Məhkəmə qərarları › İş №e-2(010)-3046/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3046/2024

21.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3046/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdeh “Delfin Mənzil Tikinti Kooperativinə qarşı “zəbt olunmuş ərazinin geri qaytarılması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdeh “Delfin Mənzil Tikinti Kooperativinə qarşı “zəbt olunmuş ərazinin geri qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 308 nömrəli Sərəmcamına əsasən ona Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsinin Cavabdeh MTK tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

3. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 308 nömrəli Sərəmcamına əsasən Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsi İddiaçı “əhaliyə texniki və məişət xidməti” göstərilməsi üçün verilmişdir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisi olan fiziki şəxsdir və VÖEN statusuna malikdir, digər tərəf isə Cavabdeh Mənzil Tikinti Kooperatividir. Hazırda tərəflər arasında mübahisə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 308 nömrəli Sərəmcamına əsasən Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsinin zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq ona qaytarılmasıdır. Göründüyü kimi hazırki mübahisənin predmetini təşkil edən tələb məhz sahibkarlıq fəaliyyətindən irəli gəlir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsidir. Odur ki, predmet, subyekt və hüquq münasibətinin xarakteri baxımından mübahisə kommersiya məhkəməsinə aid olduğundan, iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə kommersiya məhkəməsinə müraciət edə bilər.

Məhkəmənin gəldiyi nəticə

6. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Delfin Mənzil Tikinti Kooperativinə qarşı “zəbt olunmuş ərazinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı Suraxanı Rayon Məhkəməsinə müraciət etməsilə əlaqədar ödədiyi 100 manat məbləğində dövlət rüsumu tam olaraq ona qaytarılmalıdır.

7. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı cavabdeh “Delfin Mənzil Tikinti Kooperativinə qarşı “zəbt olunmuş ərazinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddiaçı iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə kommersiya məhkəməsinə müraciət edə bilər. İddiaçı Suraxanı Rayon Məhkəməsinə müraciət etməsilə əlaqədar ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar