Məhkəmə qərarları › İş №e-2(010)-3547/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3547/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3547/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 28 avqust 1996-cı ildə nikah münasibətinə daxil olaraq ailə qurmuşlar və nikahları Bakı şəhəri Səbail rayon VVAQ Şöbəsində 167 № ilə qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan yetkinlik yaşına çatmış xx.xx.1993-cü il təvəllüdlü Şahid2 və xx.xx.1995-ci il təvəllüdlü İbrahimova (Öten) Lamiyə Misirxan qızı doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(010)-510/2024 qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evində qeydiyyatda olsa da, artıq 10 ilə yaxındır ki, adı çəkilən mənzildə yaşamır. Cavabdeh İ.Misirxanın hazırda hansı şəhərdə yaşaması barədə məlumatı yoxdur və 10 ildən çoxdur ki, cavabdehi görməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur. Bü hüquq əmlaka dair maneəsiz istifadə, sahiblik və sərəncam hüquqlarını ehtiva edir. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması nəticəsində mülkiyyət hüquqlarının məhdudlaşdırılması, faktiki olaraq bu hüquqlardan məhrum olunması iddiaçının məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Odur ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Şahid ifadələri.

5. İş üzrə Şahid1 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısıdır, Cavabdeh isə bacısının keçmiş həyat yoldaşıdır. Cavabdeh ilə onun münasibətləri həmişə yaxşı olmuş, hətta onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Onun bacısı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixli Suraxanı rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Belə ki, Cavabdeh spirtli içki qəbul etdiyindən hər dəfə onların ailələrində mübahisə yaranmışdır. Artıq uzun müddətdir ki, Cavabdeh ilə görüşmür və onun harada olması barədə məlumatı yoxdur. Təxminən 7 ildir ki, cavabdeh mübahisəli evdə yaşamır.

6. İş üzrə Şahid2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh isə onun atasıdır. Atası Cavabdeh 7 ildən çoxdur ki, evdən çıxıb getmiş və hazırda harada olması barədə onun məlumatı yoxdur. Belə ki, ilk əvvəllər o, atasının evə qayıtmasını ona təklif etmiş, lakin atası Cavabdeh başqa bir qadınla yaşayacağını və həmin evə qayıtmayacağını bildirmişdir. Həmin mübahisəli evi babası ona hədiyyə etmişdir, lakin o hərbi xidmətdə olduğundan mübahisəli evin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də anası İddiaçı adına qeydiyyatdan keçmişdir.

İş materialları.

7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı və Cavabdeh nikahları pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 291 sayla qeyd edilmişdir.

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X3 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi xx.xx.2012-ci il tarixli qeydiyyatdan keçirilmişdir.

9. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü tarixində saat 15:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50+10 manat mediasiya xərci ödəmişdir.

10. Asan 4 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evində qeydiyyatdadır,

11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Suraxanı Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavabından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Dövlət Sərhədindən tez-tez keçmiş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Respublikadan çıxış etmişdir.

12. xx.xx.2011-ci il tarixli, AN-İ №0325559 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evini İddiaçı 54859 manata satmışdır.

13. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X3 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evi hüquq subyekti X4r.

İşin faktiki halları.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.1996-cı il tarixdə nikah bağlamışlar və birgə nikahdan iki övladları doğulmuşdur. Tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evini İddiaçı adına alqı-satqı yolu ilə əldə etmişlər. Hazırda həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı

Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi).

20. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı

3.Ər-arvadın birgə mülkiyyətinin anlayışı, prezumpsiya və sübutetmə yükü Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

23. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı və Cavabdeh xx.xx.1996-cı il tarixdə nikah bağlamışlar və birgə nikahdan iki övladları doğulmuşdur. İddiaçı tərəfindən birgə nikah dövründə, yəni xx.xx.2011-ci il tarixdə alqı-satğı müqaviləsi bağlanmış və hazırkı mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, Şərq yaşayış sahəsi, 11-ci döngə, 32 a saylı fərdi yaşayış evi onun tərəfindən əvəzli əldə edilmişdir. Hazırda həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçının verdiyi izahata görə Cavabdeh mübahisəli mənzildə yaşasa da, 7-ci ildən artıqdır ki, həmin mənzildən köçüb getmişdir. Hal-hazırda həmin mənzildə iddiaçının oğlu öz ailə üzvləri ilə birgə yaşayır.

24. İddiaçı tərəf cavabdehin mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdiyini, uzun müddətdir həmin evdə yaşamağını, onun həmin yaşayış sahəsinə ehtiyacı olmamasını, həmçinin mübahisəli evin öz valideynləri tərəfindən ona hədiyyə olunduğunu qeyd etsə də, bununla bağlı olaraq heç bir mötəbər sübut təqdim etməmişdir.

25. Məhkəmə hesab edir ki, hazırkı mübahisəli mənzil tərəflərin birgə nikah dövründə alqı-satğı müqaviləsi əsasında əldə edilmiş, yəni əvəzli əldə edilərək iddiaçının adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən ərarvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Hazırda iddiaçı həmin mənzilin ona atası tərəfindən alındığını qeyd etsə də, bununla bağlı olaraq hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.

26. Hazırkı halda iddiaçı tərəfindən təqdim olunmuş sübutların məcmusundan müəyyən olunur ki, cavabdeh tərəfin həmin mənzil üzərində istifadə hüququ ilə yanaşı, sahiblik və sərəncam hüquqları da mövcuddur. Yəni iddiaçı fərdi yaşayış evinin özünün ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər (bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd) nəticəsində əldə etməsini sübuta yetirmədiyindən, hazırkı halda birgə mülkiyyət prezumpsiyası aradan qalxmamış və sonuncunun mübahisəli əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranmamışdır. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

28. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Məhkəmə xərcləri.

29. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır.

31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar