Məhkəmə qərarları › İş №e-2(010)-3225/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3225/2024

07.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3225/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçı Əlı̇ yev Sərdar Temur oğlunun və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı Əlı̇ yev Sərdar Temur oğlunun cavabdeh Əlı̇ yeva Əfsanə Vı̇ dadi qızına qarşı “torpaq sahəsinin boşaldılması, evdən çıxarılma və evin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Vəkilov Ramin Tariyel oğlu ilə Əlı̇ yev Sərdar Temur oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndən görünür ki, Vəkilov Ramin Tariyel oğlu ünvan 1 ünvanında yerləşən 127.80 kvm torpaq sahəsində tikilmiş 81 kv.m-dən ibarət olan 3 otaqlı fərdi yaşayış evini Əlı̇ yev Sərdar Temur oğluna satmışdır. Tərəflər əmlakı 50000 (əlli min) manat dəyərində müəyyən etmişlər. Vəkilov Ramin Tariyel oğlu əmlakın sənədlərini toplayıb Əlı̇ yev Sərdar Temur oğlu ilə əsas alqı satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş bildirişdən görünür ki, abunəçi kimi Əlı̇ yev Sərdar Temur oğlu göstərilmişdir.

3. “Azəriqaz” İB (Paylayıcı) ilə bağlanmış xx.xx.2023-cü il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, istehlakçı kimi Əlı̇ yev Sərdar Temur oğlu göstərilmişdir.

İşin faktiki halları

4. Vəkilov Ramin Tariyel oğlu ilə Əlı̇ yev Sərdar Temur oğlu arasında xx.xx.2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin bağlanması, ünvan 2 ünvanında yerləşən evə dair işıq və qaz sayğaclarının Əlı̇ yev Sərdar Temur oğlunun adına keçirilməsi və cavabdeh Əlı̇ yeva Əfsanə Vı̇ dadi qızının hazırda həmin evdə yaşaması işin mübahisəsiz halıdır.

İddia tələbi

5. İddiaçı Əlı̇ yev Sərdar Temur oğlu cavabdeh Əlı̇ yeva Əfsanə Vı̇ dadi qızına qarşı “torpaq sahəsinin boşaldılması, evdən çıxarılma və evin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 3 ünvanda yerləşən 127,80 kvadrat metr torpaq sahəsindən, həmin torpaq sahəsində tikilmiş 81 kv.m ibarət 3 otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

6. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Sərdar Temur oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, həmin evi aldıqda o şərtlə almışdır ki, birlikdə yaşasalar banka olan borcun ödənişlərində ona da kömək edəcəkdilər. Lakin sonradan görmüşdür ki, nə oğlu, nə də gəlini ona köməklik etmirlər. Hazırda oğlu evdən çıxaraq qeydiyyatda olduqları digər evdə yaşayır, gəlini isə evdən çıxmır. Oğlu və gəlini hazırda boşanma ərəfəsindədirlər və işləri məhkəmədədir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 03 iyun 2023-cü ildə ilkin alqısatqı müqaviləsi ilə Əlı̇ yev Sərdar Temur oğlu ünvan 3 ünvanda yerləşən 127,80 kvadrat metr torpaq sahəsində tikilmiş 81 kv.m ibarət 3 otaqlı fərdi yaşayış evini onun sahibindən 50.000 manat ödəməklə almış və evin bütün kommunal xidmətlərini, yəni qaz, su və işıq sayğacları öz adına rəsmiləşdirmişdir. Həmin evi aldıqdan sonra bir müddət o müəvəqqəti olaraq oğlu və gəlininin həmin evdə yaşamalarına icazə vermiş, lakin bir müddət sonra həmin evdə özü və ailəsi yaşamaq istədiyindən oğluna və gəlininə evi boşaltmalarını, hətta onlara digər qeydiyyatda olduqları evi verərək, orda yaşamalarını bildirmişdir. Oğlu həmin evi tərk etsə də, gəlini, yəni hazırkı iş üzrə Cavabdeh evi tərk etmədən faktiki olaraq yayınmış və çıxmaqdan imtina etmişdir. Dəfələrlə onunla fərdi qaydada söhbət edərək onun evdən könüllü çıxamasına nail olmağa cəhd etsə də, bütün cəhdləri nəticəsiz qalmışdır. Evin çıxarışı olmasa da, evə dair ibtidai sənədlər var və iddiaçının Mülki Məcəllənin 179.3-cü maddəsinə əsasən subyektiv hüququ var. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdehi mübahisə predmeti olan evdən çıxarmaq istəyir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan evdə iddiaçının oğlu və cavabdeh olan gəlini iki azyaşlı uşağı ilə birlikdə 1 ildən artıq müddətdir ki, yaşayırlar. Həmin evin alınmasına cavabdeh öz qızıl zinət əşyalarını sataraq, həmçinin bişirdiyi şirniyyatlardan yığdığı pulları xərcləyərək, ümumilikdə 7000 manat pul vermişdir. Bundan əlavə, qeyd olunan ev üzərində iddiaçının subyektiv hüququ da yoxdur. Belə ki, iddiaçı müqavilə bağlayaraq evi alsa da, kommunalları öz adına keçirsə də, evin çıxarışı yoxdur və iddiaçı mülkiyyətçi deyildir. Kimisə evdən çıxarnaq barədə subyektiv hüquq isə yalnız mülkiyyətçiyə məxsusdur. İddiaçı isə evin mülkiyyətçisi olmamaqla, belə bir tələbetmə hüququna malik deyil. Subyektiv hüquqla bağlı qeyd olunan məsələlər Konstitusiya Məhkəməsinin Bağırovun işi üzrə qərarında, eləcə də Ali Məhkəmənin formalaşdırdığı mövqelərdə də açıq aydın qeyd edilmişdir. Bundan əlavə, cavabdehlə iddiaçının oğlu hazırda boşanma ərəfəsindədirlər və işləri məhkəmədədir. Lakin cavabdehin iddiaçı ilə olan qohumluq münasibətinə son qoyulması, onun iki azyaşlı uşaq ilə evdən çıxarılması və evsiz qalması üçün əsas deyil. Məhkəmə uşaqlarlarla bağlı məsələyə biganə qalmamalıdır. Həmin məsələ Mülki Məcəllənin 180-ci maddəsinin təsir dairəsinə düşür və özbaşına tikinti ilə bağlı müddəalar tətbiq olunmalıdır. Özbaşına tikinti sahibi isə orada yaşamaq və ailə üzvlərini köçürməkdən başqa digər hüquqlara malik deyildiir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

13. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

14. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

16. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Vəkilov Ramin Tariyel oğlu ilə Əlı̇ yev Sərdar Temur oğlu arasında xx.xx.2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi” bağlanmış və müqaviləyə əsasən Vəkilov Ramin Tariyel oğlu ünvan 1 ünvanında yerləşən 127.80 kvm torpaq sahəsində tikilmiş 81 kv.m-dən ibarət olan 3 otaqlı fərdi yaşayış evini Əlı̇ yev Sərdar Temur oğluna satmışdır. Tərəflər əmlakı 50000 (əlli min) manat dəyərində müəyyən etmişlər. Vəkilov Ramin Tariyel oğlu əmlakın sənədlərini toplayıb Əlı̇ yev Sərdar Temur oğlu ilə əsas alqı satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. İlkin alqı-satqı müqaviləsindən sonra Əlı̇ yev Sərdar Temur oğlu işıq və qaz sayğaclarını öz adına keçirmiş və istehsalçı ilə müqavilələr bağlamışdır.

17. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, iddiaçı mübahisəli tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə bir sübut iddiaçı tərəfindən məhkəmə iclasında da təqdim edilməmişdir. İlkin alqı-satqı müqaviləsi iddiaçıya mübahisəli ev üzərində mülkiyyətçi statusunu vermir.

18. İlkin müqaviləyə əsasən əmlakın (və ya digər maddi nemətlərin) verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Mülki Məcəllənin 402-ci maddəsinin məzmunundan da göründüyü kimi, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. Məhz əsas müqavilə bağlandığı andan daşınmaz əmlakla bağlı müvafiq əşya hüquqları yaranmaqla, alıcının yeni sahibin (mülkiyyətçinin) həmin əmlakı digər şəxslərdən tələb etmək və s. istiqamətində subyektiv hüquqları yaranmış olur. Hazırki işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, ilkin alqı-satqı müqaviləsindən sonra əsas müqavilə bağlanmamış, iddiaçının əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır. Bununla yanaşı, ilkin alqı-satqı müqaviləsindən də göründüyü kimi, həmin müqavilə bağlanan anda onun predmeti olan daşınmaz əmlak üzərində Vəkilov Ramin Tariyel oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də müqavilənin şərtinə görə ünvan 1 ünvanında yerləşən 127.80 kvm torpaq sahəsi və üzərində inşa olunan 81 kv.m-dən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almalı, bundan sonra onu iddiaçıya satmağı, yəni alqı-satqı müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür.

19. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehlərin evdən çıxarılması və s.) o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Hazırki işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alan məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının cavabdehə qarşı tələblərinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir.

20. İddia ilk hissədə (cavabdehin ona məxsus olan torpaq sahəsi və onun üzərində yerləşən evdən çıxarılması) əsassız olduğundan qalan hissədə də təmin oluna bilməz.

21. Həmçinin məhkəmə qeyd edir ki, iddianın rədd olunması ilə bağlı məhkəmənin gəldiyi hazırki nəticə, iddiaçının gələcəkdə qanunvericiliyin tələblərinə uyğun qaydada əsas müqavilə bağlandığı təqdirdə, mübahisəli daşınmaz əmlakla bağlı müvafiq tələb hüquqlarını istisna etməməklə, mübahisə halında yenidən məhkəməyə müraciət imkanını da aradan qaldırmır.

22. Belə ki, hazırki tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələrinə əsasən tələbin təmin olunması üçün iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət və ya başqa qanuni sahiblik hüququ olmalıdır. İddiaçı ilkin alqı-satqı müqaviləsinə istinad edərək, onun belə hüququnun olmasını iddia etmişdir. Bununla bağlı məhkəmə bir daha izah edir ki, ilkin müqavilənin mahiyyətini tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqavilənin bağlanması ilə əmlak üzərində hüquqların keçməsi baş vermir, bu müqavilə yalnız tərəflər üçün əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəliklər yaradır. Yəni ilkin müqavilə mal mübadiləsinə deyil, onun təşkilinə, gələcək mal mübadiləsinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin qurulmasına yönələn təşkilatı müqavilədir. Həmin müqavilə əsasında tərəflərin yalnız qarşılıqlı olaraq əsas müqavilənin bağlanmasını bir-birindən tələb etmək hüquqları yaranır. Beləliklə, qeyd olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əlı̇ yeva Əfsanə Vı̇ dadi qızına qarşı “torpaq sahəsinin boşaldılması, evdən çıxarılma və evin təhvil verilməsi” tələbinə dair iddia rədd edilməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar