Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4038/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Abşeron rayonu, X12 ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa etdiyi mənzilə köçürülməsi. İddia tələbinin dəlliləri İddiaçı1 Cavabdeh ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. 2007-ci il tarixdən 2021-ci il tarixədək Abşeron rayonu, X12 ərazisində yerləşən anasına məxsus 0.02 ha torpaq sahəsində inşa etdiyi evdə yaşamışlar. Sözü gedən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə mərhum X1nın adına ƏMDK yanında DƏDRX tərəfindən Çıxarış verilmişdir. X1 vəfat etdikdən sonra bacısı İddiaçı2 vərəsə təyin edilmiş və xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə onun adına ƏMDK yanında DƏDRX tərəfindən Çıxarış verilmişdir. 2021-ci il tarixdə onların nikahları pozulmuşdur. İddiaçı1 bir müddətdən sonra isə yaşayış yerini ayırmaq məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh iddiaçılar İddiaçı1 və bacısı İddiaçı2 torpaq sahəsindən və həmin torpaq sahəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evindən istifadə etməyə icazə vermir. Bu səbəbdən dəfələrlə aramızda xırda münaqişələr olmuşdur. Cavabdeh mərhum anasından qalan Abşeron rayonu, X12 ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa etdiyi evdə ona və bacısı İddiaçı2 yaşamaq üçün icazə vermədiyindən sözü gedən evə köçürülməkləri zəruridir. Tərəflərin izahatları 23 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı1 (digər İddiaçı2 qanuni nümayəndəsi) izahat verərək bildirmişdir ki, 2005-ci ildən birlikdə yaşasalar da, 2012-ci ildə nikaha daxil olmuşlar. 2004-2005-ci illərdə X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən evi anasının pensiyası ilə tikmişlər. Əvvəl Zığ qəsəbəsinə, sonra isə Hövsan qəsəbəsinə köçmüşlər. Hövsanda olan evin tikilməsində cavabdehin heç bir rolu olmamışdır. 2021-ci ildə aralarında olan nikah pozulmuşdur. Həm özünə, həm də bacısına münasibətdə iddianın təmin edilməsini istəyir. 25 dekabr 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, ev anası və bacısının maddi yardımı hesabına tikilmişdir. Özünün də heç bir maddi yardımı olmamışdır. Sadəcə olaraq usta tapıb gətirmək, daş tökdürmək və s kimi işlərdə anasına mənəvi köməklik göstərmişdir. Hətta Rusiyada yaşayan qardaşı da maddi yardım göstərmişdir. Ev hissə hissə tikilmişdir, iki otaq tikilmiş, sonra artırılmışdır. Artırıldıqdan sonra uzun zalı var, 4 otaqlıdır. 2002-2003-cü illər aralığında tikilmişdir. 2010 -cu illərdə anası çağırmış və onlar da gedib orada yaşamışlar. Otaqların sayı indiki kimi olsa da təmirsiz idi. Sonradan təmir etdirmişlər. Anasına, bacısına məxsus olan evdə yaşamaq istəyir. Övladlarına maddi-mənəvi yardım etməyə hazırdır. Məhkəmə iclaslarında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, torpaq sahəsi iddiaçılara məxsus olsa da, istifadə edə bilmirlər. Evin inşası Rahibin anasının və bacısının köməyi ilə baş tutmuşdur. İddiaçının X1 vəfat etmiş, o vəfat etdikdən sonra iddiaçının bacısı Əfsanə vərəsə təyin edilmiş və xx.xx.2023-cü il tarixində çıxarış verilmişdir. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2007-ci ildə oğlu dünyaya gəlib. Həmin vaxt Hövsan qəsəbəsində yaşayırdılar. Hövsanda yaşadıqları zaman həmin Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən ev tikildi. Qaynanası əməliyyat olunduqdan sonra Hövsan südçülük sovxozu ərazisində olan 0.02 ha torpaq sahəsində yerləşən evdə onlarla yaşamağa gəlmişdir. Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən ev iddiaçının adına idi, sonra anasının adına keçirib. İddiaçı ilə birlikdə yaşamaqları mümkün deyil. İddiaçı evdə problem yaradır. O, yalnız iddia tələbi ilə o halda razılaşar ki, ev iki yerə bölünsün, ortadan hasar çəkilsin, qaz, su və digər sayğaclar ayrı olsun. Onlar 5 ildir ki, iddiaçı ilə birgə yaşamır. Qızı Xədicə o evdə doğulmuşdur. Həmin evi iddiaçı ilə birlikdə tikmişlər. Torpaq 2007-ci ildə alınmışdır. Evin suvağı belə olmadan ora köçmüşlər. Anası əməliyyat olunmaq üçün 2022-ci ildə onlara gəlmiş və qonşudan eşitmişdir ki, əri evi qaynanasının adına keçirmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ********** saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********42 nömrəli reyestr nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır. ********** saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixli 041 nömrəli icarə müqaviləsi və xx.xx.2023-cü il tarixli 2V-399 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində **********42 nömrəli reyestr nömrəsi ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5457/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-919/2022 saylı qətnaməsinə əsasən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5457/2021 saylı qətnaməsi Cavabdeh Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, Cavabdeh Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-5013/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisinə, İddiaçı1, X7, X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsinə qarşı - X8 ilə X10 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 3M-330 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilənin nəticəsi olaraq X7 verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarşın və AA512841 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Abşeron rayonu, X11 ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi X8 ilə İddiaçı1 arasında bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-187/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********42 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı2 icarəsində olan 0,02 ha torpaq sahəsinin 0,0137 ha hissəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-523/2025 saylı qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-5013/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 məhkəmə iclasında belə bir izahat vermişdir: “Cavabdeh ilə İddiaçı1 2005-ci ildə ailə həyatı qurmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2010/2021 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikahın pozulması ərəfəsində ailədə söz-söhbət başladığı vaxtlar xx.xx.2020-ci il tarixdə o, birgə nikah dövründə əldə olunmuş X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsini anasının adına sənədləşdirmişdir. Burada məqsəd boşanma zamanı ehtimal olunan əmlak bölgüsündə iddiaçını torpaq sahəsi üzərindəki paydan məhrum etmək olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən aydin görünür ki, Cavabdeh ilə onun ailə həyatı iddia ərizəsində qeyd edildiyi kimi 2005-ci ildə deyil, 2007-ci ilin iyul ayında faktiki olaraq ər-arvad münasibətinə girərək ailə qurmuş, nikahları rəsmi olaraq xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində qeyd edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh ilə onun arasında məhkəmə mübahisəsi Cavabdeh aliment tələbi ilə 2020-ci ildə deyil, 05 mart 2021 -ci il tarixdə başlamışdır. Bu da onu göstərir ki, onlar arasında ailə münaqişəsi iddia ərizəsində qeyd edildiyi kimi 2020-ci ildə (guya boşanma ərəfəsində), birgə nikah dövründə əldə olunmuş X12 ərazisində yerləşən 0.02.ha torpaq sahəsini Dövlətova Nazının adına rəsmiləşdirildiyindən bir il sonra başlamış və məhkəmə mübahisəsi Cavabdeh tərəfindən qeyd edildiyi kimi 05 mart 2021-ci ildə başlanmışdır, iddia ərizəsində qeyd edilir ki, Cavabdeh onunla ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Hövsan qəsəbəsində iddiaçının ailəsinin yardımı ilə mənzil almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra 2007-ci ildə mənzili satmış və onun pulu ilə özlərinə əvvəllər icarə hüququ əsasında X4 məxsus olan X12 ərazisində 0.02 ha torpaq sahəsi almışlar.-Lakin həmin dövrdə torpaq sahəsinin aiqı-satqısı notariat qaydada aparılmamışdır. Daha sonra həmin torpaq sahəsi üzərində birgə vəsait hesabına özlərinə ev tikmiş və 2007-ci ildən 2021-ci ilin iyul ayınadək həmin evdə övladları ilə birlikdə yaşamışlar. Əgər onunla torpaq sahəsinin əvvəlki sahibi arasında müqavilə bağlanmışdırsa iddiaçının qeyd etdiyi kimi həmin real müqavilə məhkəməyə təqdim edilməli idi. Əslində belə müqavilə olmamışdır, iddiaçı tərəf etiraf edir ki, mübahisəli torpaq sahəsi 2007-ci ildə birgə nikah dövründə əldə olunmuşdur. 07 iyul 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 772094 nömrəli nikah haqqında şəhadətnamə ilə təsdiq olunur ki, onunla Cavabdeh arasında nikah 07 iyul 2012-ci il tarixdə bağlanmışdır. Mübahisəli torpaq sahəsi iddia ərizəsində qeyd edildiyi kimi deyil cavabdeh X3 Rusiya Federasiyasında yaşayan oğlu X5 vəsaiti hesabına Dövlətova Nazı tərəfindən Yeganə Rəhimovadan icarə müqaviləsi ilə 2007-ci ildə alınmış və 2009-2010-cu illər ərzində Sahib Dövlətovun vəsaiti hesabına ev tikilmişdir. ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi xx.xx.2007-ci il tarixli 041 nömrəli icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli, 3M-330 nömrəli alqı-satqı müqaviləsi ilə X3 istifadəsindədir. Hüququn əvvəlki yüklülüyü isə X2 olmuşdur. Qaz.elektirik eneryisi və su təchizatı ilə bağlı müqavilələr X10 ilə bağlanmışdır”. İşin faktiki halları İddiaçı1la Cavabdeh 2005-ci ildən faktiki nikah münasibətlərində olmuş, 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahından 2 övladı dünyaya gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.1.Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi İddiaçılar İddiaçı1 və İddiaçı2 (bacı və qardaş) X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələrini istəyirlər. Hazırda Cavabdeh övladları ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşayır. İddiaçılar iddia tələbini onunla əsaslandırırlar ki, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsi əvvəllər anaları Nazı Dövlətovaya məxsus olmuş, hazırda isə İddiaçı2 məxsusdur. İddiaçı2 və anası Nazı Dövlətov vəsaiti hesabına həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, cavabdehin həmin fərdi yaşayış evinin inşa edilməsində heç bir rolu olmamışdır. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, fərdi yaşayış evini keçmiş əri ilə birgə nikahı dövründə, birgə vəsaitləri hesabına inşa etmişdir. Lakin, xasiyyətləri uyğun gəlmədiyindən, İddiaçı1 övladlarının psixi vəziyyətinə neqativ təsir göstərdiyindən onların hazırda bir evdə yaşamağı mümkün deyil. Digər İddiaçı2 isə həmin evin tikintisində iştirak etməyib. O, yalnız iddia tələbi ilə o halda razılaşar ki, ev iki yerə bölünsün, ortadan hasar çəkilsin, qaz, su və digər sayğaclar ayrı olsun. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, mübahisəli fərdi yaşayış evinin inşa edildiyi kənd təsərrüfatlı 0,02 ha torpaq sahəsi iddiaçıların anası Nazı Dövlətovanın adına xx.xx.2007-ci il tarixli 041 saylı icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən icarə hüququnun alqı-satqısı əsasında yüklü edilmiş və yüklülüyün müddəti xx.xx.2007-ci il tarixdən başlayaraq 99 il müəyyən edilmişdir. Daha sonra isə bu hüquq iddiaçılardan İddiaçı2 keçmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-919/2022 saylı qətnaməsinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçı Dövlətova Nazının Cavabdeh qarşı cavabdehin Abşeron rayonu, X12 ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh kənd təsərrüfat təyinatlı torpaq sahəsinə heç bir istifadə hüququ əldə etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 məhkəmə iclaslarında üst-üstə düşməyən izahatlar verərək sözügedən tikilinin anası və bacısının maliyyə vəsaiti hesabına inşa edildiyini, bunun gah 2002-2003-cü illərdə, gah da 2004-2005-ci illərdə baş tutduğunu bildirmiş, bundan başqa Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-5013/2022 saylı mülki işin araşdırması zamanı aşağıdakı izahatı vermişdir: “Mübahisəli torpaq sahəsi iddia ərizəsində qeyd edildiyi kimi deyil cavabdeh X3 Rusiya Federasiyasında yaşayan oğlu X5 vəsaiti hesabına Dövlətova Nazı tərəfindən Yeganə Rəhimovadan icarə müqaviləsi ilə 2007-ci ildə alınmış və 2009-2010-cu illər ərzində Sahib Dövlətovun vəsaiti hesabına ev tikilmişdir. ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi xx.xx.2007-ci il tarixli 041 nömrəli icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli, 3M-330 nömrəli alqı-satqı müqaviləsi ilə X3 istifadəsindədir.” İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı1la Cavabdeh 2005-ci ildən faktiki nikah münasibətlərində olmuş, 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, X12 ərazisində yerləşən 0.02 ha torpaq sahəsində 2007-2010-cu illər ərzində fərdi yaşayış evi inşa edilmişdir. Məhkəmə müəyyən edir ki, iddia tələbinin predmeti Bakı şəhəri, Abşeron rayonu, X12 ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət olan özbaşına tikilidir. Fərdi yaşayış evi inşa edildikən sonra İddiaçı1 və Cavabdeh həmin evə köçərək orada yaşamış, 2021-ci ildə tərəflər arasında nikah münasibətləri pozulana kimi İddiaçı1 və Cavabdeh uşaqları ilə birlikdə orada yaşamışlar. Cavabdeh hal-hazırda da uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 özbaşına tikilini özü inşa etsə də, tikintinin onun anası, bacısı və qardaşının vəsaiti hesabına ərsəyə gəldiyini, fərdi yaşayış evini anası üçün inşa etdiyini bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikili hazır olduğu vaxtdan iddiaçı və cavabdeh arasında mübahisə düşənə qədər (2021-ci ilədək) tərəflərin övladları ilə birlikdə həmin evdə yaşadığı, iddiaçılardan İddiaçı2 və onun anası Nazı Dövlətovanın isə sözügedən evdə daimi əsaslarla yaşamadığı (iddiaçılar bunun əksini məhkəmədə sübuta yetirə bilməmişlər), fərdi yaşayış evinin inşasına rəhbərliyi İddiaçı1 şəxsən özünün həyata keçirdiyi halda, həmin evi anası və bacısının tikdirməsi və oğlunu ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün oraya köçürməsi halı sübut olunmur. Beləliklə, məhkəmə mübahisəli tikilinin tərəflərin birgə nikahı dövründə, birgə vəsaiti hesabına ərsəyə gəldiyi qənaətinə gəldiyindən hesab edir ki, İddiaçı1 həmin tikiliyə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının eynilə Cavabdeh kimi həmin əmlakdan bütövlükdə istifadə etmək, əmlaka sahiblik etmək kimi hüquqları var. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İddiaçı1 özbaşına tikilini özü inşa etsə də, tikintinin onun anası, bacısı və qardaşının vəsaiti hesabına ərsəyə gəlməsi” halı işin həqiqi halı kimi qəbul edilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhz bu məsələ ilə bağlı qeyd edilmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Yəni hazırkı işin halları baxımından mübahisəli evin iddiaçıların anası Nazı Dövlətova və iddiaçılardan İddiaçı2 şəxsi vəsaitləri hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, həmin vəsaitin ailəyə deyil, məhz İddiaçı1 bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak İddiaçı1 şəxsi əmlakı hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, bu halın sübuta yetirilməsi üçün əyani sübutlar (yazılı müqavilə və s.) olmalıdır. İddiaçı2 mübahisəli tikiliyə köçürülməsi tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda irəli sürülmüş mövqedən də göründüyü kimi, mübahisəli fərdi yaşayış evi İddiaçı1 və Cavabdeh birgə nikahı dövründə, birgə vəsaiti hesabına ərsəyə gələn əmlak olduğundan məhkəmə İddiaçı2 həmin özbaşına tikiliyə münasibətdə hər hansı bir hüququnun olmadığı qənaətinə gəlir. Belə olan halda məhkəmə o qənatə gəlir ki, İddiaçı2 Cavabdeh qarşı hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Dövlətov X9 rayonu, X12 ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə köçürülməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Dövlətov X9 rayonu, X12 ərazisində yerləşən 0.02 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-4038/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4038/2025
26.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver