Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3683/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Adıgözəl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında zəbt edilmiş 200 m2 torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsi. İddia tələbinin dəlilləri Bakı 16 saylı Dövlət Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci ildə yüklü edilmiş və borcun təminatı olaraq ipoteka edilmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRXİ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə RX Seriyalı ******* saylı çıxarış almışdır. Çıxarışı aldıqdan sonra 2-3 il məhkəmədə cavabdehin evi boşaltması barəsində iddia ərizəsinə baxılmışdı. Bu ilin iyun ayında Əmlak Komitəsinin 1 saylı ərazi idarəsinə ərizə ilə müraciət etmişdir ki, mülkiyyətçinin istifadəsində olan 0.05472 ha torpaq sahəsinə mülkiyyət sənədi alsın. Müəyyən olunmuşdur ki, onun istifadəsində olan 0.05472 ha torpaqdan 200 m2 azalma var, istifadəsində olan torpağın 200 m2 hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq hasarlanaraq zəbt edilmişdir. O, həmin şəxsdən mülkiyyətiçinin istifadəsində olan torpaq sahəsini boşaltmasını tələb etmiş, lakin bir faydası olmamışdir. 200 m2 torpaq sahəsini alıb, lakin heç bir sənədi yoxdur. Aralarında tez-tez münaqişələr olur. O da qanuni yolla məhkəməyə müraciət edəcəyini bildirmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün müvafiq dövlət orqanına müraciət etmiş, istifadəsində olan 0,0394 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, 0,0200 ha nəzərə alınmamışdır. İddiaçı bildirdi ki, iddiaçının hazırda daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında dövlət reyestrində aparılmış qeydlə faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri eynidir. Cavabdeh Adıgözəl oğlu iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, həmin torpağı 2019-cu ildə Saleh adlı şəxsdən almışdır. Saleh ona torpağının olduğunu demiş və köhnə texpasportu gətirərək, 10000 ABŞ dollara satmışdır. Razılaşmışlar ki, ilkin olaraq 5000-6000 manat versin, qalanını hissə-hissə versin. Öz aralarında qeyri notarial müqavilə bağlamışdır. Salehlə razılaşmış, 5000 vermiş, qalan pulu hissə-hissə vermişdir. Ona göstəriləndə və o, torpaq sahəsini alanda hasar var idi. O, məhkəmədən bildiriş gələndə Salehlə danışmış, sonuncu ona demişdir ki, onu aldatmamışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi 0.00785 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlətə məxsus olmaqla iddiaçının istifadədir. (Qeydiyyat tarixi – xx.xx.2018-ci il) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,0394 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. (Qeydiyyat tarixi – xx.xx.2022-ci il) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə görə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: İşin araşdırılan hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh Ə.Xudadadatovun faktiki istifadəsində olan 0,0200 ha torpaq sahəsi iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşir və onların arasında hasar mövcuddur. Cavabdehin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. Hazırda iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşən cavabdehin faktiki istifadəsində olan 0,0200 ha torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsini istəyir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, fərdi yaşayış evini həmin evin yerləşdiyi 0,0594 ha torpaq sahəsi ilə birlikdə X1 almış, lakin mübahisəli torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınarkən istifadəsində olan torpaq sahəsindən 0,0200 ha ölçüdə sahə nəzərə alınmamışdır və hazırda həmin sahə cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh iddia tələbinə etirazinin dəlili olaraq onu göstərir ki, o, sözügedən torpaq sahəsini Saleh adlı şəxsdən 10 000 ABŞ dolları müqabilində əldə etmişdir. Məhkəmə iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.00785 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlətə məxsus olmaqla iddiaçının istifadəsində olmuşdur. Məhkəmə iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.0394 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə həmçinin onu vurğulayır ki, iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqla iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüləri hazırda faktiki istifadəsində olan torpaq sahəsi ilə eynidir. İşin mübahisəsiz hallarından, iş materiallarında olan sənədlərdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsassız hesab edilməlidir. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Hazırki mülki iş üzrə İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşən 0,0200 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququnun olmadığı tam sübuta yetirilir. Belə ki, iddiaçı mülkiyyətində və ya qanuni sahibliyində olmayan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə iddia tələbinin bütün bu dəlillərinə qiymət verərək iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli 0,0200 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı üzərində hər hansı bir hüququ tanınmayan torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının oan məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşən 0,0200 ha torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququnun olmaması müəyyən edildiyindən onun hazırki iddiası rədd edilməlidir. Son olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3683/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3683/2022
31.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver