Məhkəmə qərarları › İş №e-2(010)-3992/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3992/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3992/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh 498 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2023 tarixində ATM-dən məxaric əməliyyatı icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 498 (dörd yüz doxsan səkkiz) manat ziyan vurmuşdur.

İş materialları

3. İddiaçı ASC ilə müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1348705B299 nömrəli “X1 KART Müqaviləsi”ndən görünür ki, Bu Müqaviləyə görə Bank Müştəriyə “X1” ödəniş kartı (bundan sonra – “X1 Kart” və ya “Kart) verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə Bankın və ya Müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, Kart, habelə Bank tərəfindən Müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları Müştəri tərəfindən bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan və ya Müştərinin artıq Bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

4. xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə Çıxarış”dan görünür ki, Cavabdeh ona təqdim edilən X2 kartında olan vəsaitdən istifadə etmiş və xx.xx.2024-cü il tarixə qalıq borc 498 manat təşkil edir.

5. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə 498 manat texniki overdraft borcunun 5 təqvim günü müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

7. İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçıya məxsus vəsaitdən istifadə etməsi işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçı bank tərəfindən ona təqdim edilən kartda mövcud olan vəsaitdən istifadə etmiş və texniki overdraft nəticəsində 498 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan hallar iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapır.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 498 manat pul tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 498 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 498 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar