Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4105/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı ş, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş bina 4, 1-ci mərtəbə, 5 nömrəli mənzildən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini, ödənilmiş 100 manat dovlət rüsumu və vəkil xərci olan 300 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək,iddia tələbində evdən çıxarılma nəzərdə tutulduğundan, cavabdehin evdən özünə məxsus əşyalarının da çıxarılmasını xahiş etmiş, həmin cehiz əşyalarının aşağılardakından ibarət olduğunu qeyd etmişdir: 1 ədəd iki nəfərlik kravat, 2 ədəd tumba, Paltar dolabı, termo, 1 ədəd kuxna mebeli, kuxnadakı qabları, 1 ədəd Soyuducu, 1 ədəd paltaryuyan, özünə məxsus paltarları, zalda olan 1 ədəd böyük xalça. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı ş, Suraxanı Rayonu,Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş binanı 4, 1-ci mərtəbə, 5 nömrəli mənzili xx.xx.2024-cü il tarixdə ipoteka ilə əldə etmişdir. Həmin məzili aldıqdan sonra ailəsi ilə birlikdə orada yaşayırdı, oğlu yeni evlənmişdi, gəlini də Tovuz rayon X8ində yerləşən evinə gəlin kimi köçmüşdür. Oğlu Bakı şəhrində işə daxil olduğundan yoldaşı Cavabdehını da bir qisim cehiz əşyaları ilə birlikdə Bakı şəhərində yerləşən evə köçürdü. Yaxın müddətdə aralarında narazılıq yarandı və faktiki olaraq ayrıldılar, hər iki valideyinlər arasındada narazılıq yarandı və cavabdeh onlar evdə olmayanda ona məxsus Bakı ş, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş bina 4, 1-ci mərtəbə, 5 nömrəli mənzilin açarını dəyişdirmiş və onu və ailəsini həmin mənzilə buraxmır. O, və oğlu Bakı şəhərində işləyirlər və öz evləri olmasına baxmayaraq kirayədə qalırlar. Cavabdeh öz anası ilə orada yaşayır. Oğlu da nikahın pozulması ilə bağlı Tovuz rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edilir ki cavabdeh ona məxsus evdən çıxarılmalıdır. Qeyd edir ki, MM-nin və Konsititutsiya Məhkəməsinin Plenumunun qərarları və Yeni Mənzil Məcəlləsinin tələbi də imkan verir ki, onun tələbi təmin edilsin. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ - Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, istinad edilən sübutlara Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq hüquq normaları baxımdan yanaşaraq hesab edir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin etiraz ərizəsi. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının oğlu X7 ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və hal-hazırda faktiki olaraq birgə nikahdadırlar, nikahları pozulmayıb. Aprel ayından bəri mübahisəli evdə yaşayaraq birgə təsərrüfat aparmışdırlar. Cehiz əşyaları halhazırda həmin evdədir. Hesab edir ki, hal-hazırda nikah pozulmadığına görə iddiaçının gəlini olmaqla ailə üzvü hesab edilir, mövcud qanunvericiliyə əsasən hələ faktiki olaraq keçmiş ailə üzvü olmadığından evdən çıxarılmağı üçün əsas yoxdur. İddiadan da görünür ki, cehizləri də həmin evdədir. Belə olan halda, nikah pozulmadan evdən çıxarılma məsələsinə baxılması ağlabatan deyil. Odur ki, X7 ilə aralarında olan nikahın pozulması barədə məhkəmə işi yekunlaşanadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinə artırma da vermişdir. Cavabdehin cehiz əşyaları ilə birlikdə çıxarılmasını xahiş edirlər. Qeyd edir ki, iddia qaldırmadan öncə də danışıqlar aparılmışdır. Nəticə olmadı. Təklif vermişdirlər ki, cavabdeh açarı versin, əşyalarını çıxaraq, o isə açarı vermədi. Cavabdehin özünə aid bütün əşyaları götürə biləcəyini bildirir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o sadəcə istəyir ki, cehiz əşyalarının çıxardılmasında ona maddi kömək etsinlər. Qeyd edir ki, cehiz əşyalarında ərizədə qeyd olunan əşyalardan başqa stol-stul və kladovka var. Qərarı məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, açar ondadır, amma orada yaşamır. İş materialları. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********50048 saylı Payçı müqaviləsi üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2024-cü il tarixli Razılaşmadan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi, X4 və İddiaçı arasında razılaşma əldə edilmişdir. Bu Razılaşmanın 1-ci bəndinə əsasən, Bu Razılaşma ilə predmeti Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış kompleksində inşa olunan 4-cü bina, 1-ci mərtəbə, 5 (studiya) №3 otaqlı studiya tipli mənzilin Satıcı tərəfindən tikilərək, Payçının mülkiyyətinə verilməsindən və Payçı tərəfindən bu Mənzilin (qəbul olunaraq, müqavilədə göstərilən müddətdə və qaydada tələb olunan ödənişlərin ödənilməsindən, kommunal ödənişlərin müvafiq şirkətə ödənilməsindən ibarət olan Payçı Müqaviləsi üzrə Payçıya məxsus olan bütün hüquq və öhdəliklər Yeni Payçıya ötürülür. Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞT/MT024/2024-0738 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 09 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, **********54707 saylı payçı müqaviləsinə əsasən 3-cü bina, 10 saylı mənzili almışdır. Həmin mənzili satmış, xx.xx.2024-cü il tarixli, **********50048 saylı müqaviləyə əsasən, 4-cü bina, 5 saylı mənzili almışdır. Mənzilin çıxarışı yoxdur. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D massivi, Blok 4 mənzil 5 Əlavə № 2də göstərilən mənzilin hesablaşma sahəsinə edilən Qeyddən görünür ki, çizgi ilə əhatə edilən sahəyə daxili divar altı sahə, şaxtaların sahəsi, sütun altı sahələr, qonşu divar altı sahəsnin yarısı, eyvan və lociyaların tam sahəsi daxil edilir. 7 saylı Bakı “Asan Ximət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 591311 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 və Cavabdeh arasında 16 sentyabr 2023-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1508 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. X8 İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, ХХ-ЖГ seriyalı, 274305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası İddiaçı, anası X1) 06 may 1997-ci ildə Tovuz rayonu, Dondar-Quşçu kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.https://e-qanun.az/framework/46944 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə prosess iştirakılarının izahatlarını və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Bakı ş, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş bina 4, 1-ci mərtəbə, 5 nömrəli mənzili öz mülkiyyətinə almış, lakin dövlət reyestrindən çıxarış hazırda alınmamışdır. İş materiallarından məlum olunur ki, iddiaçının oğlu X5 16 sentyabr 2023-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur və sonra mübahisəli evə köçürülmüşdür. Cavabdehin izahatından da məlum olur ki, o, mübahisəli hesab edilən Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş bina 4, 1-ci mərtəbə, 5 nömrəli mənzildə yaşamışdır. Hal-hazırda isə öz əşyalarını həmin mənzildə saxlamışdır. İzahatından da görünür ki, o, onda olan mənzilin açarını iddiaçıya təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin münasibətlərinə hazırda qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə isə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Belə olan halda, iş üzrə cavabdeh – iddiaçının gəlini - “digər qohumlarına” aid deyil və bununla da, aydın olur ki, cavabdehin istifadə hüququ yaranmamışdır. Belə olan halda, mülkiyyətçi olan iddiaçı cavabdehi həmin evdən çıxarılmasını tələb etməklə haqlı olmuşdur. Bundan başqa, cehiz əşyaların mənzildən çıxarılması hissəsində məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə məxsus 1 ədəd iki nəfərlik kravat, 2 ədəd tumba, Paltar dolabı, termo, 1 ədəd kuxna mebeli, kuxnadakı qabları, 1 ədəd Soyuducu, 1 ədəd paltaryuyan, özünə məxsus paltarları, zalda olan 1 ədəd böyük xalçanın mübahisəli mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdeh məhkəmə iclaslarında izahat verərək açarın onda olduğunu, lakin orada yaşamadığını, qapının aşağı gözünü bağlayıb çıxdığını bildirmiş, bununla da həmin əşyaların çıxarılması üçün imkanının olduğunu etiraf etmiş, bununla da, iddia tələbi bu hissədə də əsaslı görünür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı ş, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş bina 4, 1-ci mərtəbə, 5 nömrəli mənzildən çıxarılmalı, həmçinin evdən cavabdehə məxsus cehiz əşyaları: 1 ədəd iki nəfərlik kravat, 2 ədəd tumba, Paltar dolabı, termo, 1 ədəd kuxna mebeli, kuxnadakı qabları, 1 ədəd Soyuducu, 1 ədəd paltaryuyan, özünə məxsus paltarları, zalda olan 1 ədəd böyük xalça çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Bakı ş, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 18 saylı binanın qarşısında yerləşən yaşayış Kompleksində inşa olunmuş bina 4, 1-ci mərtəbə, 5 nömrəli mənzildən çıxarılsın. Cavabdehə məxsus cehiz əşyaları: 1 ədəd iki nəfərlik kravat, 2 ədəd tumba, Paltar dolabı, termo, 1 ədəd kuxna mebeli, kuxnadakı qabları, 1 ədəd Soyuducu, 1 ədəd paltaryuyan, özünə məxsus paltarları, zalda olan 1 ədəd böyük xalça evdən çıxarılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva