Məhkəmə qərarları › İş №e-2(010)-3688/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3688/2022

16.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3688/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma və istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma və istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, ünvan 1 ünvanında yerləşən evdən özünə aid əşyaları ilə birlikdə məcburi çıxarılması, onun həmin mənzilə istifadə hüququnun tanınmaqla, köçürülməsi, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evdən əvvəli 2019-cu ildən hesablanmaqla, istifadə etdiyi müddət ərzində hər ay üçün 300 manat olmaqla, kirayə pulunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2010-cu il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurarkən cavabdeh, mülkiyyət hüquqları iddiaçının anasına məxsus olan Bakı şəh, Gəncə PR-ti, ev-103, mən-133 ünvanında yerləşən 3 otaqlı evə gəlin gəlmişdir. Onların birgə nikahından X8 və X6 adlı iki övladları dünyaya gəlib. Bir müddət bir yerdə yaşadıqdan sonra cavabdeh ailə daxilində heç bir kəslə yola getmədiyndən və daima narazılıq etdiyindən anası məcbur qalaraq 2014-cü ildə özünə məxsus 3 otaqlı mənzilini satmış və ayrı-ayrı olmaqla 2 mənzil almışdır. Həmin mənzilin birində onlar yaşamışlar. Lakin bir neçə ildən sonra onunla da yola getməmiş və nəhayət Suraxanı Rayon Məhkəməsinin 2-(010)-4468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə ondan azyaşlı övladlarının saxlanması üçün Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində 300 manat alimentin tutulması da qət edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, ünvan 3 ünvanında yerləşən torpaq sahəsini və içərisindəki evi, 1914-cü ildə anası X3, heç bir hüquqi sənəd olmadan, 24 000 ABŞ dollarına, həmin ərazidə bu gün də fəaliyyət göstərən bir maklerdən alıb. Hətta, evi alarkən alqı-satqı ilə bağlı bir sənəd də imzalanıb. Lakin həmin sənəd bu gün onda yox, cavabdehdədir. Çünki, onlar rəsmi qaydada ayrılarkən aralarında şifahi qaydada razılaşma olmuşdur. Həmin razılaşmaya görə Cavabdeh aliment məbləğindən imtina etməli, o isə evdən yalnız şəxsi əşyalarını götürüb çıxmali idi. O, bu razılaşmaya əməl emiş, evi cavabdehə təhvil verib evdən çıxmış və həmin vaxtdan da yuxanda faktiki ünvanda qeyd etdiyi mənzildə ayda 300 manat ödəməklə kirayədə yaşamışdır. Lakin bu yaxınlarda ona məlum oldu ki, cavabdeh verdiyi sözü tutmayıb və görünür ki, ona yalan danışaraq alimentdən imtina etməyib. Belə ki, bu yaxınlarda onu Binəqədi İcra və Probasiya Şöbəsinə dəvət etdilər. O, həmin gün ora getmiş, orada ona bildirdilər ki, onun 10.000 manatdan artıq aliment borcu yığılıb və elə həmin gün məhkəməyə çıxardaraq ona inzibati həbs vermişlər. O, cavabdehdən ayrıldıqdan az sonra pandemiya başlamış və o işsiz qalmışdır. Pandemiyadan sonra bir marketdə işləmiş, lakin həmin market də, az keçməmiş fəaliyyətini dayandırmışdır. Bildirmək istəyir ki, onun həmin məbləği ödəməyə heç bir imkanı yoxdur. Özü kirayədə yaşadığı halda cavabdeh, onun mərhum anasının aldığı, hal-hazırda da onun övladlarına məxsus olan evdə yaşayır və aralarındakı razılaşmanı pozaraq, birdən-birə ondan 10.000 manatdan çox olan maddi vəsait tələb edir. Belə olan halda, aralarınakı şifahi razılaşmadan o da imtina edir və anasının halal zəhmətiylə qazanıb aldığı evi cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat təqdim edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən, evə köçürülmə hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X2 ilə cavabdeh İddiaçı arasında 02 oktyabr 2010-cu ildə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində bağlanmış və Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1511 nömrəsilə qeyd edilmiş nikah pozulmuş, 22 yanvar 2012-ci il təvəllüdlü X8 və 17 yanvar 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı X1 yanında qalmaları və cavabdeh İddiaçı X1 xeyrinə 06 avqust 2019-cu il tarixdən hesablanmaqla 22 yanvar 2012-ci il təvəllüdlü X8 və 17 yanvar 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat aliment tutulması, cavabdeh İddiaçı 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. - AR "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən əmlakın mülkiyyətçisi olaraq İddiaçı göstərilmişdir və obyektin inventar dəyəri isə 14.400 manat olaraq qeyd olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evdə yaşamış müvafiq kommunal ödənişlər həyata keçirmişdir. İş üzrə iddiaçı və cavabdeh tərəfin izahatlarından müəyyən edilir ki, fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilmişdir və evin hüquqmüəyyənedici sənədi yoxdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli yaşayış evi qanunsuz tikili olmaqla ona aid hər hansı bir hüquqmüəyyənedici rəsmi sənəd mövcud deyildir. Hazırda cavabdeh öz övladları ilə birlikdə həmin evdə yaşayır. İddiaçı hesab edir ki, ididanın predmeti olan yaşayış evi onun anası tərəfindən alınıb, ona görə də cavabdeh həmin evi tərk etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, iddiaçının mübahisəli evə köçürülməsi hissəsində əsaslıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci madədsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək mübahisə ilə əlaqədar ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin mübahisəli evdə yaşaması qadağan edilməyib, onunla eyni hüquqi vəziyyətdə olan iddiaçının da həmin evə köçürülməsi ədalətli hesab edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərə əsaslanaraq qeyd edir ki, iddia tələbi cavabdehin özünə aid əşyaları ilə birlikdə həmin mənzildən məcburi çıxarılması hissəsində əsaslı deyildir. Çünki, artıq qeyd edildiyi kimi iddia predmetinə münasibətdə tərəflər eyni hüquqlara malikdirlər və iddiaçının cavabdehi həmin evdən əşyaları ilə birlikdə çıxarması üçün subyektiv hüququ yoxdur. Həmin evin iddiaçının anası tərəfindən alınması barədə dəlilə gəldikdə isə bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin ünvan 1 ünvanında yerləşən evdən əvvəli 2019-cu ildən hesablanmaqla, istifadə etdiyi müddət ərzində hər ay üçün 300 manat olmaqla, kirayə pulunun alınaraq iddiaçıya ödənilməsi hissəsində də əsaslı deyildir. Mülki Məcəllənin 675-ci maddəsinə görə, Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı kirayə münasibətlərinin olması işin halları ilə müəyyən edilmir. Tərəflərin münasibətləri ailə-hüquq münasibətlərinə əsaslanır və bu əsasla da cavabdeh mübahisəli evə köçüb və orada yaşayır. Ailə münasibətləri pozulduqdan sonra cavabdehdən kirayə pulunun tələb edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Əlı̇ yev Ağa Vaqı̇ f oğlu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən ev 21 C-yə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar