Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3123/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı (X7 və X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) fərdi yaşayış evinə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikahı dövründə birgə vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinə iddiaçının övladları ilə birgə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 18 mart 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Tərəflərin nikahlarından 06 aprel 2017ci il tarixdə X9 və 20 may 2022-ci il tarixdə X10 anadan olmuşlar. Сavabdeh iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulmasını tələb etmiş və Gədəbəy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflərin arasında olan nikahın pozulması, uşaqların iddiaçının himayəsində saxlanılması və 06 aprel 2017-ci il tarixdə X9 və 20 may 2022-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq artırmalar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.625 misli qədər aliment cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən mübahisəli evə gəlin kimi köçərək orada cavabdeh və onun valideynləri ilə birgə təsərrüfat aparmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən mübahisəli ev özbaşına tikili olmaqla, cavabdehin atası X4 məxsusdur və mübahisəli evin elektrik və qaz təchizatı ilə bağlı sənədlər X2 adınadır. İddiaçı həmin evdə bir müddət mübahisəsiz yaşamış, lakin sonralar cavabdehin ata və anasının müdaxilələri nəticəsində tərəflərin arasında münasibətlər pozulmuş, dəfələrlə dava-dalaşlar olmuş, iddiaçı bununla bağlı dəfələrlə “102” xidmətinə müraciətlər etmiş, bunu sahə müvəkkili də bilmiş və dəfələrlə bu barədə söhbətlər aparsa da, heç bir nəticə əldə edilməmişdir. İddiaçının qayınatasıgil ilə mütəmadi olaraq aralarında baş verən ailə-məişət münaqişələrindən cavabdehin atasına məxsus evdə yaşamaq imkanı olmadığından iddiaçı ilə cavabdehin ümumi vəsaitləri hesabına həmin torpaq sahəsində 2024-cü ilin mart ayından başlayaraq 2024-cü ilin may ayına kimi digər fərdi yaşayış evi tikmişlər, təmir edib orada yaşamışlar. Həmçinin, iddiaçının cehiz əşyaları və tərəflərin birgə aldıqları əşyalar həmin evdə yerləşdirilmişdir, lakin buna baxmayaraq cavabdeh və onun valideynləri həmin evdə iddiaçıya yaşamağa imkan verməmişlər. Belə ki, qaynatasıgilin dəstəyi ilə cavabdeh iddiaçıya qarşı dəfələrlə fiziki və psixoloji təsirlər edərək sonunda 15 yanvar 2025-ci ildə 2 azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur, cehizlərini də evdən çıxarmışdır. Bundan sonra iddiaçı məcburiyyət qarşısında qalaraq kirayə tutduğu evdə yaşayır, lakin hal-hazırda iddiaçının kirayədə qalmaq imkanı yoxdur, belə ki, maddi cəhətdən çətinliyi olduğundan nəinki kirayə qaldığı evin pulunu vermək, hətta uşaqların ən zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə iddiaçını azyaşlı uşaqları ilə evdə yaşamağa qoymur. İddiaçının həmin evdən başqa yaşayış yeri yoxdur. Artıq belə bir vəziyyətdə kirayədə yaşamaq mümkün deyil və ona görə də o, mübahisəli evə köçüb orada yaşamaq istəyi barədə dəfələrlə cavabdehlə danışsa da, cavabdeh buna imkan verməmişdir. Qeyd olunan torpaq sahəsində evin tikilməsi və tərəflərin yaşamalarına dair sübutları – evin, inşa olunarkən və ondan sonra fotoşəkilləri, şahid ifadələri, cavabdehlə telefon danışıqları vardır. Hətta cavabdeh iddiaçı ilə telefonla danışanda iddiaçıya müraciət edərək evə qayıtmasını xahiş etmiş, cavabında iddiaçı ona demişdir ki, əgər ayrı ev tikərlərsə o evə qayıdar, çünki cavabdehin valideynləri ilə birlikdə yaşamaq mümkün deyildir. Beləliklə, tərəflər qeyd olunan evi birgə nikah dövründə tikdiklərindən iddiaçının da həmin evə sahiblik hüququ yaranmış və həmin evdə sahib kimi payı vardır. Ona görə də iddiaçı övladları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsində cavabdehlə birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinə köçürülməlidir. İddiaçının yaşayış şəraiti nəzərə alınmalıdır. Belə ki, iddiaçı 2 azyaşlı uşağı ilə birlikdə evdən çıxmağa məcbur olmuşdur, hazırda heç yerdə işləmir və onun övladları ilə birgə yaşayış yerinə ciddi ehtiyacı vardır. Buna görə də iddia təmin olunmalıdır. Beləliklə qanunvericiliyin tələblərini işin halına tətbiq edərkən belə qənaətə gəlmək olar ki, mübahisəli tikili özbaşına tikili olsa da və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili tərəflərin birgə nikahı müddətində və birgə vəsaiti əsasında tikilmişdir və hər bir tərəfin tikilidən bərabər istifadə imkanı saxlanmalıdır. Tərəflərin izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, həmin tikiliyə 20.000 min manata yaxın pul xərclənmişdir, sıfırdan sökülərək yenidən tikilmişdir. Ancaq onu orda yaşamağa qoymamışlar. Qaynatası açarı ona verməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, tərəflər nikaha daxil olduqdan sonra bələdiyyə sənədi ilə qaynataya məxsus torpaqda yerləşən evdə yaşamışlar. Yola getmədiklərinə görə kirayə çıxmışlar, sonra isə cavabdehin təkidi ilə yenidən həmin həyətə qayıtmışlar. Həyətdə olan yarımtikili sökülərək yenidən tikimiş, tikintiyə üçün 20-25 min manat pul yığmışlar. İş materiallarında olan səs yazılarında birlikdə pul yığmaları ilə bağlı sübutlar var. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin atasına ilkin mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində hər hansı təmir-tikinti, yenidənqurma və digər işlərin görülməsi məhz həmin şəxsin razılığı ilə həyata keçirilə bilər. Əgər 20-25 min manat pul yığılmışdısa, münaqişəli şəraitdə yaşadıqları qaynana-qaynata yanına qayıtmaqdansa tərəflər ipotekaya ev götürə bilərdilər. İddiaçının qayınata evindən çıxarılmasının səbəbi qaynanasını döyməsi olmuşdur. Torpaq sahəsinin cavabdehin atasına məxsus olması, hazırkı iş üzrə tərəflər arasında münaqişəli ailə vəziyyətinin mövcudluğu, iddiaçının həmin evə təkrar qayıdaraq fərdi yaşayış evini təmir etdirməsi üçün zaman məhdudluğu və digər bu kimi hallar nəzərə alınaraq, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş üçüncü şəxs X15 izahatında bildirmişdir ki, həmin tikili 2001-ci ildə tikilib. Tikili 3 dəfə təmir olunub, 2005-ci ildə qızının toyu ərəfəsində “kraska” işləri görülüb. Həmin işlər görülən vaxt oğlu əsgərə getmişdir. Daha sonra oğlu və gəlini 2021-ci ildə kirayə çıxmış, sonra oğlu 800 manat hər ay kirayə verməyə imkanı çatmadığı üçün onların razılığı ilə yaşadıqları evə köçmüşlər. Sözügedən mübahisəli tikilini qayını tikmişdir. Qayını usta olmuş, evin tikintisini şəxsən aparmışdır. Həmin evi məhz kirayə vermək üçün tikdirmişlər. Həmin evdə heç kim, nə özü, nə əri, nə də tərəflər yaşamamışdır. Oğlu və keçmiş gəlini kirayədən qayıtdıqdan sonra cehiz əşyaları onların əvvəldən də birlikdə yaşadıqları “A” tikilisinə yerləşdirilmişdir. Həmin evdə gəlininin hər hansı əşyası olmamışdır. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş üçüncü şəxs X7 izahatında bildirmişdir ki, o, əvvəllər zavodda işləmiş, zavoddakı işindən əlavə olaraq da müəyyən işlərlə məşğul olmuşdur. Mübahisəli tikilini öz qazandıqları hesabına özü tikmişdir. Axırıncı dəfə həmin tikilidə “restavrasiya” işləri yerinə yetirilmiş və həmin işlərin görülməsində özü də şəxsən iştirak etmişdir. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, iddiaçı onun qızıdır. Qızı və Zaur nikahdan sonra cavabdehin atasına məxsus evə köçmüşlər. 2021-ci ildə aralarında münaqişələr yaranmışdır. münaqişələr gəlin və qayınata arasında baş vermiş, bir-birlərinə sözləri xoş gəlməmişdir. Zaur nikaha daxil olandan sonra öz evlərinə bitişik bir otaq da tikmək üçün 1 il Rusiyada çalışmışdır. Söz-söhbətlər yaranandan sonra Zaur Səbinəni də götürüb evdən getmiş və kirayədə yaşamağa başlamışdır. Kirayədə yaşadıqları müddətdə Zaur onun da iştirakı ilə əvvəlcə torpaq alıb ev tikmək istəmiş, sonra bu planını təxirə salmışdır. Zaur sonra ipoteka ilə ev əldə etmək istəmiş, buna görə qızına toyda verilən qızılları aşağı qiymətə, 3500 manata satmışdır. Lakin, bu plan da Zaurun yaxın qohumlarının təkidi ilə baş tutmamışdır. Çünki, onun yaxınları ona “ata ocağın ola-ola niyə ayrı yaşamalısan?” deyə təzyiq etmiş, nəticədə yenidən atasının yanına qayıtmışlar. Hətta, Zaurun anası da telefonda demişdir ki, “gəlib ev tikib yaşasınlar, heç kimin onlarla işi olmayacaq”. Onlar həyətdə təzə ev tikib, orada yaşamaq istəmişlər. Təxminən 2024-cü il mart ayından iyun ayınadək tikinti aparılmışdır. Qızı qayınatası ilə yola getmədiyindən qayınatası onu 2025-ci ilin yanvar ayında evdən qovmuşdur. Həmin tikilidə qızına aid əşyaların yerləşdirilib-yerləşdirilməməsi ona məlum deyil, lakin o bilir ki, qızı həmin evdə yaşamaq istəmişdir. Qızı yenidən qaynata həyətinə qayıtdıqdan sonra qayınatasının evində, yoxsa tikilən yeni evdə yaşamaları barədə məlumatlı deyil. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, iddiaçı onun bacısının qızıdır. Təxminən 2-3 il əvvəl, bacısı ona qızının ipoteka ilə ev almaq istəyini və buna görə vəsait çatışmadığını bildirmişdir. Buna görə bacısı ondan 3000 manat pul istəmiş, o da bacısı oğlu vasitəsilə pulu çatdırmışdır. Hazırda həmin pulun 2500 manatı ona qayıtmış, qalan 500 manatı isə qalıq qalmışdır. Pulu borc kimi Səbinəyə versə də, onun imkanı olmadığı üçün borcu Səbinənin qardaşı qaytarmışdır. Tərəflərin cavabdehin valideynləri ilə münaqişəli vəziyyəti barədə məlumatlı olmuş, cavabdehin atası ilə şəxsən söhbət etmişdir. Tərəflərin tikinti məqsədləri barədə eşitsə də, həmin tikintini başlayıb-başlamamaları barədə məlumatı yoxdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X19 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. O, konkret ili xatırlamasa da 2020-ci illərdə Zaurla söhbət etmiş, Zaur ona əlində 25000 manat pulun olduğunu və bu pula ipoteka ilə ev əldə etmək istədiyini bildirmiş, lakin buna gücünün çatmadığını, ona kömək etməsini xahiş etmişdir. Özünün də maddi vəziyyəti yaxşı olmadığı üçün kömək edə bilməmişdir. Həmin vaxt tərəflər Ramana qəsəbəsində yerləşən evlərdən birində kirayə yaşamış, daha sonra barışıq olduğu üçün yenidən Zaurun atasına məxsus evə qayıtmışlar. Həmin evin həyətində Zaurun pulu hesabına həmin ev tikilmiş, evin tikilməsi üçün hətta dayısı da 3000 manat pul vermişdir. Tikinti bitəndən sonra həmin evə baş çəkməmiş, bacısının həmin evdə yaşaması barədə məlumatlı deyil. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, cavabdeh onun əmisi oğlu, iddiaçı isə əmisi oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdehin atasına məxsus evin həyətində tikili mövcud olmuşdur. Ailədə söz-söhbət olduğu üçün cavabdeh iddiaçını da götürərək kirayəyə getmişdir. O, cavabdehin atasına şəxsən təklif etmişdir ki, həyətində yerləşən tikilini təmir etdirərək kirayəyə versin və qazanc əldə etsin. O, müharibə veteranı olduğu üçün ona birdəfəlik sığorta ödənişi verilmiş, həmin sığorta ödənişinin 2000 manat məbləğini isə cavabdehin atasına təmir xərclərinə ayırması üçün vermişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, Zaur onun qardaşının oğlu, Zakir isə qardaşıdır. Tikilini özü şəxsən tikmişdir. Özü tikintidə işləyir və qardaşına kömək etmək üçün həmin tikilini tikmişdir. 2024-cü ildə evin damını, üzünü remont eləmişdir. Bundan əlavə, evin işığını çəkmiş, “santexnik” işini görmüşdür. Tikilidə istifadə olunan materialları tam yadında deyil, lakin həmin materialları “Dərnəgül yolu”ndan almışdır. Ev əvvəldən, yəni 2000-ci ildən etibarən mövcud olmuş, təmir işləri sonradan görülmüşdür. Ümumilikdə təmir işlərinə təxmini olaraq 4000 – 5000 manat xərclənmişdir. Qardaşı həmin tikilini kirayə vermək istəmişdir. Çünki, qardaşının dolanışığı yaxşı olmamışdır. Bundan əlavə, evin “krişası” əvvəldən mövcud olmuş, yalnız “şifer” yenilənmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. Hazırda sözügedən ev 2024-cü ildə tikilmişdir. Həmin ev tikilməmişdən qabaq, cavabdeh ona və anasına zəng edərək Səbinəni razı salmalarını xahiş etmiş, həyətdə ev tikiləcəyini demişdir. Hətta Səbinənin “veşləri”ni belə o, anası ilə birlikdə yığmışdır. Çünki, Səbinə heç bir halda həmin evə qayıtmaq istəmirdi və buna razı deyildi. Zaur onlara söz vermişdir ki, həmin həyətdə ev tikdirəcək və müddətdə Səbinə onunla birlikdə ata- anasının yanında qalmalıdır. Səbinəni isə buna razı salmaq lazımdır. Evin tikilməsi üçün bacısı müəyyən əşyaların seçilməsini onlarla da məsləhətləşmiş, hazırlıq işləri görmüşdür. Lakin, evin tikilməsinə Zaurun vəsait xərcləməsini görməmişdir. Bacısının yenidən həmin evə qayıtması üçün əşyaların yığılmasında iştirak etsə də, əşyaların qayınatasına məxsus evə köçürülməsində şəxsən iştirak etməmişdir. Bacısının əvvəldən yaşadığı qayınatasına məxsus evdə olmuşdur. Həmin həyətdə qayınatasının bir evi və bir də kiçik zirzəmi olmuşdur. İş materiallarına əlavə olunan sənədlər Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 ünvan 1 ünvanı üzrə vergi ödəyicisi kimi uçota alınmışdır. Bakı şəhəri Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyası üzrə kartoçkadan müəyyən olunur ki, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində iki ədəd tikilinin inşa edilmişdir – 1) 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 151.4 m2 olan “A” tikilisi və 2) 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 39.9 m2 olan “B” tikilisi. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qaimə-fakturalardan müəyyən olunur ki, X7 tərəfindən tikinti materiallarının alınması üçün ümumilikdə 1667 manat məbləğində ödəniş edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-76/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılmaları, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Yerində müayinə Məhkəmə (hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi Elnur Mahmudov) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış sahələrinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı həyətə darvazadan daxil olarkən həyətdə qarşıda “A” tikilisi olan ev görünür. Darvazadan sağ tərəfdə isə “B” tikilisi deyilən ikinci tikili görünür. Həmin tikiliyə daxil olarkən qarşıda bir böyük otaq görünür. Otağın içərisində heç bir əşyanın olmadığı, yalnız bir ədəd çil-çıraq olduğu görünür. Otağın qapısından sol tərəfdə bir qapı görünür və həmin qapını açdıqda içəridə sanitar qovşaq olduğu görünür. Sanitar qovşaqdan sağda bir qapı da olduğu görünür. Həmin qapını açdıqda içəridə mətbəx üçün nəzərdə tutulmuş boş otaq olduğu müəyyən olunur. İşin halları İddiaçı və cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki uşaq - xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(042)-76/2025 nömrəli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, 2 azyaşlı uşağın İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması müvafiq alimentin hər ay Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinə övladları ilə birgə köçürülməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə təcrübəsində özbaşına tikililərin (ev və ya mənzil) inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi ilə bağlı təcrübə mövcuddur. Bu kimi məsələlərin həlli zamanı araşdırılmalı olan hallardan biri də həmçinin köçürülməni tələb edən şəxsin həmin tikilidə yaşayıb-yaşamamasının müəyyən edilməsidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçının övladları ilə birgə köçürülməsini tələb etdiyi tikili özbaşına tikili olmaqla dövlət reyestrində qeydə alınmamışdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə torpağı olmaqla, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 həmin ünvan üzrə vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyası üzrə kartoçkadan müəyyən olunur ki, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində iki ədəd tikilinin inşa edilmişdir – 1) 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 151.4 m2 olan “A” tikilisi və 2) 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 39.9 m2 olan “B” tikilisi. İddiaçı məhz “B” tikilisinin cavabdehlə birgə nikahları dövründə inşa edilməsini iddia etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində yerləşən “B” tikilisi, yəni mübahisəli tikili tərəflərin nikah münasibətinə girməsindən əvvəl mövcud olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyası üzrə kartoçkadan da müəyyən olunur. İddiaçı “B” tikilisinin əvvəldən mövcud olsa da, 2024-cü ildə tamamilə sökülərək yenidən inşa edildiyini bildirmiş, lakin bu halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Təqdim edilən qəbzlə isə materialların kim tərəfindən və hansı tarixdə alınması müəyyən olunmadığından mötəbər sübut hesab edilmir. Həmçinin məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid kimi cəlb edilmiş şəxslər də, bu halı təsdiq edəcək ifadələr verməmişlər. İddia ərizəsinin məzmununda iddiaçı həmin tikilidə yaşadığını qeyd etsə də, iddiaçı və onun vəkili həmin tikilidə tərəflərin yaşamadığına dair izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər tərəfindən məhkəməyə verilmiş ifadələrə hüquqi qiymət verilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçının anası və qardaşı mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə gəlirləri hesabına əldə edildiyini qeyd etmiş, lakin tikilinin vəziyyəti, təmirdən sonrakı görünüşü və iddiaçının həmin evdə yaşayıb-yaşamaması barədə məlumatlı olmadıqlarını bildirmişlər. Həmin ifadələrin əlaqəli şəkildə tədqiqi nəticəsində qeyd edilməlidir ki, iddiaçının sözügedən fərdi yaşayış evində yaşamaması işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı və imperativ qaydada heç kəsin yaşadığı mənzildən məhrum edilə bilməməsi təsbit edilmişdir. Başqa sözlə, hüquqi vəziyyətindən asılı olmayaraq bu norma bütün növ təyinatlı yaşayış sahələrinə şamil edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin dispozisiya şərtlərindən görünür ki, müvafiq hüquq normasının aidiyyəti hüquq münasibətlərinə tətbiqi üçün müəyyən kateqoriyadan olan şərtlər eyni anda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə normanın tətbiqi mümkün hesab edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinə köçürülmə tələb edən tərəf həmin evdə yaşamalı, obyektiv səbəblərdən yaşamaq hüququndan məhrum edilməli və bu məhrumetmə qanunsuz olmalıdır. Məhrumetmənin qanunsuz hesab edilməsi dedikdə, məhrum edənin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun, icarə, istifadə və s. hüquqlarının olmaması nəzərdə tutulur. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər, müəyyən təmir materiallarının alınması ilə bağlı qəbz bilavasitə həmin materialların fərdi yaşayış evinin tikintisi üçün istifadə edilməsi, ər-arvadın birgə əməyinin və gəlirlərinin nəticəsi kimi qəbul edilməsi üçün müstəqil əsas hesab edilmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən həm mübahisəli fərdi yaşayış evində yaşama faktı, həm də həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilməsi faktı sübuta yetirilməmiş, iddia tələbinin əsasını təşkil edən fakt və halların təsdiqinə dair mötəbər və kifayətedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Hazırkı işdə özbaşına tikilinin inşa olunmasında iddiaçının hər hansı əməyi və zəhmətinin olması, həmin tikilinin tərəflərin maddi vəsaiti hesabına tikilməsi müəyyən olunmadığından, həmçinin iddiaçının həmin tikilidə heç vaxt yaşamamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının həmin tikiliyə köçürülməkdən ibarət olan iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (X7 və X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3123/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3123/2025
24.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver