Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3638/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “xx.xx.2023-cü tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısına dair iş üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr N-05101-093071 saylı çıxarışa əsasən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər mənzili iddiaçıya satdıqdan sonra 30 gün müddətində həmin mənzildən qeydiyyatdan çıxacaqları barədə öhdəlik götürsələr də, bu günə kimə mənzildən qeydiyyatdan çıxmamışlar. Bu da iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır”.
İddia tələbinin azaldılması.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, məhkəmədən cavabdehlərin Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsinə etiraz etmədiklərini bildirmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, cavabdehlərin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehlərin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi.
İş materialları.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır.
7. Satıcı Cavabdeh1 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü tarixli, AN-İ ******* nömrəli nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Satıcı mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86.75 m2 olan mənzili 92500 manata Alıcıya satmışdır.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86.75 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
İşin faktiki halları.
9. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır. Mənzil hazırda İddiaçı mülkiyyətindədir.
10. Cavabdeh1 mənzilin keçmiş mülkiyyətçisi, digər Cavabdeh2 isə mənzilin keçmiş mülkiyyətçisinin oğludur.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 147. Cavabdehin olduğu yerin məlum olmaması. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, mənzilin keçmiş mülkiyyətçisi və onun oğlu kimi mənzildən istifadə hüququ əldə etmiş cavabdehlər mənzilin satışı ilə mənzilə münasibətdə bütün hüquqlarını itirdiklərindən, artıq həmin mənzildə yaşamadıqlarından, bu vəziyyətdə cavabdehlərin mənzildə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının mülkiyyət hüququnu həyata keçirməsini məhdudlaşdırdığından cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı).
18. Hazırkı iş üzrə cavabdehlərdən biri mənzilin keçmiş mülkiyyətçisi, digəri isə mülkiyyətçinin oğludur. Yəni bu şəxslərin həmin mənzildən istifadə hüququ olmuş, bu əsasla mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında da qeyd edildiyi kimi mənzildən istifadə hüququ olan cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onların istifadə hüququna xitam verilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva