Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3169/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikası, Tbilisi şəhərində xx.xx.2018-ci il tarixdə Pipe John və Cavabdeh arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Pipe John ilə 03 noyabr 2002-ci ildə qanuni nikaha daxil olmuş, nikahları həm Azərbaycanda, həm də İngiltərədə rəsmiləşdirilmişdir. Bu nikahdan övladları olmamışdır. Uzun müddət Bakı şəhərində yaşamış, sonradan işlə əlaqədar Tbilisidə qalmışlar. Xəstə anası olduğundan, o, Bakıya qayıtmalı olmuşdur. Son illər həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2020-ci ildə Türkiyədə vəfat etmişdir. Ona məlum olmuşdur ki, cavabdeh qanunsuz yolla, saxtakarlıq edərək nikah kağızı düzəltdirmiş və bu sənəddən istifadə edərək, ölüm kağızı almışdır. Bu şəxs bütün vasitələrlə yoldaşının sağlığında onu ondan uzaqlaşdırmağa çalışmış, onun ölümünü gizli saxlamışdır. Pandemiya ilə əlaqədar o, Türkiyəyə gedə bilməmişdir. Sonradan bu hallar ona məlum olmuşdur ki, guya Pipe John ilə cavabdehin nikahı var. Onun çətinliklə, yoldaşının qohumları vasitəsilə əldə etdiyi sənədə görə guya nikah Gürcüstanda, Tbilisi şəhərində 08 fevral 2018-ci ildə bağlanmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, nikahları pozulmamışdır və cavabdeh bunu bilməyə bilməzdi. Bu səbəbdən də cavabdehlə Pipe John arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Nikahın bağlanmasına mane olan hal kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsində “ ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxs” olması qeyd olunub. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin bu maddəsini pozmuş, bilə-bilə ki, John evlidir, köməksiz vəziyyətdə olmasından istifadə edərək, saxta nikah bağlamışdır. Nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda o zaman etibarsız sayıla bilər ki, məqsəd ailə münasibətləri yaratmaq deyil, hansısa əmlak və ya qeyri-şəxsi əmlak xarakterli hüquqlar əldə edilməsi məqsədi daşısın və nikahın hansısa digər məqsədlə bağlanması məhkəmədə sübuta yetirilsin. Suraxanı rayon məhkəməsinə iddia verilmiş və Gürcüstan Respublikasına sorğu göndərilmişdir. Gürcüstan Respublikasından məhkəməyə daxil olmuş sənədlərdən də müəyyən olunur ki, həqiqətən də mübahisələndirilən nikah bağlanmışdır. İddia tələbinə etiraz və etirazın əsaslandırıldığı hallar Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tam qanunsuz və əsassızdır. İddiaçı 2009-cu ildən sonra bir dəfə də münasibətdə olmadığı nikahda olduğu şəxsi görməmişdir. 2008-ci ildə cavabdeh Bakıda işlədiyi restoranda Pipe John ilə tanış olmuş, Pipe John ona başqası ilə nikahda olması, ailəli olması barədə heç nə deməmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, sonradan ona məlum olmuşdur ki, guya Pipe John ilə nikahı var. Onun çətinliklə yoldaşının qohumları ilə əldə etdiyi sənədə görə guya nikah Gürcüstanda Tbilisi şəhərində xx.xx.2018-ci ildə bağlanılmışdır. Guya nikah kağızı düzəltməsi ifadəsi tam yanlışdır. Rəsmi nikahları dövlət qeydiyyatına alınmışdır. Nə vaxt və kim vasitəsilə öyrənməsi, ümumiyyətlə ölmüş şəxsin kiminlə nikahda olub-olmaması onun üçün hansı əhəmiyyət daşımasını, bu sənədin nə niyyətlə əldə etmək istəməsini, 11 il ərzində heç bir məlumatı olmadığı və dəfnindən bildirdiyi kimi xəbər tutduğu və iştirak etmədiyi halda nə məqsədlə belə bir iddia qaldırmasını əsaslandırmamışdır. Pandemiya dövründə təyyarə ilə gedib-gəlməkdə heç bir problem olmadığı halda əgər nikah var idisə niyə getməməsinə aydınlıq gətirməmişdir. Pipe John MQS firmasında mühəndis işləyirdi. Onu təxminən 2010 – 2011-ci illərdə Tbilisi şəhərinə işləməyə göndərmişlər. Onlar da faktiki ailə qurduqlarından o da işdən çıxmış və həyat yoldaşı ilə yaşamağa ora köçmüşdür. Orada da 2014-cü ildə kafe restoran açmışdır. Pipe John ilə xx.xx.2018-ci il tarixdə Gürcüstan ailə həyatlarını rəsmiləşdirmiş və nikaha daxil olmuşlar. Ondan 10 gün sonra xx.xx.2018-ci ildə ona bütün səlahiyyətləri etibar edərək Gürcüstanda N ********* saylı etibarnamə vermişdir. Həmçinin, onlar Muğlaya köçmüşlər. Orada da xx.xx.2020-ci ildə həmçinin ona Türkiyədə etibarnamə vermişdir. Bütün bu müddətdə əgər ailəsi idisə niyə bir dəfə də olsun maraqlanmamışdır. Xitam verilmiş nikah necə etibarsız sayıla bilər? Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə John Pipe arasında 2002-ci il tarixdə Azərbaycan Respublikasında rəsmi nikah bağlanmışdır. Baxmayaraq ki, John Pipenin milliyyəti ingilis olmuşdur, o, iddiaçı ilə Azərbaycanın el adət-ənənələrinə uyğun formada nikaha daxil olmuş, nikahları Səadət Sarayında şahidlərin iştirakı ilə qeydə alınmışdır. Həm iddiaçı, həm də iddiaçının ailə üzvlərinin John Pipe ilə münasibətləri çox yaxşı olmuş, mehriban münasibətlər zəminində yaşamışlar. Ona görə də, hazırkı iddia tələbinə məhkəmədə baxılması belə ağla sığmır. İddiaçı John Pipe ilə uzun müddət birlikdə yaşamış, birgə nikahda olduqları dövrdə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə edilmişdir. Həmin əmlakların hər biri iddiaçının adına qeydə alınmışdır. Çünki, cütlük arasında mehriban münasibətlər olduğu üçün heç vaxt maddi məsələlər ön planda olmamışdır. Lakin, bir müddət sonra iddiaçı ilə John Pipe işlə əlaqədar olaraq Gürcüstan Respublikasına getməli olmuş, orada bir müddət birlikdə yaşamışlar. Daha sonra iddiaçının ailə üzvlərinin sağlamlığı, John Pipenin Azərbaycan Respublikasındakı işlərinin idarə edilməsi zərurəti ilə əlaqədar iddiaçı Azərbaycana qayıtmış, lakin John Pipe ilə əlaqələri qopmamışdır. John Pipe mütəmadi olaraq hər ay iddiaçıya pul göndərmiş, məhkəmə iclasına şahid qismində dəvət edilən şəxslərdən biri də həmin pulu götürərək iddiaçıya təhvil vermişdir. Cavabdehlə John Pipe arasında Gürcüstan Respublikasında nikah bağlansa da, bu nikah Azərbaycan Respublikasında etibarsız hesab edilə bilər. Belə ki, iddiaçının məhz Azərbaycanda hüquqları pozulmuşdur. O, bir sıra sənədləşmə işlərinin aparılması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, nikahın hələ də qüvvədə olduğu bildirilərək bundan imtina edilir. İddiaçının John Pipe ilə aralarında bağlanmış nikah formal xarakter daşımamış, etibarlı ailə əlaqələri mövcud olmuşdur. Bu barədə fotoşəkillər də məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən, X11 Respublikasında olarkən iddiaçıya etibarnamə vermiş, öz mülkiyyətində olan daşınmaz əmlakın satışını iddiaçıya etibar etmişdir. Həmin etibarnamədə də iddiaçı məhz “arvadım” kimi qeyd edilmiş və rəsmiləşdirilmişdir. Cavabdehlə John Pipe arasında hər hansı ailə münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, kişinin yanında hər hansı qadının gəzməsi, ona qulluq etməsi hələ onun arvadı olmasına əsas vermir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək bildirdi ki, John Pipe ilə cavabdeh 2008-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olaraq, işləmək məqsədi ilə Gürcüstan Respublikasına köçmüşlər. Onların nikahı 2018-ci il tarixdə Gürcüstan Respublikasında bu barədə zəruri sənədlər təqdim edilməklə rəsmi şəkildə qeydə alınmışdır. Qeyd edir ki, iddiaçı nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, etibarsızlıqla bağlı iddia müddəti 1 il təşkil edir. Nikah müqaviləsi də Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarlılıq şərtlərinə uyğun formada bağlanmalı, bu şərtlər olmadığı təqdirdə etibarsız hesab edilməlidir. Həmçinin, hesab edir ki, bütün sahəvi qanunvericilik aktları məhz AR MM-nin normaları əsasında formalaşmış və həmin məcəllə müvafiq aktların təməl daşını təşkil etmişdir. Lakin, iddiaçı bu barədə hüququnun pozulduğunu bildiyi və bilməli olduğu andan 1 il müddətində əqd barəsində mübahisə edə bilər. İşin hallarından göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, əri John Pipe ilə iddiaçı arasında rəsmi nikah münasibətlərinin olması barədə məlumatlı olmamışdır. Belə ki, John Pipe təkcə Azərbaycan Respublikasında deyil, bir sıra ölkələrdə - Meksika, İngiltərə və s. rəsmi nikahlarda olmuş və onun həmin nikahlardan uşaqları da olmuşdur. John Pipenin hər hansı qadınla nikaha daxil olması onun şəxsi seçimi və şəxsi həyatıdır. O, buna qarışa bilməz. Lakin, John Pipe onunla nikaha daxil olan zaman evli olduğunu bilməmiş, bu nikaha John Pipenin təkidi ilə daxil olmuşdur. Nikahın rəsmiləşməsi zamanı iki nəfər şirkət işçisi də şahid qismində iştirak etmiş və nikah Gürcüstan Respublikasında qeydə alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, o, həm iddiaçını, həm də cavabdehi tanıyır. İddiaçı onun bibisi qızıdır. Cavabdeh isə “Tarqovu” adlanan ərazidə yerləşən iş yerindən tanıyır. O, həmin yerə iddiaçı və Johnla birlikdə gedən zaman cavabdehlə tanış olmuşdur. O, Johnla uzun müddət birlikdə işləmiş, həm də iş yoldaşı olmuşdur. İddiaçının Johnla rəsmi ailə nikahları mövcud olmuş, bu nikahdan birbaşa məlumatlı olmuşdur. John və iddiaçı arasında hər hansı soyuqluq olub- olmaması ona məlum deyildi. Johnu sonuncu dəfə təxminən 2011 – 2012-ci illərdə görmüş, bir müştəri kimi “Tarqovu” adlanan ərazidə yerləşən kafeyə girən zaman Johnla rastlaşmış və söhbət etmişdir. Johnun cavabdehlə aralarında müəyyən tanışlıq olsa da, hər hansı ailə münasibətləri olmamışdır. Johnun vəfat etməsi xəbərini isə iş yoldaşlarından almışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, həm iddiaçını, həm də cavabdehi tanıyır. O, iddiaçı ilə qonşuluqda yaşamış, həmçinin iddiaçının evinin həyətində təsərrüfat işləri ilə məşğul olmuşdur. İddiaçı və Johnu 2004-cü ildən tanımış və qonşuluq etmişdir. İddiaçı ilə John Pipe 2018 – 2019-cu il tarixləri arasında görüntülü telefon əlaqələri yaradanda John ona da hansı işləri görməli olmasını tapşırmışdır. Lakin, dil bilmədiyi üçün bu danışıqlar zamanı iddiaçının özü də iştirak etmişdir. John Pipeni axırıncı dəfə 2014-cü ildə Bakı şəhərində görmüşdür. Yəqin ki, John Pipe bu tarixdən sonra Gürcüstana getmişdir. John Pipe ona təsərrüfat işlərinin görülməsi ilə yanaşı, başqa işlər də tapşırmış, hətta sənədə qol çəkib pul götürərək Sədaqət xanıma təhvil verirdi. O, iddiaçının dedikləri əsasında John Pipe ilə onun ər-arvad münasibətlərində olduqlarını bilmiş, lakin bu münasibətlərin rəsmiləşməsi barədə məlumatlı olmamışdır. Çünki, o, iddiaçının evinə qədər girib bu halı araşdırmamışdır. Cavabdehi isə cəmi 2 dəfə görmüşdür. Lakin, cavabdehin hansı vaxtlarda iddiaçının evinə gəlməsini xatırlamır, nə məqsədlə gəlməsi ona məlum deyil. İddiaçının John Pipe ilə birlikdə yaşadıqları evin açarı onda olduğuna görə cavabdehin gəlişindən xəbərdar olmuş, başqa məsələlər barədə məlumatlı olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, həm iddiaçını, həm də cavabdehi tanıyır. İddiaçının evində 2004-cü ildən etibarən işləmiş, ev işlərinin görülməsində iddiaçıya köməklik etmişdir. Onun hazırda da iddiaçının evinə gedişgəlişi var. İddiaçının yoldaşı yaxşı adam olmuş, iddiaçı ilə birlikdə yaşamışdır. İddiaçının əri, yəni X9 gedən zaman ondan xahiş edirdi ki, həyat yoldaşı, yəni iddiaçı ilə birlikdə qalsın. John Pipenin xəstə olması barədə məlumatı iddiaçıdan eşitmişdir. John Pipe arabir Bakı şəhərinə gəlsə də, onu sonuncu dəfə 2014-cü il tarixdə görmüşdür. Cavabdehi isə iddiaçının evinə gələndə təxminən 4-5 dəfə görüb, amma illəri xatırlamır. John Pipe çox mədəni insan olmuş, iddiaçı, yəni arvadı ilə uşaq kimi rəftar etmişdir. John Pipenin başqa bir qadınla əlaqəsinin olması haqda məlumatı yoxdur. İddiaçının John Pipe ilə rəsmi nikahda olmasını isə iddiaçının dedikləri əsasında bilir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 05/Q- 295/69 nömrəli arayışdan müəyyən olunur ki, Pipe John və X1 nikahı haqqında xx.xx.2002-ci il tarixdə 1862 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə Pipe, arvada Pipe soyadı verilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Pipe John və Pipe (Əsgərova) Sədaqət Mirzağa qızının nikahının xx.xx.2002-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) qeydə alındığı və həmin nikaha xitam verilmədiyi müəyyən edilmişdir. Türkiyə Respublikası Səhiyyə Nazirliyinin “X13 Universiteti Elmi-Tədqiqat Xəstəxanası” tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm sənədinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü John Pipe xx.xx.2020-ci il tarixdə “yoluxucu olmayan xəstəlik (təbii ölüm)” səbəbindən Türkiyə Respublikasının Muğla şəhərində ölmüşdür. DSİA Tbilisi VRA xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********3 nömrəli nikah haqqında şəhadətnamənin (təkrar) Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilmiş surətindən müəyyən olunur ki, John Pipe və Məmmədova Arzu arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə **********8 nömrəli nikah haqqında akt qeydi tərtib edilmiş, nikah qeydiyyatından sonra kişiyə Pipe, qadına Pipe soyadı verilmişdir. Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MŞB/6-6126 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş nikahın etibarsız hesab edilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir) onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) iddiaçının nümayəndəsi tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər. 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi. 8.1. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: …12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;… Maddə 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: ...26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);... Maddə 148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin nikahın etibarsız hesab edilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci (nikahın etibarsız sayılması) maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. İlk növbədə məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Göründüyü kimi, qüvvədə olan ailə qanunvericiliyi ilə nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsinə əsas verən halların dairəsi dəqiq müəyyən edilmiş və bu hallardan kənara çıxmaqla nikahın etibarsız hesab edilməsinin mümkünlüyü istisna edilmişdir. İddiaçı bu əsaslardan yalnız biri barədə, yəni rəsmi nikahları mövcud olduğu halda bu nikah pozulmadan ərinin başqa şəxslə nikaha girməsi nəticəsində qeydə alınan nikahın etibarlı olub-olmaması barədə mübahisə etmişdir. Ailə qanunvericiliyində nikahın etibarsızlığı ilə bağlı iddia tələbi irəli sürmək hüququna malik olan şəxslərin dairəsi konkret qeyd edilmişdir. Həmin şəxslərin müəyyən təsnifata tabe tutulması başqa şəxslərin ailə həyatına əsassız müdaxiləsinin qarşısının alınması və ailə sirrinin qorunması kimi vacib məqsədlərə xidmət edir. Bu müddəa Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin (hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququna malik olması) və “İnsan hüquqlarının Ümumi Bəyənnaməsi”nin 16-cı maddəsinin (yetkinlik yaşına çatmış kişilər və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququnun olması) tələblərinə tam uyğundur. İşin faktiki hallarından görünür ki, iddiaçı pozulmamış əvvəlki nikah üzrə arvad (Ailə Məcəlləsi maddə 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad)) statusuna malikdir. Yəni, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Pipe John və X1 nikahı haqqında xx.xx.2002-ci il tarixdə 1862 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə Pipe, arvada Pipe soyadı verilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Pipe John və Pipe (Əsgərova) Sədaqət Mirzağa qızının nikahının xx.xx.2002-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) qeydə alındığı və həmin nikaha xitam verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə John Pipe arasında bağlanmış nikaha xitam verilməmişdir və hazırda həmin nikah hüquqi qüvvəyə malikdir. John Pipe iddiaçı ilə aralarında Azərbaycan Respublikasında qeydə alınan nikaha xitam verilmədən iş üzrə cavabdehlə Gürcüstan Respublikasında yenidən nikaha daxil olmuş, bu barədə DSİA Tbilisi VRA xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə **********8 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. John Pipe xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 148.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. Həmin məcəllənin 149-cu maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması bu Məcəllənin 146 və 148-ci maddələrinə uyğun olaraq nikahın bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan ailə qanunvericiliyi Azərbaycan Respublikasının vətəndaşları arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında Azərbaycan Respublikasının hüdudlarından kənarda bağlanmış nikahın etibarlı hesab edilməsi imkanını iki mümkün şərtin eyni anda mövcudluğu ilə əlaqələndirmiş və üçüncü qaydanın tətbiqi imkanını istisna etmişdir. Bu şərtlərə - 1) nikahın xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanmalı olması və 2) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallara riayət edilməsi aiddir. Hazırkı işdən görünür ki, iddiaçı ilə John Pipe arasında bağlanmış nikah qüvvədədir və pozulmamışdır. Belə olan halda, John Pipenin iddiaçı ilə aralarında qüvvədə olan nikaha xitam vermədən, yenidən nikaha daxil olmaq imkanı ailə qanunvericiliyinin imperativ tələbləri ilə ziddiyyət təşkil edir. Artıq yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin məcəllənin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Ailə qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər. Ailə Məcəlləsinin 23.4 və 171-ci maddələri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və belə halların qarşısının alınması məqsədi daşıyır. Məcəllənin qeyd olunan normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin (vəkilinin) iddia tələbinə etirazının dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Ailə münasibətlərinə iddia müddətinin tətbiqi” adlanan 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Belə olan halda, iddia müddəti tətbiq edilməklə nikahın etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi mümkün deyil. Həmçinin, cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraza dair ərizədə qeyd etmişdir ki, John Pipe vəfat etdiyindən nikaha artıq xitam verilmişdir və xitam verilmiş nikahın etibarsız hesab edilməsi mümkün deyil. Halbuki, cavabdehin nümayəndəsi (vəkili) nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 27.4-cü maddəsinə əsasən, ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. Göründüyü kimi, nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallarda ailə qanunvericiliyi bu nikah sonradan pozulsa belə, müvafiq nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsinin mümkünlüyünü birbaşa olaraq təsbit etmişdir. Nəzərə alınmalıdır ki, nikahın pozulması ondan əvvəl ər-arvad arasında yaranmış ailə hüquq və vəzifələrinə (eləcə də əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrinə) xitam vermədiyi halda, nikahın etibarsız hesab edilməsi həmin nikahın özünü bağlandığı andan etibarsız etməklə bu nikahdan yaranan bütün hüquq və vəzifələri (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.1-ci maddəsinin göstərişləri nəzərə alınmaqla - 28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır), ən əsası şəxslərin ər-arvad statusunu ləğv edir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddiaçının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının nümayəndəsinə (vəkilinə) ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və Pipe John arasında Gürcüstan Respublikası DSİA Tbilisi VRA xidmətində xx.xx.2018-ci il tarixdə **********8 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının nümayəndəsinə (vəkilinə) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və Pipe John arasında Gürcüstan Respublikası DSİA Tbilisi VRA xidmətində xx.xx.2018-ci il tarixdə **********8 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3169/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3169/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver