Məhkəmə qərarları › İş №e-2(010)-394/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-394/2025

14.08.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-394/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 manat maddi ziyanın, 500 manat vəkil xidməti kimi ödənilən pulun və 211.5 manat dövlət rüsumu kimi ödənilən pulun, ümumillikdə 40711.5 manat pul vəsaitin müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2 tərəfindən qabaqcadan planlaşdırılmış şəkildə, onun – İddiaçı etibarını əldə etmişdirlər. Məsələ isə bundan ibarətdir ki, birinci dəfə ona məxsus NİTYa kosmetoloji preparatlarının İstanbuldan Bakıya gətirilməsi üçün Cavabdeh1 tərəfindən bildirmişdir ki, onun tanışı Cavabdeh2 yük daşıma işləri ilə məşğul olur. Həmin vaxtı məlum preparatları Bakıya çatdırmışdır. Daha sonra yenidən həmin preparatları Bakıya gətirmək istəyən zaman həmin şəxslər bildirmişdirlər ki, onlar preparatları gətirə bilərlər. Yenidən ümumi dəyəri 40000 manat olan Nitya preparatını İstanbulda Cavabdeh2 tanışı qəbul etmiş və Bakıya çatdırmış, daha sonra Cavabdeh2 və Cavabdeh1 həmin preparatları digər həkim kosmetoloqlara baha qiymətə satmışdırlar. Hazırda etdiyi şikayətlər nəticəsində hər iki şəxs barəsində AR CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmş və hazırda Nərimanov RPİ-də müstəntiqi Süleyman Quluzadənin icraatında olmaqla davam etdirilir. Hər iki şəxs istintaqa məlum etmişdirlər ki, güya dərman preparatları X10 xidməti tərəfindən müsadirə olunmuşdur. Müstəntiq tərəfindən Gürcüstan Gömrük xidmətinə sorğu edilmiş və ordan bildirilmişdir ki, belə fakt olmamışdır. Hazırda cinayət işinin araşdırması davam etdirilir. Cavabdehlərin əməlinə cinayət mühakimə icraatı zamanı hüquqi qiymət veriləcəkdir. Bildirir ki, hər cavabdeh ayrı ayrılıqda 20000 manat maddi ziyan vurmuşdur və bunu istintaq zamanı etiraf etmişdirlər. Cavabdehin etiraz ərizəsi. Cavabdeh2 məhkəməyə xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, cinayət işi üzrə xitam verilmiş, onlar həmin qərardan şikayət vermiş və nəticədə, iş təkrar istintaqa göndərilərək istintaq aparılır. Qeyd edir ki, Mərkəzi Bankın həmin tarixə olan məzənnəsi üzrə hesablanaraq elektron qaimə də 159 453 tl göstərilib. Bildirir ki, dərmanı 40000 manata əldə ediblər, 29000 manat rəsmi, digər hissəni əlbəəl ödəyiblər, amma bunu təsdiq edən sübutları yoxdur. Əlavə olaraq bildirir ki, hər qutuda 3 ədəd olmaqla 200 qutunun ümumi 66000 manat dəyəri var, Nigar xanıma 40000 manata veriblər, yerdə qalan 10000 manatı tanışlar vasitəsi ilə ödəyiblər, 1 qutuda 3 ampula var, 1 ədədin qiyməti 110 manat olmaqla 200 qutudur, ƏDV də var. Qeyd edir ki, 28900 manatı təsdiq edə bilirlər. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdirlər. İş materialları. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 Quru sərhəd mühafizəsi departamentinin cavabında göstərilən məlumatlara əsasən faktın eyniləşdirilməsinin qeyri-mümkün olduğu qeyd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-132/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X9 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 noyabr 2022-ci il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi və.s qərara alınmışdır. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-20-15/2-7- 48996/2024 nömrəli məktubundan görünür ki, X8 Quru sərhəd mühafizəsi departamentinin cavabında göstərilən məlumatlara əsasən faktın eyniləşdirilməsinin qeyri-mümkün olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 25105 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil bürosuna 520 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 212 manat dövlət rüsumu ödənişi edilmişdir. Eyvazlı X3 RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 izahatında bildirmişdir ki, Great Broker MMC-də 2018-ci ildən işləyir və vəzifəsi hava limanında və MMC-nin imzaladığı müqavilələr əsasında ixrac və idxal olunan malların rəsmiləşdirilməsidir. Qeyd edir ki, o, Cavabdeh2 işi ilə əlaqədar Türkiyədən mal gətirən sahibkar kimi tanımış, Nigar adlı 28 May ərazisində kosmetoloji ofisi olan şəxsi də mal gətirən şəxs kimi tanımış, onunla da mal keçirilməsi ilə əlaqədar hər hansı yardımı olmamışdır. Aradan uzun müddət keçdiyindən dəqiq tarixini unutmuş, təxminən 2021-ci ilin sentyabr-oktyabr ayında həmin Nigar ona demişdir ki, onun Türkiyədə, İstanbulda kosmetoloji malları vardır, həmin malları gətirmək lazımdır, o da, Nigarın təklifini Şamilə demiş və Şamildən malı gətirmənin xərcinin nə qədər olmasını soruşmuşdur. Şamil deyəsən 600 ABŞ dolları demişdir. Şamil ona həmin pulu Şamilin kartına köçürməyini dedi və kart kodunu ona göndərdi, o isə kodu Nigara göndərmiş və Nigarın Şamilin kartına pul göndərməsindən məlumatı olmamışdır. Şamil həmin partiya kosmetoloji malları gətirib Nigara çatdırmış, bundan sonra ikinci dəfə Nigar ona İstanbuldan kosmetoloji mallar gətirilməsi üçün invoys vərəqi göndərmiş və o da, yenə də ilk dəfə olduğu kimi Şamilə təklif edərək Şamilin razılığı ilə daşınıq xərcləri barədə ödəniş etmək üçün Şamilin kart kodunu Nigara göndərmişdir. Nigarın həmin daşıma üçün pulu göndərib-göndərməməsindən məlumatı olmamış, danışıqlarından bir müddət keçdikdən sonra Nigar ona zəng edib malların gəlibgəlmədiyini soruşmuş, o da Şamillə danışmışdır. Şamil demişdir ki, malı gətirmişdir, Bakıdadır, 3-4 günə təhvil verəcək, bir müddət keçəndən sonra Nigar yenidən ona zəng edib malının necə olduğunu soruşanda o da yenidən Şamilə zəng edib malın necə olmasını soruşmuşdur. Şamil demişdir ki, malları Gürcüstandadır. O malların nə üçün Gürcüstanda olduğunu soruşmuş, Şamil isə malların qaytarıldığını bildirmişdir. Şamil ona demişdir ki, Gürcüstanda mallar məhv edilib və akt yoxdur. Nigar bilirdi ki, malı Şamil gətirir, bir müddət sonra Nigar ona zəng edib malının çatdırılmamasının səbəbini soruşanda o Şamili yığmış və Şamil, o və Nigar bir yerdə 28 May ərazisində Nigarın ofisində görüşmüşdürlər. Orada onun yanında Şamil Nigara 10000 manat pul vermiş, həmin pulun 3000 ABŞ dollarını gətirib çatdırmadığı malın dəyəri kimi, 3000 ABŞ dolları isə beh kimi vermişdir ki, növbəti partiya gətirib mallarını çatdırıb pulunu alacaq. Nigar da həmin 10000 manat pulu götürdü, bu hadisədən sonra həmin faktla əlaqədar onu, yəni Cavabdeh1ı narahat edən olmayıb. Bildirir ki, Cavabdeh2 yalan deyir, Şamil onun yanında pulu, izahatında dediyi şərtlər daxilində Nigarın ofisində Nigara vermiş, öz məsuliyyətini yüngülləşdirmək, məsuliyyətdən yaxa qurtarmaq üçün pulu ona, yəni Cavabdeh1 verdiyini demişdir. Vəliyev X2 RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 izahatında bildirmişdir ki, o, 3- 4 ildir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, bu fəaliyyətlə məşğul olmaq üçün vöeni vardır və vöeni istintaqa təqdim edə bilər. Fərdi sahibkar kimi o, Türkiyədən gətirdiyi ətir məhsullarının satışını təşkil edir. Qeyd edir ki, az miqdar gətirəndə əlində gətirmiş, çox olanda isə tanış tırlar vasitəsilə gətizdirmişdir. O, əsasən hər dəfə 2-3 min ABŞ dolları civarında ətir məhsullarını gətirmişdir. O, heç vaxtı özgə malını gömrükdən keçirməklə Türkiyədən Azərbaycana gətirməmişdir. İddiaçı ərizəsi ilə tanış olmuş, həmin ərizə ilə əlaqədar bildirmişdir ki, o, Nigar adlı xanımı tanımamış, İsmayıl da ona Nigarın malları barədə məlumat verməmişdir. O, Nigarı ilk və son dəfə mallar Gürcüstanda gömrükdə saxlanılandan sonra onun işlətdiyi salonda görmüşdür. Belə ki, Nigar onu Bakı şəhəri Nəsimi rayonu ərazisində, dəqiq ünvanını bilmədiyi gözəllik salonuna çağırmış və o, Nigara həmin Gürcüstanda saxlanılan mallardan 3000 ABŞ dolları dəyərində dərman preparatlarının Nigara məxsus olduğunu demiş və malların Gürcüstanda gömrükdə saxlanılıb müsadirə edildiyini bildirmişdir. Bundan sonra Nigarla görüşməmiş və danışmamışdır. Həmin mallar barədə onu bildirmişdir ki, təxminən 2021-ci ilin oktyabr ayında İsmayıl ona İstanbul şəhərində, ünvanı invoysda göstərilib, dəqiq bilmir, kosmetik məhsulları olduğunu, onu da Azərbaycana gətirməsini xahiş etmişdir. Azərbaycana həmin mallan keçirmək üçün Azərbaycan manatına məzənnədə 1000 manata razılaşmışlar. Razılaşdıqları qiyməti İsmayıl mal gələndən sonra ödəyəcəkmiş, o, Türkiyədə yaşayan tanışları vasitəsilə TİR sürücüsü olan Mustafa adlı şəxsə zəng etmişdir. Mustafaya invoysda olan ünvanı deyərək 20 kq çəkidə kosmetik ləvazimatları Azərbaycana keçirməsini təklif vermiş və razılaşmışlar ki, danışılmış 1000 manatdan 850 manatını sürücü Mustafaya verəcək, 150 manatı ona qalacaq. O, 850 manatı Mustafaya malı Bakıya gətirəndən sonra verməli olmuş, Bakıya gələnə qədər daşımaya aid bütün xərcləri Mustafa çəkməli olmuşdur. Sifariş verdiyi həmin kosmetik ləvazimatlar qeyri-rəsmi keçirildiyindən daşımanın hərəkət istiqamətini internet vasitəsilə izləmək olmamışdır. Sifarişdən təxminən 10 gün sonra Mustafa ona zəng edib bildirmişdir ki, onun sifariş verdiyi həmin kosmetik ləvazimatlar Gürcüstanda gömrükdə saxlanılmış və müsadirə edilmişdir. O, onda bilmişdir ki, həmin sifariş verdiyi kosmetik dərman ləvazimatları olmuşdur, dərman ləvazimatlarının gömrükdən keçirilməsi qadağan edildiyindən gömrükdə onları götürüb müsadirə etmişlər. Bu faktla əlaqədar İsmayılla görüşmüş, İsmayıl bildirmişdir ki, həmin malın sahibi götürdüyü malın 3000 ABŞ dolları dəyərini istəyir, bundan əlavə onlara vurulmuş zərəri qarşılamaq və şikayətçi olmamaları üçün əlavə ödənişlər etməklə ümumilikdə onlara 10000 manat pul ödəməlidir, razılaşmışlar və malın tutulmasını bildiyi gündən təxminən 15-20 gün sonra İsmayılla Xətai rayonu Süleyman Əlyarov küçəsində olan «Xəzər-TV»-nin yanında İsmayılın “KİA” markalı, ağ rəngli, nömrəsini xatırlamadığı maşının salonunda İsmayıla vermiş, pulu İsmayılın maşınında vermiş, lakin yoldaşı Məryəm Vəliyeva və uşaqları yaxınlıqda onun maşınında onu gözləmişlər və onlar da bilmişlər ki, İsmayıla 10000 manat pul ödəməlidir. Bundan sonra onu həmin faktla əlaqədar narahat etməmişlər. O, Nigarla, İsmayıla pulu verməmişdən əvvəl görüşmüşdür. Yenə də bildirmişdir ki, həmin kosmektik dərman ləvazimatlarının özünün Respubllikaya gətirilməsinin sifariş edilməsi, gətirilməsinin özü qanunsuzdur və o öz işini maddi zərərin ödənilməsi ilə ödəmiş, malın dəyərini, daşımaların haqqını İsmayıla ödəmiş, Nigar xanımın da haqqını İsmayıla ödəmiş, onun pulunu İsmayıl ödəməli olmuşdur. İzahatına əlavə olaraq bildirmişdir ki, İsmayılın sifarişi ilə birinci dəfə həmin maldan İstanbuldan götürüb Azərbaycana keçirmiş və İsmayıla təhvil vermiş, ikinci dəfə isə Türkiyəyə işləyən sürücü tanışı Türkiyə vətəndaşı Mustafa ilə danışıb razılaşmış və malı İstanbuldan Mustafa götürüb Gürcüstana gətirmişdir, lakin Gürcüstanda malı saxlayıblar ki, gətirilməsi qadağan olan dərman preparatıdır, bunu ona Mustafa demişdir və müsadirə olunan malların fotoşəklini çəkib ona göndərmişdir. O da həmin şəkilləri İsmayıla göndərmiş, ara sakitləşdiyindən telefonundan həmin şəkilləri silmişdir. Bununla yanaşı bildirmişdir ki, mal gətirilməsi ilə əlaqədar onun Nigar xanımla heç bir danışığı olmamış və onun üçün gətirilən malları özünə götürməmiş, mənimsəməmiş, həmin malları heç kim mənimsəməmişdir, onlara izah etmişlər ki, qadağan edilmiş dərman preparatı olduğundan müsadirə olunub, o həmin malların dərman preparatı olmasını da müsadirə olunandan sonra bilmişdir. Lakin buna baxmayaraq o, Nigar xanıma həmin vaxt qeyd edilən ona çatan pulun borc olaraq öz ehtiyaclarına xərclədiyini bildirib borcunu yaxın zamanda qayataracağını demişdir. Qeyd edir ki, hazırda vurulmuş maddi ziyanın yarısını 20000 manatını ödəyəcək, lakin hesab edir ki, qalan hissəsini isə İsmayıl ilə Nigar xanım özləri məsələlərini həll etməlidirlər. İddiaçı Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 izahatında bildirmişdir ki, birinci dəfə o, həm malın dəyərini, həm də daşıma pulunu İsmayıla əlbəəl vermiş və həmin partiyada onun heç bir narazılığı olmamışdır. İkinci dəfə o, daha artıq ölçüdə 200 ədəd kollaqen paraşoku gətizdirmək üçün Şamil və İsmayıl bir yerdə olanda Şamilə Türkiyə respublikasında olan zaman 200 ədəd 5 qutu vermiş, daşıma haqqını isə mal gətiriləndən sonra ödəyəcəyinə söz vermişdir. Qeyd edir ki, o, əlaqə saxlayıb öyrənmişdir ki, Şamil və İsmayıl onun ödədiyi malı şirkətdən alıblar, lakin malı gətirib ona çatdırmayıblar və həmin malları başqa şəxslərə satıblar. İzahatında Şamilin ona həmin əşyaların Türkiyə vətəndaşı olan Mustafa adlı tır sürücüsü vasitəsi ilə Bakıya gələcəyini, lakin bir neçə gün sonra həmin əşyaların Türkiyədən Gürcüstan sərhədinə keçən zaman müsadirə olunduğunu dediyini qeyd edir. Bildirir ki, İsmayıl və Şamil onun ofisində onun sifariş verdiyi həmin malın dəyəri əvəzinə 10000 manat pul verməmişlər, habelə ona ödəniş barədə təklif də verməmişlər. Şamil və İsmayıl malı alıb verəcəklərini demiş, verdikləri vədə isə əməl etməmişlər. Əlavə olaraq qeyd edir ki, Türkiyə Respublikasında Şamilə 5 qutu, içərisində 200 ədəd dərman vermiş, öz ofisində – Bakı şəhəri Nəsimi rayonu Qaşqay küçəsi-36 ünvanında isə İsmayıl və Şamil ilə mallarının niyə təhvil verilmədiyi barədə söhbət aparmışdır. Qeyd edir ki, o ofisdə onlara pul verməmiş, yalnız məlum məsələ ilə bağlı söhbət etmişdir. Bildirir ki, o, mal gətirilməsi ilə əlaqədar İsmayıla və ya Şamilə hər hansı invoys və ya sair sənəd verməmişdir və onun sifariş verdiyi mallar kontrabanda malı dərman preparatı olmamışdır. Cavabdeh2 göstərdiyi kimi ona təqribi 20 kiloluq bir 5 ədəd qutunu təhlil verdiyini bildirir. O, “LB" clinic MMC-nin həkim kosmetoloq vəzifəsində 2018-ci ildən çalışdığını, həmin preparatların kosmetoloji prosedurlar zamanı tərəfindən istifadə olunduğunu, həmçinin klinikanın özəl tibb fəaliyyəti ilə məşğul olması ilə bağlı AR-in İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi icazə verildiyini qeyd edir. Bundan başqa bildirir ki, həmin preparatın adı “Nithya”dır tərkibi isə hollagendir, Səhiyyə Nazirliyindən icazəsi vardır və o, həmin icazəni təqdim edə bilər. İzahatında qeyd edir ki, o, həmin pereparatı verən zaman hollagen olduğunu demişdi, sadəcə olaraq həmin vaxt ondan heç bir icazə şəhadətnaməsi tələb edilməmişdir. X1 xx.xx.2024-cü il tarixli, 176 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı “Nithya Kolajen toz 70 mg” markalı əşyanın 1 ədədinin 2021-ci ilin oktyabr ayına nəzəri qaydada, orta bazar qiymətləri ilə təqribi dəyəri 110 manat məbləğində müəyyən edilir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, dindirilən şəxs – Cavabdeh2 bildirmişdir ki, o, Nigarla İsmayıla pulu verməmişdən əvvəl görüşmüşdür. Görüşdə İsmayıl da iştirak etmişdir və o, gətiriləcək malın ümumi dəyərini soruşmuşdur. Nigar bildirib ki, onun üçün gətiriləcək malın ümumi dəyəri 3000 ABŞ dolları civarındadır, malın dəyərini istəmir, lakin malı gətirməsələr malın ikiqat dəyərinin pulunu onlardan alacaq, əks halda şikayət edəcək. Bildirir ki, Nigar deyirdi ki, malların reklamı üçün əziyyət və vaxt sərf edib. O, malların Gürcüstanda saxlanılıb müsadirə olunduğunu bildiyindən Nigarın dediyi ikiqat dəyər olan 6000 ABŞ dolları məzənnəsində 10000 manat pul düzəldib İsmayıla vermişdir ki, həmin pulu İddiaçı çatdırsın. İsmayıl isə ona pulu Nigara çatdırdığını bildirmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, şahid Cavabdeh1 bildirmişdir ki, o, Şamil ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi yaxınlığında görüşmüş və onunla birlikdə İddiaçı klinikasına getmiş və orada Şamil Nigara 10000 manat pul vermişdir. Şahid Cavabdeh2 bildirmişdir ki, o, həqiqətən də, Cavabdeh1 ilə 28 may ərazisində görüşüb İddiaçı klinikasına getmiş lakin orada Nigara pul verməmişdir. Cavabdeh2 qeyd edir ki, o, Cavabdeh1 ilə bir neçə gündən sonra 8 Noyabr prospektində görüşərək 10000 manat pulu ona vermişdir və həmin zaman onun ailə üzvləri onun avtomobilində olmuşdur. “X12” müəssisəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, KA**********010 nömrəli qaimənin surətindən görünür ki, 200 ədəd “Nithya Kolajen toz 70 mg” üçün cəmi 159453.40 türk lirəsi ödənilməlidir. Məhkəmə tərəfindən https://portal.uyumsoft.com.tr/Genel/Fatura/bc576cca-9090-48da- 813d-fcf00973e4ea link vasitəsilə alınmış sənəddən görünür ki “X12” müəssisəsi tərəfindən İddiaçı 1 ədədi 675.65 türk lirəsi olan 200 ədəd “Nithya Kolajen toz 70 mg” satılmışdır. Satış məbləği cəmi 159.453,40 TL təşkil etmişdir. Məhkəmə tərəfindən Mərkəzi bankın rəsmi veb-saytından https://www.cbar.az/currency/custom link vasitəsi ilə əldə olunmuş məlumata əsasən xx.xx.2021-ci il tarixdə 1 türk lirəsi 0.1817 manata ekvivalent olmuşdur. İş materiallarında olan protokolunun surətinin tərcüməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 200 qutu “Nithya” ** AD *** markalı avtomobilə Sezai Yiğitə təslim edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.... 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 780. Vəkalət alanın şəxsi öhdəlikləri. Üçüncü şəxslər üçün məsuliyyət 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə;... 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Maddə 781. Vəkalət verənə informasiya və hesabat vermək vəzifəsi Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.... Maddə 785. Tapşırıq müqaviləsi üzrə bir neçə şəxsin məsuliyyəti 785.2. Əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına görə, İddiaçı Türkiyənin İstanbul şəhərindən kosmetoloji vasitələrin gətirilməsini Cavabdeh1 vasitəsilə Cavabdeh2 tapşırmışdır. Cavabdehlər bu növ xidmətlərin göstərilməsi sahəsində çalışırlar. Mallar İstanbulda Cavabdeh2 vasitəçiliyi ilə üçüncü şəxslər tərəfindən təhvil alınmışdır. Sonradan, mallar Bakıya çatdırılmamış, Cavabdeh1 Cavabdeh2 demişdir ki, mallar Gürcüstanda gömrükdə saxlanılmış və müsadirə edilmişdir, Cavabdeh2 da bunu təsdiqləmişdir. Malların müsadirəsi ilə bağlı sənəd mövcud deyil. İddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 manat maddi ziyanın, 500 manat vəkil xidməti kimi ödənilən pulun və 211.5 manat dövlət rüsumu kimi ödənilən pulun, ümumillikdə 40711.5 manat pul vəsaitin müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsidir. İddia tələbinin dəymiş 40000 manat maddi ziyan vəsaitinin cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında şifahi tapşırıq müqaviləsi bağlayaraq onlara malların Bakıya gətizdirilməsini tapşırmışdır. Tapşırığın alınmasının Şamil və İsmayıl öz ifadələrində təqzib etməyiblər. Cavabdehlər iddiaçıya malların Gürcüstan Respublikasında gömrükdə saxlanılıb müsadirə edildiyini bildirsələr də, bunu təsdiq edən sübutu nə iddiaçıya nə də məhkəməyə verməmişdir. Belə ki, cavabdehlərin polis əməkdaşlarına verilən izahatlarda iddiaçıdan sifariş alınmasını və malların İstanbuldan götürülməsini təkzib etməyiblər. Həmin izahatlarda, Cavabdeh2 10000 manat pulun iddiaçıya çatdırılması üçün digər Cavabdeh1 verdiyini qeyd etmişdir. Cavabdeh1 isə izahatında bildirmişdir ki, Şamil pulu İddiaçı ofisində birbaşa Nigara vermişdir və həmin zaman Cavabdeh1 özü də ofisdə olmuşdur. İddiaçı isə 10000 pulun ona verilməsini təqzib etmişdir, həmçinin, cavabdehlər tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehlər ziyanın vurulmasını, yəni malların təhvil alınmasını, lakin iddiaçıya təhvil veməməsini, təkzib etməmişdirlər. Yuxarıda göstərilmiş qanunvericiliyin tələblərinə əsasən əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə qeyd edir ki, malların Gürcüstan sərhədində müsadirə edilməsi barədə sənədin təqdim edilməsi cavabdehlərin maraqlarında idi. Lakin, onlar bununla bağlı heç bir sübut təqdim etməmiş, eyni zamanda AR Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq, X8 Quru Sərhəd mühafizəsi departamenti tərəfindən bu halı müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq, cavabdehlər tapşırıq müqaviləsi üzrə öz vəzifələrini icra etmədiyi üçün və bununla da vəkalət verən - iddiaçıya ziyan vurulmuşdur, iddiaçı haqlı olaraq onlardan ziyanın ödənilməsini tələb etmişdir. Ziyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən Nitya Collagen 70 preparatının 1 ədədinin 2021-ci ilin oktyabr ayına nəzəri qaydada, orta bazar qiymətləri ilə təqribi dəyəri 110 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş hesabı (invoys) - https://portal.uyumsoft.com.tr/Genel/Fatura/bc576cca-9090-48da- 813d-fcf00973e4ea internet linki üzrə yerləşdirilmiş, məhkəmə tərəfindən yoxlanılmış və mötəbər hesab edilmişdir. Həmin xx.xx.2021-ci il tarixli hesab üzrə 1 ədəd Nitya preparatının qiyməti həmin tarixdə ƏDV ilə birlikdə təxmini 144 manat təşkil etmişdir. Ekspert rəyində də qiymətin 110 manat göstərildiyi nəzərə alınaraq, həmin qiyməti ağlabatan hesab etmək olar. Qeyd olunan hesabdan görünür ki, iddiaçı 200 ədəd Nitya Collagen 70 Preparatı üçün cəmi 159453,40 TL (həmin tarixə 28972 manat) ödəniş etmişdir. Məhkəmə bu hesabı əsas tuturaq hesab edir ki, iddiaçıya 28972 manat ziyan vurulmuşdur və cavabdehlər vurulmuş maddi ziyana görə birlikdə məsuliyyət daşıyırlar. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş haqqın tələbi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan X5 haqqında müqavilədən görünür ki, İddiaçı ilə Bakı şəhəri “Mərkəz” Vəkil bürosu arasında hüquqi yardıma dair müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, İddiaçı “Mərkəz” Vəkil bürosuna X5 ilə bağlı 520 manat məbləğində pul ödəmiş, lakin iddia tələbində vəkil xidməti kimi 500 manatın cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, vəkil xidməti kimi ödənilən 500 manat pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi ziyana görə 28972 manat, vəkil xidməti kimi ödənilən 500 manat pul vəsaiti müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı-İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 178.42 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyana görə 28972 manat, vəkil xidməti kimi ödənilən 500 manat və 178.42 manat dövlət rüsumu kimi ödənilən pul vəsaiti, ümumillikdə 29650.42 manat pul vəsaiti müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar