Məhkəmə qərarları › İş №e-2(010)-3546/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3546/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3546/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.11 m2 olan 39 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 66.11 kv.metr olan 39 saylı mənzil onun mülkiyyətindədir. Həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarış ona təqdim edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xüsusi mülkiyyətində olan sözügedən mənzildə pasport qeydiyyatındadırlar. Həmin şəxslər 20 ildən artıqdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.11 kv.metr olan 39 saylı mənzildə yaşamırlar. Belə ki, cavabdehin onların xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatları yalnız formal xarakter daşıyır. Bundan başqa, cavabdehlərin formal olaraq onun mənzilində qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur və o, cavabdehlərin əvəzinə əlavə kommunal xərcləri ödəməli olur. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 66.11 kv.metr olan 39 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsinə və konstitusion hüquqlarının müdafiəsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər hazırda mübahisə predmeti olan mənzildə 20 ildən artıq müddətdir ki, yaşamırlar. Cavabdehlər həmin mənzildən çıxıb getmişlər və iddiaçı ilə birgə təsərrüfat aparmırlar. Belə ki, həmin münasibətlərin yarandığı dövrdə qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində də qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə bərabər ailə üzvləri də həmin yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Lakin, onlar artıq iddiaçının ailə üzvləri deyil və ona görə də onların həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Sözügedən mənzil üzərində hüquqmüəyyənedici sənəd qismində order çıxış etmiş, lakin sonradan iddiaçı həmin mənzili qanuni əsaslarla öz adına özəlləşdirmişdir. İddiaçının mülkiyyətində olan mənzildə yaşamamasını cavabdehin özü də etiraf edir və cavabdeh uzun müddətdir ki, mənzildə yaşamamaqla bərabər əşyalarını da oradan aparmışdır. Əslində cavabdehlərin orada yaşamamasını sübut etmək üçün şahidlərin məhkəmə iclasında dindirilməsi ilə bağlı vəsatət versə də, artıq buna zərurət qalmamışdır. Çünki, cavabdehlər özləri həmin mənzildən 20 ildən artıq müddətdir ki, çıxdıqlarını və orada yaşamadıqlarını etiraf edirlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, hər il anası ilə birlikdə sözügedən mənzilin kommunal xidmətlərini ödəmişdir. Əvvəllər həmin mənzildə ailəsi ilə birlikdə yaşasalar da, sonradan evdə söz-söhbətlər baş vermiş və artıq mübahisəyə yol verməmək üçün atası onlarla birlikdə evi tərk etmişdir. Atası mübahisənin qarşı tərəfi qardaşı olduğu üçün evdən çıxmış, lakin bunu könüllü şəkildə etməmişdir. Evdən ayrıldıqdan sonra anasının bibisi onlara torpaq sahəsi ayırmış və atası həmin torpaq sahəsində ev tikmişdir. İşin ona maraqlı olan tərəfi bundan ibarətdir ki, hazırkı iddia tələbi niyə məhz atasının ölümündən sonra irəli sürülmüşdür? Atası vəfat edəndən sonra əmisi onun yanına gələrək daim dəstək olacağını bildirsə də, bu sözlərin hamısının yalan olduğu ona bəlli idi. Atasının vəfatının üzərindən heç 1 il keçməmişdir ki, əmisi onları məhkəməyə vermişdir. Tam xatırlamasa da, mübahisəli mənzildə təxminən 1 il müddətinə yaşamışdır, lakin uşaqlığı hazırda yaşadıqları mənzildə keçmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, qardaşının izahatında bildirdikləri ilə tam razıdır və özü də iddia tələbini əsaslı saymır. Hazırda həmin mənzildə yaşamasalar da, bu məsələnin atasının ölümündən dərhal sonra açılması ona müəmmalıdır. Çünki, bu məsələ onun atasının sağlığında da açıla və həll edilə bilərdi. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1986-ci il tarixdə verilmiş 252009 nömrəli orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 38.71 m2 olan mənzil Əliyeva Qız-Bacı Abbas qızına verilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 161853 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əliyeva Qız-Bacı Abbas qızı xx.xx.2005-ci il tarixdə “hipertoniya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 941 nömrə ilə qeyd edilmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 420275 nömrəli ölüm haqqında şəhadətnamənin (təkrar) surətindən müəyyən olunur ki, X2 xx.xx.2023-cü il tarixdə “qulaqyanı ağız suyu vəzisinin bədxassəli yeni törəməsi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 737 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh3 və s. qeydiyyatdadırlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 66.11 m2 olan mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq 8 iyul 1982-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuşdur) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, cavabdehlərin qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsindən istifadə hüququnun mövcud olub olmaması müəyyənləşdirilməlidir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 39 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə hazırda İddiaçı məxsusdur. Həmin mənzil orderlə Əliyeva Qız-Bacı Abbas qızına (iddiaçının anası) məxsus olan zaman Cavabdeh3 2001-ci ildə iddiaçının qardaşı Əliyev Habillə nikan münasibətlərinə daxil olaraq həmin mənzilə köçmüşdür. Digər cavabdehlər Cavabdeh3 ilə Əliyev Habilin birgə nikahından dünyaya gəlmişdir. Belə ki, Cavabdeh3 məhkəmə hazırlıq iclasında iştirakı zamanı bildirmişdir ki, “xx.xx.2001-ci ildə həmin mənzilə gəlin gəlmişdir. O zaman həmin mənzil qaynanasına məxsus idi. Oğlu Cavabdeh2 onlar həmin mənzildə yaşayan zaman dünyaya gəlmişdir. Onlar bir müddət həmin mənzildə yaşasalar da, mənzildə yaşayan digər şəxslər onu və əri Habili həmin mənzildən köçməyə məcbur etmişlər və nəticədə onlar 2003-cü ildən həmin mənzildən çıxmışlar. Həmin dövrdən indiyə kimi sənədi olmayan evdə yaşayırlar. Həmin mənzildə hər hansı əşyası yoxdur”. Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh3 və oğlu Cavabdeh2 hazırda iddiaçının mülkiyyətində olan (gəlin köçdüyü zaman isə qaynanasına order əsasında məxsus olan) mənzildən 2003-cü ildən ailəsi ilə birlikdə çıxaraq yaşamamışlar, qızı Cavabdeh1 isə həmin mənzildə heç vaxt yaşamamışdır. Sonuncunun qeydiyyatı valideynlərinin qeydiyyat ünvanına uyğun olaraq hazırda mübahisə predmeti olan ünvandır. Cavabdeh3 həmin mənzilə 2001-ci ildən köçdüyünə, digər Cavabdeh2 2002-ci ildə anadan olmaqla həmin mənzildə 2003-cü ilədək yaşadığından hazırkı mübahisəyə 1982-ci ildən xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), üşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Sadalanan normalardan göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün cavabdehin icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh3 2001ci ildə orderlə qaynanasına məxsus yaşayış sahəsinə köçmüş, Cavabdeh2 də doğulduğu gündən nənəsinə məxsus evdə ailə üzvünun həddi-buluğa çatmamış uşağı qismində anası Cavabdeh3 və Əliyev Habilldə birlikdə yaşamağa başlamışdır. Beləliklə, onlar həmin evdən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdirlər. Bundan əlavə qeyd edilməlidir ki, evdən istifadə hüququ köhnə Mənzil Məcəlləsinə görə yaranmış olsa da, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Belə ki, qanunla nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. İstinad olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır. Hazırkı işdə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 2003-cüildən başqa yerdə daimi əsaslarla yaşamağa başlamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, onların həmin evdən istifadə hüququ başqa yerdə yaşamağa başladıqları andan aradan qalxmışdır. Digər Cavabdeh1 isə həmin mənzildə ümumiyyətlə yaşamamış və onun da qeydiyyatı digər cavabdehlər kimi formal xarakter daşımaqla hazırda mülkiyyətçi olan İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 66.11 m2 olan 39 saylı mənzildən (yeni qaydalarla: AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, giriş 197, M2, m2) istifadə hüquqları itirilmiş hesab edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 20b ünvanında yerləşən, ümumi sahəsi 66.11 m2 olan 39 saylı mənzildən (yeni qaydalarla: AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, giriş 197, M2, m2) istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar