Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3649/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra – cavabdeh) qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B ünvanında yerləşən 77 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B ünvanındakı 2 otaqlı 77 nömrəli mənzil Bakı şəhər X2 İcraiyyə Komitəsinin 07 mart 1988-ci il tarixli, 239301 saylı orderi əsasında atası X6 verilmişdir. Ailə üzvləri ilə bərabər həmin mənzildə yaşamışdır. Atası X8 xx.xx.2009-cu ildə anası X4 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Order verilən zaman adları olan siyahıda atası anası və onun adı olmuşdur. Cavabdeh Qanuni nümayəndə onun bacısı, digər cavabdehlər isə onun övladlarıdır. Bacısı 2010-cu ildə Bakını tərk edərək Türkiyəyə köçüb getmiş, orda ailə qurmuş və o zamandan da artıq onlarla yaşamır. Bu günə qədər də heç bir əlaqəsi yoxdur. Cavabdeh onlarla ailə kimi bir müddət yaşamış, lakin, 2010-cü ildən birdəfəlik-daimi olaraq həmin mənzili və onları tərk edib getmiş, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçmişdir. Cavabdeh mübahisəli evi həmişəlik tərk edib getsə də, hələ də formal pasport qeydiyyatında qalmışdır. Bu da onların həmin ev üzrə sahib olduqları bir sıra hüquqlarını həyata keçirməyə ciddi şəkildə maneə törədir. Artıq 15 ildən artıqdır ki, cavabdehin mübahisəli evi daimi tərk edib getməsi, yeni ailə həyatı quraraq yaşaması, həmin evlilikdən üç uşağının olması hazırkı işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının üç qızı ilə birlikdə 1988-ci ildən hazıradək mübahisəli mənzildə yaşamağı, sahibliyi və onu qoruyub saxlamağı da hazırkı işin mübahisəsiz halıdır. Hazırkı işin hallarına əsasən mübahisəli mənzilə onun adına dövlət qeydiyyatı olmasa da, mübahisəsiz şəkildə mülkiyyətidir. Sadəcə cavabdehin həmin mənzildə formal pasport qeydiyyatında qalması dövlət qeydiyyatının həyata keçirilməsinə maneə törədir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşı, cavabdeh Qanuni nümayəndə isə onun bacısıdır. Bacısı Elmira qeydiyyat ünvanı üzrə yaşamır və o, Azərbaycan Respublikasının ərazisindən köçüb getmişdir. Sonuncu dəfə bacısını 2010-cu il tarixdə valideynlərinin yas mərasimində görmüş, həmin vaxt 14 yaşı olduğu üçün bacısının hara getməsi barədə soruşmamış və sonradan maraqlanmamışdır. Hazırda bacısının harada yaşaması ona məlum deyil və onunla heç bir əlaqəsi yoxdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, həm iddiaçını, həm də cavabdehləri tanıyır. İddiaçı onun dostudur. İddiaçının evinə gediş-gəlişi var. Belə ki, 1-2 aydan bir onun evinə gedir. İddiaçının bacısını sonuncu dəfə təxminən 10- 11 il əvvəl yaşayış ünvanı üzrə görmüş, daha sonra ailə qurması və başqa ölkəyə getməsi barədə eşitmişdir. İddiaçının bacısını ailə qurmazdan əvvəl görsə də, sonuncu dəfə 10-11 il əvvəl görmüş və ondan sonra hər hansı şəkildə ondan məlumat almamış, bu barədə soruşmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1986-cı il tarixli, 239301 nömrəli orderdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B ünvanında yerləşən 77 nömrəli mənzil X6 verilmiş və ailə üzvləri qismində X4 və İddiaçı qeyd edilmişdir. xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 378532 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2009-cu il tarixdə “Ağciyər ödemi” səbəbindən Bakı şəhərində ölmüşdür. xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 941711 nömrəli ölüm haqqında şəhadətnamədən (təkrar) müəyyən olunur ki, X4 xx.xx.2010-cu il tarixdə “Baş beynin insultu” səbəbindən Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər – xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh4, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1990-cı il təvəllüdlü Qanuni nümayəndə. xx.xx.2025-ci il tarixli, **********53 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü Qanuni nümayəndə Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkəti barədə İAMAS ("Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) bazasında xx.xx.2014-cü il tarixdə “çıxış”a dair məlumat qeydə alınmışdır. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli baxımından mənzildən istifadə hüququna dair normalar nəzərdən keçirilməli, cavabdehin həmin mənzilə istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdeh Qanuni nümayəndə qardaşı, digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 dayısıdır. Mübahisə predmeti olan mənzil, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B ünvanında yerləşən 77 nömrəli mənzil Bakı şəhəri X2 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixli, 239301 nömrəli order əsasında iddiaçının mərhum atası X6 verilmiş, orderdə ailə üzvləri qismində hazırkı iş üzrə iddiaçı və onun anası - X1 adları qeyd edilmişdir. İddiaçı bacısı olan cavabdeh Qanuni nümayəndə mübahisəli mənzildə 15 ildən artıq müddətdir ki, yaşamadığını və xarici dövlətin ərazisinə köçüb getdiyini iddia etmiş, bu faktı təsdiqləmək üçün məhkəmə iclasında şahidlərin dindirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən şəxslər də qeyd edilən faktı öz ifadələri ilə təsdiq etmişlər. Hər bir halda, cavabdeh Qanuni nümayəndə dövlət sərhədindən kənara getməsi faktının yoxlanılması üçün sorğu ilə müraciət olunmuş, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubu ilə müəyyən olunmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü Qanuni nümayəndə Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkəti barədə İAMAS ("Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) bazasında xx.xx.2014-cü il tarixdə “çıxış”a dair məlumat qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri keçən əsrin sonlarına təsadüf etdiyi üçün həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları hazırkı mübahisəyə tətbiq edilməli və mübahisənin həlli üçün müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri rəhbər tutulmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh Qanuni nümayəndə icarədarın, yəni mübahisəli mənzilə dair gözlənilən mülkiyyət hüququna sahib olmuş mərhum atası X5 ailə üzvü, yəni qızı olması, onun da həmin mübahisəli mənzilə dair istifadə hüququnun yaranması şübhəsizdir. Lakin, həmin istifadə hüququnun hazırda davam etməsi, yəni mənzildən istifadəyə haqq qazandıran qanuni halların zaman və istifadə baxımından öz əhəmiyyətini itirməməsi hazırkı iş üzrə müəyyən olunmur. Belə ki, yuxarıda istinad edilən məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmçinin, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə cavabdeh Qanuni nümayəndə hazırda mübahisəli mənzildə yaşamaması, həmin mənzildən yaşayış üçün ehtiyaclarını təmin etməməsi və 11 il əvvəl Azərbaycan Respublikasının dövlət sərhədindən kənara getməsi və bu günədək geri qayıtmaması nəzərə alınmalı, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. İşin faktiki hallarının araşdırılması zamanı o da müəyyən edilir ki, iş üzrə cavabdeh Qanuni nümayəndə yetkinlik yaşına çatmayan uşaqları, yəni digər cavabdehlər də mübahisə predmetini təşkil edən mənzil üzrə qeydiyyatdadırlar. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Yəni, uşaqların yaşayış yerinin məhz valideynlərin yaşayış yeri hesab edilməsi onu deməyə əsas verir ki, həmin uşaqlar müvafiq mənzilə sadəcə formal olaraq qeydiyyata alınmışlar. Odur ki, müvafiq iddia tələbi Qanuni nümayəndə münasibətdə təmin edildiyi üçün digər cavabdehlər olan uşaqlara münasibətdə də təmin edilməli, mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B ünvanında yerləşən 77 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10B ünvanında yerləşən 77 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Qanuni nümayəndə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-3649/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3649/2025
14.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver