Məhkəmə qərarları › İş №e-2(010)-329/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-329/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-329/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Şivan oğlundan "xxxx" ASC-nin xeyrinə 4491.18 manat məbləğində pul vəsaiti və ödənilmiş 64.91 manat məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4896/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CO0068177 saylı, xx.xx.2023-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən, bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin müqavilənin 7.3 və 7.4-cü bəndlərinə əsasən, müştəri bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”lə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların “Standart Şərtlər”də əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın “Standart Şərtlər”də əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft) hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən Banka 4491.18 manat məbləğində vəsait qaytarılmalıdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. "xxxx" ASC (Bank) və Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CO0068177 nömrəli tam kart müqaviləsindən görünür ki, bu müqavilə tərəflər arasında “Müştəri”nin adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Müştəri”nin adına bank hesablarının, kredit xəttinin açılmasına, “Müştəri” tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən, “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqqlarının ödənilməsinə, “Bank” tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Tam kartın müddəti 5 il, tam kart üzrə kredit limitinin məbləği 15000 manat.

7. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, borcalan Cavabdeh onun istifadəsində verilmiş “Tam kart” kredit kartı üzrə xx.xx.2024-cü il tarixinədək 5871.33 manat məbləğində əsassız olaraq pul vəsaitindən istifadə etmiş, həmin məbləğin 1705.33 manatını qaytarmış və nəticədə 4491.18 manat məbləğində qalıq borcu yaranmışdır.

8. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh heç bir hüquqi əsası olmadan texniki overdraft nəticəsində istifadə edilmiş 4491.18 manat məbləğində qalıq borcunun 3 (üç) gün ərzində qaytarılmasının təmin edilməsi xahiş edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur.

İşin faktiki halları.

9. İddiaçı "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank tərəfindən cavabdehə 5 il müddətinə kredit limiti ayrılmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407. Müqavilənin bağlanması anı. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 417. Müqavilənin standart şərtləri anlayışı. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. İşin hallarından göründüyü kimi, iddiaçı Bank və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Bank tərəfindən cavabdehə 5 il müddətinə kredit limiti ayrılmışdır. İş materiallarında olan əsassız varlanmanı əks etdirən hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmışdır. Məhkəmə hesab edir ki, bununla da Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləni bağlamaqla aksept etdiyi Bankın “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair” Standart Şərtlərinin 1.11-ci bəndinə əsasən, texniki overdraft baş vermişdir.

14. Belə ki, həmin bəndə əsasən, texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir.

15. Məhkəmə hesab edir ki, baş vermiş texniki overdraft nəticəsində Cavabdeh iddiaçı Bankın hesabına əsassız varlanmışdır. Belə ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edildiyi kimi, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş Standart Şərtlərdə texniki overdraftın anlayışının verilməsi, eləcə də bu hal baş verərsə, faizlərin hesablanma qaydasının müəyyən edilməsi texniki overdraftın tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu, dolayısı ilə müqavilə əsasının olduğu mənasına gəlmir. Belə ki, anlayışından da göründüyü kimi, texniki overdraft Bankın nəzarətindən kənar, “texniki” olaraq yaranmış vəziyyətdən müştərinin (cavabdehin) istifadə etməsi nəticəsində hesabda qalıqdan artıq məbləğdə əməliyyatların aparılması ilə baş verir və aydındır ki, belə bir vəziyyətin müqavilə əsası ola bilməz. Hazırkı iş üzrə də tərəflər arasındakı Standart Şərtlərdə, sadəcə olaraq, bu hal baş verdiyi təqdirdə tərəflər arasında hansı hüquq və vəzifələrin yaranacağı müəyyən edilmişdir və bu, baş vermiş texniki overdraft üçün müqavilə əsası təşkil etmir. Dolayısıyla məhkəmə yuxarıda qeyd edildiyi kimi, Cavabdeh iddiaçı Bankın hesabına əsassız varlandığı qənaətinə gəlmişdir. Bu isə cavabdehin onu əsassız varlandıran vəsaiti iddiaçı Banka qaytarması vəzifəsini yaratdığından iddiaçı həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

16. Texniki overdraft üzrə faizlərin hesablanması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş Standart Şərtlərin 1.11-ci bəndində texniki overdraftın anlayışı verildikdən sonra bu hal baş verdiyi təqdirdə texniki overdraft üzrə faizlərin hesablanma qaydası müəyyən edilmişdir. Bu qaydaya əsasən, texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır.

17. Göründüyü kimi, Standart Şərtlərdə faizlərin hesablanma qaydası ilə bağlı nəzərdə tutulmuşdur ki, texniki overdraft baş verdiyi təqdirdə bu halın baş verdiyi gündən etibarən 45 gün güzəşt müddətidir və bu müddətdə heç bir faiz hesablanmır. Faizlərin hesablanmasına 46-cı gündən etibarən başlanır və bu, 120-ci günədək davam edə bilər, 121-ci gündən etibarən isə faiz hesablanması dayandırılır. Həmçinin texniki overdraftın anlayışı verilərkən müəyyən edilmişdir ki, texniki overdraft illik maksimum 30 % dərəcəsi ilə kreditləşdirilmədir.

18. Hazırkı iş üzrə iş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən Standart Şərtlərə uyğun olaraq, texniki overdraftın yarandığı gündən (xx.xx.2023) etibarən 45 gün müddətində heç bir faiz hesablanmamış, faizlərin hesablanmasına 46-cı gün (xx.xx.2024) başlanmış, həmin gündən etibarən texniki overdraft üzrə illik 30 % olmaqla 260.38 manat məbləğində faiz hesablanmış, bu hesablama 75 gün davam etmişdir. 121-ci gündən (xx.xx.2024) etibarən isə əsassız varlanmaya dair arayışın tərtib edildiyi xx.xx.2024-cü il tarixədək, yəni 112 gün üçün illik 5%-lə 64.8 manat məbləğində faiz hesablanmışdır.

19. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı Bank Cavabdeh aksept etdiyi Standart Şərtlərin yuxarıda istinad edilmiş 1.11-ci bəndində müəyyən edilmiş müddətdə və müəyyən edilmiş faiz dərəcəsi ilə faiz hesablamışdır. İllik 30 %-lə faizin hesablanmasının dayandırıldığı gündən etibarən isə illik 5 %-lə hesablama aparmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı – faizlərin hesablanmağa başlandığı zaman qüvvədə olan redaksiyada) əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank cavabdehdən əsassız varlanmaya səbəb olan məbləği (4166 manat), həmin məbləğə illik 30 %-lə və 5 %-lə hesablanmış faizləri (260.38 manat; 64.8 manat) tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 64.91 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu xidmət haqqı ilə birlikdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4491.18 manat məbləğində pul, 64.91 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4491.18 manat (dörd min dörd yüz doxsan bir manat on səkkiz qəpik) məbləğində pul, 64.91 manat (altmış dörd manat doxsan bir qəpik) məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar