suvaq işini görmüşdür. Lakin suvaqdan sonra evdə heç bir iş görməmişdir. Gördüyü işlərin müqabilində hissə-hissə 4000 manata yaxın pul almışdır. Evi tikmək üçün lazım olan materialları Cavabdeh təmin etmişdir. Belə ki, Məhərrəm ona zəng vurub material gətirdiyini dedikdə o da rayondan gedib evi tikməyə davam etmişdir. Həmin vaxt ətrafda çox qonşu olmamış, yalnız bir-iki ailə yaşamışdır. Bu səbəbdən onun evi tikdiyini heç kim görməmişdir. Evin quruluşu belədir ki, evin koridoruna girdikdə solda iki otaq, hamamtualet, sağda isə bir zal var. Evin ümumi ölçüsü 10x11 olmuşdur. Həyətdə su olmadığından tikinti zamanı suyu ya uzaq qonşudan almış, ya da maşınla gətirmişlər.

17. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X9 bildirmişdir ki, 2018-ci ildə Həsən adlı usta ilə birlikdə Anar Əliyev və İddiaçı evinin çöl divarına suvaq vurmuşdur. Eyni zamanda kanalizasiya üçün quyu qazma işini görmüş, Anar ona 100 manat pul vermişdir.

18. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X40 bildirmişdir ki, 2006- 2012-ci illərin yay aylarında Cavabdeh tikdirdiyi evdə fəhlə işləmiş, hörgü işi görmüşdür.

İşin faktiki halları.

19. İlk İddiaçı faktiki nikahda olduğu X27 və iki qızı ilə birlikdə X38 ərazisində yerləşən özbaşına tikilidə yaşamışdır. X27 eyni zamanda, ilk iddia üzrə Cavabdeh oğlu olmuşdur. Anar Əliyev xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bundan sonra mərhumun faktiki nikahda olduğu İddiaçı və atası Cavabdeh arasında özbaşına tikili ilə bağlı mübahisə yaranmışdır. Belə ki, qaynatası Cavabdeh onu və qızlarını mərhum əri Anar Əliyevlə birlikdə tikdirdikləri evdən çıxarmağa çalışdığını iddia edən İddiaçı evə köçürülmə və istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Evin yerləşdiyi torpaq sahəsinin özünə məxsus olduğunu, evin isə özü tərəfindən tikdirildiyini iddia edən Cavabdeh isə İddiaçı və qızlarının evdən çıxarılması, evin və yerləşdiyi torpaq sahəsinin özünə qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddiaçı sonradan iddia tələbinin fərdi yaşayış evinə sahiblik, istifadə və sərəcam hüququnun tanınması şəklində dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilmədiyindən nəzərə alınmamışdır.

Tətbiq edilən hüquq.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.

Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları. 3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından göründüyü kimi hazırda ilk iddiaçının qızları ilə birlikdə yaşadığı, X38 ərazisində inşa edilmiş fərdi yaşayış evinin özbaşına tikili olmasını, bu evin heç kimin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamış olmasını hər iki tərəf mübahisələndirmədən qəbul edir. Tərəflər arasındakı əsas mübahisəli məsələ bu evin kim tərəfindən tikilmiş olması ilə bağlıdır. Belə ki, ilk İddiaçı X57lə 2007-ci ildən faktiki nikah münasibətlərində olduğunu, evin yerləşdiyi torpaq sahəsinin mərhum tərəfindən 2008- 2009-cu illərdə alındığını, 2012-2014-cü illərdə isə tikildiyini iddia etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh isə evin yerləşdiyi torpaq sahəsini 2000-ci ildə sərəncam əsasında aldığını, 2006-ci ildən evi tikməyə başladığını, Qazaxıstan vətəndaşı olan oğlu Anar Əliyev Azərbaycana qayıtdıqdan sonra evdə ailəsi ilə birlikdə yaşamaq üçün ondan icazə istədiyini, onun da buna razılıq verdiyini, beləliklə, özünün razılığı əsasında oğlunun ailəsi ilə birlikdə 2017-ci ildən həmin evdə yaşadığını, lakin oğlunun ölümündən sonra onun faktiki nikahda olduğu İddiaçı onu və ailə üzvlərini evə buraxmadığını bildirmişdir.

24. Məhkəmə tərəfindən işin həqiqi hallarının müəyyən edilməsi məqsədilə hər iki tərəfin şahidləri dinlənilmiş, təqdim edilmiş mötəbər sübutlar əlaqəli şəkildə tədqiq edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, mərhum X27 2006- 2012-ci illər ərzində Azərbaycan Respublikası dövlət sərhədindən bir dəfə belə olsun keçməmiş, ölkə xaricində (belə görünür, vətəndaşı olduğu Qazaxıstan Respublikasında) olmuşdur. 2012-2020-ci illər arasında isə dövlət sərhədindən 45 giriş-çıxışı olmuş, bəzi girişlərdə bir neçə gün, bəzilərində bir neçə ay ölkədə qalmış, bəziləri isə formal girişçıxışlar (əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olması müddəti kimi müəyyən edilmiş 90 gün limitini aşmamaq üçün eyni gündə edilmiş giriş-çıxışlar) olduğundan xx.xx.2015 – xx.xx.2018 tarixləri arasında faktiki olaraq burada olmuşdur. Bu səbəbdən mərhumun 2012-ci ildən öldüyü 2021-ci ilədək ilk İddiaçı ilə faktiki nikahda olmuş olması mümkündür. Lakin onun 2007-ci ildən ilk İddiaçı ilə faktiki nikah münasibətində olması, 2008-2009-cu illərdə gəlib şəxsən torpaq sahəsi alması istisna edilir.

25. Buna baxmayaraq, məhkəmə iclasında ifadəsi dinlənilən şahidlərdən X15 mübahisəli evi şəxsən Anar Əliyevin müraciəti əsasında 2008-2009-cu illərdə tikməyə başladığını iddia etmişdir. Lakin ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər şahid X30 evin tikintisinin 2010-cu ildən sonra başladığını bildirmişdir. Bundan əlavə, mərhumun evi tikdiyi tarixlə bağlı ilk iddiaçının özü tərəfindən də kifayət qədər qeyri-dəqiq mövqe sərgilənmişdir. Belə ki, ilk iddia ərizəsində mübahisəli evin yerləşdiyi torpaq sahəsinin X57 tərəfindən 2017-ci ildə alındığı qeyd edilmişdir. Lakin ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaya verilmiş etirazda mübahisəli torpaq sahəsinin 2014-cü ildə X3, həmin ildən də tikintiyə başlanıldığı iddia edilmişdir. İlk iddiaçı məhkəmə iclasında verdiyi izahatda isə X57in torpaq sahəsini 2008-2009-cu illərdə aldığını, 2012-ci ildən isə evi tikməyə başladığını bildirmişdir. Hansı ki, Anar Əliyevin həmin illər ölkə ərazisinə giriş etməmiş olması iş materiallarından göründüyündən sonuncunun həqiqətə uyğun olmadığı mübahisəsizdir. Eyni səbəbdən, məhkəmə evi 2008-2009-cu illərdə tikdiyini iddia edən şahid X7 ifadəsinə də tənqidi yanaşır.

26. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutların tədqiqi zamanı isə müəyyən edilmişdir ki, Abşeron rayon X38 üzrə xx.xx.2000-ci il tarixli, 16 nömrəli əmrlə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 171 nömrəli sərəncamı, X38 Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli, 21 nömrəli protokoluna əsasən sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh 0.04 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə qeyd edir ki, təklikdə bu sənəd əsasında mübahisəli torpaq sahəsinin məhz bu sərəncamla ayrılmış torpaq sahəsi olması nəticəsinə gəlmək mümkün deyil. Ona görə ki, bu sərəncamda torpaq sahəsinin hansı koordinatlarda yerləşdiyi qeyd edilməmişdir. Bununla belə nəzərə alınmalıdır ki, bu sərəncamla qarşılıqlı iddiaçıya verilmiş torpaq sahəsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsi olmasını ilk iddiaçı da mübahisələndirməmiş, əksinə qarşılıqlı iddiaçının mübahisəli torpaq sahəsinin özünə verilməsinə dair saxta sərəncam əldə etdiyini iddia etmişdir. Bundan əlavə, Südçülük sovxozu ərazisindəki fərdi yaşayış evi üzrə abonentin saldosu məhkəməyə təqdim edilmişdir ki, həmin saldodan ünvan üzrə abonentin Cavabdeh olduğu görünür. Məhkəmə iclasında bununla bağlı mövqeyi öyrənilən ilk İddiaçı qəbul etmişdir ki, yaşadığı evin bütün kommunal xidmətləri qarşılıqlı iddiaçı Cavabdeh adınadır. Lakin o, bu vəziyyəti mərhum ərinin Qazaxıstan Respublikası vətəndaşı olması, bu səbəbdən kommunal xidmətləri öz adına yox, atasının adına qeydiyyata aldırması ilə izah etmişdir. Bundan başqa, məhkəmə iclasında ifadəsi dinlənilmiş şahid X31 mübahisəli evin Cavabdeh müraciəti əsasında özü tərəfindən 2006- 2012-ci illərdə tikildiyini ifadə etmiş, digər şahid X40 isə həmin vaxt hörgü işlərində fəhlə kimi işlədiyini bildirmişdir.

27. Göründüyü kimi ilk iddiaçının təqdim etdiyi dəlillərə münasibətdə qarşılıqlı iddiaçının dəlilləri daha mötəbərdir və mübahisəli evin qarşılıqlı iddiaçı tərəfindən tikilmiş olması nəticəsinə gəlməyə imkan verir. Bununla belə, qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi şahid X16 ifadəsindən görünür ki, o, mübahisəli evi 2006-2012-ci illərdə hissə-hissə tikdiyini, evin hörgü işini gördüyünü, suvaq işindən sonra isə tikintini dayandırdığını bildirmişdir. Digər şahid X40 isə Cavabdeh tikdirdiyi evdə hörgü işi üçün fəhləlik etdiyini bildirmişdir. Göründüyü kimi qarşılıqlı iddiaçının şahidləri yalnız evin hörgü, suvaq işləri kimi əsas tikinti işlərini gördüyünü bildirmiş, lakin evi yaşayış üçün tam yararlı şəkildə, tam təmirli vəziyyətdə təhvil verdiklərini iddia etməmişdir.

28. Məhkəmə iclasında dinlənilən başqa bir şahid Z.Rəhimov isə X57in tapşırığı ilə evin çöl suvaq işlərini, eləcə də başqa işlər gördüyünü bildirmiş, qarşılıqlı iddiaçı həmin şahidin suvaq işi gördüyünü qəbul etmişdir. Bundan başqa, məhkəmə iclasında dinlənilən şahid X30 evi bütövlükdə İddiaçı və əri Anar Əliyevin tikdiyini ifadə etsə də ev tam hazır olana qədər onların zirzəmidə yatdığını, hətta bu müddətdə İddiaçı bir uşağını baxması üçün anasına verdiyini, ev tam hazır olduqda isə onların evə tam yerləşdiyini bildirmişdir. Eyni zamanda, ilk İddiaçı da evə köçdükləri ilk vaxtlar ev tam hazır olmadığından bir müddət zirzəmidə yaşadıqlarını, sonradan evə tam köçdüklərini qeyd etmişdir.

29. Bütün bu qeyd edilənləri əlaqəli şəkildə araşdıran məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi qarşılıqlı iddiaçı Cavabdeh müvafiq sərəncam əsasında verilmiş, evin tikintisinə də Cavabdeh tərəfindən başlanılmışdır. Bununla belə Cavabdeh bu evdə heç vaxt yaşamamış, əsas tikinti işləri başa çatdıqdan sonra evi yaşaması üçün Qazaxıstandan gələn oğlu X27 və faktiki nikahda olduğu İddiaçı vermişdir. X60 və İddiaçı köçdüyü vaxt ev tam hazır vəziyyətdə olmamış, evi yaşayış üçün yararlı vəziyyətə X57 faktiki nikahda olduğu İddiaçı ilə birlikdə gətirmiş, Anar Əliyev ölənə qədər də onlar faktiki nikahlarından doğulmuş qızları Mələk Əliyeva və ilk iddiaçının digər nikahından doğulmuş qızı Aksana Əliyeva ilə birlikdə yaşamışlar. X53 2021-ci ildə ölümündən sonra mərhumun atası Cavabdeh və faktiki nikah münasibətində olduğu İddiaçı arasında evlə bağlı mübahisə yaranmış, bu mübahisə İddiaçı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh isə evdən çıxarılma və evin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etməsinə gətirib çıxarmışdır.

30. Məhkəmə ilk növbədə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş hallarından biri də ilk İddiaçı iki qızı ilə birlikdə hazırda mübahisəli evdə yaşamasıdır. O da qeyd edilməlidir, İddiaçı faktiki nikahda olduğu Anar Əliyevin ölümündən sonra heç vaxt bu evdən çıxarılmamışdır. Aydındır ki, şəxsin çıxarılmadığı, faktiki olaraq yaşadığı evə köçürülməsindən söhbət gedə bilməz. Məhkəmə ilk iddiaçının diqqətinə çatdırır ki, əgər mübahisə evdə yaşamağına qarşılıqlı iddiaçı tərəfindən edilmiş hansısa maneələrlə bağlıdırsa, konkret maneələrin nədən, hansı hərəkətlərdən ibarət olmasını göstərməklə, bu hərəkətlərin cavabdehə qadağan edilməsinə dair tələblə məhkəməyə müraciət etməli, əgər bu hərəkətlər qarşı tərəfin cinayət, yaxud inzibati xəta xarakterli hüquqazidd əməlləri ilə müşayiət olunursa, bununla bağlı aidiyyəti hüquq mühafizə orqanına müraciət etməlidir. Hazırkı halda isə şəxsin uşaqları ilə birlikdə yaşadığı və faktiki olaraq heç vaxt çıxarılmadığı evə köçürülməsinin təmin edilməsi mümkün deyil.

31. İstifadə hüququnun tanınmasına münasibətdə isə məhkəmə işin bir digər faktiki halını – mübahisəli evin özbaşına tikili olmasını xatırlatmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, özbaşına tikilinin “özbaşınalığından” qaynaqlanan əsas xüsusiyyəti bu tikili üzərində heç bir hüququn tanınmasının mümkün olmamasıdır. Bu baxımdan ilk iddiaçının qızları ilə birlikdə bu ev üzərində istifadə hüquqlarının tanınmasına yönəlmiş tələbi əsassızdır.

32. Qarşılıqlı iddia tələbindən isə görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılmasını, evin və yerləşdiyi torpaq sahəsinin ona qaytarılmasını tələb etmişdir. Ev özbaşına tikili olduğundan məhkəmə ilk növbədə subyektiv hüquqla bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ev heç kimin mülkiyyətində olmadığından qarşılıqlı iddiaçının evdə yaşayanları evdən çıxarmaqla bağlı tələb irəli sürməyə subyektiv hüququnun olması məsələsi bir qədər mübahisəyə açıqdır.

33. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında qarşılıqlı iddiaçıya bu evin yerləşdiyi sovxozda, bu evin yerləşdiyi torpaq sahəsinin ölçüsü qədər (0.04 ha) torpaq verildiyini göstərən sərəncam mövcuddur. Sərəncamdan görünür ki, bu torpaq sahəsi qarşılıqlı iddiaçıya müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139- 1.1.1-ci maddəsinə əsasə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu o deməkdir ki, qarşılıqlı iddiaçının gələcəkdə həmin torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırması istisna edilmir. Bundan başqa, yuxarıda qeyd edilənlərdən (§ 29) görünür ki, məhkəmə mübahisəli evin həm ilk, həm də qarşılıqlı iddiaçının vəsaiti hesabına tikildiyi nəticəsinə artıq gəlmişdir.

34. Məhkəmə təkrar qeyd edir ki, müvafiq sərəncam qarşılıqlı iddiaçıya bu torpaq sahəsi üzərində mülkiyyət hüququ vermir, ən azından ona görə ki, qarşılıqlı iddiaçıya sərəncam əsasında verilmiş torpağın hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən deyil. Bununla belə məhkəmə hesab edir ki, bu sərəncam qarşılıqlı iddiaçıya hazırkı qarşılıqlı iddianı qaldırmağa subyektiv hüquq verir. Ona görə ki, “mülkiyyət” anlayışı təkcə “mövcud mülkiyyət”lə məhdudlaşmır, həmçinin, ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə bilməyə ən azından məqbul və “qanuni gözləntisi” olduğu əmlakları, tələbləri də əhatə edə bilər. “Gözlənti” əgər, qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanırsa “qanuni”dir. Hər bir işdə yoxlanılmalı olan məsələ, bütövlüklə nəzərə alındıqda, işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əsl marağı verib-verməməsidir (Saghinadze və başqaları Gürcüstana qarşı, no. 18768/05, § 103, 27 may 2010, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, no. 22035/10, § 41, 15 noyabr 2016).

35. Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilmiş mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçıya evin yerləşdiyi sovxozun ərazisində, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü qədər torpaq sahəsi verildiyini təsdiq edən sərəncam, evin kommunal xidmətlərinin qarşılıqlı iddiaçının adına olması, evin qarşılıqlı iddiaçı tərəfindən tikildiyini təsdiq edən şahid ifadələri hazırkı mərhələdə qarşılıqlı iddiaçının nə bu ev, nə də evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu tanımaq üçün kifayət etməsə də onun hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu tanımağa kifayət edir. Belə ki, məhkəmə yuxarıda qeyd edilənlərin fonunda qarşılıqlı iddiaçının bu torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş ev üzərində mülkiyyət hüququndan effektiv istifadə edə bilməyə ən azından məqbul və “qanuni gözləntisi” olduğu nəticəsinə gəlir. Həmçinin, məhkəmə qarşılıqlı iddiaçının bu “gözlənti”yə ən azından ilk iddiaçı ilə müqayisədə daha çox haqqı çatdığını qeyd etməyi də zəruri hesab edir.

36. Subyektiv hüquqla bağlı məsələni həll etdikdən sonra məhkəmə qarşılıqlı iddia tələbinin əsaslılığına münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddiaçının tələbi mübahisəli evə köçürülməyə yox, məhz ilk iddiaçının uşaqları ilə birlikdə (hansı ki, bu uşaqlardan biri qarşılıqlı iddiaçının doğma nəvəsi, mərhum oğlunun hələ üç yaşı tamam olmamış qızıdır) evdən çıxarılmasına və evin torpaq sahəsi ilə birlikdə özünə qaytarılmasına yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, qarşılıqlı iddiaçı heç vaxt bu evdə yaşamamışdır və evi də öz yaşayışı üçün tikməmişdir. Belə ki, qarşılıqlı iddiaçının daimi yaşayış yeri Astara rayonundadır və mübahisəli evi tikməsini “Bakıda da evi olmağını istəməyi” ilə izah etmişdir. Yəni, qarşılıqlı iddiaçının bu evə yaşayışını təmin etmək baxımından ehtiyacı yoxdur. Görünür, elə buna görə də evə köçürülməyini yox, evdə yaşayanların evdən çıxarılmasını tələb etmişdir.

37. Qarşılıqlı iddiaçının əksinə, ilk İddiaçı isə uşaqları ilə birlikdə yaşayışını təmin edəcək mübahisəli evdən başqa evi yoxdur. Qarşılıqlı iddiaçı Cavabdeh də öz növbəsində bu halı mübahisələndirməmiş, hətta məhkəmə araşdırması gedişində nəvəsini yaşayış yeri ilə təmin etmək üçün ilk iddiaçıya 20000 manata bir ev alıb verəcəyini, bu evi nəvəsinin adına alacağını vəd etmiş, lakin tərəflər arasında bu istiqamətdə heç bir barışıq əldə edilməmiş, qarşılıqlı iddiaçı iddiası təmin edilərsə, nəvəsinə ev alıb-almayacağı ilə bağlı məhkəmə tərəfindən ona yönəldilmiş suala “Nəvəmi versin, özüm saxlayaram” cavabını vermiş, bununla da ev almaqla bağlı əvvəlki məhkəmə iclasında verdiyi vədin qeyri-real olduğunu nümayiş etdirmişdir. Lakin qarşılıqlı iddiaçı məhkəmə araşdırması gedişində ilk iddiaçının yaşayışını təmin edəcək başqa yaşayış yeri olduğunu heç vaxt iddia etməmiş, bu evin ilk iddiaçının yeganə yaşayış yeri olduğunu faktiki olaraq qəbul etmiş, bununla belə oğlu Anar Əliyevin ölümündən sonra ilk iddiaçının onu və ailə üzvlərini evə buraxmaması, onlara hörmətsizlik etməsi kimi səbəblərdən onu uşaqları ilə birlikdə yeganə yaşayış yerindən çıxarmaq qərarına gəldiyini bildirmişdir.

38. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, evin kim tərəfindən, hansı tarixdə tikilmiş olması hər nə qədər mübahisəli olsa da hər iki tərəf qəbul edir ki, ilk iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə bu evdə yaşayır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddiaçının uşaqları ilə birlikdə bu evdən çıxarılması sözsüz ki, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilinə hörmət hüququna müdaxilə təşkil edəcəkdir. Həmin maddəyə əsasən: 1. Hər kəs ... mənzilinə ... hörmət hüququna malikdir; 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır. (Yevgeniy Zakharov v. Russia, no. 66610/10, § 30, 14 Mart 2017).

40. Məhkəmə qeyd edir ki, ilk iddiaçı ən azından 2017-ci ildən bəri (qarşılıqlı iddiaçı yalnız bu tarixdən sonranı qəbul edir) ailəsi ilə birlikdə bu evdə yaşamışdır. Odur ki, məhkəmə mübahisəli evi Konvensiyanın 8-ci maddəsinin mənası baxımından ev kimi qəbul edir və ilk iddiaçının bu evdən çıxarılmasının qət edilməsi ilə onun evinə hörmət hüququna müdaxilə edilməsinin labüd olduğu nəticəsinə gəlir.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mübahisələrlə bağlı formalaşmış presedent hüququna əsasən şəxsin evini itirməsi evə hörmət hüququna ən kəskin müdaxilə olduğuna görə bu risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa daxil olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilmiş prinsiplər fonunda müstəqil məhkəmə tərəfindən görülən tədbirlərin mütənasibliyinin araşdırılmasına nail olmalıdır.

42. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mütənasibliyin araşdırılması hər iki tərəfin bu evə nə məqsədlə ehtiyac duyması ilə ayrılmaz bağlıdır. Yuxarıda qeyd edilənlərdən (§ 36, 37) göründüyü kimi ilk iddiaçının bu evə olan ehtiyacı onun uşaqları ilə birlikdə yaşayışının təmin edilməsi ilə bağlıdır. Belə ki, ilk İddiaçı biri üç yaşına çatmamış iki uşağına tək valideyn kimi baxır. Onun faktiki nikahda olduğu və uşaqlarından birinin atası olan şəxs ölmüşdür. Dolayısı ilə onun uşağın saxlanılması üçün digər valideyndən aliment tələb etməsi də istisna edilir. Hazırkı iş üzrə tərəflər arasında aşkar görünən ədavətin fonunda uşaqlardan birinin babası olan qarşılıqlı iddiaçının ən azından mərhum oğlundan qalan övladının saxlanılmasında heç olmasa maddi olaraq iştirak etməsinə (edəcəyinə) inanmaq üçün real əsas yoxdur. Bundan başqa, ilk iddiaçı uşağının atası ilə rəsmi nikahda olmadığından onun vərəsə kimi, yaxud ən azından əri ilə birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyətçisi kimi pay tələb etmək imkanı da məhduddur. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə belə nəticəyə gəlir ki, ilk İddiaçı faktiki nikahda olan ərinin ölümündən sonra biri üç yaşına çatmamış körpə olmaqla iki uşağına baxan, onların bütün tələbatlarını təkbaşına ödəməyə məcbur olan anadır. Bu vəziyyətdə onun uşaqları ilə birlikdə illərdir yaşadıqları evdən çıxarılmasının ilk iddiaçını və xüsusən maraqları hamıdan üstün olan uşaqları hədsiz məhrumiyyətlə üzləşdirəcəyi mübahisəsizdir.

43. İlk iddiaçının uşaqları ilə birlikdə bu evdən çıxarılmaması, onların bu evdə yaşamağa davam etməsi isə daimi yaşayış yeri Bakı şəhərində olmayan, mübahisəli evə yaşayış yeri kimi heç bir ehtiyacı olmayan qarşılıqlı iddiaçının mülkiyyətçisi olmadığı, sadəcə qanuni gözləntisi olduğu ev üzərində potensial mülkiyyət hüquqlarını məhdudlaşdıracaqdır.

44. Yuxarıda qeyd edilmiş pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının “Bakıda da bir evim olsun” istəyi bu evə uşaqları ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan ilk iddiaçının evdən çıxarsa üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil.

45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsah Hüquqları Məhkəməsi məhz Azərbaycanla bağlı son dövrlərdə baxılmış xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında bu kateqoriya işlər üzrə mütənasiblik məsələsi araşdırılmadan, bir-birinə zidd maraqlar ölçülmədən qərar qəbul edilməsini yerli məhkəmələrin yol verdiyi kobud nöqsan kimi qiymətləndirmiş, yekunda bu cür araşdırma aparılmadan evdən çıxarma qərarının məcburi icra edilməsinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu olması nəticəsinə gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir.

46. Məhkəmə yuxarıda qeyd edilənləri hazırkı işə tətbiq edərək və tərəflərin bir-birinə zidd maraqlarını ölçərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçının yalnız qanuni gözləntisi olan əmlak üzərində gələcəkdə əldə edilməsi ehtimal olunan mülkiyyət hüququnu qorumaq üçün ilk iddiaçı iki uşağı ilə birlikdə illərdir yaşadığı yeganə yaşayış yerindən məhrum edilə bilməz. Odur ki, məhkəmə qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlir.

47. Bu cür nəticəyə gələrkən məhkəmə nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı, “X41rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

Məhkəmə xərcləri.

48. İş materiallarından görünür ki, ilk iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Öz növbəsində qarşılıqlı iddiaçı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

49. Dövlət rüsumu tərəflərdən iddianın təmin edilmiş hissəsinə mütənasib şəkildə tutulduğundan məhkəmə hesab edir ki, hər iki tərəfin ödədiyi rüsum özlərinə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

50. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair ilk iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir.

51. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair ilk iddia təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar