Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3903/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 64.6 m2 olan 2 otağına köçürülməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin vaxtdan onlar birgə təsərrüfat apararaq normal ailə münasibətlərini formalaşdırmışlar. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və orada qeydiyyata alınmışdır. Tərəflərin ailə münasibəətləri pozulduğundan Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-717/2023 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixli Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. Hal-hazırda iddiaçı 19 illik yaşayış yerindən məhrum olmuşdur. Onun qalmağa, yaşamağa başqa yeri yoxdur. ünvan 1 ünvanındakı fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Ailə həyatı qurarkən həmin fərdi yaşayış evi cavabdehin atası X6 məxsus olmuşdur. İddiaçı ailə həyatı qurduqdan dərhal sonra həmin vaxt fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdehin atası razılıq verərək iddiaçını həmin mənzilə qeydiyyata aldırmışdır. Bununla da iddiaçının həmin fərdi yaşayış evindən istifadə hüququ tanınmış və yaranmışdır. İddiaçı qeyd edilən fərdi yaşayış evində qeydiyyatda olduğundan həmin fərdi yaşayış evindən istifadə hüququ mövcuddur. Lakin cavabdeh bu hüquqa maneə yaratmaqla iddiaçının mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu pozur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 64.6 kv.m. olan 2 otağı Cavabdeh mülkiyyətində olduğundan ora köçürülmə təmin edilməldir. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 64.6 m2 olan 2 otağına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun İddiaçı evdən çıxıb getməsindən xəbəri olmamışdır. Özü evdən çıxıb getmişdir, başqa evdə yaşayırdı. Boşanmadan sonra evdə nə əşya vardısa, iddiaçı hamısını da götürüb gedib. İddiaçı özü evdən gedib. İddiaçını heç kim çıxarmamışdır. Özü yenidən ailə qurmuş və həyat yoldaşı ilə həmin evdə yaşayır, cavabdehin iki otaqda onlarla gəlib yaşamağı mümkün deyil, sözügedən ev iki balaca otaqdan ibarətdir. İş materialları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinini xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 15 saylı fərdi yaşayış evi X4 adına xx.xx.2001-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 2V-880 və 2V-279 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən sözügedən evin 1/4 hissəsi X5, 1/4 hissəsi Cavabdeh, 1/4 hissəsi X2, 1/4 hissəsi isə X7 adlarına qeydiyyatdan keçmişdir. X10 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyevə Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə/1611 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özünə məxsus 1/4 hissəsini X11 bağışlamış və sözügedən hissəyə yeni ünvan (ev 15C) alaraq, ayırtmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 3M-306 reyestr nömrəli xx.xx.2023-cü il tarixli Payların müəyyən olunması barədə müqaviləyə və bölgü sxeminə əsasən evin 2 otağı Cavabdeh, 4 otağı X7, 1 otağı X3 adlarına qeydiyyatdan keçmişdir. X8 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 4Ə/1200 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özünəməxsus 1 otağı X1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 15 saylı fərdi yaşayış evi hazırda aşağıda qeyd olunan şəxslərin mülkiyyətlərindədir. Cavabdeh (Fərdi evdən 2 otaq ü/s 64.6 kv.m və 0.02643 ha torpaq sahəsi), X12 (Fərdi evdən 4 otaq ü/s 137.1 kv.m və 0.02643 ha torpaq sahəsi), Mürsəl-zadə Elçin Miryəhya oğlu (Fərdi evdən 1 otaq ü/s 37.9 kv.m və 0.01357 ha torpaq sahəsi). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 15 saylı fərdi yaşayış evi hazırda Cavabdeh (fərdi evdən 2 otaq ü/s 64.6 m2 və 0.02643 ha torpaq sahəsi), X12 (fərdi evdən 4 otaq ü/s 137.1 m2 və 0.02643 ha torpaq sahəsi) və Mürsəl-zadə Elçin Miryəhya oğlunun (fərdi evdən 1 otaq ü/s 37.9 m2 və 0.01357 ha torpaq sahəsi) paylı mülkiyyətindədir. Məhkəmə həmçinin müəyyən edir ki, cavadbehlə iddiaçı 2006-cı ildə nikaha daxil olmuş, iddiaçı həmin vaxtdan mübahisəli fərdi yaşayış evində yaşamışdır. 2023-cü ilin iyun ayında tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2006-cı ildən yarandığından mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yox, Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Məhkəmə qəbul edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Beləliklə, hazırkı mübahisənin düzgün həlli, Alimə Bayramovanın ev üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüququnun saxlanılıbsaxlanılmamasının müəyyən edilməsindən asılıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”. Göründüyü kimi, iddiaçının köçürülməsini istədiyi fərdi yaşayış evi cavabdehin paylı mülkiyyətindədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavadbehlə iddiaçı 2006-cı ildə nikaha daxil olmuş, həmin vaxtdan iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamışdır. 2023-cü ilin iyun ayında tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı iddia edir ki, o, sözügedən evdə yaşamaqdan məhrum edilmişdir və onun yaşamağa başqa yaşayış yeri yoxdur. Cavabdeh isə iddia tələbinə etiraz edir və bildirir ki, iddiaçı özü evi tərk etmişdir, lakin, cavabdeh hazırda yenidən ailə qurduğundan və həmin şəxslə və övladı ilə birlikdə mübahisəli evdə yaşadığından iddiaçının həmin evə yenidən köçüb yaşamağı mümkün deyil. Məhkəmə qeyd edir ki, iddiaçının müstəqil yaşayış sahəsinə malik olduğu iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, istifadə hüququ olan şəxsin yaşayış sahəsinə ehtiyacının qalıb-qalmadığı məsələsi ilə bağlı dəyərləndirilməli olan məqam, onun yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdeh iddia tələbinə etirazında iddiaçının mübahisəli evi öz istəyi ilə tərk etdiyini bildirsə də, başqa yaşayış sahəsi olmayan İddiaçı, 2006-cı ildən 2023-cü ilədək daimi yaşadığı evdən könüllü surətdə istifadə etməmək niyyətində olması inandırıcı deyildir və işdəki sübutların məcmusu onun evə dair hüququnun itirilməsinə münasibətdə müvafiq əsasın mövcud olmadığını təsdiq edir. Beləliklə, məhkəmənin qənaətinə görə, İddiaçı mübahisəsi gedən evdən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkün deyildir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 64.6 m2 olan 2 otağına köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 64.6 m2 olan 2 otağına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-3903/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3903/2023
29.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver