Məhkəmə qərarları › İş №e-2(010)-369/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-369/2023

07.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-369/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı azyaşlı övladı ilə birlikdə mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X16 ilə bərabər ünvan 1 ünvanında yerləşən mənzilin bir otağına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 2011-ci ilin noyabr ayında faktiki nikaha daxil olmuşdur. Rəsmi nikahları isə 11 iyul 2012-ci ildə Gürcüstan Respublikasının Mülki reyestr Agentliyinin İsani-Samqori Xidmətində MNN nömrəli 417489 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Ailə qurduqdan sonra iddiaçı cehiz əşyaları ilə bərabər ünvan 2 ünvanda yerləşən 3 otaq və bir mətbəxdən ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı gəlin köçərkən həmin ev təmirsiz və yaşayış üçün də yararlı olmamışdır. Tərəflər ailə qurduqdan sonra həmin evi təmir etmişlər və yararlı bir vəziyyətə gətirmişlər. Birgə nikahlarından 05 noyabr 2012-ci il təvəllüdlü X16 anadan olmuşdur. İddiaçının oğlu Suraxanı rayonu 3 saylı doğum evində anadan olmuşdur. Uşaq yaşadıqları ərazi üzrə 8 saylı X5 Poliklinika şöbəsində qeydiyyata alınmışdır. Hazırda uşaq 74 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Tərəflər bir neçə ay bundan öncəyədək oğlu ilə bərabər yuxarıda qeyd etdiyi ünvanda yaşamışlar. Son vaxtlar ailədaxili narazılıqlar yaranmış və tez-tez mübahisələr baş vermişdir. Sonuncu dəfə cavabdeh iddiaçını oğlu ilə bərabər yaşadığı evdən çıxararaq bir daha evə buraxmamışdır. 2019-cu ildə həmin mənzilə Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir. İddiaçının bütün əşyaları Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 319B ünvanında qalmışdır. Övladı ilə zəhmətlə inşa etdiyi evinə cavabdeh tərəfindən buraxılmamışdır. İddiaçı gəlin köçəndə həmin evin divarları beton örtükdən ibarət idi. Çox əziyyət çəkirdilər. Ailə büdcəsinə israfçılıq etmədən qənaətlə və çox çətinliklə mənzili yaşamaq üçün yararlı vəziyyətə gətirmişlər. İddiaçı bir cavan ailə olaraq çox istəklərindən imtina edərək hesab etmişdir ki, yaşamaq üçün evləri olmalıdır. Lakin bugün bu qədər əziyyətlə ərsə gətirdiyi evə buraxılmır. İddiaçının bütün düzəni pozulmuşdur. Övladı evlərinə yaxın 74 saylı orta məktəbdə təhsil alır. Sağlamlıqla bağlı, məsələn həkim müayinəsindən keçmək və peyvəndlərinin vaxtlı-vaxtında vurulması və digər məsələlər də ərazi üzrə qeydiyyatda olduğu poliklinikaya gedib-gəlməkdə çox əziyyət çəkir. İddiaçı bugün Qızılqum qəsəbəsində qohumlarının evində yaşayır. Hər gün övladını dərsə aparıb gətirmək üçün ən azı iki, üç saat vaxt sərf olunur. Bu da həm uşağın dərslərinə, həm də səhhətinə təsir edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı və o, Gürcüstan Respublikasının vətəndaşıdırlar və daimi yaşayış yerləri Gürcüstan Respublikasıdır. İddiaçı ilə 11 iyul 2012-ci il tarixdə Gürcüstan Respublikasında nikaha daxil olmuşlar və eladəti ilə toyları Gürcüstan Respublikasının Marneuli rayonunun Araflı kəndində edərək həmin kənddə olan atası evinə gəlin köçərək cehiz əşyalarını da həmin evə gətirmişdir. Hal-hazırda Gürcüstan Respublikası Rustavi şəhər Məhkəməsinin mülki işlər kollegiyasında iddiaçının ona qarşı nikahın pozulması, yetkinlik yaşına çatmamış övladın yaşayış yerinin müəyyən edilməsi, valideyn hüququndan və öhdəliyindən məhrum etmə tələbinə dair məhkəmə işi davam edir. Nikahın pozulmasına səbəb iddiaçının ona xəyanət etməsidir. İddiaçının iddia ərizəsində göstərdikləri tam yalandır. Birgə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum şossesində fərdi yaşayış evi inşa edirdilər, lakin nikahın pozulma ərəfəsində olduğuna görə evin inşası dayandırılıb. İddia ərizəsində göstərilən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin nə ona, nə də iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin ev onun xalası İradəyə məxsusdur və onlar orada müvəqqəti kirayədə qalmışlar. Hal-hazırda oradan köçüb gedərək başqa ünvanlarda yaşayır. Kirayədə yaşadıqları evdən çıxanda iddiaçıya məxsus əşyalarını özünə təhvil vermişdir. O, hal-hazırda ünvan 4 ünvana olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə toyları Gürcüstan Respublikasında olmuşdur. Toydan sonra bir neçə gün ərzində Gürcüstanda qalmışlar və sonra isə Bakı şəhərinə gəlmişlər. Onların burada yaşamağa yerləri olmadığından bacısı İradə yaşamaq üçün onlara kirayə ev vermiş və onlar 6-7 il ərzində həmin evdə yaşamışlar. İddiaçı özü heç bir yerdə işləməmiş və cehiz kimi ancaq yataq dəsti gətirmişdir. O, hal-hazırda həmin evdən çıxmış və qızına məxsus evdə yaşayır. O Gürcüstan vətəndaşı olduğundan onun adına Bakı şəhərində torpaq sahəsi mövcud ola bilməz. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid X6 ifadə verərək bildirmişdir ki, o, 2011-ci ildən iddiaçının anasını tanımışdır. İddiaçı və Həsənov X13 Respublikasında ailə qurmuşlar və daha sonra Bakı şəhərinə köçmüşlər. Həmin evdə təmir işləri getdiyindən məktub göndərilib ki, iddiaçı gəlsin cehiz əşyaları götürsün. O, cehizin yığılmasında və alınmasında iştirak etmişdir. Ev Suraxanı rayonu ərazisində yerləşir. Evin içində heç bir əşya olmamışdır, onlar özləri evin bütün əşyalarını almışlar. Cavabdeh evi özü təmir etmişdir. İş üzrə şahid X12 ifadə verərək bildirmişdir ki, o, iddiaçı ilə birlikdə oxumuşdur. Onlar toyda sonra Bakı şəhərinə köçmüşlər. Zaur demişdir ki, Bakıda yerləşən həmin evi almışdır. Fərdi yaşayış evi üç otaqdan və bir mətbəxdən ibarətdir. Həmin əşyalar da iddiaçının cehiz əşyaları idi və cehiz yığılarkən o, iştirak etməmişdir. Həmin mənzil onun qaynanasıgilə məxsusdur. İş üzrə şahid X10 ifadə verərək bildirmişdir ki, Zaur onun bacısının oğludur. Hazırkı mübahisəli ev ona məxsusdur. Zaur gil həmin evdə kirayədə qalmışlar. İddiaçının cehiz əşyaları yataq dəsti, divan, kreslo həmin evdə olmuşdur. Evin içində mətbəx mebeli olmamışdır. Hazırda həmin evdə heç nə yoxdur və o, yaşayır həmin ünvanda. İş üzrə şahid X7 ifadə verərək bildirmişdir ki, o, 10 ildir ki, o, orada yaşayır və Zaurla qonşudur. O, həmin evə gəlin gətirilməsini görməmişdir. Həmin evdə hal-hazırda İradə yaşayır. Suraxanı rayonu, Əmircan qəsəbəsi, 319B saylı olan ev İradəyə məxsusdur. Bir dəfə Minayədən evin kimin olmasını soruşmuşdur, o da ona bacısının evi olduğunu demişdir. İş üzrə şahid Nazarova Tarlan ifadə verərək bildirmişdir ki, o, Gülməmmədova Minayə ilə 17 ildir ki, qonşudur. Minayə bacısı Məmmədova İradənin evində kirayə qalmışdır. Zaurun toyu Azərbaycan Respublikasında olmamışdır, bunu toyla bağlı kasetdə görmüşdür. Hazırda həmin ünvanda İradə yaşayır və evin sənədləri onun adınadır. Donara həmin evə köçəndə hamilə olmuşdur. İradə orada 1-2 il yaşadıqdan sonra Minayə gəlmişdir həmin evə. İradə bacısına həmin evi kirayə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir . Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci ildə doğulmuş, valideynləri Cavabdeh, İddiaçıdır. İş materiallarına əlavə edilmiş 21 avqust 2019-cu il tarixli Əmircan Bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, A.Rzayev küçəsi ev 319B ünvan üzrə X4 yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxs kimi uçota alınmışdır. İş materiallarına əlavə edilmiş 8 nömrəli X9 tərəfindən verilmiş arayışın surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan 25 noyabr 2012-ci il təvəllüdlü X16 8 nömrəli X5 Poliklinika şöbəsində tibbi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmircan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 319B-də qeydiyyatsız yaşayan X8 2023-cü il üçün vergi (torpaq, əmlak) borcu yoxdur. İş materiallarına əlavə edilmiş X3 və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gürcüstan vətəndaşı, 30 sentyabr 1966-cı il təvəllüdlü Minaia Gülmamedova sonuncu dəfə ünvan 5 ünvanına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 319B ünvandakı fərdi yaşayış evi sənədsizdir. Belə ki, Azərbaycan vətəndaşı olan X10, həmin ev üçün 04 avqust 2018-ci ildən, torpaq-əmlak vergisi ödəyir və 1902132UZRF3YVÖK ilə Əmircan Bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. Məhkəmə tərəfindən qoşma sənədlərdə göndərilmiş şəhadətnaməyə gəlincə isə, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, bu sözügedən fərdi yaşayış evinin sənədi sayılmır, şəxsin uçota alınması haqqında şəhadətnaməyə gəlincə isə, burada yerli YVÖK belə yazılmamışdır, 2018-ci ildən bu ev üçün vergi ödənildiyi halda, şəhadətnamədə tarix 21 avqust 2019-cu il göstərilir. Verilmiş arayışa gəlincə isə, X10 növbəti dəfə 10 yanvar 2023cü ildə əmlak-torpaq vergisini ödəmiş və sakin olaraq həmin ünvana dair borcunun olmaması barədə arayış verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin maddənin 4-cü bəndinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vətəndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarından müəyyən olunur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mülki işin materiallarından, tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli ev xüsusi mülkiyyətdə deyil, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh hər ikisi Gürcüstan Respublikasının vətəndaşıdır və 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan bir uşaqları doğulmuşdur. Toyları Gürcüstan Respublikasında baş tutmuş, sonradan Bakı şəhərinə köçmüşlər. Bir müddət sonra ünvan 7 ünvandakı fərdi yaşayış evinə köçərək orada 6-7 il ərzində yaşamışlar. Hazırkı mübahisəli Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 319B ünvandakı fərdi yaşayış evi sənədsizdir. Azərbaycan vətəndaşı olan X10 həmin ev üçün 04 avqust 2018-ci ildən torpaq-əmlak vergisi ödəyir və 1902132UZRF3YVÖK ilə Əmircan Bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı başqasına məxsus özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı azyaşlı övladı ilə birlikdə mənzilə köçürülmə tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı yetkinlik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 319B saylı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar