Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3261/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında “xadimə” vəzifəsinin icrası ilə bağlı bağlanmış xxxxxxx00200 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin “cavabdeh ilə aralarında “xadimə” vəzifəsinin icrası ilə bağlı bağlanmış xxxxxxx00200 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemində qeydlərin aparılması hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında xxxxxxx000200 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, vəzifəsi xadimə, iş yeri əsas, iş rejimi 5 günlük iş həftəsi kimi müəyyən edilmişdir. Burada işlədikdən bir müddət sonra cavabdeh öz fəaliyyətini dayandırmasa da, həmin ünvandan köçüb getmişdir. Bu səbəbdən də, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini istəsə də, bu mümkün olmamışdır. O, məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. Müfəttişlik özünün xx.xx.2025-ci tarixli məktubu ilə ona cavab verərək bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyəti xaricindədir. Əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cü maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilməsi mümkün deyilsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Onun formal olaraq cavabdehdə işçi kimi adı gedi, burada heç bir əmək fəaliyyəti ilə məşğul olmur, adına olan əmək müqaviləsinin qüvvədə olması, başqa işəgötürənlərlə əmək müqaviləsini bağlamağına maneçiliklər törədir və problemlər yaradır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə, həmçinin tərəflərin prosessual hüquq və vəzifələrinin izahına dair məlumatı özündə əks etdirən məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanı üzrə sifarişli poçt göndərişi ilə aidiyyəti üzrə göndərilmiş, lakin “ünvana aid deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Əmək müqaviləsinə dair məlumatı əks etdirən elektron çıxarışdan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsi hazırkı tarixədək qüvvədədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, iddiaçının müraciəti ilə əlaqədar müvafiq araşdırma aparılmış, cavabdehin ünvanına (AZ1133, ünvan 2 149, mənzil 13) 3-17-5/2-24904/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yerləşmir” qeydi ilə geri qaytarılması aşkar edilmiş, həmçinin tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin qüvvədə olması, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Əmək və məşğulluq” altsistemində qeydlərin aparılmasının Xidmətin səlahiyyətləri xaricində olması bildirilmiş, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və məşğulluq” alsistemində qeydlərin aparılması hüququnun Xidmətə həvalə edilməsindən ibarət iddia tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mediasiya Şurasının Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/10/2025-00197 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişi sisteminə məlumatların daxil edilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh MMC-yə) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir) onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi.
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. İlk növbədə nəzərə alınmalıdır ki, əmək hüququ konstitusion hüquq olmaqla bərabər, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, işsizlərin dövlətdən sosial müavinət almaq və sıra digər təməl hüquqlarına rəvac verməklə, zorla işlədilmə, əmək müqaviləsinin bağlanmasına məcbur edilmə kimi halların qarşısının alınması ilə bağlı mühüm təminatları özündə əks etdirir və fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı işçi statusu əldə etməklə sonuncu hüquqi şəxsdə “xadimə” vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Bir müddət sonra, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam vermək qərarına gəlmiş, lakin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə cavabdehə yazılı müraciət etmək hüququnu realizə etmək istədikdə, işəgötürən olan cavabdehi ünvanında tapmamış, daha sonra bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, cavabdehin ünvanına (AZ1133, ünvan 2 149, mənzil 13) məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yerləşmir” qeydi ilə geri qaytarılması aşkar edilmiş, həmçinin tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin qüvvədə olması, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Əmək və məşğulluq” altsistemində qeydlərin aparılmasının Xidmətin səlahiyyətləri xaricində olması bildirilmiş, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və məşğulluq” alsistemində qeydlərin aparılması hüququnun Xidmətə həvalə edilməsindən ibarət iddia tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd edilən maddi hüquq normaları işçinin əmək hüquq qanunvericiliyi ilə müəyyən edilmiş əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdən ibarət əsas hüququnun tərkib elementləri kimi çıxış edir. Göründüyü kimi, işçi işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi üçün ərizə ilə müraciət etmək qərarına gəlmiş, lakin işəgötürəni hüquqi ünvanı üzrə tapa bilməmiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etməyə məcbur olmuşdur. Müraciət əsasında müvafiq araşdırma aparılmış və həqiqətən işəgötürənin ünvanı üzrə yerində olmaması aşkar edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Həmçinin, həmin məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit olunmuşdur. Belə olan halda, işçini, yəni hazırkı iş üzrə iddiaçını formal mülahizələrdən çıxış etməklə qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı prosedur qaydasında riayət edilməməsinə görə bu hüququn həyata keçirilməsi imkanından məhrum etmək olmaz. Belə ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticədə iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu məhdudlaşdırır.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda həmin qanunun 9.4-cü maddəsinə əsasən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməli, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva