Məhkəmə qərarları › İş №e-2(010)-3197/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3197/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3197/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlunun cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğluna qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Güləhmədov Fərı̇ d Nəhməd oğlu ilə Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlu arasında xx.xx.2023cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İcarəyəverən Güləhmədov Fərı̇ d Nəhməd oğlu “Toyota Pirius” markalı, **-XB-*** №-li nəqliyyat vasitəsini İcarəçi Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlunun istifadəsinə verməyi, «İcarəçi» isə həmin əmlakı qəbul edib müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını «İcarəyə verən»ə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı bəndinə əsasən təhvil verilmiş icarə avtomobilinin aylıq icarə haqqı 900 AZN təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsi geri qaytarıldıqda təhvil alınmış vəziyyətlə müqayisədə aşkar olunan pisləşmə halı «İcarəçi» tərəfindən tam hissədə aradan qaldırılmalıdır. Müqavilənin 4.6-cı bəndinə əsasən icarə müqaviləsi üzrə icarə müddətində nəqliyyat vasitəsinə İcarəçinin günahından zərər dəyərsə nəqliyyat vasitəsi təmirdə olduğu müddət üçün icarə haqqı tam hissədə «İcarəçi» tərəfindən ödəniləcək. Avtomobil təmirdə olduğu müddətdə icarə müddəti bitərsə «İcarəçi» avtomobilin təmirdən çıxdığı tarixədək hər ötən gün üçün «İcarəyə verən»in rəyinə əsasən günlük icarə haqqının 50%-nə qədər hissəsində əlavə ödəniş etməlidir.

2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən “Toyota Pirius” markalı, **-XB-*** №-li nəqliyyat vasitəsini “icarəçiyə” tam saz vəziyyətdə təhvil verdi. “İcarəçi” “İcarəyə verən”in iştirakı ilə avtomobilə baxış keçirdi və avtomobilə dair heç bir etiraz və tələbi yoxdur.

3. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “İcarəçi” buraxılış ili 2006ci il olan “Toyota Prius” markalı, JTDKB20U767073335 Ban nömrəli, **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini “icarəyə verənə” qəzalı vəziyyətdə təhvil vermişdir. Avtomobilin qəzalı vəziyyətdə çəkilmiş foto şəkilləri akta əlavə edilmişdir.

4. “X2” şirkəti tərəfindən xx.xx.2023-cü ildə tərtib olunmuş qüsur aktından görünür ki, “Toyota Pirius” markalı, **-XB-*** №-li nəqliyyat vasitəsinə dəymiş ziyan 4360 manat, işçi haqqı 1620 manat olmaqla, ümumilikdə 5980 manat təşkil edir.

5. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğluna borcun ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

7. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Güləhmədov Fərı̇ d Nəhməd oğlu tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Vəkil hesabına vəkil xidmətlərinə görə 150 manat məbləğində pul köçürülmüşdür.

İşin faktiki halları

8. İddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlu ilə cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlu arasında icarə müqaviləsinin bağlanması, Güləhmədov Fərı̇ d Nəhməd oğlunun “Toyota Pirius” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq 900 manata Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğluna icarəyə verməsi və həmin nəqliyyat vasitəsinin qəzaya uğraması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

9. İddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlu cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh olundan 5980 manat borcun, icarə haqqı kimi ödənilməmiş 420 manatı, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın və ödənilmiş 86 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

10. Cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh aylıq 900 manat pul avtomobilin icarəsi üçün ödəməli idi. Cavabdeh avtomobili 1 ay idarə etdikdən sonra xx.xx.2023-cü il tarixdə qəzalı vəziyyətdə sahibkara geri qaytarmış, həmin vaxt da avtomobilin şəkilləri çəkilmiş və cavabdeh tərəfindən qəzalı vəziyyətdə qaytarılması barədə təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh gah avtomobili düzəltdirəcəyini, gah sığorta pulu verəcəyini bildirərək vaxtı keçirtmiş və 1 ildən çox vaxt keçməsinə baxmayaraq pulu ödəməmişdir. Avtomobil sahibkar tərəfindən təmir edilmiş və təmirə sahibkarın 5980 manat xərci çıxmışdır. Müqavilənin şərtinə görə icarə götürən avtomobili qəzalı vəziyyətdə geri qaytarırsa və təmir vaxtında təmir etdirmirsə, o, icarə haqqının yarısı məbləğində sahibkara ödəniş etməlidir. Belə ki, avtomobilin icarə haqqı 900 manatdır, 28 gün təmirdə olub, 14 gün hesablanıb və 420 manat tələb edilir. Müqavilənin 3-cü bəndində göstərilir ki, avtomobilə icarəyə götürən tərəfindən zərər dəyərsə, xərc icarəyə verənə ödənilir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

16. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

18. Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, Güləhmədov Fərı̇ d Nəhməd oğlu ilə Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlu arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Güləhmədov Fərı̇ d Nəhməd oğlu “Toyota Pirius” markalı, **-XB-*** №-li nəqliyyat vasitəsini Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlunun istifadəsinə verməyi, Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlu isə həmin əmlakı qəbul edib müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını Güləhmədov Fərı̇ d Nəhməd oğluna ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən təhvil verilmiş icarə avtomobilinin aylıq icarə haqqı 900 AZN təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi Güləhmədov Fərı̇ d Nəhməd oğlu həmin nəqliyyat vasitəsini Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğluna tam saz vəziyyətdə təhvil vermiş, tərəflərin iştirakı ilə avtomobilə baxış keçirilmiş və cavabdehin avtomobilə dair heç bir etiraz və tələbi olmamışdır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlu qeyd olunan minik avtomobilini Güləhmədov Fərı̇ d Nəhməd oğluna qəzalı vəziyyətdə təhvil vermiş, “X2” şirkəti tərəfindən xx.xx.2023-cü ildə tərtib olunmuş qüsur aktına əsasən nəqliyyat vasitəsinə dəymiş ziyan ümumilikdə 5980 manat təşkil etmişdir.

19. Göründüyü kimi iddiaçı icarə müqaviləsinin bağlanmasından irəli gələn və nəqliyyat vasitəsinin icarəyə verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh icarə haqqını iddiaçıya qaytarmaqdan yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, nəqliyyat vasitəsi geri qaytarıldıqda təhvil alınmış vəziyyətlə müqayisədə aşkar olunan pisləşmə halı «İcarəçi» tərəfindən tam hissədə aradan qaldırılmalıdır və icarə müqaviləsi üzrə icarə müddətində nəqliyyat vasitəsinə İcarəçinin günahından zərər dəyərsə nəqliyyat vasitəsi təmirdə olduğu müddət üçün icarə haqqı tam hissədə «İcarəçi» tərəfindən ödəniləcək. Avtomobil təmirdə olduğu müddətdə icarə müddəti bitərsə «İcarəçi» avtomobilin təmirdən çıxdığı tarixədək hər ötən gün üçün «İcarəyə verən»in rəyinə əsasən günlük icarə haqqının 50%-nə qədər hissəsində əlavə ödəniş etməlidir.

21. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin təmir xərci qüsur aktına əsasən 5980 manat qəbul edilməli, avtomobil 28 gün təmirdə olduğu üçün isə müqaviləyə əsasən həmin günlər üçün günlük icarə haqqının yarısı, yəni 420 manat (aylıq icarə haqqı=900 manat, günlük icarə haqqı 900/30=30 manat, günlük icarə haqqının yarısı 30/2=15 manat; 28 gün x 15 manat) manat hesab edilməlidir.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlundan iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlunun xeyrinə tutulmalıdır.

25. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlundan iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlunun xeyrinə 150 manat məbləğdə pulun tutulması ağlabatan hesab edilə bilər.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlundan 5980 manat təmir xərci və 420 manat icarə haqqı olmaqla, cəmi 6400 manat məbləğində pul alınaraq iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğluna ödənilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlundan 5980 manat təmir xərci və 420 manat icarə haqqı olmaqla, cəmi 6400 (altı min dörd yüz) manat məbləğində pul iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlunun xeyrinə tutulsun. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 (səksən dörd) manat məbləğində pul cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlundan iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlunun xeyrinə tutulsun. Cavabdeh Xəlı̇ lov Kamı̇ l Rafı̇ q oğlundan hüquqi yardım xərci olaraq 150 (bir yüz əlli) manat məbləğdə pul iddiaçı Güləhmədov Fərı̇ d Nəhməd oğlunun xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar