Məhkəmə qərarları › İş №e-2(010)-3380/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3380/2025

20.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3380/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Dzhabbarov Fadaıl və Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Dzhabbarov Fadaıl və Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzildən payının naturada ayrılması, paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda açıq hərracdan satılaraq satış məbləğindən əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 73 ünvanında yerləşən və sahəsi 112.92 m2 olan mənzil şəxsi mülk kimi X3in adına hüquqi qeydiyyatdan keçmişdir. X5 xx.xx.2021-ci ildə vəfat etmişdir. Vərəsələr müvafiq olaraq miras paylarına uyğun olaraq 1/7 hissəyə vərəsəlik şəhadətnaməsi almışlar. O, öz miras payını müvafiq olaraq 19 dekabr 2024-cü il tarixdə hüquqi qeydiyyatdan keçirməklə çıxarış almışdır. Cavabdehlər də miras paylarına müvafiq olaraq hüquqi qeydiyyatdan keçirmiş və çıxarışlar alınmışdır. Paylı mülkiyyətdə olan əmlakın 1/7 hissəsi Cavabdeh2, 1/7 hissəsi X2, 1/7 hissəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər cavabdehlər – Cavabdeh1, Cavabdeh4 Məlik qızının və Dzhabbarov Fadaılın paylarının reyestrdə qeydiyyata alınması barədə məlumat yoxdur. Paylı mülkiyyətdə olan əmlakın idarə edilməsi, həmçinin hüquqlarının həyata keçirilməsində digər mülkiyyətçilərlə mübahisələr yaranır və bu səbəbdən də mülkiyyət hüquqlarının sərbəst həyata keçirilməsində maneçiliklər yaranır. O, paylı mülkiyyətdə olan əmlakın naturadan bölünməsi, bu mümkün olmadıqda satılması və satış məbləğindən əldə edilmiş vəsaitin paylara uyğun mülkiyyətçilər arasında bölünməsini təklif etmiş, lakin heç bir razılıq əldə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinin tələbinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mübahisəli mənzil 5 otaqdan ibarətdir. Mübahisəli mənzil naturadan bölünməli və ona məxsus 1/7 hissə ayrılmalıdır. Otaqlardan üçünün dəhlizə ayrıca çıxışı vardır və ikisi bir-birinin içinə açılır. Lakin cavabdehlərlə aralarında mülkiyyətin idarə edilməsi barədə razılığa gəlinməmişdir və onun bir mülkiyyətçi kimi əmlakdan sərbəst şəkildə istifadə etmək hüquqları məhdudlaşdırılır. O, cavabdehlərə paylı mülkiyyətdə olan əmlakın hissələrə uyğun naturadan bölünməsini şifahi olaraq təklif etsə də, cavabdehlər buna razılıq verməmişlər. Ona görə də paylı mülkiyyətdə olan əmlak 1/7 hissəyə uyğun olaraq onunla cavabdehlər arasında naturadan bölünməlidir. Belə ki, mənzil naturadan bölündüyü təqdirdə həmin sahədən istifadə qaydaları da müəyyən edilmiş olacaqdır və hər bir mülkiyyətçinin öz payına uyğun qaydada istifadə etməsinə şərait yaradacaqdır. Həmçinin payların naturadan ayrılması mümkün olmadığı təqdirdə paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməlidir. O, cavabdehlərə dəfələrlə mənzilin satılması və əldə edilmiş məbləğin bərabər paylarda bölünməsini təklif etmiş, lakin cavabdehlər buna razılıq verməmişdir. Bu yaşayış sahəsində sərbəst yaşamaq və istifadə etmək mümkün deyildir, ona görə də mənzil hərrac yolu ilə satılmalı və əldə edilmiş vəsait tərəflər arasında bərabər paylarda bölünməlidir.

Tərəflərin izahatı.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5 (eyni zamanda Cavabdeh4 nümayəndəsi), Cavabdeh1 (eyni zamanda cavabdeh Dzhabbarov Fadailin nümayəndəsi), Cavabdeh3 nümayəndəsi X6 iddianı qəbul etdiklərini, mənzilin hərracda satışından paylarına uyğun hissəni almaq istədiklərini bildirdilər.

5. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzildə ailəsi ilə birlikdə özü və bacısı Cavabdeh5 yaşayır. Digər cavabdehlərin isə hər birinin özünün ayrıca yaşayır yeri var. Onların heç birinin mübahisəli mənzilə yaşayış yeri kimi ehtiyacı yoxdur. Onlar sadəcə mənzilin satışından pul götürmək istəyirlər. Lakin ən azından həmin satışdan onun özünə ev alacaq qədər vəsait götürməsinə də imkan vermirlər. O, xəstə adamdır, ailəsi ilə yaşayacaq başqa yeri yoxdur. Bu səbəbdən iddianın təmin edilməsinə razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

İş materialları.

6. xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 217415 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə “Endometrin (uşaqlığın selikli qişasının) bədxassəli yenitörəməsi” səbəbindən Bakı şəhərində vəfat etmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 112.02 m2 olan 73 nömrəli mənzil üzərində Cavabdeh2 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh3 1/7 hissədə, İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə və Dzhabbarov Fadaılın 1/7 hissədə payları müəyyən edilmiş, son üçünün payı hələ qeydiyyata alınmamışdır.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 474/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev ünvanında yerləşən 73 nömrəli mənzilin bazar qiyməti 144506 manat təşkil edir.

İşin faktiki halları.

9. ünvan 1, mənzil 73 ünvanında yerləşən, ümumi sahəsi 112.02 m2 olan mənzil iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Fadaıl Dzhabbarovun paylı mülkiyyətindədir. Onların hər birinin mənzil üzərindəki payı 1/7 hissədən ibarətdir.

10. Cavabdehlərdən ikisi – Cavabdeh2 və Cavabdeh5 mübahisəli mənzildə yaşayır.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadı.

17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

67. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı mübahisəli mənzil üzərində ümumilikdə yeddi payçının hər birinə 1/7 hissə olmaqla paylar müəyyən edilmişdir. Bu yeddi payçı hazırkı iş üzrə iddiaçı və altı cavabdehdən ibarətdir. Hazırda İddiaçı öz payının ayrılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin verdikləri izahatlar əsasında isə müəyyən edilmişdir ki, iddiaçıdan başqa qalan altı payçıdan (cavabdehlərdən) beşi paylı mülkiyyətdən öz payının ayrılmasını istəyir, buna etiraz edən yeganə payçı isə iş üzrə Cavabdeh2dur. Həmin cavabdeh etirazını mübahisəli mənzilin onun yeganə yaşayış yeri olması ilə əsaslandırmışdır.

15. Göründüyü kimi, paylı mülkiyyətdən payının ayrılmasını istəməyən tək bir payçı qalmışdır. Bu isə o deməkdir ki, mübahisəyə paylı mülkiyyətdə olan əşyadan payın ayrılması yox, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi proseduru tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin yuxarıda istinad edilmiş qərardadında da müəyyən edildiyi kimi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsi... və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

16. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir.

17. Hazırkı işdən görünür ki, yeddi payçıdan altısı öz payını ayırmaq istəyir ki, bu da payın ayrılmasını tələb etməyən tək mülkiyyətçi (Cavabdeh2) qaldığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli məsələyə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi qaydaları tətbiq edilməlidir. Üstəlik, bu zaman nəzərə alınmalıdır ki, məhkəmə bu qaydanı tətbiq etməkdə iddia tələbinə bağlı deyil. Belə ki, yuxarıda istinad edilmiş qərardadda da qeyd edildiyi kimi, məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir.

18. Odur ki, hazırkı işdə mübahisənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsində müəyyən edilmiş qaydada həll edilməli olduğu nəticəsinə gələn məhkəmə yenə yuxarıda göstərilmiş qərardada istinadla qeyd edir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, ...ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

19. Hazırkı işdən görünür ki, ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada (fiziki) bölgüsü mümkün deyil. Ona görə ki, mənzil beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşir və ümumi sahəsi 112.02 m2-dir. Bu vəziyyətdə həmin mənzildən hər bir payçının payının naturada ayrılmasının mümkün olmadığını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac yoxdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün ikinci mərhələ - əşyanın məhkəmə qərarı ilə hərracdan satılması – tətbiq edilməlidir.

20. Bununla bağlı məhkəmə yenə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadına istinadla qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

21. Hazırkı iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında onların əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, əmlak elə birbaşa açıq hərracdan satılmalıdır.

22. Hərraca çıxarılacaq mənzilin ilkin satış qiymətinə gəldikdə isə məhkəmə ilk növbədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadında ortaya qoyulmuş mövqeyə uyğun olaraq qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli...

23. Hazırkı iş üzrə keçirilmiş qiymətləndirmə nəticəsində verilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən mənzilin bazar qiyməti 144506 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə, bu rəylə tanış olan tərəflərin əmlakın müəyyən edilmiş qiymətindən daha fərqli (əhəmiyyətli dərəcədə aşağı və ya yuxarı) məbləğdə qiymətləndirilməsini təsdiq edən heç bir sübut təqdim etməməsini nəzərə alaraq, verilmiş rəylə razılaşır və hesab edir ki, mübahisəli mənzilin hərracda ilkin satış qiyməti mütəxəssis rəyinə müvafiq olaraq 144506 manat məbləğində müəyyən edilməlidir.

24. Bu zaman məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərardadına uyğun olaraq izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

25. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan mənzil 144506 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun bölünməlidir. Bu isə iddianın qismən təmin edilməsi deməkdir. Ona görə ki, iddia tələbi payların bölünməsinə yox, ayrılmasına yönəlmişdir.

26. Son olaraq, məhkəmə Cavabdeh2 etirazına münasibət bildirərək qeyd edir ki, mübahisəli mənzil üzərində iş üzrə bütün tərəflərin bərabər payları artıq müəyyən edilmiş olduğundan və hazırkı iş üzrə məhkəmə icraatı müəyyən edilmiş bu payların bölünməsi ilə bağlı olduğundan mübahisəli mənzildə yaşaması əsası ilə bölünmə zamanı tərəflərdən birinə münasibətdə digərinə üstünlük verilə bilməz.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsi ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizələri ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

28. Bundan əlavə, iş üzrə qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəyə əlavə edilmiş məlumatdan görünür ki, mütəxəssis xidməti xərci olan 300 manat məbləğində pulu İddiaçı ödəmişdir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mütəxəssis xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1, mənzil 73 ünvanında yerləşən mənzil 144506 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (İddiaçı 1/7 hissə, Cavabdeh1 1/7 hissə, Cavabdeh2 1/7 hissə, Cavabdeh3 1/7 hissə, Cavabdeh4 1/7 hissə, Dzhabbarov Fadaıl 1/7 hissə və Cavabdeh5 1/7 hissə) bölünməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiа qismən təmin edilsin. ünvan 1, mənzil 73 ünvanında yerləşən mənzil 144506 (yüz qırx dörd min beş yüz altı) manat ilkin satış qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun (İddiaçı 1/7 hissə, Cavabdeh1 1/7 hissə, Cavabdeh2 1/7 hissə, Cavabdeh3 1/7 hissə, Cavabdeh4 1/7 hissə, Dzhabbarov Fadaıl 1/7 hissə və Cavabdeh5 1/7 hissə) bölünsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Dzhabbarov Fadaıl və Cavabdeh5 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar