Məhkəmə qərarları › İş №e-2(010)-3475/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3475/2023

01.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3475/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (sonradan dəqiqləşdirmə barədə ərizə verərək həmin küçədə yerləşən nömrəsiz evdən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 1979-cu il tarixdə X6 ilə evlənərək ailə qurmuşdur. Nikah rəsmi qaydada qeydə alınmış, həmin nikahdan X13, X10, X3 doğulmuşdur. İddiaçı 1998-ci ildən ailə üzvləri ilə birlikdə əri Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışdır. 2012-ci ilin sentyabr ayında iddiaçının oğlu Elnur Muradov cavabdehlə evlənərək həmin mənzildə yaşamağa davam etmişdir. Lakin ev darısqal olduğu üçün qeyd olunan mənzil mülkiyyətçi tərəfindən 2022-ci ilin iyun ayında alqı-satqı və ipoteka müqaviləsi əsasında 73500 manata satılmış, satışdan əldə olunan vəsaitə Hövsan qəsəbəsi, O.Şabanov küçəsin 5/107 ünvanda yanyana yerləşən üç həyət evi alınmışdır. Cavabdeh və ailə üzvləri həmin ünvanda qeydiyyata alınmışlar. xx.xx.2022-ci il tarixdə iddiaçının əri Şakir Muradov vəfat etmişdir. Bundan sonra Cavabdeh ilə X13 arasında bağlanmış nikah Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqları X7 cavabdehin yanında qalması müəyyən edilmişdir. Ailə münasibətlərinə son verilməsinə baxmayaraq Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evində yaşamağa davam edir, evin boşaldılmasını tələb etsə də, cavabdeh evi boşaltmır. Halbuki, fərdi yaşayış evi iddiaçının və ərinin şəxsi vəsaiti hesabına alınmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli evi 2022ci ilin iyun ayında almışlar. Belə ki, onun ərinə məxsus olmuş və birgə nikah dövründə əldə olunmuş mənzil satılmış, həmin mənzilin satışından əldə olunmuş vəsait hesabına mübahisəli ev alınmışdır. Lakin ev qanunsuz tikili olduğundan heç kimin adına rəsmiləşdirilməmişdir. Həmin tikili nə cavabdehin, nə də cavabdehin keçmiş ərinin (iddiaçının oğlunun) birgə nikah dövründə əldə etdiyi qazanc hesabına alınmamışdır. Buna baxmayaraq onun keçmiş gəlini olan cavabdeh üç otaqdan ibarət evdən çıxmaq istəmir, bu azmış kimi nə onu, nə də keçmiş əri olan oğlunu evə buraxmır, onlar evlərinə girmək istəyəndə polis çağırır. Hətta cavabdeh, keçmiş əri ilə bağlı mühafizə orderi də almışdır. Buna görə də nə oğlu, nə də özü yaşayış sahəsinə daxil ola bilmirlər. Cavabdeh özündən başqa anasını da həmin mənzilə yerləşdirib, onunla birlikdə yaşayır. Halbuki cavabdehin anasının İmişli rayonunda evi var və gedib orada yaşaya bilərlər. Yəni onlar evdən çıxarılsalar, küçədə qalmayacaqlar. Ev heç də cavabdehin iddia etdiyi kimi ona və keçmiş ərinə yaşamaq üçün alınmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev özbaşına tikilidir. Belə ki, evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən iddiaçının özbaşına tikili olan evlə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququ da yoxdur. Həmin evi iddiaçının mərhum əri cavabdehin ailəsi ilə birlikdə yaşaması üçün almışdır. Onlar iddiaçının bu barədə dediklərini inkar etmirlər. İddiaçının oğlunda evin açarı da var və heç kim onu evdən çıxarmamışdır (məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasının 28:50-30:10-cu dəqiqələri). Cavabdehin uşağı əlildir və əgər evdən çıxarılsalar, xəstə uşaqla yaşamağa yerləri olmayacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. "xxxx" ASC (İpoteka saxlayan), X11 (Alıcı) və X6 (Satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Satıcı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən və xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcının mülkiyyətinə verir. Daşınmaz əmlak Satıcı tərəfindən Alıcıya bütün vergilər daxil 74000 manat dəyərində satılır. Bu məbləğin 22000 manatı ilkin ödəniş məbləği olaraq Alıcı/Borcalan tərəfindən, 51800 manatı isə Bank tərəfindən Bankla Alıcı/Borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Alıcı/Borcalana verilən kredit məbləği hesabına Satıcıya notariusun depozit hesabına köçürülmək yolu ilə ödənilir.

7. İmişli rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş JQ seriyalı, 295774 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X2 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, həmin tarixdə nikah haqqında akt qeydləri kitabında 149 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir.

8. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2199/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh X13 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 202 nömrə ilə qeydə alnmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X7 iddiaçı Cavabdeh yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-20/2-M96/2-129/2/2023 saylı qısamüddətli mühafizə orderinin surətindən görünür ki, X13 tərəfindən X5 qarşı məişət zəminində fiziki, psixi, iqtisadi və cinsi zorakılıq hərəkətləri edilməsi qadağan edilmişdir. Qısamüddətli mühafizə orderi 30 gün müddətinə verilir.

Şahid ifadələri.

10. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X14 bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evi ona məxsus olmuş, həmin evi qardaşının vasitəsi ilə İddiaçı satmışdır.

11. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X15 bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən yaşayış evini o, qardaşına orada yaşasın deyə almışdır. Lakin qardaşı xəstəliyi ilə əlaqədar müalicə üçün evi satmaq qərarına gəlmişdir. O, həmin üç otaqlı evi satıb əldə olunan pulun bir hissəsinə qardaşını müalicə etmək, qalan hissəsinə isə ev almaq fikrində olmuş, bu məqsədlə də “makler”ə müraciət etmişdir. Bir müddət sonra “makler” ona zəng edərək evə müştəri çıxdığını bildirmişdir. Sonra isə evin alıcısının İddiaçı olduğunu öyrənmişdir. Onunla görüşüb, qiymətlə razılaşandan sonra evi Heyran xanıma satmışdır. Notariat ofisində də pulu ona Heyran xanım vermişdir.

İşin faktiki halları.

12. Cavabdeh İddiaçı keçmiş gəlinidir. İddiaçının oğlu X13 ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

13. Cavabdeh keçmiş əri Elnur Muradovla birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X16 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Həmin ev özbaşına tikilidir və heç kimin mülkiyyətində deyil.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdehin keçmiş qayınanası olan İddiaçı iddia edir ki, həmin ev onun mərhum əri Şakir Muradov tərəfindən, onun özünə məxsus mənzili satması nəticəsində əldə edilmiş vəsait hesabına alınmış, oğlu Elnur Muradova ailəsi (Cavabdeh və oğlu) ilə birlikdə yaşaması üçün verilmiş, lakin Elnur Muradovla Cavabdeh arasında olan nikah pozulduqdan sonra cavabdeh, onu evə buraxmamışdır. Mübahisəli evin mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına alınmasına istinad edən İddiaçı keçmiş gəlini olan Cavabdeh evdən çıxarılmasını tələb etmişdir.

17. Öz növbəsində cavabdeh tərəf evin iddiaçının mərhum ərinin vəsaiti hesabına əldə edildiyini, ailəsi ilə birlikdə yaşaması üçün cavabdehin keçmiş əri Elnur Muradova verildiyini qəbul etmiş, işin bu hallarını mübahisələndirməmiş, evin cavabdehin və ya onun keçmiş ərinin birgə nikah dövründə əldə etdiyi qazanc hesabına əldə edildiyini iddia belə etməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) mübahisəli evin iddiaçının mərhum ərinin vəsaiti hesabına alındığını inkar etmədiklərini bildirmişdir (Müvafiq izahatın video-audio yazısı aparılan məhkəmə iclasının hansı hissəsində verildiyi bu qətnamənin 5-ci bəndində göstərilmişdir). Bununla belə, cavabdeh tərəf mübahisəli evin özbaşına tikili olmasına istinadla iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmadığını iddia edərək, iddianı qəbul etməmişdir.

18. Məhkəmə isə hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, mübahisəli ev iş materiallarında olan sənədlərdən, dinlənilmiş şahid ifadələrindən göründüyü, ən əsası cavabdeh tərəfin də mübahisələndirmədən qəbul etdiyi kimi İddiaçı mərhum əri Şakir Muradovun vəsaiti hesabına əldə edilmişdir. Evin özbaşına tikili olması, bu ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması bu faktı dəyişdirmir. Məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək hüququ olmadığı müəyyən edilmişdir. Yəni qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Bunun əksi yanaşma, öz vəsaiti hesabına bu cür tikili tikmiş (əldə etmiş) şəxslərin heç bir halda, hətta tikili üçüncü şəxslər tərəfindən sökülsə, zəbt edilsə belə bu vəziyyətə son qoymağı tələb etməyə subyektiv hüququ olmadığı mənasına gələr ki, bu cür yanaşma hüququn təbiətinə ziddir. Başqa sözlə, şəxsin özbaşına tikinti tikməsi, yaxud əldə etməsi onun bu tikili ilə bağlı istənilən özbaşınalığa qarşı müdafiəsiz olduğu, bütün özbaşınalıqlara dözməli olduğu mənasına gəlmir.

19. Nəzərə alınmalıdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz tikmiş şəxs onsuz da özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir halda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar, lakin bunun üçüncü şəxslərə aidiyyəti yoxdur.

20. Hazırkı işin hallarından görünür ki, hazırda cavabdehin yaşadığı özbaşına tikilini öz vəsaiti hesabına alan şəxs ölmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı həmin şəxsin 1979-cu ildən ölümünə qədər nikahda olduğu arvadı kimi mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına alınmış bu evdən onun iradəsi ziddinə yaşayan şəxsin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, evin özbaşına tikili olması bu evə görə heç bir xərc çəkməmiş üçüncü şəxslərin, eləcə də Cavabdeh evdən istədiyi kimi istifadə edə biləcəyi mənasına gəlmir. Odur ki, cavabdeh heç bir xərc çəkmədiyi evdən bu evi mərhum əri ilə birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etmiş iddiaçının tələbi əsasında çıxarılmalıdır.

Məhkəmə xərcləri.

21. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar