Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3882/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 07 noyabr 2019-cu il tarixində Cavabdeh Təchizat Departamentinin Satınalma və Logistika Şöbəsinin müdiri olaraq işə başlamış və 17 iyun 2020-ci il tarixində öz istəyi ilə işdən azad olunmuşdur. 05 fevral 2021-ci il tarixində Cavabdeh Təchizat Departamentinin Satınalma və Logistika Şöbəsinin müdiri olaraq yenidən işə başlamışdır. 27 sentyabr 2021-ci il tarixində Şirkətə istefa ərizəsi təqdim etməsinə baxmayaraq xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməmişdir və əmək müqaviləsi bu günə qədər qüvvədədir. İddiaçının Cavabdehndə işlədiyi dövr ərzində cavabdeh tərəfindən 2021-ci ilin avqust və sentyabr ayları ərzində əmək haqqı məbləği ödənilməmişdir. Həmçinin iddiaçıya Bakı 6 saylı Mediasiya Təşkilatı 20 iyul 2022-ci il tarixli, № MŞB/6-3974 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək qeyd etdi ki, iddiaçı işdən azad edilməsi ilə bağlı rəsmi qaydada müraciət etməsinə baxmayaraq, əsassız olaraq əmək müqaviləsinə xitam verilməmiş və bu səbəbdən də hazırda o, başqa iş tapmaqda çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya dəfələrlə müvafiq hesabatların aparılması üçün işə gəlməsi bildirilsə də, işə çıxmaqdan imtina etmişdir. Əlavə olaraq qeyd etdi ki, hazırda iddiaçı barəsində cinayət işi açılmış və prokurorluq orqanında müvafiq araşdırmalar aparılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilən: -xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə müvafiq olaraq İddiaçı aylıq əmək haqqı 1000 manat olmaqla Cavabdeh MMC-nin Təchizat Departamentinin Satınalma və Logistika şöbəsinin müdiri vəzifəsində işləmişdir. - Sosial Arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi qüvvədədir. -xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı barəsində AR CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılası üçün iş icraata qəbul edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. İddiaçı tərəf qeyd edir ki, cavabdehlə aralarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh qeyd olunan əmək müqaviləsini ləğv etməmiş, bu səbəbdən də iddiaçının başqa işə daxil olması mümkün olmamışdır. İddiaçı tərəf qüvvədə olan əmək müqaviləsinə əsaslanaraq, istefa ərizəsi yazdığı dövrdən etibarən keçən dövr üçün əmək haqqının və gecikdirilmiş hər gün üçün məbləğin tutulmasını xahiş edir. Cavabdeh tərəf isə iddianı tamamilə əsassız hesab edərək onun təmin edilməməli olduğunu bildirir. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi bağlanmış və bu müqavilə əsasında əmək münasibətləri mövcud olmuşdur. Ona görə də, məhkəmə mübahisəyə əmək qanunvericiliyinin normaları əsasında qiymət verir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. AR Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən, işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Hazırkı işdə tələb xx.xx.2022-ci il tarixən etibarən ödənilməyən əmək haqqının və gecikdirilmiş hər gün üçün pulun tutulması tələbidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilsə də, lakin iş materiallarında olan Sosial Arayışdan və tərəflərin izahatından aydın olur ki, həmin əmək müqaviləsi hazırda qüvvədədir. Belə olan halda, məhkəmə AR Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarını rəhbər tutuaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci l tarixli əmək müqaviləsinə xitam verilməlidir. Çünki, iddiaçı öz təşəbbüsü ilə işdən azad edilməsini istəməsinə rəğmən, cavabdeh müəyyən edilmiş müddət ərzində iddiaçının əmək müqaviləsinə xitam verməmiş, bununla da, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Tələbin bu hissəsinə münasibətdə cavabdehin - iddiaçının barəsində onların şikayətləri əsasında fakta görə cinayət işinin açılması, iddiaçı tərəfindən mənimsəmə hallarının olması, onun daxili əmrlə işdən kənarlaşdırılması hallarına əsaslanan etirazlarını məhkəmə əsassız hesab edir. Belə ki, bu hallar əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından iddiaçının əmək müqaviləsinə xitam verilməməsi üçün əsaslar yaratmır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı məhz müvafiq əmək funksiyalarının yerinə yetirilməsi üçün ödənilən pul ödənişidir. İşin hallarından və tərəflərin izahatından aydın olur ki, iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdehə müraciət ünvanladıqdan sonra işə çıxmamışdır. Həmin ərəfədə tərəflərin münasibətləri pozulmuşdur və iddiaçı vəzifə səlahiyyətlərinin icrasına son vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi müddət üçün müvafiq əmək haqqı ödənilməsini tələb etməsi əsassızdır. Çünki, bu tələb Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbi baxımından əsaslı deyildir. Tələbin əmək haqqının ödənilməsi hissəsi əsaslı hesab edilmədiyinə görə tələbin bu hissəsinin davamı olan gecikdirilmiş hər gün üçün 20060 manat pulun tutulması hissəsi də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazkri iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Nurı̇ yev Seymur Haqverdi oğlu ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3882/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3882/2022
10.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver