Məhkəmə qərarları › İş №e-2(010)-342/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-342/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-342/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakları ilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əmlakları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzil 1993-cü il tarixindən onun xüsusi mülkiyyətində olmaqla, adına həmin mənzilə dair qeydiyyat vəsiqəsi verilmişdir. Mənzilin qeydiyyat vəsiqəsini itirdiyi üçün çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsiə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə həmin mübahisəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Cavabdeh ilə onun oğlu X1 xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra, onların birgə yaşamaları üçün özlərinə məxsus evləri olmadığına görə müvəqqəti olaraq onun mülkiyyətində olan mənzilində yaşamalarına icazə vermişdir. Cavabdeh özünə məxsus əşyalarını da həmin mənzilə gətirmişdir. Cavabdeh həmin mənzilə gəldikdən bir il keçdikdən sonra, onunla heç bir səbəb olmadan dava edir və onu öz xüsusi mülkiyyətində olan mənzilindən qovmaq istəyir. Artıq cavabdehlə birlikdə yaşamaları mümkün olmadığına görə cavabdehə əşyaları ilə birlikdə mənzildən çıxmasını bildirsə də, heç bir nəticəsi olmamışdır, əksinə cavabdeh onun mülkiyyətində olan mənzildən getməyəcəyini israrla tələb edir. Cavabdehin onun mülkiyyətində olan mənzildə heç rəsmi qeydiyyatı da yoxdur. Göstərilən mənzil onun xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehin günahı üzündən öz mənzilindən istifadə edə bilmir. Ona görə də cavabdehin ona məxsus mənzildən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Tərəflərin izahatları.

3. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, həmin mənzili 1993-cü ildə dəyişdirmə yolu ilə əldə etmiş və 1994-cü ildə həmin mənzilə dair qeydiyyat vəsiqəsi almışdır. Lakin köhnə qeydiyyat vəsiqəsini tapa bilmir. Cavabdeh onun gəlinidir və 2019-cu il may ayından mübahisəli mənzilə köçmüş və orada yaşayır. Hazırda cavabdeh dördüncü mərtəbədə yerləşən və ona məxsus olan mənzildə gözəllik salonu açmış və bu səbəbdən onunla tez-tez münaqişələr edir, onun (iddiaçının) evdən getməsini tələb edir. Onun mülkiyyət hüquqları pozulduğundan o məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və cavabdehin özünə məxsus olan əmlakları ilə birlikdə onun mülkiyyətində olan mənzildən çıxarılmasını tələb edir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı oğlunun və gəlinin həmin evdə müvəqqəti yaşamasına etiraz etməmişdir. Lakin cavabdeh həmin evə gəlin gəldikdən sonra bundan sui-istifadə edərək mülkiyyətçinin razılığı olmadan mənzildə gözəllik salonu açmış, tez-tez müştəri qəbul edərək mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozmuş və hazırda da pozmaqdadır. Hazırda cavabdeh mülkiyyətçi ilə tez-tez münaqişə edərək onun evdən çıxıb getməsini tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət hüquqları üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

7. Asan 5 orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzilində qeydiyyatdadır.

8. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, ev 1, mənzil 42 saylı mənzilində qeydiyyatdadır.

9. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 342527 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X2 xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1183 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Ələskərov”, arvada “Ələskərova” soyadı verilmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanına verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

11. Qum adası NQÇİ-nin müdriyyəti və həmkarlar ittifaqı rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 93 saylı birgə qərarına əsasən satış qiyməti 4373-33 manat olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Razin küçəsi, ev 22, mənzil 25 İddiaçınin əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirilməsi qərara alınmışdır.

İşin faktiki halları.

12. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzilə gəlin köçmüşdür. İddiaçının öz izahatına görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzil 1994-cü ildən onun xüsusi mülkiyyətində olmuş və həmin mənzilə dair qeydiyyat vəsiqəsi almışdır. Sonradan həmin mənzilə dair qeydiyyat vəsiqəsini itirdiyindən yeni çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə həmin mübahisəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında münasibətlər gərgin olduğundan və onların cavabdehlə birlikdə yaşamaları mümkün olmadığından cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılmasını tələb edir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri

30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Qərarı.

Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, cavabdeh mülkiyyətçinin oğlu ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq hazırkı iddiaçıya məxsus mübahisəli mənzilə köçmüşdür.

20. Hazırkı mübahisəli ünvan 1 ünvanında yerləşən mənzilin Qum adası NQÇİ-nin müdriyyəti və həmkarlar ittifaqı rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 93 saylı birgə qərarına əsasən İddiaçı C.-nin əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirilməsi qərara alınmışdır.

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanına verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

22. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 saylı mənzili xüsusi mülkiyyət hüquqları üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

23. Məhkəmə hesab edir ki, iddiaçının adına əvvəlki dövrə aid olan çıxarış iş materiallarında mövcud olmasa da, həmin mənzilin 1994-cü ildən iddiaçının şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmçinin iddiaçı həmin ev üzərində 1994-cü ildən mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə də, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malik olmuşdur.

24. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

25. Hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə iddiaçının gəlini olmaqla qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından və tərəflər arasında gərgin münasibətlər mövcud olduğundan iddiaçı cavabdehin özünə məxsus olan əmlaklarla birlikdə mübahisəli mənzildən çıxarılmasını tələb edir.

26. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir.

Məhkəmə xərcləri.

27. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin olunmalı və Cavabdeh özünə məxsus olan əmlaklarla birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzilindən çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

Cavabdeh özünə məxsus olan əmlaklarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 22 saylı evin 25 saylı mənzilindən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar