Məhkəmə qərarları › İş №e-2(010)-313/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-313/2025

10.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-313/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmamış oğlu X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı cavabdehin mərhum oğlu X5 ilə nikahda olmuşdur. Nikahdan bir övladları dünyaya gəlmişdir. Hal-hazırda birgə nikahdan anadan olmuş övladları iddiaçının himayəsindədir. İddiaçı mərhum ərinin daimi sahibliyində olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı evə gəlin köçmüş və orada yaşamışdır. Həmin ev sənədsizdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hal-hazırda iddiaçının həmin evdə yaşamasına icazə verilmir, cavabdeh ona maneə yaradır. Belə ki, cavabdeh evin giriş qapısının açarını iddiaçıdan almış, guya orada təmir işləri görəcəyini bildirmiş, lakin sonradan açarı qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı yetkinlik yaşına çatmamış oğlu Miryusif İslamovla birlikdə müvəqqəti olaraq qohum evinə sığınmışdır. İddiaçının həmin evdə yaşamasına maneə yaradan cavabdeh bildirir ki, özü ahıl yaşına ailə quraraq həmin evə köçmək istəyir.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

İş materialları.

6. AZ-İİİ seriyalı, 144573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. X1, anası X2r.

7. AZ-İ seriyalı, 325300 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 206 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Əhədova soyadı verilmişdir.

8. AZ-İİ seriyalı, 450484 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

9. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 2010-cu il tarixdə mərhum X5 ilə ailə qurmuş, xx.xx.2011-ci il tarixdə övladı X4 anadan olmuşdur. 2012-ci ildə rəsmi nikah bağlanmış və 2018-ci ilədək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar adlanan ərazidə yerləşən 1 mərtəbəli 3 otaqlı evdə yaşamışdırlar. 2018-ci il tarixdə həyat yoldaşından ayrılaraq evi tərk etmiş və xx.xx.2019-cu il tarixdə nikah pozulmuşdur. İddiaçı hazırda həmin ünvanda yaşamır.

10. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, iddiaçının bibisinin qızıdır. Pərvin Kərim adlı şəxslə ailə quraraq 8 il ərzində birlikdə yaşayıblar. İddiaçı həmin evə gəlin köçüb. Ev Pərvin gəlin köçməzdən əvvəl tikilib.

11. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Pərvinin qonşusudur. 33 ildir ki o evdə yaşayır. Pərvin mübahisəli evdə yaşayır, onu uşaqlıqdan tanıyır. Həmin evə gəlin köçmüşdür. Əvvəlcə evdə Pərvinlə həyat yoldaşı yaşayırdı, sonra övladları anadan olmuşdur.

İşin faktiki halları.

12. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdehin oğlu X5 2010-cu il tarixdən faktiki nikahda olmuş iddiaçı həmin tarixdən mübahisəli evə gəlin köçmüş və həmin münasibətdən 1 övladları anadan olmuşdur. Onlar 2012-ci ildə rəsmi nikah münasibətlərinə girmişlər və nikah müddətində qeyd olunan mübahisəli mənzildə yaşamışdırlar. xx.xx.2019-cu il tarixdə aralarında olan nikah pozulmuş və X5 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçının keçmiş mərhum həyat yoldaşının atasıdır. İşin hallarından müəyyən edilir ki, mübahisəli ev cavabdehə məxsus olmuşdur. İddiaçı hazırda mərhum həyat yoldaşı ilə nikahda olduğu dövrdə qeyd olunan mənzildə yaşamasını və eləcə də mərhum həyat yoldaşı ilə olan rəsmi ailə münasibətlərinə əsaslanaraq özünün və həmin nikahdan doğulmuş övladının mübahisəli mənzilə köçürülməsini tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır. Mübahisəli ev sənədsiz əmlakdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Azərbaycan Respublikası Konstitusiyası 18.Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə qeyd edir ki, iş materiallarının tədqiqi və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehin oğlu ilə 2010-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş və hazırki iddia tələbində qeyd olunan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Mübahisəli fərdi yaşayış evi cavabdehə məxsus olmuşudur. İddiaçı 2018-ci ildə iddiaçı həmin evi tərk edib getmiş, daha sonra iddiaçı ilə cavabdehin oğlu arasında olan rəsmi nikah münasibətlərinə 2019-cu il tarixdə xitam verilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin onların nikahda olduğu dövrdə birgə vəsait hesabına əldə edilməsi halı müəyyən edilmir, həmin fərdi yaşayış evinin iddiaçının ora gəlin köçməzdən əvvəl mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir və iddiaçı həmin tikiliyə gəlin köçmüşdür. Mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009- cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. İddiaçı Cavabdeh nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulumş «digər qohumu» deyil. Həmçinin, iddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində, tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir. İddiaçı 2010-ci ildə mübahisəli evə gəlin köçmüş, 2018-ci ildə isə həmin evdən çıxıb getmişdir. Deməli, iddiaçının həmin evlə bağlı hər hansı qanuni gözləntisi də ola bilməz. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının qeyd olunan fərdi yaşayış evinə köçürülməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçının cavabdehin mərhum oğlu ilə əvvəl rəsmi ailə münasibətlərində olması onun qeyd olunan fərdi yaşayış evinə köçürülməsi üçün əsas hesab edilə bilməz.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Əhədova Pərvı̇ n Şahbala qızının Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddiaçı Əhədova Pərvı̇ n Şahbala qızının Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Əhədova Pərvı̇ n Şahbala qızının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar